Modern.az

Keçmiş telejurnalist yeni vəzifədə: “Bu işə keçməyə özüm də tərəddüd edirdim” - MÜSAHİBƏ

Keçmiş telejurnalist yeni vəzifədə: “Bu işə keçməyə özüm də tərəddüd edirdim” - MÜSAHİBƏ

5 Noyabr 2018, 16:28

Keçmiş telejurnalist Bəxtiyar Səlimov bu yaxınlarda “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətininin İctimayyətlə Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. Bəxtiyar Səlimov bundan əvvəl İctimai Televiziyada, ATV, ANS, “Space” telekanallarında, “Üç nöqtə” qəzetində çalışıb. Noyabrın 5-də doğum gününü qeyd edən B.Səlimov həm yeni işi, həm də ad günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:

- Bəxtiyar, öncə jurnalistikaya necə gəlməyindən danışaq. Jurnalistika sənin arzun idi, yoxsa məcburiyyətdən bu sahəni seçdin?

 - Lap uşaqlıqdan jurnalistikaya böyük həvəsim olub. Hələ ibtidai sinifdə oxuyanda sarımsaq döyəni mikrofon kimi istifadə edərək, güzgünün qarşısında danışıb özümü telejurnalistlərə bənzədirdim, sonra da bu istəklə jurnalistika fakültəsinə qəbul olundum. Yəni ilk ali təhsilim də jurnalistikadır.
 

- Həm qəzetdə, həm də televiziyada çalışmısan. Ən böyük uğurları hansında əldə etmisən?

- 1-ci kursdan etibarən ilk olaraq “Kriminal” və “525-ci qəzet”lə əməkdaşlıq edirdim, ilk yazılarım da elə həmin qəzetlərdə çıxıb. İl yarım isə “Üç nöqtə” qəzetində mütəmadi işləmişəm. Burada isə mətbuatımızın sayılıb-seçilən imzaları ilə tanış olub, onlardan öyrənməyə çalışmışam. İlk rəsmi iş yerim isə ANS televiziyası olub.

- Qəzet maraqlıdır, yoxsa televiziya?

- Hərəsinin özünəməxsus maraqlı tərəfləri var. Qəzetlərdə cəmi 4 il olmuşam. Fəaliyyətimin əksəriyyət hissəsi televiziyalarda olub - təxminən 15 il. Ona görə də televiziyanın maraqlı tərəfləri və əhvalatları ilə daha çox rastlaşmışam, bu da təbiidir...

 

- İndiki işin də elə jurnalistika ilə bağlıdır – mətbuat katibliyi. Amma reportyorluq daha hərəkətli olur, daim xəbər arxasınca qaçırsan. Televiziya üçün darıxmırsan?

- Əlbəttə darıxıram. Dediyin kimi, işim yenə də mətbuatla bağlı olduğu üçün xəbər saytlarını, sosial şəbəkələri və televiziya xəbərlərini mütəmadi olaraq izləyirəm. Avtomobil idarə edərkən də hansı radio xəbərlər verirsə, dərhal həmin dalğanı seçirəm. Həftədə ən azı 1 dəfə də olsa belə, televiziyadakı həmkarlarımla görüşürəm.

- Televiziya sənə nələri qazandırdı?

- Televiziya mənə çox şey verdi. Məhz televiziya sahəsində xeyli sayda ictimai-siyasi xadimlərlə ünsiyyətim yarandı. Televiziya sayəsində yaxşı dostlar qazandım, düşüncə tərzim,  həyata baxışım formalaşdı, hadisələri daha əhatəli analiz etmək imkanım yarandı. Sizə bir şey deyim, həmkarlarımdan çox şeylər öyrəndim. Amma ANS televiziyasında işlədiyim müddət ərzində Mirşahin Ağayevin iclaslarından və şəxsən özündən öyrəndiklərim əsl məktəb oldu. O insanın hər bir iclası, hər bir süjeti bir jurnalistika dərsi idi. Parlament müxbiri olmağım isə hər bir qanunun mahiyyətini və fəlsəfəsini öyrənməyimə imkan yaratdı. Əgər bir parlament müxbiri müzakirə olunan qanunun və ya əlavə dəyişikliyin mahiyyətini özü bilmirsə, bunu tamaşaçıya necə çatdıracaq? Ona görə də qanun layihələrini və onun məğzini öyrənməyə çalışırdıq. Hər hansı bir çətinlik olanda isə hörmətli millət vəkillərimizə müraciət edirdik. İctimai Televiziyada parlament müxbiri olmaq isə ikiqat məsuliyyət tələb edirdi. İstər Milli Məclisdə, istər Mərkəzi Seçki Komissiyasında. Bu illər ərzində dünyanın 15 ölkəsində oldum, uzaq Çilidən Taylanda, Argentinaya qədər...

- Əvvəl özün də birbaşa xəbərin istehsalçısı idin. İndi isə sadəcə televiziyaların izləyicisən. İzləyici kimi televiziyada hansı qüsurları görürsən?

- 15 il az zaman deyil. Ona görə də indi həmkarlarımın hazırladıqları materiallara baxanda onların hiss və həyəcanını özləri kimi gözəl başa düşürəm. Efirə gecikmə, montaj prosesi, süjetlərin yığılmasında olan montaj xətaları və sair.
 

- Bütün peşə adamları üçün gördükləri iş əziz olur. Jurnalistin də gördüyü iş reportajları, yazılar və müsahibələridir. Özünün də dəfələrlə izlədiyin müsahibən, reportajın olub?

-  Bəli olub. Bu təbiidir və hər bir telejurnalistin həyat tərzidir. 

-  Sənin mətbuat xidmətinə rəhbər getməyini dostların necə qarşıladı?

- Doğrusunu deyim ki, özüm tərəddüd edirdim necə olacaq deyə. Amma dostlarımın tövsiyəsi və dəstəyi ilə belə bir qərar verdim. Ən çox da “ATV xəbər”in redaktoru Nicat Sadıqlının məsləhət və tövsiyələrini dinlədim və qərar verdim.

- Hazırda “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətininin mətbuat xidmətinin rəhbərisən. Üzərinə böyük yük düşür. İşlərini necə qurursan?

- Özüm müxbir olmuşam və ona görə də çalışıram ki, onları daha yaxşı anlayım. Başqa qurumlarda mətbuat xidmətinin rəhbəri olan həmkarlarımla məsləhətləşirəm, onların məsləhətlərinə qulaq asıram. Başa düşürəm ki, müxbir də ona tapşırılan işi görüb başa çatdırmalıdır. Ona görə də həmkarlarımı yaxşı başa düşürəm və onların işinə kömək etməyə çalışıram. Təbii ki səlahiyyətim daxilində.

- Çalışdığın müddətdə hansı maraqlı hadisə ilə üzləşmisən?

- Bir çox maraqlı hadisə olub. Amma ən yaddaqalanı deyim: ATV-də işlədiyim zaman idi. Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı məsələlər gündəmdə idi.

Demək olar ki, hər gün müxtəlif müsahibələr alırdıq. Təsadüfən Türkiyə parlamentinin saytından bir nömrə tapıb ona zəng etdim,  dedilər spiker Cəmil Çicəyin nömrəsidir. İnanmadım, elə bildim orada kimsə mənimlə zarafat edir. Mən də zarafatyana dedim ki, spikerə deyərsən ATV-dən Bəxtiyar bəy səni arayır. Bir neçə saat keçdi, bir Türkiyə nömrəsindən zəng gəldi. “Efendim ben TBMM başkanı Cemil Çicek, beni aramısınız” dedi. 2-3 dəqiqə onunla zarafatlaşdım, hələ də elə bilirdim ki, kimsə mənimlə məzələnir. Amma az sonra fərqinə vardım ki, ciddi səhv eləmişəm. Səsinin tonundan hiss etdim ki, doğrudan da Cəmil Çiçəkdir. Üzr istəyib, telefonla müsahibə aldım. Həmin gün mətbuatın manşet xəbəri olmuşdu.

- Noyabrın 5-i doğüm günündür, 36 yaşın tamam olur. Biz də fürsətdən istifadə edib səni təbrik edirik. Bu yaşa qədər hədəflərin çata bilmisinmi?

-  Təşəkkür edirəm. Hədəfə çatmaq hələ tezdir. Hədəf o qədər də yaxın olmamalıdır ki, ona 36 yaşında çatasan. İndi ən böyük hədəfim ingilis dilimi təkmilləşdirməkdir. Özümdə ən çatışmayan bir cəhətim və özümün özümə tənqidimin əsas səbəbi dil biliklərilə bağlıdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu