Modern.az

Hər taksidən gündə 1 manat qanunsuz haqq alınır

Hər taksidən gündə 1 manat qanunsuz haqq alınır

Ölkə

11 Dekabr 2009, 11:39

TAKSİ SÜRÜCÜLƏRİNİN BU İDDASINI “BAKI SƏRNIŞIN NƏQLiYYATI” MMC QƏBUL ETMİR

Bakı şəhərində taksi xidməti göstərən avtomobillərin dəqiq sayı bilinməsə də, onların tələbatdan çox olduğu məlumdur. Taksi xidməti sahəsində pərakəndəlik, çoxsaylı nöqsanlar, qeyri-peşəkarlıq hökm sürməkdədir. Taksi sürücüləri deyirlər ki, Nəqliyyat Nazirliyinin müfəttişləri hər gün hər bir taksidən 1 manat qanunsuz ödəniş yığırlar. Bu doğrudursa həmin pullar hara gedir?

Ehtimala görə, Bakıda 5 minə yaxın taksiyə təlabat var Nəqliyyat Nazirliyinin hesablamalarına görə, hazırda Bakı şəhərində 5 minə yaxın taksiyə tələbat var. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planına əsasən, paytaxtda taksi dayanacaqları yaradılmalıdır. Qeyd edək ki, belə dayanacaqlar əvvəllər də mövcud olub. Lakin Bakıda tikinti «bum»u başlayandan sonra sovet dövründə mövcud olmuş dayanacaqlar və «Taksimotor» parklarının əksəriyyəti sökülərək yerində müxtəlif obyektlər, o cümlədən çoxmərtəbəli yaşayış binaları tikilib. Bunu Nəqliyyat Nazirliyinin katiblik rəisi N.Həsənov da mətbuata açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, vaxtilə Bakıda mövcud olmuş 20 dayanacaq zəbt olunub və onların geri qaytarılması artıq qeyri-mümkündür. Çünki həmin ərazilərin əksəriyyətində çoxmərtəbəli binalar inşa olunub. 134 dayanacaqdan hələlik 40-ə fəaliyyət göstərir

Hazırda şəhərin ayrı-ayrı yerlərində yeni taksi dayanacaqları yaradılır. Dayanacaqların yeri Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən birgə müəyyənləşdirilir. Ümumilikdə taksilər Bakı şəhərində 134 xüsusi dayanacaqda xidmət göstərəcək. Nəqliyyat Nazirliyi “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənov Modern.az saytına bildirib ki, hazırda 40 yerdə taksi dayanacağı fəaliyyət göstərir: “Taksi dayanacaqlarının sayı 134 olmalıdır. Paytaxtda taksilərin dəqiq sayını biz də bilmirik. Çünki indi fərdi avtomobilləri olanlar da taksi xidməti göstərirlər”.

Taksi sifarişi xidmətləri bağlanıb

 

Paytaxt əhalisinin yaxşı yadındadır, təxminən 15 il öncəyədək Bakıda taksi xidmətləri fəaliyyət göstərirdi. Sərnişin həmin xidmətə zəng etməklə istədiyi yerə taksi çağıra bilirdi. Amma çoxdandır belə taksi xidmətləri fəaliyyət göstərmirdi. Doğrudur, «Bakı Sərnişin Nəqliyyatı» MMC 2008-ci ilin iyununda paytaxtda ilk yeni taksi sifarişi xidməti istifadəyə vermişdi. Amma Modern.az-a məlum olub ki, bir müddət fəaliyyət göstərən xidmət (5113188 nömrəli telefon) artıq bağlanıb. “Bakı Sərnişin Nəqliyyatı» MMC-dən bildirilib ki, taksi sifarişi  xidmətini sahibkarlar özləri yaratmalıdırlar. Onlara belə bir təkliflər olunsa da, hələlik maraq göstərmirlər.

 

Fərdi maşınlar taksi xidməti sahəsindən çıxarılacaq

Nəqliyyat Nazirliyinin planlarına görə, əksər xarici ölkələrdə olduğu kimi, Bakıda da taksi sürücülərinin öz geyim foması olmalıdır. “Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat katibi S.Həsənovun sözlərinə görə, paytaxta yeni taksilərin gətirilməsi nəzərdə tutulur: “İndiki taksilərin əksəriyyəti sərnişindaşımaya cavab vermir. Gələcəkdə gətirilən maşınlar müasir, rahat, kamfortlu olacaq və onlara eyni zamanda taksometrlər quraşdırılacaq. Ondan sonra fərdi maşınlardan taksi kimi istifadə edilməsi qadağan olunacaq”. «Bakı Sərnişin Nəqliyyatı» MMC yeni avtomobillər gətirildikcə, taksi fəaliyyəti ilə məşğul olan istismara yararsız maşınları bu xidmətdən kənarlaşdıracaq. Yalnız standartlara cavab verən maşınlara taksi kimi işləməyə icazə veriləcək. Qeyd edək ki, taksi sürücülərinə fərqlənmə nişanları verilir. Fərqlənmə nişanı isə o deməkdir ki, şəxs taksi sürücüsü kimi fəaliyyət göstərə bilər. İndiyədək 5 mindən çox sürücüyə fərqlənmə nişanı verilib. Amma belə nişana malik olmayan yüzlərlə sürücü var ki, şəxsi avtomobili vasitəsilə taksi xidməti göstərir. Taksi xidməti üçün gətiriləcək avtomobillərin limiti də müəyyənləşdirilib. Belə ki, Bakıya 3200 ədəd yeni taksinin gətirilməsi planlaşdırılıb. Bütün yeni taksilər gələn il Bakı şəhərində quraşdırılacaq «Nəqliyyatın intellektual idarə edilməsi» sistemi vasitəsilə idarə olunacaq. Yeni avtomobillərin gətirilməsi başa çatdırılandan sonra paytaxtda köhnə maşınların taksi kimi fəaliyyətinə icazə verilməyəcək.

 

Taksometrlər nə vaxt quraşdırılacaq?

Gələn ildən yeni taksilərdə həm də taksometrlər (sayğaclar» quraşdırılacaq. Yəni, müştəri məsafəyə görə pul ödəyəcək. «Bakı Sərnişin Nəqliyyatı» MMC-də hesab edirlər ki, sayğaclar xidmət haqqının ödənilməsi zamanı yarana biləcək narazılığın da qarşısını alacaq. Xatırladaq ki, 80-ci illərdə Bakıda işləyən taksilərdə belə sayğaclar quraşdırılmışdı. Taksi xidməti ilə bağlı sərnişinlərin əsas narazılığı isə gediş haqqının surətlə artmasındandır. Amma «Bakı Sərnişin Nəqliyyatı» MMC-dən bildiriblər ki, taksidə gedişhaqları ilə bağlı ciddi tədbirlər hazırlanır. Söhbət konkret tariflərdən gedir. Vahid qiyməti isə Tarif Şurası təsdiq edəcək. Nəqliyyat Nazirliyinin məsələ ilə bağlı Tarif Şurasına öz təkliflərini göndərəcəyi gözlənilir.

Hər bir taksidən yığılan gündəlik 1 manat qanunsuz haqq Taksi sürücüləri deyirlər ki, Nəqliyyat Nazirliyinin müfəttişləri hər gün hər bir taksidən 1 manat qanunsuz ödəniş yığırlar. Taksi sürücüsü Valeh İbişov əməkdaşımıza bildirib ki, o, hər gün belə faktla üzləşir, amma şikayət etməyə qorxur: “Şikayət etsəm, maşınımın nömrəsini götürüb məni bir də yola çıxmağa qoymayacaqlar, elə bütün sürücülər mənim kimi düşünür”. “Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat katibi S.Həsənov deyilənlərlə razılaşmır: “Hansı taksi sürücüsü vergidən qaçır, vergi ödəmək istəmir, ona görə də belə fikirlər deyirlər. Onlar dövlət rüsumun vaxtında ödəyirlərsə, heç kəsə pul verməməlidirlər. Şikayətə baxmaq üçün qaynar xətt yaradılıb. Əgər belə fakt varsa, bizə müraciət etsinlər, biz həmin müfəttişlər üçün tədbirlər görək. Bu barədə bizə indiyə kimi şikayət daxil olmayıb”.

«Bakı Sərnişin Nəqliyyatı» MMC-də 5617628 nömrəli «qaynar xətt» də fəaliyyət göstərir. Şikayətləri ora ünvanlamaq olar.

 

Günay MUSAYEVA

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!