Modern.az

Ukraynada yaşayan azərbaycanlı jurnalist: “Ermənilərlə rastlaşanda tülkülük edirlər” - MÜSAHİBƏ  

Ukraynada yaşayan azərbaycanlı jurnalist: “Ermənilərlə rastlaşanda tülkülük edirlər” - MÜSAHİBƏ   

18 Dekabr 2018, 09:48

Anar Natiqoğlu: “Atam bura gəlməsəydi, bəlkə də həyatda deyildim”

 

Modern.az saytının xaricdə yaşayan jurnalistlərlə silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı, hazırda Ukraynanın Odessa şəhərində yaşayan Anar Natiqoğludur. Onunla söhbəti təqdim edirik.

 

- Anar müəllim, gəlin bir qədər keçmişə qayıdaq. Necə oldu ki, Ukraynaya getdiniz?                                                             

- Öncə təşəkkür edirəm qürbət eldə bizləri yad etdiyiniz üçün. Ukraynaya gəlişimin əsas səbəbi həm maddi sıxıntılar, həm də bir illik hərbi xidmətdən sonra cəmiyyətdə özümə yer tapa bilməməyim oldu. Bir illik ayrılıqdan sonra ya köhnə dostlar daha realist olmuşdular, ya mənim gözlərim daha çox açılmışdı. Və qərar verdim ki, köç edim. Gənc yaşlarımdan aktiv ictimai-siyasi fəaliyyətim olsa da, Qərbi Avropaya, daha doğrusu siyasi mühacirətə üz tutmadım.


- Hazırda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Odessa Vilayət nümayəndəliyinin sədrisiniz. Diaspor nümayəndəsi kimi hansı işləri görürsünüz?

 

- Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspora Təşkilatına 2014-də qoşuldum. Kiyevdə keçirilən forumda Odessadan iki nümayəndə - mən və dostum Elsevər bəy vardı. O, təşkilatın gənclər qoluna sədr seçildi. Mənsə Odessa vilayət nümayəndəliyinə daha doğrusu təyin olundum. Bir neçə il öz məhdud imkanlarım hesabına fəaliyyət göstərdik. Buraya bir neçə dəfə yerli telekanallarda Qarabağ mövzusunda çıxışları, Ramazan bayramı, Qurban bayramı zamanı keçirilən xeyriyyə aksiyalarını və 2016-cı il aprel döyüşləri zamanı gənclərlə birgə təşkil etdiyimiz yürüşü aid etmək olar. Lakin sonra demək olar ki, fəaliyyətimiz məhdudlaşdı. Elə həmin vaxtlar bir zamanlar mövcud olan və daha çox nüfuz sahibi olan, ağsaqqalların daxil olduğu Odessa Azərbaycanlıları Konqresi fəaliyyətini bərpa etdi və məni də təşkilata dəvət etdilər. Azərbaycan bayrağı harda dalğalanırsa, mən hər zaman orda bir əsgər olmağa hazıram. Ona görə də ətrafımdakı gənclərlə bərabər yenə də keçirilən tədbirlərdə fəal iştirakçı və təşkilatçı olduq. Bir müddət öncə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kiyevə gəldi və əsas qayəsi eyni olan yalnız abreviaturasında bir hərf fərqi olan iki təşkilatın birləşməsi yönündə ciddi addım atdı. Əslində bu regionlardan gələn bir sifariş idi.



- Daha çox hansı problemlərlə qarşılaşırsınız?

- Problemlər dedikdə yəqin ki, diaspor işiylə bağlı qeyd edirsiniz. Təbii ki, ən böyük problem birlik mövzusundadır. Təəssüflər olsun ki, ana vətəndə olan regionçuluq, yerlibazlıq, tayfabazlıq məsələləri xaricdə yaşayan həmvətənlərimizdə də var. Bu üzdən daha böyük birliyimiz alınmır ki, alınmır. Bir çox milli azlıqların mədəniyyət mərkəzləri, böyük ofisləri olsa da, bu səbəblər üzündən təəssüf ki, xeyli iş adamımızın, imkanlı şəxslərimizin olmasına baxmayaraq, biz axsayırıq. İkinci ciddi məsələ hüquqi məsələlərdir. İnsanlarımız bəzən etinasızlıqdan, bəzən bilməyərəkdən hüquqi pozuntulara yol verirlər. Bu əsasən müvəqqəti yaşama müddətinin qanunla müəyyən olunmuş müddəti kecməsi ilə bağlıdır. Ona görə də hər zaman inzibati cərimələrə və ya deportasiyaya məruz qalırlar. İmkanlarımız yol verdiyi qədər bu məsələlərdə həmvətənlərimizə dəstək oluruq.

 

- Birlik olmamasının kökündə başqa hansı amillər dayanır?

 

- Bizim birliyimiz olmadığı kimi unutqanlığımız da var. Dəfələrlə “bu erməni yaxşı ermənidir, o birilərindən deyil” sözlərini eşitmişəm bizimkilərdən. Onlarla ortaq iş görüb, yaxın yoldaşlıq edənlərimiz də yox deyil. Amma unduruq ki, 1905, 1908, 1918, 1948 qırğınlarına, köçlərinə rəğmən, biz balaca olanda ermənilərlə düşmənçiliyimiz yox idi. Məntiqlə onda hamısı yaxşıydı, sonra bir hissəsi pozuldu? 

Yaşadığımız şəhərdə çoxlu erməni var. Dünyanın düz vaxtında olduğu kimi, bəzən rastlaşanda tülkülük edirlər. Xüsusən də yaşlıları. “Ay bu siyasətçilərin işidir, Amerika belə, Rusiya elə” deyirlər. Amma bir yaz səhəri kafedə yaxın stollarda oturmuşduq. Söhbətimizə müdaxilə etdi yaşlı erməni. Dedi Gəncədə yaşamışıq. Yenə həmişəki nağıllar. Sonda soruşdum ki, sənin övladların, nəvələrin varmı? Dedi ki, var. Dedim mən istədiyin dini kitaba əl basıb and içərəm ki, həyatında bircə kərə də olsa övladlarına, nəvələrinə azərbaycanlılar, türklər bizim düşməndir, onların soyunu qurutmaq lazımdır demisən. Bayaqdan tolerantlıq nağılları danışan erməni sakitcə stolunu və həmin kafenin ərazisini tərk etdi!

 


-
Vaxtilə “Yeni Müsavat”da həm də idman yazarı olmusunuz. İndi Azərbaycanda idman yazarlarını izləyirsinizmi?

 

- Zaman az olsa da izləyirəm. Aydın Bağırovun, İxtiyarın Əsgərovun, Elşən Məmmədovun, Anar Cəfərsoyun fəaliyyətlərini izləyirəm. Onlar həm də köhnə dostlarımdır. Gündüz Abbaszadəni idman şərhçiliyinin Messisi adlandırardım. O gün "Qalatasaray" - "Portu" matçı zamanı türkiyəli qardaşlarımızın Gündüzün şərhçiliyinə rəylərini oxuyandan sonra nə qədər kefim açılıb. İlkin Süleymanovu izləyirəm. Adların çəkdiklərim həm işlərinin peşəkarları kimi, həm də dost, şəxsiyyət kimi cəmiyyətdə öz yerləri olan, çəkiləri olan qardaşlardır. Mən fəxr edirəm ki, bir zamanlar həmkar və dost olmuşuq!


- İdman mətbuatı niyə daha çox futboldan yazır?

 

- Məncə futbol idmanın daha kütləvi, daha həyəcanlı növü olmaqdan başqa, maddi maraqlar baxımından da öndədir. Milyonlarla insan hətta azarkeş olmasalar belə, totalizatora qoşulurlar və bu futbolu daha çox tələb olunan idman növü edir.



- İdman yazarı olduğunuz zamanlarda “Qalatasaray” azarkeşi olmusunuz. İndi də o ruh qalırmı sizdə?

- Mən heç bir zaman ideallarımdan dönməmişəm. "Qalatasaray" həyatımın gənc, enerjili vaxtlarımda ruhuma hakim kəsildiyindən, daim mənlədir. Yaşadığım şəhərdə ilk gördüyüm türkiyəli gəncə, yaşlıya birinci sualım da hansı komandanın azarkeşi olduğu yönündə olur.


- Ukraynaya getdiniz, atanızı da özünüzlə apardınız. Necə razı sala bildiniz onu? Vətəndən uzaqda yaşamağa adatpasiya oluna bildimi?

 

- Atam uzun zaman razı olmurdu. Anam ondan öncə gəlmişdi və bir il bərabər yaşadıqdan sonra dünyasını dəyişdi. Ailə başsız qaldı və ilk övladım dünyaya gəlmək üzrə idi. Bir neçə gün öncə 5 yaşını qeyd etdik Hünərimizin. Açığı mənəvi cəhətdən ciddi sarsıntı içindəydim. Hətta nevrozun dərin formasına tuş gəlmişdim. Atamın gəlməkdən başqa çarəsi qalmadı və sağ olsun da gəldi. Atam bura gəlməsəydi, bəlkə də bu gün həyatda deyildim. Çünki tək ata kimi yox, bir neçə situasiyada məni ölümdən döndürən bir Xızır kimi yetişdi.



- Bəs özünüz, uşaqlığınızın keçdiyi Cəbrayılın Böyük Mərcanlı kəndindən ötrü darıxırsınızmı?

- Bir neçə il qabaq Biləsuvardakı köçkün şəhərciyinə getmişdim. Yay vaxtı, axşam tərəfi idi. Sürülər nobatdan dönürdü. İnək, qoyun, keçilərin səsi, qazın, toyuğun qaqqıltısı aləmi götürmüşdü. Yaxınlarda da həyətlərdə sacda yuxa salırdılar. Bir neçə dəqiqə gözümü yumdum. O səslər, o tüstünün ətri məni Böyük Mərcanlıya qaytardı. Tərəkəmənin ayrı nə arzusu olar ki?

 

Əvvəllər yuxularıma lap çox girərdi. Amma son vaxtlar az görürəm kəndimizi. Görəndə də əvvəlki kimi görürəm - dağılmamış, viran olmamış amma adamlarsız. Ruh kimi tək gəzirəm. Mən vətənə 2-3 ildən bir gedə bilirəm. Hər dəfə gedəndə də bir az qüssəyə qərq oluram. Cavanları demək olar tanımıram. Ancaq həmyaşıdlarımı və bir neçə yaş kiçikləri tanıya bilirəm. Amma gözlərim ən çox o nənələri, babaları arayır. Təəssüf ki, hər gedişimdə saylarını daha çox azalan görürəm. Artıq biz Cəbrayıldan çıxanda cavan ərlər, gəlinlər, bizim əmi, dayı dediklərimiz indi nənələr babalardır.

 

- Ukrayna mətbuatı ilə Azərbaycan mediasının oxşar və fərqli cəhərləri barədə nə deyə bilərsiniz?

 

- Ukrayna və Azərbaycan mətbuatının oxşar cəhətləri çox azdır fikrimcə. Fərqliliklər daha çoxdur. Necə ki, xalqlar arasında fərqliliklər çoxdur, bu həyatın bütün sahələrinə təsir edir. Ən böyük fərq isə məncə Ukraynada mətbuatın daha çox oliqarxiyanın təsirində olmasıdır.


- İndi azərbaycanlılardan kütləvi şəkildə Ukraynaya təhsil almaq üçün yollananlar var. Sizcə onları Ukraynaya çəkən hansı cəzibədir?

 

- Azərbaycandan Ukraynaya gələnlər həm də təhsil üçün gələnlərdir. Bizim cəmiyyət gəncliyin daha sərbəst inkişafı, daha müstəqil olması üçün hazır deyil. Daha qapalıyıq bu baxımdan. Baxırsan tələbəyə və hətta qiyabi təhsil alan daha yaşlı tələbəyə - valideynin diktəsi ilə hər şeyi edir. Mən yaşlıların, valideynlərin məsləhətinə qulaq asmamağı qeyd etmirəm. Amma adamın 30 yaşı var, bəzi qərarları onun yerinə ata, ana, əmi, qaynana verir. Ukraynada bu yoxdur. Mənim bir tanışım vardı. Keçmiş dənizçiydi. Yaxşı da qazanmışdı zamanında. Sonra zədə almışdı və yüksək məvaciblə təqaüdə çıxmışdı. Özünə məxsus ən azı 3 evi kirayə verirdi. Boş vaxtlarında da taksi fəaliyyəti göstərirdi. Bir özü, bir xanımı, bir də 17 yaşında bir oğlu vardı. Bir gün dedi ki, uşaq da dənizçilik oxuyur, yaxın vaxtlarda reysə təcrübəyə gedir. Dedim: “Dəlisən, bu boyda varın-imkanın var,  gözünün ağı-qarası bir uşağı fırtınaya atırsan”. Dedi: “Mən də o yola çıxanda dədəmin hər şeyi vardı. Mənim gözüm yoxuydu dədə malında. İndi də oğlum özünə gün ağlamalıdır. Mən sabah olmasam, onun da bir peşəsi olmasa, heç kimdir”.
Burda belə düşüncəli adamlar əksəriyyət təşkil edir. Mən çox imkanlı ailələrin övladlarının reklam agenti kimi flayer paylamalarını görmüşəm.

Mənə elə gəlir ki, bizim gəncliyi buralara ən çox cəlb edən bu amillərdir. Sərbəstlik, özünü daha açıq ifadə edə bilmə imkanları.

- Çox vaxt Ukrayna qızları səbəb kimi göstərilir.

 

- Bəzən dostlar Ukraynadakı gözəl qızları qabarıq misal çəkirlər. Bu bəzən şitliyə qədər gedib çıxır. Təbii ki, cibində pulla qısamüddətli əyləncəyə gələnlər istədiyi əyləncəni tapır. Amma mən sizə tamamilə ciddi deyirəm ki, tanıdığım yüzlərlə gənc - universitetlərdə təhsil alan və ya təhsilini başa vurmuş gənclər - var ki, aylarla mən onların eyş-işrət və ya qız arxasınca düşdüklərini görmürəm. Əksinə, müəyyən yerlərdə özlərinə iş tapırlar, ailələrinə dəstək olaraq öz xərclərini özləri ödəyir, bir çoxu isə özlərinə müstəqil kiçik biznes qururlar. Hazırda Odessa Dövlət Ekologiya Universitetində kiçik elmi işçi kimi çalışıram və azərbaycanlı tələbələrə kuratorluq edirəm. Universitetdə kiçik bir guşəmiz də var. Universitetimizdə təhsil alan tələbələr diasporla bağlı bütün tədbirlərə həvəslə qatılırlar. Bu yaxınlarda isə şəhər üzrə bütün türkdilli tələbə gənclərin yeni qurumu yaranır və qurultaya hazırlıq gedir.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub