Modern.az

Gürcüstanın azərbaycanlı deputatı: “Diaspor deyilik, Gürcüstanın aborigen vətəndaşlarıyıq” - MÜSAHİBƏ  

Gürcüstanın azərbaycanlı deputatı: “Diaspor deyilik, Gürcüstanın aborigen vətəndaşlarıyıq” - MÜSAHİBƏ   

28 Noyabr 2018, 09:24

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, hakim “Gürcü arzusu” partiyasının üzvü Ruslan Hacıyev Modern.az saytına müsahibə verib.
 

- Kvemo-Kartli regionunda “Gürcü arzusu” etnik azərbaycanlıların problemlərinin həlli üçün hansı işləri görüb və qarşıdakı planlar nədən ibarətdir?

-2012-ci ildə “Gürcü arzusu” Gürcüstanda iqtidara gəldi. Bütün ölkə ərazisində olduğu kimi, Kvemo-Kartlidə də bir çox infrastruktur layihələri həyata keçirilib, kəndlərimizdə yolların asfaltlaşdırılması, işıqlandırılması prosesləri, məktəblərimizin təmiri həyata keçirilib. Həmin tendensiya bu gün də davam edir. Onu demək istəyirəm ki, son 6 ildə bu işlər Kvemo-Kartlidə uzun illərdən bəri görülməyib. İndi Gürcüstan vətəndaşı olan azərbaycanlılara diqqət göstərilir, onlar dövlət strukturlarında təmsil olunurlar. Qardabani rayonunda ilk dəfə olaraq “Gürcü arzusu”nun zamanında azərbaycanlı şəxs majoritar qaydada deputat seçildi, Marneuli rayonunun meri postuna “Gürcü arzusu”  azərbaycanlı namizəd irəli sürdü, Kvemo-Kartlinin qubernatorunun müavini gənc azərbaycanlıdır, barış və vətəndaş həmrəyliyi nazirinin müşaviri perspektivli azərbaycanlıdır. Xeyli belə adlar sadalaya bilərəm. Azərbaycanlılar bu addımları çox müsbət qarşılayırlar.

“Gürcü arzusu”nun Gürcüstana gətirdiyi ən böyük nemət azadlıqdır, sərbəstlikdir. Tez-tez deyirlər ki, Saakaşvilinin zamanında bu işlər görüldü. Bilirsinizmi ki, onun vaxtında Kvemo-Kartlidə əhalidən cəzalarla, cərimələrlə milyardlarla dollar pul çıxarılıb? Bu pullar xalqın idi. Adını da vergi, audit cəzası qoyaraq, hər hansı yollarla pulu xalqın əlindən alıblar. Marneulidə Saakaşvili zamanında hündürmərtəbəli binalar tikilmirdi. Nədi-nədi onu görərlər, həmin adamı həbs edərdilər və onun mülkiyyətini öz adına keçirərdilər. Bu reallıqdı və hamı bunu söyləyir. Sadəcə olaraq, bu piarı düzgün həyata keçirə bilmədik. Həm də hələ də insanlar arasında Saakaşvili adında bir fon var. Hesab etmirəm ki, o, Gürcüstanın uğurlu prezidenti olub. Hər prezidentin müsbət və mənfi fəaliyyəti olub. Amma hesab etmirəm ki, Saakaşvilinin azərbaycanlılar barədə fikirləri yaxşı olub.

Hazırki iqtidar isə azərbaycanlılara azadlıq gətirdi. Heç kəs ideologiyası üçün təqib olunmur, həbs edilmir. Keçmiş hakimiyyət zamanı 30 min məhbus var idi. Bəyəm onların hamısı cinayətkar idimi? Yox. Onların əksəriyyəti iş adamları, biznesmenlər idi. Çoxlarının mülkləri əllərindən alınmışdı. Amma göstəriş, piar tam başqa idi. Bu gün heç  bir iş adamı həbs olunmur, təzyiqlərə məruz qalmır. Gürcüstanda milliyətindən asılı olmayaraq, hər kəs öz siyasi fikrini azad ifadə edə bilir. Zatən bu azadlıq olmasaydı, seçkilərin ikinci turu da baş tutmazdı.

Saakaşvili vaxtı eşitmişdinizmi ki, 2-ci tur olsun?

Hamısında 70-80% səs toplayaraq qalib gəlirdilər. Azadlıq, demokratiya olduğu zaman isə azərbaycanlılar, gürcülər Avropoa cəmiyyətinə inteqrasiya, inkişaf edə bilir. Biz Avropanın ayrılmaz hissəsinə çevrilməkdəyik.

“Gürcü arzusu” ölkəyə çox şeylər gətirib. Prezidentliyə bugünkü namizədimiz Salome xanım Zurabişviliyə gəlincə, seçkilərdən sonra qüvvəyə minəcək yeni Konstitusiyaya əsasən, prezident səlahiyyətləri məhdudlaşdırılacaq. Onun xarici siyasətdə müəyyən rolu olacaq və Ali Baş Komandan kimi qalacaq. Prezidentin səlahiyyətləri simvolik duruma düşəcək. Opponentlərimiz pensiyanı 400 lari edəcəklərini, kreditləri siləcəklərini deyirlər. Amma bunu necə edəcəklər? Cəfəngiyyatdır. İnsanlar buna inanmırlar.

 

- Marneuli rayonunun sakinləri ilə söhbətdə onlar əsas məşğuliyyətlərinin maldarlıq, əkinçilik və ticarət olduğunu bildirdilər. Şəhərdə heç bir iri fabrik-zavod yoxdur. Əhalinin işlə təmin olunması, miqrasiya proseslərinin qarşısını almaq üçün hansı işlər görülür?

- Yerlədə bir çox infrastruktur layihələri ilə yanaşı, biznes-proqramlar da həyata keçirilir. Əlbəttə, bu yetərincə deyil. Yetərincə olması üçün zamana ehtiyac var. Təbii ki, iqtisadi durum da hər bölgədə zavodlar açmağa imkan vermir. Artıq bir neçə layihələr də var. Bildiyiniz kimi, Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarına daim öz dəstəyini göstərir. Azərbaycan prezidenti İlham Əliyev həmişə Gürcüstana səfəri zamanı bizi diqqətdə saxladığını vurğulayıb. Biz bunu başqa-başqa qurumlar tərəfindən də hiss edirik. SOCAR-ın Gürcüstan nümayəndəliyinin burada fəaliyyəti çox genişdir və biz bunu alqışlayırıq. SOCAR tərəfindən Soyuducu fabriki inşa olunub, hazılrda orada xeyli soydaşımız işləyir. Marneulinin Un emalı zavodunda çalışanlar var. Əlbəttə bunlar yetərli deyil. Zamana ehtiyac var.

 

- Gürcüstan azərbaycanlıları son illər kütləvi şəkildə gürcü dilin öyrənir, gürcüdilli məktəblərə böyük axın var. Amma Azərbaycandilli məktəblərdə şagirdlərin sayının azalması, təhsilin keyfiyyətinin aşağı düşməsi halları da artıb. Həmçinin, Azərbaycandan Gürcüstana göndərilən, pulsuz paylanmalı olan Azərbaycan dili və ədbiyyatı dərslikləri bazarlarda pulla satılır, bəzi məktəblərdə dərslik çatışmazlığı var. Bu kimi hallar və azərbaycanlıların təhsil problemi haqda nə deyə bilərdiniz?

- Gürcüstanın Azərbaycandilli məktəblərində yetərincə şagird var. Məndə olan məlumata görə, 2500-dən artıq azərbaycanlı tələbə Tbilisi və digər şəhərlərdə ali təhsil alır. Onların əksəriyyəti Azərbaycandilli məktəblərin məzunlarıdır. Azərbaycanlıların gürcü məktəblərinə kütləvi axını barədə məlumat yanlışdır. Azərbaycandilli məktəblərdə vəziyyət söylədiyiniz kimi deyil. Mən Marneulinin təhsil resursları mərkəzinin sədri olmuşam. Gürcüstan parlamentində Elm və təhsil komissiyasının üzvüyəm. Təhsil məsələləri ilə çox ciddi məşğulam. Hal-hazırki vəziyyəti inkişaf adlandırmazdım. Amma vəziyyət sabitdir, stabildir. Təbii ki, kadr islahatları, dəstliklərlə bağlı problemlər var. 2013-cü ildən bu yana məktəblərdə şagirdlərə pulsuz kitablar paylanır. Azərbaycandilli məktəblərə də hədiyyə olaraq pulsuz dərsliklər verilir. O, kitablar tərcümə olunur və bu tərcümə prosesi zamanı nə kimi problemlərin olması bir ayrı məsələdir. Bu məsələdə Azərbaycan dilini və gürcü dilini bilən ekspertlər lazımdır ki, kitabları yüksək səviyyədə tərcümə etsinlər. Amma bu kitablar pulsuz paylanmasaydı vəziyyət necə olardı?
Bir şagirdə 100 dollar civarında kitab almağa vəsait lazım idi. 3 uşağı olan valideyn o 300 dolları haradan tapacaq? Düşünürəm ki, bu qərarın özü irəliyə doğru addım deməkdir. Əgər problemi həll edə bilmiriksə, onu qaldırmalı deyilik. Nə üçün bunu deyirəm? Çünki hər kəs bu gün deyir ki, məktəblərimizdə kadr çatışmazlığı var, yaşlı nəsil çoxdur. Razıyam. Amma yaşlı nəslin pedaqogikası, biliklərini şagirdə çatdırma yolları gənc nəsildəki kimi deyil. Yaşlı nəsil daha güclüdür. Gəlin bunu etiraf edək.  Bu gün o yaşlı nəsli məktəblərdən tam xaric edib yeni nəsli ora doldursaq, savadsızlıq baş alıb gedəcək. Gəncləri məktəblərdə paralel olaraq işə cəlb etməklə yaşlı nəslin yanında praktika almasına şərait yaratmalıyıq. Amma bu gün gənclərimiz pedaqogika istəyirmi? Mən elə bir kadr görmürəm ki, gəlib məktəbdə müəllim işləmək istədiyini desin. Öz kəndindən çıxır gedir Tbilisiyə oxumağa, amma geri qayıtmır, Tbilisidə qalır.

 

- Bəlkə bu əmək haqqı ilə bağlıdır?

- Əmək haqqı yetərincə normalıdır. Hər il də müəllimlərin maaşı yüksəlir. Sadıcə olaraq, Gürcüstan azərbaycanlıları, tələbələr araslnda pedaqogika geniş təbliğ olunmalıdır. Yaşlı nəslin işləməsinə gəlincə, mərhələ-mərhələ onlar gənc kadrlarla əvəzlənəcək və bunun üzərində işlər gedir. Azərbaycan dəsrliklərinin pulla satılmasılna gəlincə, Azərbaycan Təhsil Nazirliyi hər il bura kitablar göndərir. Bu il də göndərilən kitablar Gürcüstan Təhsil Nazirliyinin Dmanisi, Qardabani, Marneuli və Bolnisidəki resurs mərkəzləri tərəfindən məktəblərə çatdırılıb. Sağ olsun Azərbaycan dövləti ki, Azərbaycan dili və ədəbiyyatı dərsliyini bizə göndərir. İndi Gürcüstanda işlər getsə də, hələ ki belə kitabların tərtib olunması  alınmır. Özünüz də bilirsiniz ki, ədəbiyyat və Azərbaycan dili yüksək səviyyədə olmalıdır. Azərbaycandan Gürcüstan Təhsil Nazirliyinə verilən kitablar heç yerdə satılmır. 

 

- Azərbaycanın bir çox mədəniyyət xadimlərinin həyatı uzun illər Gürcüstanla bağlı olub. Onlar arasında Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və s. şəxslərin adını çəkmək olar. Onların adlarının ədəbiləşdirilməsi, adlarının məktəblərə verilməsi müzakirə olunubmu?

- Bilirsiniz, 2007-cı ildən belə bir qərar qəbul olunub ki, bütün ictimai obyektlərdən adlar götürülsün. Bu qərar xüsusən də məktəblərə şamil edilib. Amma Mirzə Fətəli Axundovun ev muzeyi, Nəriman Nərimanovun ev muzeyi fəaliyyət göstərir. Bu yaxınlarda Aşıq Kamandarın ev muzeyinə də status verildi. Yənu bu tendensiya davam edir. Amma məktəblərə onların adlarının verilməsi mümükn deyil. Eyni hal bütün Gürcüstan məktəblərinə aid edilir.

 

- Kvemo-Kartlidə azərbaycanlıların yerli icra orqanlarında, meriya və bələdiyyələrdə təmsilçiliyi kifayət qədər deyil. Xüsusən, ermənilərin çoxluq təşkil etdiyi Cavaxetiya ilə müqayisədə bu, aydın görünür. Ermənilərin Axalkalaki və Ninotsminda bələdiyyələrində təmsilçliyi, meriya və bələdiyyə üzvləri arasında sayı azərbaycanlıların çoxluq təşkil etdiyi bələdiyyələrdə təmsilçiliyindən nəzərəçarpacaq dərəcədə çoxdur. Sizcə bu, azərbaycanlıların Gürcüstan siyasətində passivliyidir, yoxsa başqa səbəblərlə bağlıdır?

- Gürcüstan parlamentində 4 azərbaycanlı deputat və 3 erməni deputat var. Onda ermənilər də desin ki, bizim deputatlarımızın sayını artırın?

- Söhbət yerli idarəetmə orqanlarından gedir. Həm də azərbaycanlılar sayca ermənilərdən çoxdur.

- Yerli orqanlara  gələk. Bayaq da saydım ki, nazirlikdə, qubernatorluqda nümayəndəmiz var. Rayonumuzun meri azərbaycanlı idi, amma təəssüf ki, xoşagəlməz hadisələr baş verdi. Ümid edək ki, yenə də o posta azərbaycanlı təyin ediləcək. Yenə də onun müavini azərbaycanlı olacaq. Azərbaycanlı şöbə müdirləri də çoxdur.
Polisdə çoxlu sayda azərbaycanlı çalışır. Amma Kvemo-Kartli ilə Cavaxetiyanı da bir götürməyək. Cavaxetiya həm ərazi, həm əhali baxımından bizim regionun yarısı qədərdir. Biz Gürcüstanda daha geniş fəaliyyət göstəririk. Cavaxetiya isə dar bir qəfəsdir. Onların təmsilçilyi görünə bilər, amma bizim təmsilçiliyimiz görünməsə də daha genişdir.

 

- Növbəti sualım Gürcüstan azərbaycanlılarının miqrasiyası ilə bağlıdır. 1990-cı və 2000-ci illərdə azərbaycanlılar Rusiyaya, Azərbaycana, Türkiyəyə mühacirət edirdilər. Gürcüstanla Avropa Birliyi arasında viza rejiminin ləğvindən sonra Avropaya gedən azərbaycanlıların da sayı artıb. Sizcə, Kvemo-Kartlidə azərbaycanlılarla bağlı miqrasiya situasiyası necədir?

- Əvvəllər Azərbaycana, Rusiyaya və MDB-yə üz tutanlar bu gün Avropaya üstünlük verirlər. Türkiyəyə gedənlər də çoxdur. Amma bu o demək deyil ki, Avropaya gedən Avropada da qalacaq. Qazanc arxasınca gedən, ailəsi burada olanlar az deyil. 

 

- Gürcüstan azərbaycanlılarının Azərbaycan dövlətindən daha hansı istəkləri var?

- Baxın, bu gün həm Gürcüstan, həm də Azərnaycan dövləti öz vətəndaşları üçün sabitliyi təmin edirlər. İndiki zamanda bu çox önəmlidir. Həm Azərbaycanıb, həm də Gürcüstanın 20% torpağı işğal altındadır. Cənubi Osetiya və Abxaziya Rusiya tərəfindən zəbt olunub. Qarabağ düşmən tapdağındadır. Bu məsələlərin həlli üçün yaxın zamanlarda irəliləyişin olmasını arzulayırıq. Hər birimiz də bu məsələdə əlimizdən gələni əsirgəməyəcəyik. Sülhün, əmin-amanlığın qorunması bölgəmiz üçün çox vacibdir. Dünyada vəziyyət heç də ürəkaçan deyil. Ona görə də sülhü qoruyan liderlərimizə buna görə təşəkkür edirəm. Azərbaycan tərəfdən istəyimiz daha çox diqqət görməkdir. Bəlkə də bu kövrək səslənir. Digər tərəfdən, dövlərimiz də bizə yetərincə dəstək göstərir.  

 

- Azərbaycanın dövlər strukturları ilə əməkdaşlıqdan danışdınız, SOCAR-ın adını çəkdiniz. Diaspor təşkilatları ilə münasibətləriniz hansı səviyyədədir?

- Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad müəllim bir müddət ğvvəl Gürcüstana səfər etmişdi. İnsanlar tərəfindən də çox gözəl mühitdə qarşılandı. Açığı daha yaxşı işlər və yeniliklər gözləyirik. Keçmişdə komitə müsbət qəbul olunmurdu. İndi Fuad Muradovun rəhbərliyi altında yeniliklər gözləyirik. Biz azərbaycanlılar diaspor deyilik, Gürcüstanın aborigen  vətəndaşlarıyıq. Fuad müəllimin yeni rəhbərliyindən bunu gözləyirik. Azərbaycandan SOCAR prezidenti Rövnəq Abdullayev də Gürcüstana gəlmişdi. Bəzi kəndlərin qazlaşdırılması müzakirə olundu. Sağ olsunlar, artıq işlərə başlayıblar. Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasında çox isti, qardaş münasibətlər var. Mən şəxsən baş nazirin Azərbaycana səfəri zamanı Bakıda olmuşam. Baş nazirin nümayəndə heyətində getmişəm. Ölkələrimiz arasında çox isti, xoş münasibət var.

 

- Gürcüstanda 90-cı illərin əvvəllərində xüsusən, Bolnisi rayonunda bir sıra Azərbaycan kəndlərinin adları gürcüləşdirilmişdi. Məsələn, məşhur Faxralı kəndi (gürcücə Talaveri-red.)... Həmin kəndlərin tarixi adının qaytarılması mümkündürmü?

- 90-cı illərdə bir çox proseslər baş verib. Ölkələrimizin ərazu bütövlüyü pozuldu. Bəli, bəzi kəndlərin adları da dəyişdirildi. Amma şükürlər olsiun ki, proses sabitliklə başa çatdı. Hər bir kəsi kəndlərin adları ilə bağlı məsələ düşündürür. Getdiyimiz yol onu vəd edir ki, zamanla bu məsələ də öz həllini tapacaq.

 

- 20-30 ildən sonra Gürcüstanı, Azərbaycanı, ümumiyyətlə regionu necə görürsünüz?

- Ümumiyyətlə, mən Qafqazı tam görmək istəyirəm. Dünyanın indiki durumu yaxşı heç nəyi göstərmir. Barış, sülh və əmin-amanlıq vacibdir. Hər şey bundan başlayır. 20-30 il sonra Qafqaz bir olsun, qonşular sülh içində yaşasın. Qonşular sülh içində olarsa, uzaqdan dost tapmağa lüzum qalmır. Bunları deyərkən ərazi bütövlüklərimizn bərpasını da nəzərdə tuturam.


Bakı-Tbilisi-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi