Modern.az

Mətanət Qüdsi: “Əngəllər düşüncələrimizdədir”

Mətanət Qüdsi: “Əngəllər düşüncələrimizdədir”

3 Dekabr 2018, 12:18

Bəzən hər şeyin yolunda getdiyi vaxt həyatın monotonluğundan, hansısa kiçik arzumuzu reallaşdıra bilmədiyimizdən gileylənir, hətta hər şeydən əlimizi üzmüş hala gəlirik. Onlarsa, özlərinin belə olmayan əlləri, ayaqları ilə bu dünyanın hər çətinliyinə dörd əllə sarılırlar. Və onların bu cəsarətini, həyat eşqini görəndə insan primitv səbəblərinə görə həyatdan küsdüyünə, etiraz etdiyinə görə özündən utanır... Söhbət fiziki məhdudiyyətli şəxslərdən gedir. Əlini, ayağını, qolunu xüsusi mərkəzdən almaq məcburiyyətində qalanlardan...

3 dekabr məhz onların gündür. BMT Baş Məclisi bu günün qeyd olunması barədə1992-ci il oktyabrın 14-də qərar qəbul edib. Məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, fiziki məhdudiyyətlilər dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.

 

Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, 2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

 

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Bunun üçün bir çox bərpa və reabilitasiya mərkəzləri, sanatoriyalar tikilib. Hazırda ölkəmizdə fiziki məhdudiyyətli insanların müraciət edə biləcəyi ünvanlardan biri də 1992-ci ildən fəaliyyət göstərən Protez-Ortopedik Bərpa Mərkəzidir.

 

Sahibini gözləyən əllər, ayaqlar...

 

Mərkəzin rəhbəri Asif Məcidov Modern.az-a deyir ki, “Protez-Ortopedik Bərpa Mərkəzi sırf əlillər üçün xidmət göstərir:

“Burada əsasən, aşağı və yuxarı ətraf protezləri, ortezlər, korsetlər, ortopedik ayaqqabılar istehsal olunur. Sadaladıqlarımın özləri də bir neçə qrupa bölünür. Məsələn, aşağı ətraf protezinin özü 3 hissəyə bölünür: çanaq, bud, baldır. Hissələrin hər biri ayrılıqda yenidən 3 yerə bölünür. Eləcə də digərləri. Məlumat üçün bildirim ki, protez-insan bədənin olmayan hissəsinin bərpası, ortez isə olan hissənin korreksiyası üçündür. Hansısa orqanda deformasiya, əyilmə qeydə alınan zaman ortezlərə müraciət edilir. Bizə müraciət edənlər əsasən 50-dən yuxarı yaş qrupuna məxsus insanlardır ki, hansısa xəstəlik nəticəsində əli, qolu, yaxud ayağı amputasiya olunur və nəticə etibarilə protezə ehtiyac duyulur.

Həmçinin, onların arasında serebral-iflic xəstəliyilə anadangəlmə qüsurla doğulan uşaqlar da var. Onlar üçün ortopedik ayaqqabılar, skutorlar hazırlayırıq”. 

 


215 işçi ildə 9 min şəxsə xidmət edir

 

A.Məcidov bildirir ki, il ərzində 9 min fiziki məhdud insana xidmət göstərirlər:

“Mərkəzin özündə, Naxçıvan Muxtar Respublikası və Gəncə filiallarında il ərzində 9 min əlilə xidmət göstəririk. Ümumilikdə 215 nəfər əməkdaşımız var. Onlar ölkədə və xaricdə təşkil edilən treninqlərdə iştirak edirlər. Yəni bu məmulatların hazırlanması peşəkarlıq baxımından mənimsənilir. İl ərzində 5-6 min cüt ortopedik ayaqqabı, 950-1000 arası aşağı və yuxarı ətraf protezləri, bir o qədər də ortezlər və skutorlar hazırlanır.

Əlil arabası və eşitmə aparatının istifadə müddəti 3 il, protezlərinki 2 il, ortezlərinki 1 il, ayaqqabılarınkı 6 aydır. Əlillərin qeyd edilən vasitələrlə təminatı dövlət hesabına təşkil olunur. Əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil olmuş şəxslər istisna olmaqla, bu vasitələr  bütün kateqoriyadan olan əlillərə tam ödənişsiz-dövlət vəsaiti hesabınadır.

Bu kateqoriyaya daxil olmayan digər şəxsrə isə məsələn, uşağı üçün ortopedik ayaqqabı almaq istəyirsə, çox cüzi ödəniş edir. Amma qiymətlər dövlət tərəfindən tənzimlənir. Yəni hər kəs istədiyi qiyməti müəyyən edə bilməz. Mal-materialın qiyməti, işçinin pulu, üstəlik xərclər əlavə olunaraq, vahid qiymət müəyyən edilir.

 

Cəmiyyətin ən həssas təbəqəsi

 

Mərkəz rəsmisi qeyd edir ki, fiziki məhdudiyyətli insanlar həssas kateqoriyadan olanlardır:

“Çalışırıq ki, mümkün qədər onları razı salaq. Bəzi xəstəliklər var ki, onlar həkim müalicəsilə sağalır. Əlillik belədir ki, daim səninlə qalır. Ona görə də bu təbəqədən olan insanlarımız çox həssasdırlar. Qeydiyyatda olan şəxslərin 50 faizindən çoxunu şəxsən tanıyıram. Çünki mütəmadi olaraq əlaqədəyik. Bəzən hansısa məqamda narazılıqlar olur. Bu da təbiidir. Amma qeyd edim ki, narazılıqlar qlobal xarakter daşımır. Məsələn, qanun çərçivəsində şəxsə bir ədəd qulaq aparatı düşür, amma həkim xəstəyə 2 aparat məsləhət görür. Biz izah edirik ki, dövlət tərəfindən 1 ədəd aparat verilməsi nəzərdə tutulub. Amma şəxs yenə də 2 aparat tələb edir. Belə kiçik narazılıqlar olur. Yaxud insanın çəkisində dəyişiklik olanda protezin oturuşunda problem yaranır. Kiçik korreksiya ilə onu da yoluna qoyuruq. Ümumilikdə bizim əməkdaşlarımızın hamısı peşəkarlardır”.

 

“Bir vaxtlar mən də yeriyirdim...”

 

Amma bütün görülən işlərə, dövlət dəstəyinə baxmayaraq, cəmiyyətdə ən çox problemlərlə qarşılaşan insanlar məhz fiziki məhdudiyyətlilərdir.

Elə cəmiyyətin bu qınaqları, təcridlərilə üzləşənlərdən biri də əksəriyytimizin yaxından tanıdığı Şəmkir rayon sakini, 21 yaşlı gənc yazar, “V SENİ CUP” turnirinin birincisi Mətanət Qüdsidir.



Modern.az
-a danışan Mətanət Qüdsi fiziki əngəlinə baxmayaraq, yaşadıqlarında günahkar axtarmır:

“Bir vaxtlar mən də normal insanlar kimi yeriyirdim. Əslində fiziki məhdudiyyətin anadangəlmə və ya sonradan qazanılması ilə bağlı məsələyə cavabım həmişə birmənalı olub. Mən işə mənəvi tərəfindən baxan adamam. Ona görə düşünürəm ki, bu bir qismətdir və belə də olmalıydı. Hazırkı vəziyyətimin günahını ailənin, yaxud həkimlərin üzərinə yıxmaq istəmirəm. Amma ümumiyyətlə baxsaq, hər iki tərəfdə yanlışlıqlar olub, həm ailədə, həm də həkimlərdə. Anadangəlmə müəyyən

problemlər olsa da, yerimişəm. Əlil arabasına məhkumluğum 7-ci sinifdən sonra başlayıb”.

 

“Fiziki əngəlim olmasaydı...”

 

Müsahibimiz deyir ki, fiziki məhdudiyyət onun üçün hər mənada çətinlik yaradır:

“Fiziki məhdudiyyətli insan üçün hər mənada çətindir. Həm əlilliyin yaşatdığı çətinliklər, həm də mənəvi çətinliklər. Fiziki məhdudiyyətlə bağlı cəmiyyətdə qarşılaşdığım problemlərin yükü daha ağırdır. Bura komplekslər, cəmiyyətdəki yad baxışlar, iş, sosiallaşma, psixoloji problemlər və s. daxildir. Bunların 70 faizini aşmış insanam. Çətinliklərdə inklüziv cəmiyyətin formalaşmamasını əsas yer tutur. Çünki hər kəsin təhsil almaq hüququ var, amma bir çox təhsil müəssisələrində fiziki məhdudiyyətli şəxslərin təhsil alması üçün şəriat yoxdur. Bu, ilk növbədə bağçadan başlayır. Mənəvi çətinliklər zamanı sən özünü cəmiyyətdən təcrid olunmuş hiss edirsən. Cəmiyyətdən o reaksiyanı gördükcə, sən də özünə qarşı o reaksiyanı verməyə başlayırsan. Amma bütün bunları aşanda, sən özünlə barışıq yaşaya bilirsən. Məsələ burasındadır ki, fiziki məhdudiyyətli insanlar olaraq, normal insanların 5 dəqiqəyə gördüyü işi, 2 saata görürük. Fiziki sağlam insanın 1-2 manata getdiyi yolu, 20 manata gedirik. Fərq odur ki, onlar beş dəqiqəlik işi görmək istəmir, amma biz istəyirik. Biz deyərək də ayırım etmək istəmirəm. Amma bu da bir gerçəklikdir. Yəni mənim fiziki əngəlim olmasaydı, əminəm ki, daha böyük işlər görə bilərdim”.

 

“Hər bir fiziki məhdudiyyətlinin yolu o mərkəzdən keçməlidir”

 

Gənc yazar dövlət tərəfindən fiziki məhdudiyyətli insanlara göstərilən qayğıdan da danışır:

“Son 2-3 ildə dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı daha da artıb. Bəzən mən bu fikirləri səsləndirəndə, dostlarım razılaşmır. Amma iş varsa, orada nöqsanlar da ola bilər. Əsas o problemin aradan qaldırılması üçün atılan addımlardır. Mən deyərdim ki, son vaxtlar dövlət tərəfindən əlilliyi olan şəxslər üçün görülən işlərin miqyası daha böyükdür. Əlilliyi olan şəxslərin müalicə və reabilitasiyası üçün sanatoriyalar, Protez-Ortopedik Bərpa Mərkəzi, Əlillərin Bərpa Mərkəzi fəaliyyət göstərir. Bütün sadaladığım yerlərdə il ərzində 1-2 dəfə dövlət hesabına müayinələrdən keçirik, lazımi vasitələrlə təmin olunuruq. Azərbaycanda əlilliyi olan şəxslər üçün nömrə bir hesab etdiyim yer 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzidir. Bu, dövlətin əlilliyi olan insanlara verə bildiyi ən böyük töhfə, gözəl müəssisə və məktəbdir. Mənim fikrimcə əlilliyi olan hər bir gəncin yolu o mərkəzdən keçməlidir. Çünki peşədən öncə şəxs sosiallaşmağı öyrənir, burada sosial reablitasiya keçir. Bu da ən önəmli faktordur”.

 


“Əngəl düşüncəmizdədir...”

 

M.Qüdsi bildirir ki, əslində ən böyük əngəl insanın düşüncəsindədir:

“Mənə görə əlillik deyə bir şey yoxdur. Varsa da, o, bizim düşüncəmizdədir. Ümumiyyətlə insan düşüncədən ibarətdir. Hər şey o düşüncədən başlayır. Biz ilk növbədə psixoloji olaraq məhdudiyyətsiz, sərhədsiz olmalıyıq. Əlilliyimizin olmadığını düşüncəmizdə qəbul etməliyik. Düşünməliyik ki, əlillik bizə verilən avantajdır, sadəcə ondan istifadə etməyi, məqsədə çatmağı bacarmalıyıq. Bunları dəf etdiyin zaman uğur qazana bilirsən. Mənim uğurlarımın başında “özüm” dayanır. Niyə “özüm” deyirəm. Çünki hər şey insanın öz düşüncəsində başlayır. İnsan ilk olaraq özünə inanmalı və ətrafını özünə inandırmağı bacarmalıdır.

Özümdən sonra ailəm. Əgər ailə dəstəyi varsa, gerisi düzələcək şeylərdir. Çətin də olsa ətrafdakılarla mübarizə apara bilirsən, əsas ailən sənin yanında olsun. Ailə elə bir məfhumdur ki, sən onu seçə, xoşuna gəlməyəni ata bilmirsən. Ailə sənə bağlı parçadır. Mənim özümə, bacarıqlarıma, düşüncəmə qarşı çox böyük inamım, sönməyən həyat eşqim, yaratmaq istəyim var. Hər an insanlara sevgi paylamaq, onlara xoş hislər yaşatmaq üçün can atıram. Bütün fəaliyyətim də məhz bu istəkdən qaynaqlanıb. İlk dəfə peşə-reabilitasiya mərkəzinə 2014-cü ildə gəlmişəm. Əvvəlcə toxuma kursunu bitirdim, rəssamlığı öyrəndim. Elə həmin ildən BOCCİA idman növü ilə məşğul olmağa başladım. Artıq 5 ildir bu idmanla məşğulam. Hər il keçirilən “SENİ CUP” turnirində iştirak edirəm. Bu ilki “V Seni Cup” turnirində birinci yeri tutdum”.

 

 “Ən böyük fobiyam ailə qurmaqdır”

 

Gənc yazar həyatını ona xanımlığı daddıracaq birilə paylaşmaq istəyində olduğunu bildirir:

“Subayam, təbii olaraq ailə qurmaq hər kəsin arzusudur. Xüsusilə fiziki məhdudiyyətli insanların ailə qurmasının tərəfdarıyam. Amma özüm üçün hələlik düşünmürəm. Elə bilirəm insan yaşadığı müddətdə birini tapar, amma bir-birini tapmaq çox çətindir. Mən eşqdə, sevgidə müqəddəs olanı gözləyirəm. Hər kəsin “O” deyə bir obrazı var. Mən “O”nu gözləyirəm. Bu vaxta qədər sevgi etirafları olub. Amma heç biri “O” deyil. Bu, tamamilə hislərə bağlı bir şeydir. Necə ki, adi bir geyim alanda ürəyinə yatır, deyirsən budur mən istədiyim. İnsan da elədir, çoxları olur, amma əsas ürəyinə yatandır. Sevgi böyük bir anlayışdır. Elə biri olmalıdır ki, məni bir baxışımdan, aldığım nəfəsdən, çəkdiyim ahdan anlaya bilsin. Hər şeylə bütün olmalıdır mənlə. Sevmədən əvvəl ona güvənməliyəm. Çünki nə qədər böyük sevgi olur olsun, güvən yoxdursa, o sevgi də gərəksiz bir şeyə çevrilir. 11-12 yaşından həyatın qoynuna atılmışam. Fiziki məhdudiyyətli olmağıma baxmayaraq, köməyə ehtiyacı olanlara əl uzatmağa çalışmışam. Mənim oğlan dostlarım çoxdur. Mən onların yanında heç vaxt özümü xanım kimi hiss etməmişəm. Hətta bir qrup dostlarım var ki, mənə “qardaş” deyirlər. Sözün əsl mənasında sözümüzü, sirrimizi bölüşürük.

Ən böyük fobiyam ailə qurmaqdır. İndiyə kimi bu etirafı kiməsə etməmişəm. Sevəcəyim insan məndən çox-çox güclü olmalıdır ki, mən onun yanında özümü xanım kimi hiss edə bilim. Hər şeyin arxasınca qaçmayım. 28-29 yaşında olanlardan sevgi etirafları gəlir, amma baxıram ki, mənim 21 yaşımda etdiklərimi, o hələ indi etməyə başlayır. Mən belə birilə həyatımı paylaşmaq istəmirəm”.

 

“Əgər pilləkəni qalxmaqda mənə kömək edib, sonra...”

 

Hər şeyə böyük əzmlə, iradə ilə nail olan mübariz xanım həyatının böyük hissəsini əlillərlə bağlı layihələrə həsr etdiyini deyir:

“Mənə dəstək olanlar olub, amma hər şey qarşılıqlıdır. Hər şeyi dişimlə-dırnağımla əldə etmişəm. Planlarım həddindən çoxdur. Həyata keçirmək istəyidim çox layihələrim var. Hazırda bir neçə sosial layihəm tam hazırdır, sadəcə maliyyə

dəstəyi lazımdır ki, onları reallaşdıra bilim. Fəaliyyətimin ¾ hissəsi, layihələrimin 10-dan 8-i fiziki məhdudlarla bağlıdır.

Ümumiyyətlə isə indiyədək heç nəyin hazırına sahib olmamışam. Və bundan sonra da çalışacağam ki, belə davam edim. Əgər siz pilləkəni qalxmaqda mənə kömək edib sonra bunu məni xatırladacaqsınızsa, əsla bu köməyi qəbul etmərəm. Sürünərək qalxaram, amma belə yardımı istəmərəm. Elə yaşayıram ki, kimsə illər sonra mənə deməsin ki, “səni mən qaldırdım”, “sənin əlindən mən tutdum”. Hər bir mənada öz gücümə arxalanmağa çalışıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?