Modern.az

Bəhram Osmanov: “Teatr Xadimləri İttifaqının gördüyü işləri unutmaq nadanlıqdır” - MÜSAHİBƏ  

Bəhram Osmanov: “Teatr Xadimləri İttifaqının gördüyü işləri unutmaq nadanlıqdır” - MÜSAHİBƏ   

Mədəni̇yyət

12 Yanvar 2019, 13:00

Modern.az saytında “Art Time” rubrikasına davam edirik. Bu rubrika mədəniyyət və incəsənət sahəsini əhatə edir. Budəfəki müsahibiz tanınmış rejissor Bəhram Osmanovdur. Bəhram Osmanov  yaradıcılığı ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Televiziyası, Lənkəran Dram Teatrı, Akademik Milli Dram Teatrı, Gəncə Dövlət Dram Teatrında bir çox tamaşalara quruluş verib. 2007-ci ildə Azərbaycan, 2014-cü ildə isə Kalmıkiya Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. 
 

- Bu gün Gənc Tamaşaçılar Teatrına tamaşaçı axını necədir? Teatrın baş rejissoru kimi sizi qane edirmi?


- Bugün teatrın tamaşaçı salonu 60-80 faiz dolur. Bəzən bu 100 faiz olur. Müxtəlif yaş kateqoriyasında olan insanlar tamaşalarımızı izləmək üçün teatra gəlirlər. Repertuar seçimində də, biz müxtəlif yaş kateqoriyasına xüsusi diqqət edirik. İzləyici kütləsi arasında gənc ailələrin üstünlük təşkil etməsi bizi sevindirən başlıca məqamlardan biridir.


- Bir çoxları belə təsəvvür edir ki, indi Azərbaycan teatrlarına heç kim gəlmir və tamaşaçı salonu adətən boş qalır. İnsanların belə düşüncəyə sahib olması sizcə nə ilə bağlıdır?

- Bu mövzuda bir faktı diqqətinizə çatdırmaq istərdim. 10-15 il bundan əvvəl Avropa sosioloqları şəhərlərdə yaşayan əhalinin konsertlərə, muzeylərə və teatrlara gedən faizi ilə bağlı çox maraqlı araşdırmalar etmişdilər. Belə bir nəticəyə gəlmişdilər ki, Avropa üzrə bu göstərici 3-5 faizdir. Bu faiz də kifayət edir ki, həmin sənət müəssisələri yaşasın. Bu, Avropa sosioloqlarının yekdilliklə verdiyi bir qərardır. Avropa ölkəsi kimi Azərbaycan da bu hesablamalara daxildir. Bir daha demək istərdim ki, bu gün tamaşaçıların teatrımıza olan marağı bizi çox sevindirir. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da, incəsənəti sevən və sevməyən insanlar var. Bu təbii bir haldır. Günümüzdə elə insanlar da var ki, teatr olan bir şəhərdə böyüyür, lakin bir dəfə də olsun teatra getmir. Teatrlara bir dəfə də olsun getmədən, oradakı yaradıcı mühiti, ortaya qoyulan tamaşaları görmədən, incələmədən və teatra gələn tamaşaçıları görməyən insanların teatr haqqında fikir yürütməsi doğru deyil. Bu gün cəmiyyətimizdə elə insanlar var ki, günlərinin çoxunu mətbəxdə, elə insanlar da var ki, başqa əyləncələrdə keçirib daha sonra teatr haqqında fikir söyləyirlər. Bu tipli insanların teatrımız haqqında fikir yürütmələrinin qəti surətdə əleyhinəyəm.
Bu gün bir çox media nümayəndələri də teatrlarımıza gəlir və maraqlı araşdırmalar edir, bunu dürüstcəsinə insanların diqqətinə çatdırırlar. Media nümayəndəsinin teatrı incələməsi, anlaması üçün müəyyən qədər ədəbi biliklərə malik olması mütləqdir. Nəinki media nümayəndələri, incəsənəti sevən bütün insanlar ilk növbədə ədəbiyyatı sevməlidir. Ədəbiyyatı sevməyən insan incəsənətlə maraqlana bilməz. Çünkü cəmiyyət formalaşandan sonra birinci ədəbiyyat yaranıb. Hansısa media nümayəndəsinin ədəbiyyatı bilmədən, teatrlara getmədən teatrlarımız haqqında mənfi fikirlər söyləməsi onun nəinki teatr sənətimizə, ilk növbədə öz peşəsinə qarşı hörmətsizliyidir.

- Ədəbiyyatın teatrın təməlində dayandığını söylədiniz. Bilirik ki, teatr sənətində təbliğ olunan bir çox estetik cərəyanlar məhz ədəbiyyatdan keçib. Azərbaycan teatr sənətində uzun müddətdir fəaliyyət göstərən bir rejissor kimi teatrlarımızda əsasən hansı estetik cərəyanı təbliğ etmisiniz?


- Ara-sıra etdiyim ekspermentləri nəzərə almasaq, hal-hazırda mən psixoloji-realist teatrın tərəfdarıyam. Məhz bu cərəyanı uzun müddətdir təbliğ etmişəm. Bu yöndə də öyrənirəm, öz təcrübəmi artırır və biliklərimi formalaşdırıram. Çünkü bu cərəyanın fonunda hazırlanan tamaşalar mənim düşüncəmə görə, akademik rejissuradır. Bu cərəyanın tetrda təbliğinin özəlliyi ondan ibarətdir ki, tamaşa zamanı rejissura görünmür. Elə ən çətini də budur. Tamaşaçını düşünməyə, fikirləşməyə vadar edir. Bu tipli ekspermentləri gənc yaşlarımda daha çox edirdim. Gənc yaşımda apardığım ekspermentlər bəzən uğurlu, bəzən isə uğursuz olurdu. Amma indi əminliklə deyə bilərəm ki, ekspermentlərin, bu gün dəb olan performansların ömrü tamaşa 4-5 dəfə oynanıldıqdan sonra bitir. Tamaşanı seyr edən tamaşaçı yenidən psixoloji-realist üsluba qayıdır.


- Haqqında danışdığınız bu üslub fonunda Azərbaycan teatrlarında hansı əsərləri səhnələşdirmisiniz?


- Yaradıcılığım ərzində bu üsluba üstünlük verdiyim üçün məhz bu üslubda bir çox əsərləri səhnəyə qoymuşam. Əli Əmirlinin “Köhnə ev”, “Messenat” əsərlərini, Akademik Milli Dram Teatrında hazırladığım Şekspirin “Kral Lir”, Hüseyinbala Mirələmovun “Xəcalət” əsərlərini misal göstərə bilərəm. Əli Əmirlinin “Varlı qadın” əsərinin janrı başqa, yəni Qrotesk olsa da, yekununda 4-5 dəqiqə psixoloji teatr elementləri var. Həmçinin, Larst Nurenin “Müharibə” əsəri mənim bu cərəyanda tamaşaya qoyduğum ən gözəl əsərlərdən biridir. Bu cərəyanın təbliğ olunduğu Əli Əmirlinin “Hasarın o biri üzü” tamaşasının nümayişi zamanı salon ağzına kimi dolur.


- Bu gün Azərbaycanda olan teatr tənqidi haqqında nə deyə bilərsiniz? Tənqid bir çox hallarda inkişafa səbəb olur. Teatr tənqidi inkişafa kömək edirmi?


- Azərbaycanda teatr tənqidi sanki özü üçün, Azərbaycan teatrları da özü üçün yaşayır.Teatr tənqidindən teatra hələlik heç bir kömək gəlmir. Sadaladığımız bütün cərəyanları, neorealizmi də, realizmi də, absurdu da, modern və postmodernizmi yaradan və sübut edən də  sənətşünaslardır. Çox təəssüf ki, teatr tənqidi və teatrlarımız qarşılıqlı əlaqədə inkişaf etmirlər. Sevindirici məqam burasındadır ki, respublika rəhbərliyi teatr sənətimizin, ənənələrimizin yaşaması üçün bizə çox böyük dəstək göstərir. Bizim də borcumuz bu dəstəyi doğrultmaq və teatr sənətinin kütləviliyinə çalışmaqdır.

- Teatr tənqidçisi Aydın Talıbzadə söyləyib ki, “Azərbaycan teatrı brend deyil”. Bəs sizə görə necə, Azərbaycan teatrı brenddir?


- O Aydın bəyin şəxsi fikridir. Mənə görə bunu bilmək üçün gərək teatr truppaları ilə xarici qastrollara gedəsən və bu zaman qeyri-millətin tamaşaçısının Azərbaycan teatr sənətinə necə qiymət verdiyini görəsən. Bu ölkələr Rusiya da ola bilər, Serbiya da, İngiltərə və Fransa da. Əsas odur ki, gedəsən. Bu gün Azərbaycan teatrının 150 ilə yaxın yaşı var. Fikir yürüdərkən onu da nəzərə almaq lazımdır ki, Azərbaycan teatrı maarifçilikdən əmələ gələn bir teatrdır. Əgər hər hansı bir teatrın brendliyini onun yaranma tarixinin qədimliyi və özəlliyi ilə ölçsək, bu zaman mən Fransada olan “Comedi Fransız” teatrını misal göstərə bilərəm. “Comedi Fransız” 16-cı əsrdə Molyerin rəhbərliyi altında yaranıb. Həmçinin  dünya teatr tarixində Şeksprin yaratdığı “Qlobus” teatrı da brend sayıla bilər. Mənə görə, teatr sənətinin özü brend olmalıdır. Burada söhbət tamaşalardan getmir. Azərbaycan teatrları nə zaman festivallara gedirsə, mükafatsız qayıtmır.


- Qastrollarda olduğunuz zaman xarici dövlətlərin teatrları ilə bizim teatrlar arasında hansı fərqləri görürsünüz?


- Heç bir fərq yoxdur. Sadəcə teatrda çalışan yaradıcı heyət hər zaman öyrənməyi, inkişaf etməyi öz qarşısına məqsəd qoymalıdır. Əgər hər hansı bir teatr bunu bacarırsa, o canlı teatrdır. Canlı deyərkən tamaşaçı üçün yox, öz daxilində canlı olmalıdır. Əgər teatrda sükut fonunda özündən razı aktyorlarla rejissorlar varsa, bu artıq ölü teatrdır. Bu ifadə mənim yox, məhşur Piterbrkun söylədiyi və zamanla öz təsdiqini tapmış bir ifadədir. Mən və teatrımızın  direktoru Nahidə xanım İsmayılzadə çalışırıq ki, teatrımız həmişə canlı olsun.

- Elə aktyorlar olurmu ki, rol bölgüsündən narazı qalaraq sizə etirazlarını bildirsinlər?


- Teatrda belə halların baş verməsi təbiidir. Aktyor və səhnəylə bağlı olan bir şəxs səhnəyə xidmət göstərməlidir. Onun teatrın daxilini, teatrın rəhbərliyinin hər hansı bir qərarını müzakirə etməyə mənəvi haqqı yoxdur. Xüsusilə də, aktyor bunu bilməlidir. Teatr rəhbərliyi hər hansı bir aktyora demir ki, gələcək 3 il ərzində ona hansı rollar veriləcək. Teatr rəhbərliyi özünə min cür əziyyət verərək, məhz aktyorun yetişməsi ilə məşqul olur. Həmçinin də repertuar seçimi,  repertuarın qurulması ilə məşğul olur. Mən teatrın baş rejissoru kimi məcburam ki, böyük bir truppanın hər bir aktyorunu işlə təmin edim. İstər tetırımıza dəvətlə gələn rejissorlara, istərsə də teatrda fəaliyyət göstərən qurluşçu rejissorlara obraza uyğun gələn aktyor seçimində məsləhət verə, tövsiyə edə bilərəm. Hissiyyatı korşalmış sənət adamlarından ömründə aktyor ola bilməz. Əgər belə bir imkanım olsaydı, bütün teatr binalarının qarşısına qızıl hərflərlə yazıb yapışdırardım ki, “Özünü sənətdə yox, sənəti özündə sev”. İnsanda, eləcə də onun ortaya qoyduğu, təqdim etdiyi işdə nə isə alınmırsa, problemi özündə axtarmalıdır. Heç bir zaman öyrənmək gec deyil. Bizim sənətimiz artıq elmi-nəzəri əsaslara söykənmiş bir sənətdir və o elmi də öyrənmək uğrunda çalışmaq, əmək sərf etmək lazımdır.

- Dərs deyiniz Universititetdə, baş rejissoru olduğunuz Gənc Tamaşaçılar Teatrında hər zaman gənc rejissorlarla ünsiyyətdə olursunuz. Gənc rejissorların işi onlar üçün yaradılan imkanlar barəsində nə deyə bilərsiniz?


- Gənc rejissorların işlərinə göstərdikləri həvəs təqdirəlayiq bir haldır. Mən də vaxtilə gənc olmuşam və gənc rejissor kimi bir çox teatrlarda tamaşalara quruluş vermişəm. Mənim əsl sənət uğurlarım məhz 40 yaşımdan sonra başladı. Rejissorluqda təcrübə və müdrükləşmə prosesi mütləqdir. Həqiqi rejussura məhz 40 yaşdan sonra başlanır. Bu yaşa kimi müdrükləşən bir rejissor tapdığı hər hansı bir üsluba, məqsədə, konseptual ideyaya insanları inandırmağı bacarır. Bu isə həqiqətən çox çətindir.

 Gənc rejissorlar üçün yaradılan imkanlara gəldikdə isə bu sahədə görülən uğurlu işlərdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun gördüyü işləri, istedadlı gənclər üçün yaratığı imkanları xüsusi vurğulamaq istərdim. Hörmətli Azərpaşa Nemətov iki il düşünəndən sonra Teatr Xadimləri İttifaqında gənclər üçün 3-4 yaradıcı laboratoriyanın açılmasına qərar verdi və məni də rejissor sənəti laboratoriyasına  rəhbərliyə dəvət etdi. Eksperimental rejissorlar laboratoriyasına Tərlan Rəsulov, dramaturqlar laboratoriyasına isə Ramiz Fətəliyev rəhbərlik edir. İttifaq nəzdində Dağlar Yusifin rəhbərlik etdiyi tənqidçilər laboratoriyası da uğurla fəaliyyət göstərir. Bizim laboratoriyada 18 dinləyici var və onlardan 6-sı tamaşa hazırlıqları üzərində işləyir. Bunların hamısı Teatr Xadimləri İttifaqının  istedadlı gənclər üçün yaratdığı imkanlardır. Teatrda müəyyən bir çərçivə və repertuar var. Hər hansı bir gənc rejissorun eksperiment etməsi tamaşaçını itirmək deməkdir. Teatr Xadimləri İttifaqında Azərpaşa müəllim proqressiv bir xadim olduğu üçün gənclərə imkanlar yaradıb və bunun üçün ona təşəkkür edirəm.

Ara-sıra mətbuat səhifələrində Teatr Xadimləri İttifaqının işi tənqid edilib. Tənqid etmək üçün gərək müəssisənin içində olasan. Tənqid etmək üçün gərək müəsisənin işinə bələd olasan. Qıraqdan eşitdiklərinlə tənqid etmək olmaz. Mən ittifaqda münasibətdə olduğum və gördüyü işlərə bələd olduğum üçün deyə bilərəm ki, Teatr Xadimləri İttifaqı rəhbərliyi bu və ya digər problemlərin həll olunması üçün bəzən gücündən daha artıq işlər görür. Xüsusilə də gənclər üçün çox işlər görür. Bunu unutmaq nadanlıqdır.


- Pyesləri tamaşaya necə hazırlayırsınız? Tamaşanın hazırlıq müddəti nə qədər çəkir?


- Pyesin seçimindən asılı olaraq dəyişir. Bu proses məndə adətən 3 il öncədən başlayır. Son olaraq tamaşaya qoyduğum “Don Kixot”u mən 6 il bundan əvvəl hazırlamağa başlamışam. 2018-ci ilin oktyabrında tam hazır olaraq səhnəyə qoyulub. Bu əsərin üzərində mən Larst Nurenin “Müharibə”, İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” və bir sıra uşaq tamaşalarını hazırladım.  Düşünürəm ki, teatr aktyorlar üçün maraqlı olarsa, tamaşaçılar üçün daha maraqlı olacaq. Hər bir obrazda oynayan aktyor yeni bir insan yaratmaq uğrunda çalışmalıdır. Öz zəhməti və düşüncəsiylə. Əgər buna nail olursa, böyük qələbədir.


- Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüsünüz. Oradakı fəaliyyətiniz haqqında bilmək maraqlı olardı...


- Mənim ora bir çox səfərlərim olub. Teatr truppamızla orada tamaşalar hazırlamışıq. Son olaraq orada səhnəyə qoyduğum 2 tamaşadan sonra, Azərbaycan teatrı ilə Rusiya teatrı arasında körpünün yaranmasına görə mənə və Mübariz Həmidova həmin fəxri adı təqdim etdilər. Eyni zamanda teatrımızın aktyorları Şövqi Hüseynov və İlham Əsədov həmin respublikanın “Əməkdar artisi” adına layiq görüldülər.

- Qızınızla hazırda eyni peşəni bölüşürsünüz. Bir gənc rejissor kimi onda hansı perespektivləri görürsünüz? Sizcə o da Bəhram Osmanov kimi öz adını müasir teatr tariximizin səhifələrinə yazdıra biləcək?


- Qızım  bu sənətə öz arzusu ilə  gəlib. Tələbə olduğu müddətdə mən ona öz təcrübəm əsasında qazandığım bilikləri öyrətmişəm. Gələcəkdə öz sənətində uğurlu, ya da uğursuz bir rejissor olacağını təbii ki, zaman göstərəcək. Bir-iki uğurlu tamaşaları var və o, bu tamaşalarda öz bilik və təcrübəsini ortaya qoymağa çalışıb. Hər zaman öyrənməyə hazır olan bir insandır və onun bu xüsusiyyəti məni çox sevindirir. Qısa bir müddətdə 10-a yaxın tamaşa hazırlayıb. Bu tamaşalar Gənc Tamaşaçılar Teatrında və müxtəlif teatrlarda səhnəyə qoyulub.



Leyla Əsədullayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir