Modern.az

Almaniyada yaşayan azərbaycanlı jurnalist: “Burada bürokratiya var” - MÜSAHİBƏ  

Almaniyada yaşayan azərbaycanlı jurnalist: “Burada bürokratiya var” - MÜSAHİBƏ   

3 Dekabr 2018, 10:50

Fəxrəddin Hacıbəyli: “Mənim vətənimdə daldalanacağım bir evim də yoxdur”
 

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Almaniyada yaşayan "Yeni Müsavat" qəzetinin keçmiş əməkdaşı Fəxrəddin Hacıbəylidir. Onunla söhbəti təqdim edirik.

 

- Fəxrəddin bəy, Azərbaycandan nə vaxt getmisiniz?
 

- Vətəni 2005-ci ildə tərk etmişəm. Mən qarabağlıyam. Bizim kəndimiz ərazi baxımdan Ağdamın ən sonuncu kəndiydi. Bizdən o yana Ağdərənin ərazisi başlayırdı. Kəndimiz üç tərəfdən ermənilər yaşayan kəndlərin əhatəsindəydi – cənubda məşhur Fərrux kəndi, şimalda ondan da məşhur Qazançı, cənub-qərbdə ermənilərin adını "Sardaraşen" kimi dəyişdikləri Yengicə kəndi. 

Bu üç yaşayış məntəqəsinin üçü də quldur-daşnak yuvası idi. Davamlı olaraq başımıza od yağdırırdılar. Uşaqlığım o ağır illərə təsadüf edib və hələ də altını çəkdiyimiz olayların baş verdiyi, yaşandığı məkan mənim evimin bilavasitə yan-yörəsi, həndəvəri olub. Belə demək mümkündür ki, Sovet imperiyasının çöküşü anbaan, mərhələ-mərhələ mənim gözlərim qarşısında baş verib. Və ardından gələn məlum hadisələr də mənim həyatımda yaşanıb. Bunu söhbətlərimdə ifadəli dillə belə anladıram: 

İkinci dünya müharibəsinin sonunu gətirən Hirosima və Naqasaki olayını düşünün. Kimisi atılan bombanın episentrindən həmin an üç-beş yüz metr, kimisi bir, kimisi on kilometr aralıda olsun... Hər kəs episentrə yaxınlığına görə zərər görür. Bir də təsəvvür edin, həmin bomba birisinin düz yanına, təpəsinə düşsün... Bir anda buxarlanıb yox olar, bəlkə yerdə kölgəsi qalar, deyilmi? Bax biz də təxminən buna bənzər aqibət yaşadıq. Bir fərq onda oldu ki, bir anda buxarlanıb yox olmadıq. Bəlkə də ən pisi budur. O "yoxolma" budur, 25 illik bir zaman sürəsiylə baş verir. Yerdə qalan "kölgələrimiz" də Azərbaycanın hər yanına səpələnmiş dönüş həsrətiylə ömrünü başa vurmuş köçkün insanlarımızın dikilmiş qərib qəbirləridir. 
O boyda imperiya sözün əsl mənasında bizim üstümüzə yıxıldı, uçqunlarının altında hələ də qalanlar bizik.

90-cı illərdəki o xaos, hakimiyyətsizlik və onun gətirdiyi sosial bəlalar mənim uşaqlıq travmamdır. Ömrümün sonunadək unudulmaz.

Ardından da müharibə, bir-birinə daş atmadan ta yüzlərlə insanımızın həyatına son qoymuş böyük faciə mərhələsi, işğal, köçkünlük, didərginlik, özbaşınalıq... Üstəgəl, ölkənin hər yanına səpələnib, pərən-pərən düşmək, müharibə ortamı və s… 1994-cü ildən sonra bir nisbi sakitlik yarandı. Bunun yenidən xaosla əvəzlənə biləcəyi qorxusu, 2003-2004-dən başlayan həmin travmanın boy göstərməsi, "yenə həmin ortam yaranar" əndişəsi... Mən də yenidən bir "uçqun"un altında əzilməkdən qorxdum. Daha bir sınağa dözməzdim... İndi zaman və məkanın bu tərəfindən geriyə boylananda görürəm ki, əndişələrim yersizmiş...

Bir də siyasi və mətbu fəaliyyətimlə bağlı üzləşdiyim təzyiqlər... Düşündüm, yenidən gələ bilmək üçün bir müddət kənara çəkilmək lazımdır. O gələn, budur 15 ilə qədəm qoyur ki, kənardayam. Türk müğənnisi Teoman bir mahnısında deyir: "babamın öldüyü yaşdayım". Qarabağdan çıxdığım, evimdən qovulduğum yaşım qədəri burdayam. 

 

- Almaniyada harada qalırsınız və nə işlə məşğulsunuz? 

- Zarafatla desəm, köçəri həyat tərzim burada da davam edir. Almaniyanın şərqindən başladığım yolun 15-ci ilində hələ ki qərbində bənd almışam. Dörd il Türingen əyaləti, doqquz il Berlində, son bir ildir ki Şimali Reyn-Vestifalen əyalətində...

Bu da edir 14 il... 

Kiçik bir əyalət şəhərində yaşayıram. Yəqin ki, yaşlandıqca, insan böyük şəhərlərin gurultulu, qaynar həyatından bezir, daha sakit yaşayış yerinə üstünlük verir.

 


- Azərbaycanda tez-tez “Almaniya dağılır” ifadəsi işlədilir. Bunu bir kənara qoyaq, Almaniyada yaşayan biri kimi bu ölkənin hansı problemlərini müşahidə etmisiniz? 

- Yəqin ki, bu, “Almaniya dağılır” ifadəsinin Mirzə Fətəli Axundovun "Dərviş Parisi partladır" əsəri ilə bir ədəbi-psixoloji bağlantısı var. Bir halda ki, Almaniyaya üz tutan “Şahbazbəylər”in sayı artır, mühacirət edənlərin də əsas seçdikləri ölkə Almaniyadır, "Şahbazlar"ın hicrətinin qarşısını almaq üçün ən uyğun çarə onu "Dərviş"ə xəyali olaraq "dağıtdırmaqdır".

Bu ifadə AzTV-nin efirindən səsləndirilirdi. Yəni, dövrümüzün "dərvişi" rolunda AzTV və onun məlum aparıcısı çıxış edirdi. Bu da insanların məlumatlı qismində gülüş doğururdu. Amma inananlar da vardı. Yaxınlarımdan həmin vaxt bunu ciddi qəbul edib qorxu içərisində, zəng edib "televizorda Almaniyadan yaman danışırlar, sağ-salamatsınızmı" sual edənlər də olurdu. 

Almaniya iki dəfə dünya müharibəsi başladıb, hər ikisini də uduzub və sonuncu müharibə onun baş kəndində, qeyd-şərtsiz təslim sazişi ilə – kapitulyasiya ilə bitib. Demək olar ki, bütün  böyük şəhərləri dağıdılıb, daşı daş üstündə qalmayıb, ərazisi ikiyə bölünüb, yarım əsrə yaxın belə mövcud olub. Almaniyanın müharibə sonrası kültüründə bir "trümmerfrau" anlayışı var, mənası "uçqun, dağıntı qadınları" deməkdir. Uşaqlar və yaşlılar xaric, əksər kişiləri müharibədə həlak olmuş və ya əsir düşmüş, dağıdılmış ölkəni həmin dağıntılardan yenidən tikən qadınlar nəzərdə tutulur. Gündəlik yemək talonu əldə etmək üçün yeganə işçi qüvvəsi qadınlar, gündə bir neçə saat dağıntılarda işləyirdilər. Kərpicləri seçib, təmizləyib, qalaqlayır və həmin kərpiclərdən dağıdılmış binaları, evləri yenidən tikirdilər. Almaniya hazırkı təmizlik, səliqə-sahman, düzən üçün "dağıntı qadınları"na borcludur. 
Biz də məğlubiyyət yaşamış, şəhərləri dağıdılıb yer üzündən silinmiş bir xalqıq. Düzdür almanlardan fərqli olaraq müharibəni biz başlamamışıq, biz elan olunmamış müharibənin qurbanlarıyıq. Amma aqibət baxımdan bizi Almaniya ilə eyniləşdirən xeyli bənzərliklər var. Almanlardan öyrənməli olduğumuz çox şeylər var. Bu ölkəyə, cəmiyyətə qəzəb, kin püskürmək yox, təcrübələrindən yararlanmaq lazımdır.  Almaniyanı Qafqazda on milyonluq ölkənin ona hansı münasibət göstərməsi maraqlandırmır. Bundan onlar heç nə itirmir, amma bizim itirə biləcəklərimiz çoxdur. Almaniya dünya miqyasında məqbul görülən, mötəbər sayılan keyfiyyət standartına malikdir. Keyfiyyətə dava açmazlar, istehza etməzlər, dodaq büzməzlər, ona uyğunlaşmağa can atarlar...

 

- Özünüz daha çox hansı problemlərlə qarşılaşmısınız?

- Mənim qarşılaşdığım elə bir xüsusi problem yoxdur. Yəni tutaq ki, mən azərbaycanlıyam, yaxud mühacirəm deyə, rastlaşdığım spesifik bir problem yadıma gəlmir. Ümumi, hər kəsin - yerli almanın da, gəlmənin də gileyləndiyi bürokratiya dərdi var. Almanlar özləri də, hətta bir iş üçün baş vurduğun idarədəki məmurun da etiraf etdiyi bürokratiya, kağız-kuğuz işləmləri var. Buna da zamanla öyrəşirsən. Gəlmələrin hamısı üçünsə dil problemi, inteqrasiya məsələsi aktualdır. Bu məsələni həll etmək üçün də hökumət müxtəlif proyektlər, inteqrasiya kursları təşkil edir. Həm hökumətin dəstəklədiyi, həm də kilsə təşkilatları idarələrə təqdim olunan sənədləri doldurmağa, yazışmalarda dil çətinliyi olanlara, hüquqi məsələlərdə vəkil xidməti təklif etməklə yardım edir. İnteqrasiya olunmaq istəyənlər hər cür dəstək alırlar. Yetər ki, buraya sonradan gələn özü inteqrasiya olunmaq istəsin və buna can atsın.

- Almaniyada jurnalistlərin maddi durumu necədir? Onlara hansısa imtiyazlar varmı?
 
- Burada jurnalistlər əhalinin imtiyazlı təbəqəsinə aid edilmir. Sosial imtiyazları nəzərdə tuturam. Burada o təbəqəyə əlillik dərəcəsi olanlar, iş qabiliyyətini itirmiş və sosial yardım alan şəxslər aiddirlər. Bu təbəqədən olanlar üçün müəyyən imtiyazlar nəzərdə tutulub. Jurnalistlər üçünsə sadəcə yaradıcılıq azadlığı, ərsəyə gətirdiyi yazı üçün sanballı qonorar verə biləcək media orqanları var. Məncə jurnalist üçün bundan yüksək imtiyaz ola bilməz. Jurnalistika risk faktoru yüksək olan peşə sayılır. Bu peşə üçün təhlükəsiz fəaliyyət mühiti də elə ona əsas lazım olandır. 

- Azərbaycana gəlirsiniz? 

- Çox istərdim, amma hələ ki müəyyən səbəblərdən bu istəyim gerçəkləşməyib. Məsəl var, xəstə tələssə də, armud vaxtında yetişər. 

Açığı əvvəllər elə də çox can atmırdım. Amma zaman keçdikcə, vətən həsrəti özünü göstərir, yurd insanı geriyə səsləyir. İnsan əzizlərinin, doğmalarının olduğu, doğulduğu, təbii olaraq "nədən buradasan" sualı doğurmayan yerdə olmağa mənəvi ehtiyac duyur. Vətən sevgisi insanda bütün sevgilərin – övlada, ata-anaya, qadına, həyata və sairə olan sevginin üzərindədir. Bütün bu sonrakılardan bir tək vətən sevgisinə görə imtina edə bilirsən. Azca romantikaya yer versək, Abbas Səhhət demiş, "vətən əcdadımızın mədfənidir", yəni dəfn olunduğu yerdir. Hiss etdikcə ki, ömür daimi deyil, onun da sonu var və arxada qoyduğun hər gün səni bu sona yaxınlaşdırır, doğulduğun yeri görmək hissi güclənir.

Bir də, mənim vətənimdə daldalanacağım bir evim də yoxdur axı. Vətənim, ata-babamın qəpik-qəpik yığıb tikdiyi evim 25 ildir işğal altındadır. Gözləyirəm və ümid edirəm ki, bu yaxınlarda yurdum işğaldan azad olunar, buradan elə birbaşa evimə gedərəm.
 

- Bayaq sizə verdiyim sualı orada yaşayan azərbaycanlılar kontekstində səsləndirmək istərdim. Soydaşlarımız Almaniyada daha çox hansı problemlərlə qarşılaşırlar? 

- Bayaq da dedim, elə bir obyektiv problem yoxdur ki, bu sadəcə azərbaycanlılar üçün olsun. Buraya gec yaşda gələnlərin hamısının qarşılaşdığı dil problemi və bundan irəli gələn çətinliklər var... Xüsusən də işi, peşəsi dillə əlaqəli olan, dil bilgisinin vacib olduğu sahənin insanlarında bu özünü qabarıq şəkildə göstərir. Bilirik ki, alman dili dünyada ən çətin öyrənilən dillərdəndir və bunu elə almanlar özləri də etiraf edirlər. Alman dilini bir yazara, jurnalistə gərəkən səviyyədə buraya sonradan, xüsusən də otuz yaşın üzərində gəlib öyrənmək haradasa mümkün deyil. Əgər xüsusi bir dil əxz etmə qabiliyyətin yoxdursa... Alman dilini bir qələm, söz insanına lazımi səviyyədə öyrənmək üçün ya burada doğulmalı, ibtidaidən başlayan təhsili burada almalısan, ya da erkən yaşdan gəlməli və qarşıya məqsəd qoyub intensiv hazırlaşmalısan. Yoxsa alman dili üç-beş ilə kürəyini yerə verən dil deyil. 

- Vaxtilə “Yeni Müsavat” qəzetində çalışmısınız. Bu qəzetdən çıxanların çoxu Müsavat Partiyasına simpatiya duyublar. Siz də Müsavatın üzvü olmuşdunuzmu?

- Mən qəzetə partiyadan gəlmişdim. 1997-ci ildə Müsavat Partiyasına üzv olmuşam, qəzetdə fəaliyyətə isə 1999-cu ildən başlamışam. Əski Müsavata, bu partiyanın sıralarından ictimai-siyasi həyata atılmış Müsavat dəyərlərinə – cümhuriyyətçilik, istiqlal və dünyəvi dəyərlərə sadiq insanlara simpatiyam bu gün də var. Eləcə də "Yeni Müsavat" məktəbi keçmiş və o məktəbi yaşadan, Azərbaycan mediasında uğurlu qələm sahiblərinə... Çağdaş mətbuatımızın əski qəlibdən çıxıb məktəb yaratmış, ənənə formalaşdırmış iki qəzet var: biri Nəcəf Nəcəfovun "Azadlıq"ı, ikincisi də "Yeni Müsavat". Bu gün də mətbuata nəzər yetirsək, bu ənənənin izini görmək olar, tanınmış onlarla qələm insanı bu şineldən çıxanlardır... 


- Bir dəfə bıçaqlanmışdınız? Məsələnin kökü nə idi?


- Bıçaqlanma olmayıb, sadəcə qeyri-bərabər yaxalaşmada bir az xəsarət almışdım. Bu hadisə 2010-cu ildə olmuşdu. Kökündə isə mənə o vaxt və sonradan bəlli olan bir neçə səbəb ola bilərdi. İlk onu deyim ki, "Azadlıq" qəzetində diasporumuzun real durumunu əks etdirən "Diaspor tənliyi" yazım bu fəaliyyətlə məşğul olan işbazların mənafeyinə toxunmuşdu. Dövlətin bu sahəyə ayırdığı pulları şəxsi mənafeyinə xərcləyən, formal "aksiyalar" təşkil etməklə göz boyayan, dövləti və xalqı aldadıb, parazit kimi qanını soranlar həmin yazımdan qəzəbləniblərmiş.

Məsələ belə olmuşdu. Berlində Xocalı faciəsi ilə bağlı fəaliyyətdə olan 4 təşkilat aksiya təşkil etmişdi. Mən də getdim, Ermənistan səfirliyinin önünə. Tədbir başladı, özüm də daxil 28 nəfər aksiyada iştirak edirdik. Təşkilatçılıq sıfır, "Nuhi-əyyam"dan qalma, zirzəmidən çıxarılmış mənasız, dəxlisiz sözlər yazılmış tozlu plakatlar, çıxışçılar yox, kim ağzına nə gəlir danışır...

Pəncərədən baxıb gülən səfirlik işçilərini görmək də acı bir mənzərə yaradırdı. Bir sözlə, biabırçılıq. Belə bir tənqidi yazı yazdım ki, 4 diaspor təşkilatı adından elan olunmuş tədbirə 28 adam qatılır, bunlar da təşkilat rəhbərlərinin elə öz ailə üzvləri, yaxınlarıdır. Barmaqhesabı əməliyyatı ilə  hər təşkilata 7 nəfər düşdüyünü ortaya çıxarmaq olar. Bu hesabla məsələn, 100 nəfərlik bir aksiya təşkil edə bilmək üçün bizə daha neçə təşkilat gərək olardı? 14-15 rəqəmi alınır. Demək Diaspor Komitəsinin o zamankı sədri Nazim İbrahimov cənabları daha bu sayda təşkilatın yaradılması qeydinə qalmalıdır ki, gələcəkdə bənzər tədbirlərdə belə qanqaraldan mənzərə yaranmasın, bir az qələbəlik olsun. Yazıdan bir xeyli keçmişdi. Tədbirdə adı keçən həmin o 4 təşkilatdan birinin şəxsən tanıdığım rəhbəri ilə bir tədbirdə qarşılaşdım. Bir az gileyləndi, dedi ki, yazıya görə onlara Bakıdan ciddi iradlar gəlib, başları ağrıyıb. Mənə aydın oldu ki, burada baş verənlərdən Bakıda bixəbərdirlər, oraya yanlış bilgi ötürülür, yazı buradakı diaspor fırıldağının üstünə işıq salıb. Bu arada Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Berlində səfərdə idi və tədbirin keçirildiyi zala mən də daxil ola bilmişdim. Tədbirdən sonra mətbuat üçün brifinq təşkil olundu, mən də erməni liderinə ritorik bir sual ünvanladım: "Siz mənin doğulduğum kəndimi, evimi işğal etmisiniz. Mənim evimi daha nə qədər işğal altında saxlamaq fikrindəsiniz?".
 

Son hadisədən az keçmişdi, Novruz bayramı idi. Berlində bir şənlik təşkil edilmişdi, mən də dəvətli idim. Səs-küydən sıxıldım, bir siqaret çəkmək üçün bayıra, zalın arxa dalanına çıxdım. Sən demə həriflər məni nəzarətə götürüblərmiş. Arxamca bayıra çıxıb qapını da bağlayıblar ki, camaat xəbər ala bilməsin. Onlar 12 nəfər, mənsə tək... Beləcə 12 ədəd "vətən övladı" qürbət eldə bir jurnalisti cəzalandırma əməliyyatını uğurla başa vurmuş oldular. Yəni, öz qüsuruna görə vurub güzgünü sındırdılar. Çox şükür edirəm ki, 2 sınmış qabırğa və bir ədəd qapalı kəllə-beyin travması ilə bədəli ödədim, məsələ qapandı... 

Sarkisyan olayını isə ona görə bura aid etdim ki, həmin zatlar mətbuat-zad izləyən, qezet-filan oxuyan deyillər, kriminal aləmin adamlarıdırlar. Çətin ki, yazımı oxumuş olsunlar. Almaniyada ortaya çıxan və geniş səs-küyə səbəb olan "erməni mafiyası" olayından da bəlli oldu ki, Almaniyada bəzi məsələlərdə azərbaycanlı kriminal ünsürlər də erməni mafiyası ilə birlikdə hərəkət edir, bir-birlərinə dəstək olurlar. Bu da məsələnin kökündə erməni liderinin qatıldığı tədbirdə "pərxaşlıq salmağın" cəzası olduğu qənaətimi gücləndirdi. Bir az konspirologiya təsiri bağışlaya bilər, amma azdırmı düşmən sifarişi yerinə yetirənlər?...

- Azərbaycan mətbuatını izləyirsinizmi? 

- Yaxşı yazan hər kəsi, şəxsinə münasibətimi nəzərə almadan oxuyuram. Hətta bir neçə yazısını bəyənmədiyim şəxsin də, düşüncəmə, dünyagörüşümə uyğun yazısını oxuya, bəyənib paylaşa bilərəm. Davamlı yazılarını izlədiyim ustad yazarlar var. Hikmət Sabiroğlunun imzası öncəlik tanıdığım imzalardandır. Xatırlayırsınızsa, vaxtilə bir "Avropa" qəzeti vardı. Xeyli sayda seçkin imzalar toplanmışdı həmin o qəzetdə. Təəssüf ki, sonralar nəşrini dayandırdı. Həmin qəzetin hər sayını alıb saxlayırdım və ilk oxuduğum Hikmətin yazısı olurdu. Qəzeti alanda zarafatca “səhifələrindən qan qoxusu gəlir, deyəsən Hikmət qan edib” deyirdim. Sonra Azər Qaraçənli, Murad Köhnəqala, Ağalar Qut, Alov İnanna sevə-sevə oxuduğum imzalardır. İndi davamlı yazmayan imzalar da var, təəssüf ki, son vaxtlar yazılarına az ras gəlirəm - Qabil Abbasoğlu gözüm axtardığı, öz dəsti-xətti, yazı stili olan imzalardan idi.

Məhz yazısını bəyəndiyim bir imza da var. Özü olduqca mənasız persona olsa da, yazıları gözəldir.

 
- Kim?

- Adı qalsın! Bildiyim qədəri ilə səhhətində problem var, Tanrı imzasına bağışlasın. Tezliklə şəfa tapmasını diləyirəm. 


- Son zamanlar azərbaycanlılar Almaniyadan deportasiya olunur. Siz heç araşdırmısınızmı kimdir soydaşlarımızı Almaniyaya saxta sənədlərlə yollamaq istəyənlər? 

- Yəqin ki, hər fürsəti mənfəət əldə etmək üçün istifadə edən işbazlar... Viza xidməti təklif edən turist firmaları, əlaqəli işlədikləri siyasi partiyaların, ictimai təşkilatların sıralarında müvafiq sənədlər düzəldən möhtəkirlər. İnsanları əsassız “Avropada yellər əsib, qozlar tökülüb” vədləri ilə aldadıb bura yollayırlar.

 

- Jurnalist təcrübəniz var. Azərbaycanda bəzi siyasətçilər niyə mətbuata ideoloji mübarizə platforması kimi yanaşırlar? 

- Əslində istənilən cəmiyyətdə, ölkədə siyasətçi çalışır ki, mediadan istifadə edib öz müsbət imicini yaratsın, mətbuatın verdiyi imkanlardan istifadə edib ictimai fikri öz xeyrinə manipulyasiya edə, dəyişdirə bilsin. Bunu demokratik cəmiyyətlərdə də müşahidə etmək mümkündür. 
Bu bizim ölkə kimi cəmiyyətlərdə isə bu daha sıx təsadüf olunan tendensiyadır. Bizdə mətbuatın informasiya vermə funksiyasından daha çox onun hansısa ideologiyanı təbliğ etmə funksiyası önə çıxır. Bu səbəbdən də bildiyimiz "iqtidaryönlü", "müxalifətyönlü" mətbuat anlayışları formalaşıb. Və cəmiyyət də bununla razılaşır, belə qəbul edir ki, media əslində elə bunun üçündür – bir siyasi-ideoloji tribunadır. Hətta dini konfessiyaların, hansısa dinin konkret bir təriqətinin ideoloji postulatlarının təbliğatçısı rolunda çıxış edən, bəlli bir oxucu-dinləyici-tamaşaçı auditoriyası üçün yazan və ya fəaliyyətini bu auditoriyanın sosial sifarişinə uyğunlaşdıran mətbu orqanlar var. Düşünürəm ki, bu daha çox bizim Sovet keçmişimizlə bağlıdır. O zamanlar nəinki mətbuat, hər şey – incəsənət, xalq yaradıcılığı belə rəsmi ideologiyanın təbliğatçısı rolunda görülürdü və bu funksiyanı yerinə yetirməyə səfərbər edilmişdi. Aşıqlar belə dövrün tələblərinə uyğunlaşmağa, əyninə qalife şalvar, xrom çəkmə  geyinib kollektiv əməyi, kolxoz təsərrüfatını, partiyanı tərənnüm edən nümunələr yaratmağa məcbur idilər. Anlayırdılar ki, onlardan bu gözlənilir, deməli, var ola bilmək üçün fəaliyyəti bu tələbə uyğunlaşdırmaq gərəkdir, bunu da edirdilər. Bir növ Sosial Darvinizmin mədəniyyətdə, incəsənətdəki təzahürü... Ortama uyum sağlayan ayaqda qalır, qalanları sıradan çıxır... 

 

- Bəs Almaniyada vəziyyət necədir? 

- Almaniyada medianı, jurnalistləri bu arzuolunmaz təzahürdən qoruyan mexanizmlər var. Hakimiyyət bölgüsü, medianın ictimai fikrə təsiri qədər də media üzərində ictimai nəzarət mexanizmləri, jurnalistikanın oturuşmuş standartları var. Hökumətdəki şəxs və ya qrupun dövlət resurslarını öz təbliğatına yönəltməsi ciddi ictimai qınaqla qarşılaşa və tamamilə əks effekt verə bilər. Burada siyasətçinin mediadan təbliğat vasitəsi kimi istifadə etməsi asan məsələ deyil.  Əgər ictimai nəzarət bunu aşkarlayarsa, bu həmin şəxsin imicinə mənfi təsir edə bilər, ona görə də çalışırlar bunu bizdəki kimi aşkar yox, dolayı yollarla, nəzərə çarpmadan etsinlər. 

- Ailəniz haqda da məlumat verərdiniz. 

 

- Ailəliyəm, üç ovladım – iki oğlum, bir qızım var. Üçü də bura doğumludurlar. Oğlum fizika təmayüllü “Carl Zeiss“ gimnaziyasında oxuyur. Qızım hələ gimnazial mərhələyə bu il çatacaq. Üçüncüm isə hələ balacadır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı