Modern.az

Sabir Rüstəmxanlı zirvəsi...  

Sabir Rüstəmxanlı zirvəsi...   

25 Dekabr 2018, 17:44

Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli- hər birindən payı verilib…

Ziyalıdır- haqqı deməkdən çəkinmir…

Ölməzdir- adı özündən çox yaşayacaq…

O, 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə orta təhsilini başa vuraraq Bakıya yola düşüb. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul olunub.1974-1975-ci illərdə ordu sıralarında əsgəri xidmət keçib.
1976-cı ildə "Molla Nəsrəddin və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə alıb.
1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub. 
1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 
1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
1990-cı ildən 2015-ci ilin noybrınadək Milli Məclisin deputatı olub…

Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu "Ömür kitabı" əldən-ələ gəzirdi. Hər kısin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu kitabı insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…

Onun Azərbaycan mətbuatında da böyük xidmətləri var. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu "Azərbaycan" qəzetinin o dövrdə misli, bərabəri yox idi. Təsəvvür edin, heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri həmin qazetdən tapırdılar…

Sabir Rüstəmxanlının diaspor məsələlərində də xidmətləri az deyil. İpə-sapa yatmayan, hərəsi bir padişah olan, bir-birindən qaçan bəzi soydaşlarımızın bir araya gəlməsində ağsaqqal rolu oynayıb, pis-yaxşı DAK-ı formalaşdıra, yarada bilib…

O, deputat kimi də gərəksiz olmayıb. Tez-tez rayona gedər, insanların xeyir-şərində iştirak edər, əhalinin problemlərini dilə gətirərdi…

Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan yurddaşlarının da həmişə xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı ev sahibinə qürur verib, baş ucalığı gətirib…

Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi onlarla adam tanıyıram. Onların zirvələri fəth etməsində necə deyərlər, bələdçi olub, təkan verib…

Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar xalqın ən layiqli övladlarıdır, nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…

Onu sevməmək günahdır. "Ömür kitabı"ndan sonra heç nə etməsəydi belə, onun bu xalqın içində başı uca gəzməyə haqqı var…

Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi…

Hörmətli Sabir müəllim, sizi Allah da sevir. Ucqar bir dağ rayonunun, əlçatmaz bir kəndindən gətirib Sabir Rüstəmxanlı zirvəsinədək yüksəldən, Tanrıya şükür!..

Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?