Modern.az

Dünya türkləri və müsəlmanlarının pozulan haqları müzakirə olunur

Dünya türkləri və müsəlmanlarının pozulan haqları müzakirə olunur

13 Dekabr 2009, 16:32

Türkiyənin Bursa şəhərində “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” adlı simpozium öz işinə başlayıb. Ahıska Türkləri Federasiyasinin təşəbbüsü, Türkiyə Baş Bakanlığı, TİKA və Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə düzənlənən tədbirdə 50-dən artıq ölkənin  200-ə yaxın nümayəndəsi iştirak edib.

Simpoziumda rəsmi Türkiyəni dövlət naziri Faruk Çelik təmsil edib. Bursa şəhərinin rəhbəriyi, ayrı-ayrı ölkələrin millət vəkilləri,  müxtəlif təşkilatların rəhbərləri simpoziumun işinə qatılıblar.

Məlumatı Modern.az-a millət vəkili, tədbirin aparıcılarından olan Qənirə Paşayeva verib. Onun  sözlərinə görə, bu simpozium bütövlükdə türk dünyası, müsəlman aləmi üçün mühüm əhəmiyyət kəsb edir: “Burada söhbət dünya türkləri və  müsəlmanlarının pozulan hüquqlarından gedir. Bildirdim ki, hər bir işdən konkret nəticə əldə edilməlidir. Biz qarşılaşdığımız problemləri yalnız birlikdə, birləşərək həll edə bilərik.. Tədbir xatirinə tədbir keçirməməliyik. Hər kəs ölkəsinə qayıtdıqdan sonra burada səsləndirilən fikirlərin gerçəyə dönməsindən ötrü çaba göstərməlidir. Çıxışımda qeyd etdim ki, biz türklər “Mən” ifadəsindən birdəfəlik əl çəkməliyik. Çünki “biz” “mən”dən daha böyükdür. Digər tərəfdən, qeyd etdim ki,  Qarabağ məsələsi yalnız Azərbaycanın, İraqdakı türklərin üzləşdikləri çətinliklər yalnız kərküklülərin, Doğu Türküstan türklərinin faciələri yalnız uyqurların, Kıprıs türklərinin problemi yalnız kipirlilərin, Güney Azərbaycan, Balkan türklərinin acıları, Ahıska türklərinin problemləri yalnız onların deyil, bütün türk dünyasinin dərdidir. İndiki Ermənistandan deportasiya edilən 100 minlərlə azəbaycanlıların məsələsinə də diqqət çəkdim. Müsəlman dünyasına edilən haqsızlıqlar barədə də danışdım, ümumən bütün dünyada müsəlmanların insan haqlarının pozulduğunu önə çəkdim”.

Deputat ayrı-ayrı ölkələrdən simpozuma qatınlanların hamılıqla bu fikri müdafiə etdiyini də bildirib: “Mənim başqa bir təklifim bu kimi məsələlərlə bağlı görüləcək işləri kordinə edən bir qurumun yaradılması ilə bağlı oldu. Bu gün simpozium başa çatacaq. Burada yekun sənəd də imzalanacaq. Hesab edirəm ki, qaldırdığım məsələlər həmin sənəddə əksini tapacaq”.

Qeyd edək ki, Qənirə Paşayeva ilə yanaşı simpoziumda millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Mustafa da iştirak edir. 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi