Modern.az

Sabiq icra başçısı: “Növbəti seçkilərdə namizədliyimi irəli sürəcəm” - MÜSAHİBƏ  

Sabiq icra başçısı: “Növbəti seçkilərdə namizədliyimi irəli sürəcəm” - MÜSAHİBƏ   

4 Dekabr 2018, 16:08

Eks-deputat Musa Musayev: “Əgər bu gün vəzifədə olsaydım, zəng edəndə telefonumun məşğul olduğunu görərdiniz”


Bu gün 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Musa Musayevin doğum günüdür. Onun 59 yaşı tamam olub. Modern.az saytının əməkdaşı eks-deputatın doğum günü olmasından istifadə edərək, ondan müsahibə alıb.

Qeyd edək ki, Musa Musayev 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvüdür.


- Musa müəllim, 59 yaşınız olur. Öncə sizi təbrik edirik. Həyatınızın 59-cu ilini necə qarşılayırsınız?

- Çox yaxşı. 1959-cu ildə doğulmuşam. Bu gün də 59 yaşım tamam olur. İki 59-u bir arada yaşayıram. Ona görə də 59-un maraqlı rəqəm olduğunu söyləyə bilərəm.

- Karyera baxımından zəngin həyat yaşamısınız. Müxtəlif sahələrdə çalışmısınız. Həm deputat, həm də icra başçısı işləmisiniz. Yəqin ki, o illərin həsrətini çox çəkirsiniz?

- İnsan həmişə ötən illərin həsrətini çəkir. Mən də istisna deyiləm. Yeni Azərbaycan Partiyasını yaradanlardan biri olmuşam. 20 ildir ki, YAP Siyasi Şurasının üzvüyəm. Bununla da fəxr edirəm.  Milli Məclisin deputatı, icra başçısı və Siyasi Şuranın üzvü kimi dövlətimizə, dövlətçiliyimizə, xalqımıza şərəf və ləyaqətlə xidmət göstərmişəm.

- Bir qədər açıq danışaq: qocalıb əldən düşən yaşda deyilsiniz. Sizdən yaşca çox-çox böyük olan insanlar həm Milli Məclisdə, həm də icra strukturlarında çalışır. Deyəsən hazırda işsizsiniz. 2010-cu ildən sonra deputat da olmadıınız. Niyə?

- Bəli, heç yerdə çalışmıram. Amma deputat məsələsinə gəlincə, maraq göstərməmişəm.

- Hər halda, parlamentdə təmsil olunmağınıza maraq  göstərməməyinizin səbəbi olub?

- Maraq deyəndə ki, heç vaxt özfəaliyyətlə məşğul olmamışam. Təbii ki, 2010 və 2015-ci illərdə parlament seçkiləri keçirilib, YAP Siyasi Şurasının üzvü olduğuma görə namizədliyim partiya tərəfindən irəli sürülə bilərdi. Yəqin ki, məsləhət olsaydı, namizədliyimi verərdim. Namizədliyim irəli sürülməyibsə, demək ki, belə məsləhət imiş. Düşünürəm ki, hələ hər şey qabaqdadır.

- Musa müəllim, yaş məsələsini bilərəkdən qabartdım. Sizdən yaşlılar  deputatdır.

- Tamamilə razıyam. Hələ mənim nə yaşım var ki! Bu gün 59-u tamamlayıram. Qarşıda 60, 70  rəqəmi var. Ulu öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə 70 yaşında gəlib. 10 il Azərbaycana layiqincə xidmət edib. Sadəcə, səhhətində yaranan problem imkan vermədi ki, xalqına, vətəninə xidmətini davam etdirsin. Düşünürəm ki, əgər insan həyatda yaşayırsa işləməli, çalışmalı və yaratmalıdır. Mən də yaradıcı insanam. Partiyamızın tez-tez tədbirləri olur. Siyasi Şuranın üzvü kimi bütün tədbirlərdə iştirak edirəm.

 - Ola bilərmi ki, növbəti parlament seçkilərinə qatılasınız?

- Allah qoysa. Zaman göstərər.

- Belə anladım ki, növbəti seçkilərdə namizədliyinizi irəli sürəcəksiniz?

- Əlbəttə. Növbəti parlament seçkilərində sağlıq olarsa, bu məsələyə baxmaq olar. Güman ki, namizədliyim partiyamız tərəfindən irəli sürüləcək. Əgər partiya tərəfdən irəli sürülməsə, sərbəst şəkildə namizədliyimi irəli sürəcəm. Sizə söz verirəm. Eyni zamanda partiyanın qayda-qanunlarına tabeyəm. Çünki onu yaradanlardan biri olmuşam. Partiya sədrimizin qoyduğu qaydalara hər zaman riayət etmişəm, edirəm və edəcəyəm də...

- Köhnə dostlardan doğum günü təbrikləri alırsınızmı?

- Açığı bu gün Naftalandan da, bəzi deputat yoldaşlarımızdan da təbrik almışam. Amma ən çox doğmalarım, yaxınlarım təbrik edib.

- Belə fikir də var ki, insan vəzifədə olanda dostları da çox olur. Amma vəzifədən gedəndən sonra illərlə çiyin-çiyinə çalışdığı dostları yox olur. Bu fikirlərlə razısınızmı?

- Bu fikirlərinizlə tamamilə razıyam. Əgər bu gün vəzifədə olsaydım, zəng edəndə telefonumun məşğul olduğunu görərdiniz.

-Həyatın belə qaydaları da var.

- Təəssüf edirəm.  Sözünüzün qüvvətinə bir əlavə edim. Bu yaxınlarda Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olundu. Bəlkə də yeganə millətik ki, vəzifəyə, pula, kresloya xidmət göstərənlərin sayı çoxdur. Öz adıma deyim ki, bu tip insanlardan deyiləm. Naftalanda icra başçısı işlədiyim müddətdə də hər zaman kasıb təbəqənin içində olmuşam. Bilin ki, Naftalanın inkişaf tarixi mənim adımla bağlıdır. Mənim dövrümdə 6 sanatoriya tikilib. Onun ikisi 5 ulduzlu sanatoriyadır. Milli Məclisdə də öz dəsti-xəttim olub. Bunu bilin! Həmişə haqq səsimi demişəm. Heç kim tərəfindən bəziləri kimi idarə olunmamışam. Sərbəst fikirlərim olub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir