Modern.az

Tofiq Hacıyevə niyə minnətdaram?

Tofiq Hacıyevə niyə minnətdaram?

Ədəbi̇yyat

27 Noyabr 2018, 11:09

İstər BDU-da ali təhsil alanda, istərsə də müəllimlik etdiyim və digər işlərdə çalışdığım zamanlar Tofiq Hacıyevi şəxsən tanımamışam. Düzdür, onun əsərləri ilə müəyyən qədər tanış idim, ancaq Onunla şəxsən tanışlığım 2014-cü ilin oktyabr ayına təsadüf edir. Doktorluq müdafiəmin keçirildiyi Nəsimi adına Dilçilik İnstitutunda bir professora həşr etdirdiyim kitabımı hədiyyə etmək üçün getmişdim. Tofiq müəllimlə ilk tanışlığımız məhz həmin gün oldu. Çox alicənab, təvazökar və səmimi bir münasibət gördüm Tofiq müəllimdən.

 
Söhbət əsnasında o mənə ərəb dilçiliyi, qərb dilçiliyi, həmçinin  ümumi dilçiliklə bağlı bəzi suallar verdi, neçə və hansı dilləri bilməyimlə maraqlandı. Nitqi, çöhrəsi, baxışları o qədər təbii və qayğıkeş idi ki, qəlbinin dərinliklərindəki mərhəmət duyğularını əks etdirərək insana bir rahatlıq və təsəlli bəxş edirdi. Danışdıqca hərdən gözləri yaşarırdı, bir ümid ümmanı idi onun göz yaşları. Şahidi olduqlarıma inana bilmirdim. Yəni belə alicənab, həssas, qayğıkeş, təmənnasız, gözü-könlü tox alim, həm də institut direktoru ola bilərmiş!!!
Düzü, heyrət məni bürüdü. Qəlbi dağ boyda böyük insan Tofiq Hacıyev! Ustad ürəyimdən xəbər verirmiş kimi soruşdu: “Dilçilik İnstitunda işləməyinə çox sevinərdik, heç olmasa, yarımştat. İnstitutun sənin kimi kadrlara böyük ehtiyacı var”.

Belə bir rəhbərlə elmi-tədqiqat institutunda çalışmağın nə qədər qürurverici olduğunu anidən hiss etdim. Təklifi məmnuniyyətlə qəbul etdim və “Çox sağ olun, Tofiq müəllim, minnətdaram!” dedim.

Azərbaycan vətəndaşlığının həqiqi simvolu Tofiq Hacıyevin cavabı çox ibrətamiz oldu:

İdris müəllim, həqiqi kadrlar ölkəmizə hava və su qədər lazımdır. Ona görə də sən mənə yox, Azərbaycan dövlətinə, bu dövlətin qurucularına minnətdar olmalısan! Bu dövlət müəssisəsində öz işlərinlə hansısa bir fərdə yox, dövlətə, xalqa xidmət etdiyinin daim fərqində ol! Fəaliyyətinin şəxsi və qrup maraqlarının fövqündə dayandığını heç vaxt unutma!”.


İlahi! Yuxudur, yoxsa qupquru sahədə vahəmi görürəm?! Axı, iki ildir o elm və təhsil müəssisəsi qalmayıb ki, müraciət etməmiş olam. Hamısının da cavabı eyni laqeydliklə müşayiət olunub.  “İş yoxdur, vakansiya yoxdur!” dedikdən sonra iş üçün xaricə getməyimi “məsləhət” görüblər. Hətta AMEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə iş müraciətim tam ümidsizlik yaratmışdı: “AMEA-da ixtisarlar gedir, iş yoxdur!”  


Bir tərəfdə milli kadra etinasızlıq, mərhəmətsizlik; digər tərəfdə ziyalı yanğısı, dövlətə, vətəndaşa qayğı və mərhəmət! Kəskin təzaddır, deyilmi?!

 
Milli və işgüzar kadrları qova-qova, şərləyə-şərləyə namərd qayıranlardan fərqli olaraq, yalnız qəlbində Vətən, dövlət, millət sevgisi olan nəcib ziyalıların xidməti dövlətin dayaqlarını möhkəmləndirə bilər.


Tofiq Hacıyev şəxsiyyəti Vətən məhəbbətindən, dil sevgisindən yoğrulmuşdu. Təsadüfi deyil ki, 200 ilə yaxın tarixin arxivində qalmış və heç bir dilçinin cəsarət etmədiyi Azərbaycan dilçiliyinin və ümumilikdə, türkologiyanın şah əsəri – Mirzə Kazım bəyin “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) da – məhz böyük ustad Tofiq Hacıyevin təşəbbüsü ilə gerçəkləşdi.    

Təbii ki, dahi ustadın irimiqyaslı işlərini kiçik yazıya sığışdırmaq mümkün deyil. Tofiq Hacıyevin qısa müddətdə Dilçilik İnstitutu üçün gördüyü və planlaşdırdığı işlər böyük ustadın  ölümündən sonra, nə qədər çətin şəraitdə olsa da, təqib və təzyiqlərlə üzləşsə də,  öz bəhrəsini verməkdədir.


27 noyabr 2018-ci il. Üç ildir ki, sənsizik, elmi yaradıcılığa ruhlandıran qayğı və nəvazişlərinə möhtacıq, əziz Tofiq müəllim!

Ruhun şad, idealların canlı olsun, böyük Ustad!


İdris Abbasov,

Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik”

şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır