Modern.az

Yallı rəqsi azərbaycançılıq möhürüdür

Yallı rəqsi azərbaycançılıq möhürüdür

Ədəbi̇yyat

3 Dekabr 2018, 12:23

İsa Həbibbəyli

AMEA-nın vitse-prezidenti, akademik

Müstəqil Azərbaycan Respublikası maddi və mənəvi sərvətlərimizin beynəlxalq miqyasda tanıdılması və qorunmasının təmin edilməsi üçün UNESCO-nun Siyahısına daxil edilməsi baxımından böyük uğurlar qazanmışdır.

Aşıq sənəti və muğam ifaçılığının, Novruz bayramının, dolmanın, lavaşın və misgərlik sənətimizin UNESCO-nun siyahılarına daxil edilməsinə və beynəlxalq təşkilat səviyyəsində qorunmasına nail olmaq ölkəmizin böyük uğurları sayılmağa layiq hadisələrdir. Bu, həm də Azərbaycanın mədəni sərvətlərinə sahib çıxmaq istəyənlərə də tutarlı cavabdır.

Hesab edirəm ki, Yallı rəqsinin bu böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir. Bu istiqamətdə Azərbaycan Mədəniyyət və Xarici İşlər nazirliklərinin apardıqları məqsədyönlü iş yüksək qiymətə layiqdir.

Qədim tarixə və böyük ənənələrə malik olan “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısında yer alması Azərbaycanın bu tarixi və ənənəvi mədəniyyətinin dünyada daha geniş miqyasda tanıdılmasına da öz töhfəsini verəcəkdir. Eyni zamanda, Naxçıvan-Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində də yeni mərhələ açılır. Bütövlükdə bu mühüm addım “Şərur” Xalq Yallı Ansamblının Odisseyasına yeni və parlaq səhifələr əlavə edəcəkdir. Dərin milli tarixi köklərə malik Yallı Rəqs Qrupunun daha geniş beynəlxalq miqyasa çıxarılması Azərbaycançılıq ideologiyasının təbliği baxımından da əhəmiyyətlidir. Çünki Yallı ölkəmizdəki ən mühüm azərbaycançılıq möhürlərindən biridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir