Modern.az

Öldün, məni də öldürdün..!

Öldün, məni də öldürdün..!

14 Noyabr 2011, 15:10


Dostumun atası rəhmətə getmişdi, zəng edib başsağlığı verdik. Amma o, atasının yas mərasimini yola vermək üçün sələmi pul götürəcəyindən  və yaranmış çətinliyinidən gileyləndi… Ölünün qayğıları bir yana, onu daha çox atasını dost-düşmən qarşısında necə “yerdən götürəcəyi” düşündürürdü…

Bu gün ölmək belə, həqiqətən problemə çevrilib. Öləcək insanının son nəfəsində ölü sahibi molla çağırmalı, ölünü yumaq üçün məsciddən 100-150 manatlıq mürdəşir gətirməli, qəbiristanlıqdan “son mənzil” almalı,  gəlib-gedənlər üçün süfrə açmalı və nəhayət qəbir daşı hazırlatdırmalıdır.

Ölüsü olan bir kəs  kimi həm qəbir daşları hazırlanan yerdə, həm qəbiristanlıqlarda, həm də mərasim evlərində olduq və ölü sahiblərinin çəkdiyi əziyyətlərin  şahidi olmağa çalışdıq.

Pulunuz varsa, Allah rəhmət etsin!

Hal-hazırda mərasimə dəvət olunan molla ölü sahibinin cibinə görə müəyyənləşir.  Belə ki, molla 3, 7 və  40 mərasimlərinin hər birinidən ayrıca pul alır. Söhbətləşdiyimiz molla Zakir ucuz yas aparır, 29 yaşı var. Onunu dediyinə görə imkanlı şəxslərin tutduqları molla da nüfuzlu olur.
“Mən hər yas məclisini 30 manata aparıram. Bu da tam bir mərasimdə 150 manata qədər gəlib çıxır. Həqiqətən çox sərfəlidir. Amma elə mollalar var ki, onlar hacı olduğuna görə yasa çox baha gedirlər. Onların da bir mərasiminin qiyməti 300-500 manat arasında dəyişir. Mərasim mollaları da gərək savadlı olsun. İnsanların xoşuna gəlməsə, ölü sahibi rəzil ola bilər. Axı ona insanlar qulaq asır, hərdən-bir  nəsə soruşurlar”.

Ölü sahibi Natiq Abdullayev 58 gündür ki, anasını itirib. Yas mərasimini mollasız təsəvvür etməyin qeyri-mümkünlüyü barədə danışan Natiq Maştağa qəsbəsinin sakinlərindəndir. Hər ay anasının qəbrini ziyarət etməyə gəlir və hər gələndə qəbiristanlıqdakı mollalardan birinə Quran oxutdurur.
“Quran oxunması savabdır, bizim rəhmətə gedən əzizlərimiz Quran oxutmağımıza möhtacdır. Əlbəttə, bəzi çətinliklərimiz olsa da, bunu etməyə məcburuq. Mən çalışıram ki, bu savab işi savadlı molla ilə həll edim”.

“Aşıqsız toy”a xoş gəlmişsiniz!

Hal-hazırda şəhərdə ehsan vermək üçün çadır kirayələmə və ya  ayrıca mərasim evlərində ehsan vermək qaçılmaz hala gəlib. Çadır kirayəsinin qiymətləri müxtəlifdir. Kasıb təbəqənin istifadə etdiyi adi çadırlar (quraşdırılma və qab-qacaqla birlikdə) bir gün üçün 120-150 manata başa gəlir. Son günlər isə şəhərdə VİP çadırlar da peyda olub, onların gündəlik kirayəsi ölçülərinə, komfortuna görə 250-300 manat arasında dəyişir. 
Bu da ölü sahibinin cibinin puluna bağlıdır. Kirayə çadırdan daha çox imkansızlar  istifadə edirlər. Çünki, burada əlavə qulluqçular, aşpaz və digər köməkçilər  olmur. Həm də hava isti və ya soyuq olduqda çadır gəlib-gedənlər üçün o qədər də  rahatçılıq  olmadığına görə şəhərin müxtəlif yerlərində yeni tikilən mərasim evləri imkanlı kəslər üçün daha sərfəli və rahatcıldır. 

Ehsan verəcəyimizi deyib Mərasim evinin sahibi ilə görüşməyi qərara aldıq. Biz də kasıbyana bir stol açılmasını  və 100 nəfərlik olmasını istədikdə Aydın bəy qulluqçuya (ofisianta) tapşırdı ki, bizi gələn yeni müştəri üçün hazır bəzənmiş stolla tanış etsin.  Dadaş adlı qulluqçu bizi cibimizə uyğun, yəni ən ucuz bəzənmiş  stolla tanış edir...

Belə ki, hər stolun qiyməti 150 manatdır və onun ətrafında  10 nəfərin oturması ilə adam başına 15 manat pul verilməlidir. 100 nəfərlik mərasimin xərci 1500-2000 manat arasında dəyişir.  Hansı ki, bu stolda müxtəlif cür  meyvə, qənnadı məhsulları, sərin sular, xurma, limon, halva və hazırlanacaq qazan yeməkləri olur. Stola əlavə nə tələb olunarsa, qiymətlər də 5000-6000-ə qədər dəyişə bilər. Olduğumuz yas evi şadlıq saraylarını xatırladırdı, ofisiantın da zər-zibalı geyimi bunu deməyə əsas verir.

Bu gün bir adamın dəfn olunduğu gündən 40 mərasiminə qədər məsrəf  7 min manatı keçir. Nəticədə əzizini itirmiş adam bəzən aylarla borc qaytarmalı olur, hətta sələm ödəmək kimi günah işə baş vurmaq məcburiyyətində qalır. Neyləsin, axı bunu etməsə, ətraf onu əzizinə hörmətsiz yanaşmaqda, qiymət verməməkdə günahlandıra bilər. Bu cür anormal “dost-düşmən qınağı” ölü sahibinin dərdinin üstünə bir dərd də gətirir.

“Son mənzil”in qiyməti yeni mənzil qiymətinə çatır...           .                                                                                             
 
Yeni, həm də bahalı qəbiristanlıqlarda hər gün növbə ilə 10 nəfərdən çox qadın işçi çalışır ki, onlar da möhtəşəm abidələri xatırladan qəbir daşlarının silinib parıldadılmasını və qəbir ətraflarının silinib-süprülməsini həyata keçirirlər və əvəzində imkanlı qəbir sahiblərindən pul qazanırlar.

Yeri gəlmişkən, qəbir daşlarının hazırlanması da xeyli xərc tələb edir. Belə ki, ən ucuz qəbir daşları 200-300, ən baha qəbir daşları isə qara mərmər və qranitdən olduğuna görə 1000-2000 manat aralarında dəyişir. Qəbir daşlarının sifarişini qəbul edən Vüsal fərqli müştərilərinin olduğunu dilə gətirdi.

““Zapı” sürəndən tutmuş, “Hammer” sürənə qədər hər kəsdən sifariş alırıq. Normal büdcəyə uyğun başdaşı 700-1000 manat arasında dəyişir. Zəmanə dəyişdi, artıq  imkanlı adamlar ölüsü üçün heykəllər yondurur ki, biz də həmin heykəlin alt hissəsini və döşəmələrini hazırlayırıq. Qiymətlər hər kəsin cibinə uyğundur. Elə qəbirlər var ki, bizdən alınan daşları qəbirlərə döşəmək üçün ayrıca ustalar da tutulur”.  

Hələ bir gül də almaq lazımdır...

Qəbiristanlıqların girəcəyində gül satılan dükanlar da var ki, burada satılan güllər  heç də ucuz deyil. Bizim olduğumuz qəbiristanlıq Badamdar qəsəbəsinə gedən yolun hər iki tərəfindəydi. Yuxarı tərəfdə kasıbların, aşağı tərəfdə isə imkanlıların qəbirləri yerləşirdi. Satılan güllərin ən ucuzu 2,  ən bahalısı isə 5 manat idi.

Gülsatan Talıbın 60-dan çox yaşı var.  O burada 10 ildir ki, gül satır. O da qəbir üçün yerlərin seçilməsinədən danışdı.
“İndi kasıbların qəbristanlığında, xüsusən  ruslar  yer olmadığına görə bəzən könə qəbirləri qazıb yerinə təzə öləni basdırırlar. Onları qınamaq lazım deyil, ölü basdırmaq üçün yer həqiqətən çox bahadır.

Amma yolun altında qəbir yeri sahəsinə görə 1000-3000 manat arasında dəyişir. Oradan yalnız imkanlı adamlar 5-10 il qabaq özləri üçün qəbir yeri alırlar və hasarlayırlar. Bir sözlə ölmək əsl problemə çevrilib”.

Deməli, müasir dövrümüzdə bir adamın ölməsi ölü sahibinə ən azı 7-8 min manata başa gəlir.  Bu isə Azərbaycanda hal-hazırda orta statistik gəlirdən qat-qat çoxdur. Yəni, Azərbaycan ailəsinin illik gəliri 7 min manat deyil.

Dini  hökmlər

Dini ekspertlər bildirirlər ki, müsəlman dini mətnlərində dünyadan köçən şəxs üçün 4 əməlin yerinə yetirilməsinin vacib olduğu göstərilib.  Yəni, dünyadan köçən şəxs üçün edilməli olan ilk iş meyitin yuyulub qüsullanmasıdır. İslam hökmlərinə görə, meyit yuyulduqdan sonra əvvəlcə sidr maddəsi qatılmış su, daha sonra kafur qatılmış su və nəhayət, təmiz suyla qüsullanır. Bundan sonra cəsədi əsasən təmiz ağ parçaya (kəfənə) bükürlər. Növbəti vacib əməl meyit namazının qılınmasıdır. İslam hökmlərinə görə, meyit namazını bu əməli bilən hər kəs qıla bilər. Ancaq namazı bölgədə savadı və doğruçuluğu ilə tanınan şəxsin qılması tövsiyə olunur. Və nəhayət, mərhum üçün edilməli olan sonuncu vacib əməl - basdırılmadır. Dünyadan köçmüş şəxs yuxarıda sadalanan əməllər yerinə yetirildikdən sonra gecikdirilmədən torpağa tapşırılmalıdır.
Ekspertlər ehsan məsələsində irafçılığın çox olmasının pis vərdiş olduğunu bildirilər. Belə ki, ehsan adətən mərhumun basdırıldığı gün, həmçinin üçündə, yeddisində, qırxında və ilində mərasimlər keçirilir. O cümlədən 40 mərasiminə qədər olan cümə axşamları, hər il dünyadan keçən şəxs üçün yüngül məclislər təşkil olunur.

Ölən şəxsin başdaşının necə olmasına gəlincə, ekspertlər hesab edirlər ki, məzar daşı üzərində şəkillərin həkk olunması, büstlərin qoyulması o qədər də doğru deyil. İslam mənbələrində qəbirlərin sadə olması, tədricən itib getməsi ilə bağlı tövsiyələr mövcuddur. Əgər nəzərə alsaq ki, hələ İslamın ilk illərindən Məhəmməd Peyğəmbər (s) insanın əksinin çəkilməsi və heykəllərin yonulmasını haram etmişdi, o zaman belə bir işin qəbirlər üzərində aparılmasının qadağan olunduğunu deyə bilərik. Digər tərəfdən, orta hesabla 1000 manatdan baha başa gələn başdaşının alınıb qəbrin üzərinə yerləşdirilməsi İslamın həm qənaət, həm də qəbrin itib getməsi ilə bağlı hökmlərilə daban-dabana ziddir.

Qardaş Türkiyədə ölən adamın kimliyindən asılı olmayaraq hər kəsə sadəcə ağ daş parçası başdaşı qoyulur və üzərinə şəkil deyil, tanınması üçün adı, soyadı və tarixi yazılır. Bütün yas mərasimləri də israfçılğa yol verilmədən həyata keçirilir.

Amma bizim qəbirlərimizdə  insanlar arasında təbəqələşmə açıq-aydın hiss olunmaqdadır. Dəbdəbəsi olmayan qəbirin elə  sahibinin də kasıb olmasına işarədir. Ölülərə sağlığında, qiymət verilsə, ona ən böyük qayğımızı o zaman bildirmiş oluruq.

Yəqin dostumun da atasının qəbri adi qəbir olacaq, çünki o da çox kasıbdır…


İlman Elmanoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir