Modern.az

Poeziyamızın “2010-cular” nəsli - işıqlı imzalar

Poeziyamızın “2010-cular” nəsli - işıqlı imzalar

14 Yanvar 2019, 17:27

(birinci yazı) 

 

Özgürlük dövrü ədəbiyyatımızın (1991-ci ildən sonra) üçüncü dönəmi “2010-cular nəsli”nin adı ilə birbaşa bağlıdır. Daha doğrusu, müstəqillik dövrü poeziyamızın üçüncü onilliyində ədəbiyyatımıza ayaq açan imzaların dönəmini şərti olaraq bu cür adlandırmaq daha çox yerinə düşər.

 

Bu dövr çoxəsirlik Azərbaycan ədəbiyyatının ən sonuncu dönəmini, onilliyini əhatə edir. Əvvəla, onu qeyd edək ki, 2019-cu il bu nəslin ardıcıllarının bağlanış ili olacaq. 2010-2019-cu illərdə Azərbaycan ədəbiyyatına gəlmiş və gələcək çoxsaylı imzaların “Ərgənəkon”u hesab edilən və hazırda içərisində yaşadığımız bu onillik bir çox məziyyətləri ilə diqqət çəkir.

 

Bu dönəmdə ədəbiyyatımızın nəsrlə yanaşı, nəzm qolu da sürətli inkişaf yoluna qədəm qoydu. Sonuncu onillik ədəbiyyatımıza önəmli imzalar qazandırmaqla kifayətlənmədi, həm də Azərbaycan ədəbiyyatının paltarını dəyişdi. Forma, məzmun yenilənmələri baş verdi. İlk vurğulamaq istədiyimiz nüanslardan biri də heç şübhəsiz ki, bu dönəmdə ədəbiyyata gələnlərin yenilikçi cəsarətlilikləri ilə bağlıdır. “90-cılar” nəslindən fərqli olaraq “ölgün” və ya “sükunət” atmosferdə yazıb-yaratmaq bu nəslə yad xarakter kimi səciyyələnir. Bunun başlıca səbəbi isə sələflərindən fərqli olaraq “2010-cular”ın ənənəvi mətbuatla yanaşı, mətbuatın da onlara geniş meydan verməsi və özləri özlərinin söz azadlıqlarını təmin etməsi ilə bağlıdır... Yəni, sosial şəbəkələrin müəlliflik hüququ bəxş etdiyi hər kəs öz yaradıcılıq nümunəsini çox asanlıqla ədəbi ictimaiyyətə təqdim edə bilir. Müəllif poetik nümunə haqqında müsbət və mənfi nüansları virtual olaraq görür və oxuyur.

 

Doğrudur, bunun mənfi çalarları da tez-tez özünü göstərməkdədir. Amma bu mənfilik sabun köpüyü effektindən başqa bir şey deyil və “təsadüfi imza”ların cızma-qaraları istedadlı yazarların yaradıcılıq nümunələri ilə atbaşı gedə bilmədiyi üçün bu köpük tez dağılır. “90-cılar” nəslinin yenilikçilərini keçid dövrü, “2000-cilər” nəslini qlobal və posmodernizmlə yaxından təmas, bu təmasdan doğan ayaqlaşa bilməmək fobiyaları, faktorları tarixə qovuşdurmuşdusa da, “2010-cular” nəslinin ciddi poeziyasını orijianl poetik çalarlar və heca vəzninin “barmaqlıqlarından” qurtuluş xilas edə bildi.

 

Amma bu nəslin ən böyük bədbəxtliyi isə yolsuzluqdur. Bir nəslin cığırdaşları indiyə qədər müraciət etdikləri forma və məzmun, milli və ya bəşəri ideyalardan yoğrulan konkret bir yol müəyyənləşdirə bilməyib. Görünür, bu çatışmazlığı ilk qaranquşları bir il sonra gələcək “2020-cilər nəsli” aradan qaldıracaq. Üç milli ədəbi nəslin yetirmələri pərəkandəlik, tərəddüd, imtina, çılpaq etiraf kimi bir sıra dumanlı mərhələlərdən keçsə də zaman onların poetik iradə sarıdan kövrək olduqlarını da üzə çıxarmış oldu.

Onu da qeyd edək ki, hələ sonluğu tamamlanmamış “2010-cular” nəslininin bir sıra nümayəndələri qısa bir dövr sonra sıradan çıxmağa başladı. Ədəbiyyata “sabun köpüyü” effekti ilə gələnləri elə istedadlı cığırdaşları sıradan çıxara bildi. Bu da “2010-cular”ın özündən əvvəlki sələflərindən fərqli olaraq orijinal və bəşəri poeziya savaşında hətta özlərinə belə güzəştə getmədiklərini bir daha sübuta yetirdi. Bir sözlə, bu nəslin istedadsızlarının bir qismi dövr bitməmiş dövriyyədən çıxdı.

 

Milli poeziyamızın “2010-cular” nəslindən bir sıra qələm adam adamları gələcək dönəm Azərbaycan ədəbiyyatı üçün böyük perspektivlər vəd edir. Onların bir neçəsi indiyəqədərki poeziyaları ilə Azərbaycan yazılı ədəbiyyatında öz bünövrəsini möhkəmləndirə biliblər. Bunu əminliklə vurğulamağımıza səbəb orijinal ifadə formaları və bəşəri bədii tablolarıdır.

 

Emil Rasimoğlu – “2010-cular” nəslinin parlaq nümayəndələrindən hesab edilir. Yaradıcılığı orijinal və bəşəri poeziyanın milli ornomentləri üzərində qurulub. İfadələr orjinaldır. Tablolar və işlədiyi mövzular bəşəridir. Keçidlər və poetik gedişlər isə əksərən millidir. Çünki bu millilik birbaşa Azərbaycan poeziyasının ruhu və dilin imkanları ilə bağlıdır. Emil Rasimoğlunun poeziyasında diqqət çəkən nüanslardan biri də onun “ovuc”, “diş”, “qadın”, “tabut”, “payız”, “güzgü”, “fahişə”, “balıq” və sair kimi məhdud müstəvi və obyektlər üzərində bizə orijinallığı təqdim edə bilmə bacarığıdır. Onun şeirlərinindən bir neçəsini oxuyan adam başqa bir yerdə müəllifinin adı çəkilməsə belə həmin ruhda şeir səsləndirilsə gözüyumulu deyəcək ki – imza: Emil Rasimoğlu:

 

Bütün divarları da qovacağam otaqdan,

və atacağam sobaya ayaqyalın qaranlıqları...

Qoy göy üzünə əlim çatsın,

görünsün tənhalığın fahişə bədəni,

utansın bakirə tanrılar...

 

Təkcə bu nümunəyə baxmaq kifayətdir ki, Emil Rasimoğlu yaradıcılığı haqqında yuxarıda sadaladığım fikirlər canlı bir nümunə ilə öz təsdiqini tapsın. Emil Rasimoğlu yeni ruhdur, təzə nəfəsdir. Aydın və orijinal müşahidə qabiliyyətinə malikdir. Bütün fikirləri “hicabdadır”, yəni fikirlərini kodla, şifrə ilə oxucusuna çatdırır:

...Əllərinin bətnindən hər gün ölü doğuluram

islanmış ağaclara balıqlar aldandıqca.

 

Daha qorxma,

tək adamlar qarımaz ki, dostum,

çək gözlərini saatdan,

bax, qollarına bükülən küçələrə...

 

Bu misralarda orijinal müşahidə açıq-aydın hiss olunsa da, müşahidə obyektinin kasadlığı özünü açıq-aydın biruzə verir. Yəni, şairliyin açıq qalan tərəfi səyahət və mütaliədir. Bu nüans Emilin yaradıcılığında özünü axsayan tərəf kimi göstərir. Çox güman ki, mütaliə qismi tezliklə aradan qaldırılacaq. Amma səyahət və gəzmək, bu əsnada müşahidə müxtəlifliyi birbaşa şairin özündən də asılı olmaya bilər. Bunun günahkarı Emil ola da, olmaya da bilər...

 

Emil Rasimoğlu bəxti gətirsə dünya ədəbiyyatına da düşə bilər. İlk növbədə isə onun Azərbaycan ədəbiyyatında möhkəmlənməsi vacib şərtdir. Bunun üçün onun potensialı yetirincədir. Ən azından biz belə düşünürük. Amma şairin elə dolğun və orijinal, bəşəri şeirləri var ki, istənilən halda dünya ədəbiyyatına düşə bilməz. Çünki həmin şeirlərin həsr olunduğu adamlar nəinki dünya, heç Azərbaycan ədəbiyyatında, ictimaiyyətində hər kəs tərəfindən ya tanınmır, ya da məchul portretə malikdir (qəbul olunmur...). Məsələn, istedadlı jurnalist Aydın Canıyevə yazılmış və “Musa Yaqubun saçlarına bənzəyən adam...” misrası ilə başlanan şeirdə oxşadılan və istinad edilən məqamlar orijinal müşahidənin məhsulu olsa da, dünya ədəbiyyatına yad elementlərdir. Çünki nə Aydın Canıyev, nə də Musa Yaqub öz fəaliyyət istiqamətlərində dünya oxucularına tanış imzalar, simalar deyil. Ümid edirik ki, bu cür hallar Emil Rasimoğlu yaradıcılığında keçid mərhələ olaraq onun ədəbi yaradıcılıq dövrünün bir hissəsi kimi daşlaşıb qalacaq. Amma bu o demək deyil ki, E. Rasimoğlunun bu qəbildən olan şeirləri Azərbaycan oxucusu üçün də yaddır. Hətta deyərdik ki, Rasimoğlunun adıçəkilən və çəkilməyən müəyyən motivli şeirləri ədəbiyyat tariximizin ən yaxşı nümunələri sırasına da düşməyə layiqdir.

 

Fuad Cəfərli – öz ruhu, ifadə tərzi olan şairlərimizdəndir. İlk kitabı nəsr əsəri olsa da, nəsrdən ədəbiyyata keçmiş modern imzalarımızdandır. Şeirlərinin qəribə ahəngi və ruhu var. Orijinal misralara tez-tez rast gəlməsək də, həyata və ya obyektə müasir baxış bucaqlarından baxa bilir. Fuad hazırda “Latın sükutu” adlı ilk şeirlər kitabını çapa hazırlayır. Kitabdakı şeirlərin demək olar ki, hamısı ilə tanışam. Onu deyə bilərəm ki, yaradıcılığını onlayn mediadan və ədəbi dərgilərdən izlədiyimiz bu imzanın təqdim etdiyi son şeirlər mənsur təhkiyə formasını özündə qəlibləşdirməkdədir. Monoton ab-havalı şeirlərin özünəməxusluğu Fuadı digər müasirlərindən fərqləndirir. Poetikasında məğlubiyyətə təhrik edilmiş bir əsilzadənin, aristokratın faciəsi şeirlərinin məzmunundan asılı olmayaraq hiss edilir. Fuad Cəfərli kədərin rəngini bilən və onun dəyişən məkanda və zamanda hansı çalarlarda olduğunu verə bilən tək-tük şairlərimizdəndir.

 

Fuad Cəfərli poeziyasında təxminən onun özü ilə eyni yaşda olan əsilzadə qəhrəmanı daha çox yalnızlığından dolayı kədərə mübtəla olur. Hətta bu yalnızlıq şairin şeirində tanrının yalnızlığı və darıxması ilə müşahidə olunur:

Bu qədər tanha qalmaqmı olar,

tanrı olmağıma bir addım qalıb.

Sanki yer üzünün yalnızlıqları,

yolunu ruhumdan, canımdan salıb.

İlk baxışdan heca vəznində görünsə, bu misralar ruhən ağ şeirdir. Cəsarətli fikirlərdir. Orijinal poetik tapıntıdır. Sərrast müşahidədir. Ancaq bu cür silsilələr tez-tez Cəfərlinin yaradıcılığında errorziyaya uğrayır və mənsur şeirdəki nağılvari təhkiyə bizi Fuadın şeirlərindəki ənənəvi monoton ruha sarı istiqamətləndirir. Amma bu cür ardıcıllıq da çox davam etmir və “Çətir” şeirinin müəllifi bizi “Əli qumbaralı şəkillər” şeirindəki məşhur ifadə ilə yenidən diksindirməyi bacarır: “Məni əli qumbaralı şəkillərlə xatırla, Bakı”. Elə bircə bu ifadə Fuad bəyin yaradıcılığındakı istedadın şkalasını çox asanlıqla müəyyənləşdirməyimizə imkan verir. Fuad Cəfərli müşahidə sərrafıdır amma bu müşahidələr onun şeirlərində obraz baxımından çox da fərqli qütblərdə deyil. Yəqin ki, bu da onun səfərlərə, öz poetik düşüncə coğrafiyasının sərhədlərini genişləndirməyə can atmamasından qaynaqlanır.

 

İntiqam Yaşar – O, özünü oxucularına “Evdə yoxam” şeiri ilə sevdirdi. Lirik misraların özünəməxsus daşıyıcısı, ifadəçisi lan İntiqam Yaşar üç kitab müəllifidir. İndiyə kimi üç fərqli boyutlu şeirlərlə oxucularının qapısını döyüb. İntiqam bəyin şeirləri xalq folklorundan, minillik Azərbaycan ədəbiyyatının söz yaddaşından cilalanıb gələn poetik ruhdan qidalanır.Onun şeirlərində şirin avaz var. Orijinal ifadənin boyu isə heca qəlibində boy göstərməkdədir. Sərbəst şeirləri heca şeirlərindən daha kövrək görünsə də, gələcəkdə İntiqam Yaşarın ağ şeirdəki qapısının açılacağına da ümidlərimiz böyükdür.

 

İntiqam Yaşarın istedad boyu  “Torpağın Vətən olan tərəfi qan azlığından əziyyət çəkir həmişə...” misrası ilə başlayır, “Düşünə bilirsənmi hansı buludun altında darıxdığımı?!...” misrası ilə sinəsini qabardır və “divarda hıçqırtı izləri” ilə hüdudlanır. Bu sadaladığım misralar onun orijinal baxış bucağını sərgiləyir. Amma İntiqam Yaşar daha çox ruhunun dilində danışan adamdır. Ruh şairidir. Heca vəznində pərvazlanmaq, dil açmaq onun üçün daha asandır. Çünki görüb-götürdüyü Gədəbəy ədəbi mühitinin mühafizəkar şeir baxışı hələ də onu təsirində saxlaya bilib. Tam səmimi deyərdim ki, nə yaxşı ki, saxlayıb. İntiqam Yaşar poeziyası milli ədəbi məfkurəmizin, mühafizəkarlığımızın qorunması baxımından ədəbiyyatımıza çox lazımlı imzalardandır.

 

Qeyd-şərtsiz əlavə edəcəyim fikirlərdən də biri budur ki, İ.Yaşarın şeir dili sadədir, axıcıdır, oynaqdır. Ruhu heca vəzninin istənilən janrında boy göstərə bilir. “Qonağam deyən ayrılıq, evdə yoxam, evdə yoxam” – deyən şair, müasiri Fuad Cəfərlidən fərqli olaraq, tənhalığın ağır buxovunu yaxına buraxmaq istədəmdiyini bu kimi misralarla göstərməkdədir.

 

O, “2010-cular” nəslində milli ədəbi ənənələrə tam şəkildə sadiq qalan tək-tük imzalarımızdandır. Bunu onun həm heca, həm də sərbəst şeir yaradıcılığına aid etmək olar.

 

Ümid Nəccari – Güney Azərbaycan ədəbiyyatının yetirdiyi yeni istedadlardan olan Ümid Nəccarinin ədəbi istedadını “Afrikanı gecə yarısı yaratdı Tanrı” misrası ilə səciyyələndirə bilərik. Özünəməxsus deyimdir. Dərin mütaliəli şairlərimizdəndir. Ədəbi fəaliyyəti də çoxşaxəlidir. Şeirləri ilə yanaşı, bədii tərcümələri ilə tez-tez qəet köşklərində oxucularının qapısını döyür. “Hər gecə Arazdır şeirlərim Xəzərə” misrasından da aydın görünür ki, Ümid Nəccaridə ədəbi dil problemi var. Təbrizdə böyük sıxıntı yaşayan Azərbaycan türkcəsi onun şeir dilinə də təsirsiz ötüşməyib. Amma bu sıxıntının tezliklə aradan qalxacağını, Ümidin öz çoxşaxəli mütaliəsi ilə bu problemin öhdəsindən gələcəyini düşünürük. Ü. Nəccari “Ağlamağı heç bir artist ağlayammaz” kimi təlatümlü bir misra ilə ədəbiyyatımızda möhürünü bir neçə il öncə vura bilib:

Unutdum ürək çantamı,

gözlərinin taksisində.

Sonra özümü unutdum

bir həsrət kafesində...

“Silinəcəyik bir yağışın damlalarıyla” – deyən şairin Bakıda çıxacaq ilk kitabından sonra onun ədəbiyyatımızdakı ömrünü gözəyayarı hesablaya biləcəyik.

 

Ulucay Akif – “Mən yağış yağanda öləcəm gülüm, mənim günahımı tanrı yuyacaq” – deyən şairdir. İlk kitabı 2016-cı ildə çapdan çıxıb. “Günəşə atılan mərmilər” adlı kitabda Ulucay Akifin hələ öz dəst-xəttini tapmadığı hiss olunur. Amma ara-sıra, bəzən də bir şeir daxilində ard-arda orjinal misralarla beynimizin qapağını yerindən oynatmağı bacaran şairin şeirlərində Avropa ədəbiyyatının eskizlərini görmək mümkündür. Çox güman ki, bu da onun mütaliəsinin istiqamətindən qaynaqlanan nüanslardandır.

 

Ulucay Akif  “sözlər öpsün saçlarından”  deyəcək qədər lirik şairdir. “Bir gün məni eşitmək istəsən sükutumu dinlə”... Bu misrada lirik fəlsəfi qatın 22 yaşı var. Yəni, fəlsəfədəki lirika da onu tam ağırlaşmaqdan qoruyur, bəlkə də qoparır. Ulucay Akif ilk kitabı ilə uğurlu imza olduğunu təsdiqlədi. Qalıcı yazarlarımızdan olacağını isə ikinci, üçüncü kitabları göstərəcək.

 

Fəridə Uğur – Onu sentimenatal lirikanın daşıyıcılarından hesab etmək olar. Ümumiyyətlə, Fəridə Uğurun şeirlərində ruh da ikiləşə bilir, baxış bucağı da... Amma bu ikiləşmə ya nadir hallarda baş verir, ya da silsiləlik təşkil edir.

 

“Bir də ki, göyərçinlər gölməçələrdən su içə bilirsə, dəniz olmağın nə mənası...” misrasından başlayır onun istedadı. “Divardan asılan köhnə ov tüfəngi kimi unudulacaq bədənimin bir küncündə döşlərim...” – deyəcək qədər cəsarətlidir Fəridə. O, özündən əvvəlki iki nəslin yarıçılpaq göstərdiyi poetik fəlsəfəni orijinal ifadə ilə bildi. Təbii ki, söhbət bizim Şərq donlu qadın şairlərimizin müqayisəsindən danışıram. “Abort qədər cinayətdi, içində hansısa hissi öldürməyə çalışmaq” – deyir, bu qız. Doğrudur, orijinal misralardır. Amma Fəridənin uğursuzluğu bu misraları çılpaq verməsindədir. Oxucu isə ona xammal formasında təqdim edən şairi çox yaşatmır. Buna baxmayaraq, Fəridə adına “not” dediyi şeirləri ilə xeyli sayda oxucunun qəlbinə yol tapa bilib. Bu da onun hələ uzun müddət xatırlanacağına işarədir. Ən azından bu fikrimizi onun bir şeirindəki “...Mənsə elə bilirdim ağaca fərqi yoxdur, budaqlarından asılan beşikdi, yoxsa adam...” – fikri təsdiq etmək bacarığındadır.

 

Düşünməyin ki, poeziyamızın “2010-cular” nəslindəki istedadların sayı elə bu qədərdir. Əsla! Ən azından Fərid Hüseyn, Şəhriyar del Gerani, Aqşin Evrən, Oğuz Ayvaz, Sərvər Kamranlı, Furqan və başqalarını misal çəkmək olar. Ancaq yaradıcılıqları ilə geniş şəkildə tanış olmadığım üçün onların haqqında fikir söyləmək kimi ağır bir yükün altına girmək istəmədim. Əgər qarşıdakı günlərdə həmin istedadlarımız haqqında yazılar yazılmasa, həmin şairlərimiz haqqında da yazmağa cəhd edəcəyəm.

 


Tural Turan

 

1 yanvar 2019-cu il

Şəmkir, Alabaşlı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi