Modern.az

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (I yazı)

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (I yazı)

20 Noyabr 2011, 20:07


1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində iqtidara Yeni Azərbaycan Partiyası gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən nazir və komitə sədrlərini dəyişib onları öz kadrları ilə əvəz etdi. Heydər Əliyevin dövründə yüksək post tutan məmurların bir qismi sonradan müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırıldı.
Sabiqlərdən bəziləri sonradan müxtəlif vəzifələrə təyinat ala bilsələr də, “vurulanların” bir qismi məmur kreslosundan birdəfəlik məhrum edildilər. Yəqin ki, ictimai-siyasi prosesləri izləyən şəxslər mərhum prezident Heydər Əliyev dövründə nazir postu tutan sabiq məmurları xatırlamamış olmazlar. Onları bir də yada salaq. Modern.az saytının əməkdaşı sabiqlərin harada olmasını, nə iş gördüklərini araşdırmağa çalışıb. Beləliklə:

Sabiq baş nazir Surət Hüseynov. O, 1993-cü ildə qanuni hakimiyyətə qarşı qiyam qaldırıb və bunun nəticəsində demokratik seçkilərdə qalib gələn Əbülfəz Elçibəy vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyətdən getməli olub. Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasının prezidenti seçilmiş Heydər Əliyevin 1993-cü il iyunun 30-da verdiyi fərmanla Surət Hüseynov baş nazir təyin olunub. Amma Heydər Əliyevə qarşı da qiyama cəhd göstərən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilib, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib. O, həbs olunsa da, həbsxanadan qaça bilmişdi. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs olunaraq məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Qarabağ müharibəsində uğursuzluğun səbəblərindən biri də birbaşa Surət Hüseynovun fəaliyyətilə bağlanılır.
Prezident İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunub.
S.Hüseynovun hazırda biznes fəaliyyətilə məşğul olduğu bildirilir. Onun gah Azərbaycanda, gah da xarici ölkədə olduğu deyilir.

Sabiq baş nazir Fuad Quliyev. F.Quliyev 7 oktyabr 1994 - 2 may 1995-ci illərdə baş nazir səlahiyyətlərini icra edirdi. 1995-ci ildə Milli Məclis prezident Heydər Əliyevin təqdimatına əsasən, baş nazirin müavini Fuad Quliyevi baş nazir vəzifəsinə təsdiq edib. O, 2 may 1995 - 20 iyul 1996-cı illərdə baş nazir postunu tutub. 1996-cı ildə səhhətilə bağlı vəzifəsindən istefa verdi və onu bu vəzifədə Artur Rasizadə əvəzlədi. Modern.az-ın araşdırmasına görə, F.Quliyev hazırda işsizdir.

Sabiq rabitə naziri Sirus Abasbəyli. Bakı Rabitə Texnikumunda və Odessa Dəniz Mühəndisləri İnstitutda təhsil alan Sirus Abasbəyli əmək fəaliyyətinə montyor kimi başlayıb. Sonralar texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində çalışıb. 1992-ci ildə rabitə naziri təyin olunan S.Abasbəyli Heydər Əliyevin hakimiyyəti dövründə bu postda 5 ilədək qaldı. Rabitə sahəsinə aid 4 ixtiranın 50 səmərələşdirici təklifin müəllifi olan fəlsəfi elmlər doktoru, professor S.Abasbəyli 1997-ci ildə vəzifədən kənarlaşdırıldı.
Məlumata görə, hazırda biznes sahəsində fəaliyyət göstərir.

Sabiq rabitə naziri Nadir Əhmədov. O, 1985-ci ildən sonra 12 il rabitə nazirinin müavini və 1997-ci ildən sonra 7 il rabitə naziri vəzifəsində işləyib. Nadir Əhmədov Heydər Əliyev iqtidarında vəzifə tutan, adı heç bir qruplaşmalarda hallanmayan nazirlərdən biri idi.
Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunan N.Əhmədov həm də Qarabağ müharibəsinin veteranıdır.
2004-cü ildə Nadir Əhmədov o vaxt yeni seçilən prezident İlham Əliyev tərəfindən təqaüdə göndərildi.

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov: 1989-92-ci illərdə Rusiyanın Murmansk şəhərində keçmiş DTK sistemində çalışan eks-jurnalist N.Abbasov hələ sabiq prezident Elçibəyin vaxtında - 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. H.Əliyev hakimiyyətə gəldikdən sonra MTN-də çalışan general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra nazir təyin edildi. O, bu vəzifədə 10 il işlədi.
İlham Əliyevin prezidentliyə gəlişindən sonra – 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri postuna yeni şəxs gətirildi və general-polkovnik Namiq Abbasov diplomatik xidmətə göndərildi. O, Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi. N.Abbasov hazırda da Özbəkistanda diplomatik görəvi yerinə yetirir.

Sabiq kənd təsərrüfatı naziri İrşad Əliyev: Əmək fəaliyyətinə 1961-ci ildə başlayan İrşad Əliyev sonralar müxtəlif vəzifələrdə çalışıb. Onun vəzifə kreslolarını dəyişməklə irəliyə çəkilməsində Kommunist Partiyasının da rolu olub. 1983-1985-ci illərdə Balakəndə, 1985-1991-ci illərdə Ucarda raykom katibi, 1991-1992-ci illərdə Goranboyda icra başçısı işləmiş İrşad Əliyev 1992-ci ildə Prezident Aparatında yeni vəzifəyə gətirilib.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra – 1994-cü ildə İrşad Əliyev kənd təsərrüfatı naziri təyin olunub. O, bu vəzifədə düz 10 ildən artıq müddətdə çalışdı. 2004-cü ildə yeni prezident İlham Əliyev tərəfindən nazir postundan çıxarılan İrşad Əliyev vəzifəsiz qalmadı. O, bir vaxtlar çalışdığı vəzifəyə göndərildi. İrşad Əliyev 2005-ci ildə Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı təyin edildi. Artıq 6 ildən çoxdur icra başçısı postunu tutur.

“Azərenerji” ASC-nin sabiq sədri Müslüm İmanov. 1990-cı illərin əvvəlindən  “Azərenerji”yə rəhbərlik edən Müslim İmanov 10 ildən çox müddətdə bu vəzifədə çalışdı. 2001-ci ildə mərhum prezident Heydər Əliyev onu istefaya göndərdi.
M.İmanova hazırda təqaüddədir.

Hesablama Palatasının sabiq sədri Namiq Nəsrullayev. Uzun illər rəhbər vəzifələrdə çalışmış Namiq Nəsrullayev mərhum prezident Heydər Əliyevin dövründə ulduzu parlayan məmurlardan olub. O, 1995-ci ildə iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərib.
Namiq Nəsrullayev 2001-ci ildə Milli Məclis tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2007-ci ilədək qala bilib. Həmin ilin aprel ayında N.Nəsrullayev səhhəti ilə əlaqədar öz xahişi ilə Hesablama Palatasının sədri vəzifədən azad edilib.
Bu il oktyabrın 31-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə iqtisadiyyatın inkişafındakı xidmətlərinə görə Namiq Nəsrullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb. Əməkdaşımıza bildirilib ki, N.Nəsrullayev lap bu yaxınlarda dünyasını dəyişib. Amma Modern.az bu xəbəri dəqiqləşdirə bilməyib.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev. Fərhad Əliyev də ulduzu Heydər Əliyevin dövründə parlayan məmurlar sırasına daxildir. Bir neçə il özəl sahədə çalışan F.Əliyev 1997-ci ildə ticarət nazirinin müavini vəzifəsinə irəli çəkilib. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının ticarət naziri vəzifəsinə təyin olunub.
1999-2001-ci illərdə isə o, dövlət əmlak naziri vəzifəsində çalışıb. 2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradıldı və Fərhad Əliyev nazirliyin başçısı təyin olundu.
Fərhad Əliyev bu postda islahatçı nazir imci qazanaraq gələcəkdə ölkənin baş naziri olmağa iddialı şəxslərdən birinə çevrilə bildi. Təəccüblü olsa da, o, dəfələrlə inhisarçılığı, məmur özbaşınalığını, korrupsiyalaşmış məhkəmə sistemini açıq çıxışlarda tənqid edir, bu problemlərin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinə əngəl olduğunu vurğulayırdı.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edildi. Bu zaman isə artıq prezident Heydər Əliyev deyildi.
2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamaqda təqsirləndirilən sabiq nazir həm də Cinayət Məcəlləsinin müxtəlif maddələrilə rüşvət almaqda, külli miqdarda mənimsəmə və israfetmədə, qanunsuz sahibkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında günahlandırılıb. O, hazırda Binədə yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev. O da mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biridir. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olundu. Və 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri rəsmi olaraq həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.
2005-ci il oktyabrın 19-da Heydər Babayev bu dəfə yeni prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma sələfi kimi o da bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu. Məlumatlara görə, H.Babayev hazırda bizneslə məşğuldur. Onun gah Azərbaycanda, gah da xaricdə olduğu bildirilir.

“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov. Mərhum prezident Heydər Əliyevin dövründə əməkdar mühəndis, texnika elmləri doktoru kimi yüksək titullar əldə edən Fikrət Sadıqov elə Heydər Əliyev dönəmindən sonra “vuruldu”.
F.sadıqov Heydər Əliyevin prezidentliyinin əvvəlindən “Azərkimya” Dövlət Şirkətinin prezidenti postunu tutmuş, onun dövründə həm də Milli Məclisin deputatı seçilmiş, orden və medallarla təltif olunmuşdu.
Heydər Əliyev dönəmi başa çatandan sonra F.Sadıqovun da taleyi bəd gətirdi. O, 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı. Amma F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.
Modern.az saytının araşdırması zamanı məlum olub ki, F.Sadıqovun iş yeri hazırda AMEA-nın  Kimya Problemləri İnstitutundadı. Bu institutda qrup rəhbəri vəzifəsi tutan F.Sadıqovla bağlı bir maraqlı məlumat da əldə etdik. Deyilənə görə, bir müddət öncə xaricə gedən F.Sadıqovu artıq Azərbaycana buraxmırlar və o, ölkəyə qayıda bilmir.

Sabiq səhiyyə naziri Əli İnsanov. O, mərhum prezident Heydər Əliyevin ən inanılmış nazirlərindən biri sayılırdı. Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda həkim-ordinator kimi başlayan Əli İnsanov sonralar vəzifə pilləsində tədricən yüksəlib. 1985-ci ildə həmin institutun direktoru olan Ə.İnsanov Heydər Əliyev hakimiyyətə gələndən sonra - 1993-cü ildə səhiyyə naziri vəzifəsinə təyin edildi. 1995-ci ildə isə Milli Məclisə deputat seçildi. Əməkdar elm xadimi olan sabiq nazir Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i hazırladı. O, Heydər Əliyev dövründə, 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü də seçildi. Əli İnsanov Heydər Əliyevin şəxsi həkimlərindən biri idi.
Hakimiyyətə yeni prezidentin gəlişindən az sonra İnsanovun da “kitabı bağlandı”. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alındı.
Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilindi. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Sırada Heydər Əliyev iqtidarında yüksək postlar tutmuş digər sabiqlər olacaq...

Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir