Modern.az

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - VI YAZI

15 Noyabr 2018, 09:09

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


İstər qadın, istərsə də kişi adlarında “gül” sözü yaratdığı adlara zəriflik, incəlik, məlahət, bir sözlə, gözəllik qatıbdır. “Gül” sözünün yaratdığı adlara qatdığı, verdiyi üstünlüklər onun sözyaratma (yəni adyaratma) imkanlarını genişləndirmişdir. Alınma olan hər sözün imkanı “gül” sözünün imkanı qədər deyildir. “Gül” sözünün mənası və dildə tam şəkildə özəlləşməsi onun imkanlarını dilimizin zövqünün (məhz yüksək zövqünün) tələblərinə uyğunlaşdırmışdır. Nəticədə dilimiz zövqünə uyğun olan “gül” sözünə geniş meydan vermiş, onu istəkli bir sözünə çevirmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, “gül” sözü ilə bağlı türk dilində də qadın və kişi adları vardır. Məsələn, Gül, Yazgülü, Gülşah, Gülşan, Güldalı, Güldanə, Gülizar, Kırgülü, Gülbəyaz və s. (qadın adları), Gülbəy (kişi adı). “Gül”lə bağlı bu adların türk uşaqlarına verilməsinin bəzi məqamlarına aydınlıq gətirmək üçün Türkiyənin görkəmli ədəbiyyat tarixçisi, böyük fikir adamı Nihad Sami Banarlı belə bir sorğu aparır. Sorğuya görə, o, “gül” sözünün şəxs adlarında işlənməsinin incəliklərini açıqlayır. Buna görə də Nihad Sami Banarlı Güldalı adlı qadına sual verir ki, sizin oralarda (Anadoluda və onun ətrafında, köylərdə) gül bağçaları çoxdurmu? Yəqin çoxdur, siz çoxlu gül, çiçək yetişdirirsiniz, bu qəbildən olan adları da istifadə edirsiniz, elə deyilmi? Güldalı isə ona cavab verir ki, bizim oralarda (Anadoluda və onun ətrafında, köylərdə) gül bağçası yoxdur və biz torpağı bağça kimi yox, tarla kimi əkib becəririk. Bu zaman Sami Banarlı Güldalıya deyir ki, onda bəlkə də bu qədər gül adlarını ona görə ad kimi qoyursunuz ki, “gül”ə həsrətsiniz və nəticədə “gül”ə həsrət duyğularınızı bu cür ifadə edirsiniz. Yenə də Güldalı cavab verir. O deyir ki, belə deyil, bizim həsrət duyğularımız başqadır. Bizim oralarda (Anadolu və onun ətrafında, köylərdə) gülün Həzrəti Məhəmmədin rəmzi olduğuna inanırlar. Belə ki, müsəlman türkləri arasında XIV əsrdən bəri böyük sevgi və istəklə “gül” Həzrəti Məhəmmədi təmsil edən simvollardan biridir. Ona görə də Anadoluda, onun ətrafında və köylərdə Məhəmməd Peyğəmbərə sevgi əlaməti olaraq qadınlara, o cümlədən kişilərə “gül” sözünün iştirakı ilə yaranan adların verilməsi bir inam və inanc olmuşdur. Bunu Məhəmməd Füzulinin “Su” qəsidəsi də təsdiq edir.

 

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək versə min gülzarə su.

 

Yeri gəlmişkən qeyd edək ki, Əhməd, Mahmud, Muxtar adları Məhəmməd Peyğəmbərə işarə edən adlar kimi işlənmişdir. Bunu Məhəmməd Füzulinin “Su” qəsidəsi:

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,

İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su. 

 

Və “Gül” qəsidəsi:

 

Çak olub bulmuş səfa badi-səhərdən sanasan,

Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül. 

 

Eyni zamanda Molla Pənah Vaqifin “Bax” rədifli qəzəli:

 

Vaqifa, göz yum cahanın baxma xubü ziştinə,

Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!


bir daha təsdiq edir.

Məhəmməd Peyğəmbərin adının və özünün gözəl olmasını Yunis İmrənin “Adı gözəl, kəndi gözəl Məhəmməd” şeiri təsdiq edir. Eyni zamanda bu şeirdə onun gözəlliyi simvollaşır. Necə ki, “gül” Məhəmməd Peyğəmbərin simvoludur, eləcə də gözəllik onun simvoludur. Beləliklə, gül və gözəllik Məhəmməd Peyğəmbərin simvolu kimi yaşayır. Konkret olaraq Yunus İmrənin “Adı gözəl, kəndi gözəl Məhəmməd” şeirində isə Məhəmməd Peyğəmbərin adının və özünün gözəlliyi vəsf olunur.

Canım qurban olsun sənin yoluna

Adı gözəl, kəndi gözəl Məhəmməd.

Şəfaət eylə sən kəmtər quluna

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Mömin olanların çoxdur cəfası

Axirətdə olur zövqi-səfası

On səkkiz min aləmin Mustafası

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Yeddi qay göyləri seyran eyliyən

Kürsünün üstündə çövlan eyliyən

Mirasında ümmətini diləyən

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Ol çarıyar onun göyçək yarıdır

Onu sevən günahlardan biridir

On səkkiz min aləmin sərvəridir

Adı gözəl, kəndi gözəl Məhəmməd.

 

Sən haq peyğəmbərsən şəksiz, gümansız,

Sənə uymayanlar gedər imansız,

Aşıq Yunus neylər dünyanı sənsiz

Adı gözəl, kəndi gözəl Məhəmməd.


Dil zövqünə uyğun olan anlayışları bildirən sözləri də bir tələbata çevirərək lüğət tərkibinə gətirir. Məsələn “su” anlayışı təmizliyin bir simvoludur. Ona görə də bu anlayışı bildirən su sözü dilimizdə müxtəlif şəxs adlarının yaranmasında iştirak edib. Bundan başqa, bu anlayışı bildirən sözlər də mənşəyindən asılı olmayaraq şəxs adlarının yaranmasında dilin özü tərəfindən qəbul olunubdur. Məsələn, Abcənnət (Cənnət suyu), Abhəyat (Həyat suyu), Alsu (gözəl, qəşəng), Aysu (su kimi aydın ay. Ay və su sözündən ibarətdir), Aysudə (suda əks olunan ay), Seyhun (aşıb-daşan, çoşan, indiki Amudərya çayının qədim adı), Damla (bir mayedən ayrılaraq düşən parça halında, kiçik miqdar, qətrə), Dəniz (dəniz, su, aydınlıq), Dəryanur (nur dənizi, nur dəryası), Eldəniz, Elsu (ölkənin suyu, bərəkəti, bolluğu), Firat (şirin su, Türkiyənin ən uzun çayı), Göygöl (səmavi yağış), Göysel (səmavi yağış), Göysu (Türklərin yaşadığı bir çox axar suya verilən ad), Göysün (Minboğa dağlarından Elbistanın cənub qərbində Seyhan çayına qarışan çay), Gülabi (gül suyu), Gülsu (gül rəngli su, təzə su) və s.


Dilləri bir-birinə yaxınlaşdıran, onlar arasında əlaqəni genişləndirən komponentlərdən biri də alınma sözlərdir. Bu mənada Azərbaycan dilinin lüğət tərkibində olan 20 mindən çox ərəb, 11 mindən çox fars mənşəli sözlər dilimizdə özəlləşdirilmişdir. Eyni zamanda bu qəbildən olan sözlər ərəb, fars dillərini doğma Azərbaycan dilinə yaxınlaşdırmışdır. İstənilən bir dil bu cür yaxınlaşma əsasında zənginləşməklə yanaşı, bərkimiş, bütövləşmiş və tam bir sistem yaratmışdır.

 

SON...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu