Modern.az

Ərəbistan hökuməti Həccə getmək istəyən azərbaycanlı qadınlar qarşısında tələb qoyub

Ərəbistan hökuməti Həccə getmək istəyən azərbaycanlı qadınlar qarşısında tələb qoyub

Reportaj

23 Noyabr 2011, 12:36

Səudiyyə Ərəbistanın bir tələbi mütləq yerinə yetirlməlidir


Yenicə başa çatan Həcc ziyarətindən qayıdanlar yəqin ki, hələ uzun müddət bu müqəddəs yolçuluğun təsiri altına yaşayacaqlar. Dünyanın bütün müsəlman ölkələri kimi, Azərbaycandan da hər il Həccə gedib-gələnlərin bir qismini qadınlar təşkil edir. Modern.az saytı qadınların Həcc ziyarətilə bağlı maraqlı məlumat əldə edib. Sən demə qadınların Həccə getmələrinə icazə üçün Səudiyyə Ərəbistanı Krallığı tərəfindən bir tələb qoyulubmuş və onu bütün ölkələr kimi Azərbaycan da yerinə yetirməyə məcbur olur. Məlumatı Qafqaz Müsəlmanları İdarəsindən də təqdiqlədilər.

Müqəddəs ziyarətlə bağlı araşdırma aparan əməkdaşımıza məlum olub ki, Azərbaycandan Həccə getmək istəyən xanım zəvvarlar öz pasportlarını Səudiyyə Ərəbistan Krallığının ölkəmizdəki  səfirliyinə təqdim edərkən mütləq onu bu səfərdə müşayiət edəcək məhrəm kişi cinsin nümayəndəsini göstərməlidirlər.

Modern.az saytı məsələ ilə bağlı  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) və dindarlardan münasibət öyrənib.

İlahiyyatçı Mirbaqir Ağayev bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının qanunlarına görə, bir xanım Həccə tək gedə bilməz. Əgər  xanımın əri varsa, o əri ilə Həccə getməlidir, əri olmayanları, yaxud da subay qızları  bu səfərdə həmin xanımlara məhrəm sayılan atası, qardaşı, dayısı, əmisi müşayiət etməlidir.

Mirbaqir Ağayev deyir ki, Səudiyyə Ərəbistanı Krallığınının bu tələbi ondan irəli gəlir ki, ayrı-ayrı ölkələrdən Həccə gələnlər bu səfərdən sui-istifadəyə cəhd göstərməsinlər: “Əsas məqsədlərdən biri fahişəliyin qarşısını almaqdır. Çünki Həccə getmək adı ilə başqa məqsədlərə düşənlər olur ki, Səudiyyə Ərəbistanı Krallığı da bunun qarşısını almağa çalışır”.

Müsahibimiz deyib ki, Azərbaycandan Həccə gedən xanıma viza o evlidirsə ərinin adına verilir, subay və dul xanımların adına isə viza onu muşayət edəcək məhrəm (ata, qardaş, əmi, dayı)  adamla birgə açılır.

Azərbaycanda Həcc ziyarətini təşkil edən yeganə qurum Qafqaz Müsəlmanları İdarəsidir. Bəs Səudiyyə Ərəbistanı Krallığınının bu tələbinə ölkəmizdə necə əməl olunur? Azərbaycandan Həcc ziyarətinə getmək istəyən xanımları QMİ-i hansı razılaşmalar əsasında göndərir?

QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri hacı Müqəddəs Payızov Modern.az-a məlumatında bildirib ki, Həcc, ümrə dini ziyarət olduğu üçün Səudiyyə Ərəbistanı hökuməti şəri cəhətdən tələb edir ki, bu mərasimlərdə 45 yaşından aşağı xanımları  ərləri, oğlanları, qardaşları, ataları, dayıları, əmiləri müşayiət etməlidir.

“Vizada mütləq göstərilməlidir ki, ziyarətə gedən qadının məhrəmi kimdir. Onu vurğulamaq istəyirəm ki, bu cür viza yalnız dini ziyarətlə bağlı səfərə aiddir. Bizdən də Həccə gedən qadınlar Səudiyyə Ərəbistanı səfirliyinə müraciət edəndə onları müşayiət edəcək məhrəm kişi cinsin nümayəndəsini mütləq göstərməlidirlər. Həccə gedən xanımın pasportu səfirliyə təqdim olunanda əgər həmin xanımı müşayiət edəcək məhrəm kişi cinsin nümayəndəsi yoxdursa, səfirlik həmin xanıma viza vermir”.

Maraqlıdır, hansısa bir xanım mütləq Həccə getmək istəyir, amma bu səfər üçün ona məhrəm olan kişi cinsin nümayəndəsi yoxdur. Belədə o, nə etməlidir?

Modern.az saytının araşdırması zamanı məlum olub ki, Azərbaycanda belə hallar olub və Həccə getmək istəyən həmin subay xanım formal olaraq hansısa kişinin adına siğə edilib. Və bu siğəni təsdiq edən molla kağızı Səudiyyə Ərəbistanının səfirliyinə təqdim ediləndən sonra viza məsələsi həll olunub. Təbii ki, həmin xanımın səfər müddətində siğə olunduğu kişi ilə heç bir münasibəti olmayıb. Bu yolla problemi həll ediblər.

Amma QMİ rəsmisi hacı Müqəddəs Payızov Modern.az-ın əməkdaşı ilə söhbət zamanı məsələyə belə münasibət bildirib:
“Bizdə indiyə kimi belə bir hal olmayıb. Həmişə hansısa xanım ziyarətə getmək istəyəndə onu məhrəm kişi müşayiət edib. Təkrar edirəm ki, bu Səudiyyə Ərəbistanı Krallığının tələbidir və həmin ölkənin səfirliyi bunu bizdən istəyir. Yəni biz cavan qızları bu səfərə elə-belə göndərə bilmərik, şəri cəhətdən də bu düzgün deyil. Mütləqdir ki, qadının məhrəmi onun yanında olsun”.

Müqəddəs Payızovun sözlərinə görə, şiə musəlmanlarında belə bir tələb yoxdu. Məsələn, İrandakı Məşhəd ziyarəti zamanı heç bir xanımdan tələb olunmur ki, onu məhrəm kişi müşayiət etdin.

M.Payızov deyib ki, başqa vaxtlarda ərəb ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanına gedən qadınlara viza verilən zaman onu müşayiət edəcək məhrəm kişi cinsin nümayəndəsi tələb olunmur. Bu tələb yalnız dini ziyarətlər zamanına aiddir.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü