Modern.az

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi    

15 Dekabr 2018, 12:30

Cəbrayılsızlıq nisgilini düşüncələrində gizlədib, yazılarında büruzə verən şair, publisist, yazıçı Əli Rza Xələfli ömrünün 65-ci baharını yola saldı. Hamımızın sinədəftər redaktor kimi tanıdığımız düşüncə adamı həyatının bu çağında da öz ənənəsinə sadiq qaldı, dostları başına topladı, əvvəlcə rəsmi hissəni Azərbaycan Yazıçılar Birliyində, sonra bədiiləşmiş ziyafətini isə yaşadığı - sığındığı Lökbatan qəsəbəsindəki “Qaradağ” sarayında qeyd elədi.

Bir gündə baş tutan bu iki tədbiri birgə qeyd etməyimin yalnız bir səbəbi var. Ümumən demək olardı ki, SÖZ ADAMI yubiley törəninin növbəti yolayrımını elə UCA SÖZ-ün işığındaca yola saldı. AYB-nin Natəvan klubunda yazar dostumuzun əsərlərinin müzakirə olunduğu hissəni əslində ədəbiyyatın elmi-praktik konfransı adlandırsaq, bəlkə də tədbirə daha adekvat qiymət vermiş olarıq. Burada tənqidçi-professorlar Nizami Cəfərovun, Qəzənfər Kazımovun, Təyyar Salamoğlunun, ünlü ədəbiyyat adamı Qəzənfər Paşayevin, şair Oqtay Rzanın, general-yazar Yasəf Nəsirlinin, yubilyarın tələbə yoldaşlarının, digər elm, ədəbiyyat xadimlərinin çıxış və məruzələri yazarın çoxşaxəli yaradıcılığının elmi-bədii baxımdan qiymətləndirilməsi idi. Onların çıxışları boyu Əli Rza Xələfli yaradıcılığındakı əsas qayə, ideyalar dinləyicilərin qarşısında qat-qat açılırdı.

“Baş daşımın yazıları”, “Karvan körpüdən keçir”, “Üzü Qarabağa” və s. kimi 30 kitabla bərabər ortaya “Kredo” kimi ədəbiyyat qəzeti qoymuş yazarın bu boyda enerji ilə xalqına xidmətdən zövq aldığından, 65 yaşında yaradıcılığının hələ də çiçəklənmə mərhələsində olduğundan ağız dolusu danışan natiqlər onun yazılarında Qarabağ həqiqətlərinin yaşadığına da xüsusi diqqət çəkdilər. İki saatdan artıq davam edən tədbirdən sonra qonaqlar “Qaradağ” sarayına gəldilər.

Bəzən bu davamiyyətə “masa təmizləndi və yenidən qurularaq insanların ixtiyarına verildi” deyirlər. Çünki eyni ahənglə 65 illik yubiley bu dəfə musiqi sədaları və Azərbaycan nemətlərindən hazırlanmış təamlarla davam etdi. Uca SÖZ də öz yerində. Buradakı ziyafəti tanınmış aktyor, bədii qiraət ustası Azad Şükürov aparırdı. Dostlar, doğmalar, söz adamları yubilyara öz təbriklərini ünvanladılar, onun yubileyini söz çələngi ilə toxudular.

Hər iki tədbirdə çıxış edən Əli Rza Xələfli 65 yaşın ucalığından keçdiyi həyat yoluna nəzər salıb bütövlükdə xalqımıza ünvanlanan hesabat xarakterli çıxışlar etdi. Təkrarsız yazı adamı ömrünün, yaradıcılığının hər gününün, saatının, dəqiqəsinin xalqı qarşısında xidmət ola biləcəyindən zövq aldığını dilə gətirdi. Bizdən də yubilyara yeni-yeni yaradıcılıq uğurları, uzun ömür, can sağlığı arzulamaq qaldı. Dost arzusu çin olar, inşallah!


Nəzirməmməd Zöhrablı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu