Modern.az

Danışan barmaqlar...  

Danışan barmaqlar...   

Mədəni̇yyət

13 Yanvar 2019, 11:54

Tanınmaq, ümumxalq məhəbbəti qazanmaq çox gözəldir. İnsanların gözündə ucalırsan, qəlbində yerin olur. Amma bu məşhurluğun şirinliyi qədər ağrı-acısı da var. İctimai-siyasi proseslər dəyişir, kimisə nahaq yerə incidirlər, kimisə həbs edirlər və sən bu olaylara münasibət bildirməyəndə, susanda, adamlar səninlə üz-üzə gələndə ehtiram göstərsələr də, qəlblərində yerin daralır...

Heç vaxt siyasətdə görünməsə də, Avtandil İsrafilov bu baxımdan bəxti gətirən məşhurlardandır. Heç kim heç zaman ondan belə hallara münasibət bildirməyini ummayıb. Çünki ona qədər umulacaq insanlar çoxdur. Özünü siyasətə həsr etmiş, siyasi oyunlardan gah qalib, gah məğlub kimi çıxmış o qədər tanınmışlar var ki…

Bəli, əsl sənətkar sözüylə yox, sənəti ilə seçilməlidir…

O, 1941-ci il yanvarın 24-də Bakının Hövsan kəndində dünyaya gəlib. Əslən Xızının qədim adı Türkan olan indiki Xanəgah kəndindəndir. 1982-ci ildə əməkdar artist, 1998-ci ildə xalq artisti, 2009-cu ildə Dağıstanın xalq artisti, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Bəstələdiyi və qarmonda ifa etdiyi gözəl musiqiləri, rəqs havaları ilə sevənlərinin könlünü oxşamağı bacarıb. "Simrani", "Elmira", "Qızıl üzük", "Küçələrə su səpmişəm", "Məhərrəmkənd", "Azərbaycan təranələri", "Cəlali", "Qarabağ rəqsi", "Naxçıvan rəqsi", "Dağlar oğlu", "Sevgilim" "Basqalı" və s. ifaları ilə yadda qalıb. "Məhəllə", "Məhəllə-2 Moskvada", "Xalq təranələri" filmlərində aktyor kimi də rol alıb…

…O, Azərbaycan musiqi alətləri ailəsində əcnəbi sayılan qarmonu doğmalaşdıra, xalqa sevdirə bildi. Bu gün bir sıra ifaçılar var ki, qarmonun sayəsində ümumxalq hörməti qazanıblar, hamı onlara sevgiylə yanaşır. Amma bu sevginin ürəklərə yol tapması üçün cığırı ilk açanlardan biri də məhz, o, olub…

Bütün ömrü el toylarında, tədbirlərdə keçib. Çox insanlarla ünsiyyətdə olub, görüb götürə bilib. Elə ona görədir ki, harada oldusa məzəli zarafatları, şirin söhbətləri ilə yadda qalır…

Azərbaycan musiqi tarixində göstərdiyi xidmətlərə görə hamımız ona borcluyuq, o isə barmaqlarına. O barmaqlar adi barmaqlar deyil, elə ki, qarmonun şirmayi dillərinə toxundu, sədası insanı düşündürür, kədərləndirir, əhvalına təsir edir…

Avtandil İsrafilov- bu ad və soyad Azərbaycan musiqi sənəti tarixinə əbədi həkk olub...

İllər ötəcək, zamanələr bir-birini əvəz edəcək, ictimai-siyasi proseslər, hakimiyyətlər dəyişəcək, amma bu insan cismən dünyada olmasa da, ruhən əbədi yaşayacaq. Yüz il bundan sonra da onun ifasının sədası gələndə insanlar zövq alacaqlar…

Yanvarın 24-də böyük sənətkarın 78 yaşı tamam olur. Qoy bu balaca yazı azadlığın beşiyi, uzaq Amerikadan onun doğum gününə bir ərmağan olsun!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!