Modern.az

Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

4 Dekabr 2018, 14:21

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirləri davam etdirir. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlir.
 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.


Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli dekabrın 4-dən 9-dək Bakıda olacaqlar.

Ceyhun Hacıbəylinin əslən Fransadan olan gəlini Paskal Buşe (Timuçin Hacıbəylinin həyat yoldaşı) Sarbonna Universitetinin məzunudur. O, Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

1993-cü ildə həyat yoldaşı Timuçin bəy vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsinin tarixini oğlu Benjamin üçün qoruyub saxlayıb. O,  azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək edərək, burada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləyib.  Onlar axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, vətən və millət qarşısında böyük xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, Bakıda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb.  Sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb.

1962-ci ildə vəfat edən Ceyhun Hacıbəyli Parisin Sen-klu məzarlığında dəfn edilib. Onun Ceyhun və Timurçin adlı 2 övladı olub.
 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi” keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi