Modern.az

İlham Əliyev Nikola Sarkozi ilə görüşüb

İlham Əliyev Nikola Sarkozi ilə görüşüb

9 Dekabr 2009, 22:00

Dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fransa Milli Assambleyasına gəlib.
Azərbaycan Prezidentini Fransa Milli Assambleyasının sədri Bernar Akoyer qarşılayıb.
Modern.az AzərTAs-a istinadən xəbər verir ki, görüşdə Bernar Akoyer bildirib ki, Fransa Azərbaycana və şəxsən Prezident lham Əliyevin fəaliyyətinə maraq göstərir. Parlamentlərarası əlaqələrin uğurla tərəqqi etdiyini bildirən Bernar Akoyer parlametlərarası əməkdaşlığın bundan sonra da inkişafı üçün öz tərəfindən bütün səyləri əsirgəməyəcəyini deyib.
İki ölkə arasında digər sahələrdə də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıran B.Akoyer bildirib ki, dünya iqtisadi böhranı dövründə Fransanın Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir.
Energetika sahəsində əlaqələri xüsusi qeyd edən Milli Assambleyanın sədri deyib ki, enerji təhlükəsizliyi məsələsinə böyük əhəmiyyət verirlər və Azərbaycana bu sahədə fəaliyyət göstərən çox mühüm ölkələrdən biri kimi baxırlar.
Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu vurğulayıb ki, bu səfər münasibətlərin inkişafında mühüm addım olacaq.  Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən İlham Əliyev deyib ki, bu, onun Fransaya üçüncü səfəridir.
Prezident İlham Əliyev deyib ki, ikitərəfli münasibətlər çoxşaxəlidir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr güclənir. “Parlamentlərarası əməkdaşlığa böyük əhəmiyyət veririk və bu səfər uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin perspektivlərini və həmin sahədə konkret addımları nəzərdən keçirmək üçün yaxşı imkan yaradır”-deyə İ.Əliyev bildirib.
İqtisadi sahədə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdıran Prezident deyib ki, Fransa şirkətləri Azərbaycanda fəaldır.
Dövlət başçısı energetika sahəsində görülən işlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu və perspektivləri barədə danışıb.
Fransa Milli Assambleyasının sədri Bernar Akoyer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıb.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri barədə söhbət açıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Parisdə Yelisey sarayında görüşü olub.
Sarayın qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə qarşılayıb.
Sonra prezidentlərin görüşü olub. Fransa dövlətinin başçısı adından Azərbaycan Prezidentinin şərəfinə nahar verilib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Fransa prezidenti bildirib ki, Azərbaycan yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və perspektivləri olan ölkədir. Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Dövlət başçıları iqtisadi sahədə, energetika və qeyri-neft sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu sahələrdə əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparılıb. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb və münaqişənin həlli ilə əlaqədar aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir