Modern.az

Cümhuriyyət araşdırıcıları: Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli HADİSƏDİR

Cümhuriyyət araşdırıcıları: Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli HADİSƏDİR

Diaspor

6 Dekabr 2018, 16:41

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadır.  

Maraqlıdır, AXC-nin 100 illiyində Hacıbəylilər nəslinin Azərbaycana səfər etməsini cümhuriyyət araşdırıcıları necə dəyərləndirir?

Tanınmış tədqiqatçı, publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli Azərbaycan xalqının tarixində və taleyində misilsiz rol oynamış bir insanın, Hacıbəylilər nəslinin nümayəndələrinin səfərini çox önəmli hadisə adlandırıb:

          

“Hesab edirəm ki, varislərin Bakıya gəlişi Azərbaycan-Fransa, Fransa-Azərbaycan mədəni əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək və bu baxımdan səfəri tarixi şans kimi dəyərləndirirəm. Xatırlayırsınızsa, II Dünya Müharibəsində iştirak edən azərbaycanlı ilə ailə qurub İmişliyə gəlmiş fransız xanım vardı. Onun haqqında informasiyalar yayıldıqdan sonra Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndələrinin həmin xanımla maraqlanması və görüşlər keçirməsi Fransa-Azərbaycan əlaqələrinə təsir etdi. Bəzən sadə insanların yaxınlaşmasının ölkələrarası münasibətlərə təsirinə şübhə ilə yanaşılır. Amma bu fakt onu göstərdi ki, belə münasibətlər də əlaqələrə təsirsiz ötüşmür. Arzu edirəm ki, təkcə Hacıbəylilər nəslinin nümayəndələri yox, Azərbaycanın ləyaqətli övladlarının xaricdəki varisləri vətənimizə gəlsinlər, əlaqələr qurulsun və bağlılıq möhkəmləndirilsin. Çox istərdim, Benjamin Hacıbəyli Azərbaycan ədəbiyyatı, adət-ənənəsi, ən əsası dilimizlə maraqlansın. Paskal Hacıbəyli Buşe ilə qiyabi tanışlığımız məndə çox böyük təəssürat yaradıb: o, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə çox böyük maraq göstərən insandır. Bu xanımı eyni zamanda, Hacıbəylilər nəslinin böyük təəssübkeşi adlandırardım. Cümhuriyyətimizin 100 illiyində bu insanları Azərbaycana dəvət etdiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdaram”.

          


Tarix elmləri doktoru, professor, Ceyhun Hacıbəyli irsinin araşdırıcısı Solmaz Rüstəmova Tohidi bildirib ki, qonaqlar bilavasitə Cümhuriyyət xadimlərinin varisləri olduğu üçün istənilən halda səfər əlamətdar hadisədir:

          
“Düşünürəm ki, Ramiz Abutalıbova minnətdar olmalıyıq ki, hələ Sovet dövründə Ceyhun Hacıbəylinin oğlu Timuçinlə neçə illər dostluq edib. 10 illik dostluqdan sonra Timuçin atasının bütün arxivini ona verib. Abutalıbovun Azərbaycana gətirdiyi həmin arxivlər neçə illərdir tərcümə olunur. Bildiyiniz kimi, Timuçinlə Niyazi əmioğlu olublar, sağlığında Timuçin də Bakıya gəlib. Ona görə də Ceyhun Hacıbəylinin övladları ilə əlaqə saxlamaq çox mühümdür. Budəfəki səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib. Cümhuriyyətimizin 100 illiyində onların Bakıya dəvət olunması böyük təşəbbüsdür. Vətənlə əlaqələrin kəsilməməsi baxımından bu səfərlər vacibdir. Onlar öz ölkəsi üçün böyük xidmətlər göstərmiş babalarının vətənini, adət-ənənəsi görmüş olurlar ”.

          


Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri, Ceyhun Hacıbəyli irsinin araşdırıcısı Aslan Kənan da Ceyhun Hacıbəylinin Azərbaycan üçün çox böyük xidmətləri çox olduğunu söyləyib:

 
“Çox keşməkeşli həyat yaşayıb Ceyhun Hacıbəyli, öz adını verdiyi böyük oğlunu çox erkən itirib. Digər oğlunun həyat yoldaşı, övladının Azərbaycana gəlişi çox sevindiricidir və əlamətdar hadisədir. Yeri gəlmişkən, yaxşı olardı ki, xaricdə uyuyan ziyalılarımızın qəbirləri Azərbaycana gətirilsin. Vətəndən uzaqda dəfn edilmiş şəxslərin elə vətəndə kompleks məzarları ucaldılsın”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi