Modern.az

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (II yazı)

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (II yazı)

27 Noyabr 2011, 13:08


1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində iqtidara Yeni Azərbaycan Partiyası gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən nazir və komitə sədrlərini dəyişib onları öz kadrları ilə əvəz etdi. Heydər Əliyevin dövründə yüksək post tutan məmurların bir qismi sonradan müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırıldı.
Sabiqlərdən bəziləri sonradan müxtəlif vəzifələrə təyinat ala bilsələr də, “vurulanların” bir qismi məmur kreslosundan birdəfəlik məhrum edildi. Yəqin ki, ictimai-siyasi prosesləri izləyən şəxslər mərhum prezident Heydər Əliyev dövründə yüksən vəzifələr tutan sabiq məmurları xatırlamamış olmazlar. Onları bir də yada salaq. Modern.az saytı sabiqlərin harada olmasını, nə iş gördüklərini araşdırmağa çalışıb. Beləliklə:

Ali Məhkəmənin sabiq sədri Südabə Həsənova.  O, mərhum prezident Heydə Əliyev dövründə iki dəfə yüksək posta təyin olunub – öncə ədliyyə naziri olub, sonra Ali Məhkəmənin sədri.
Əslən Naxçıvanın Şərur rayonundan olan S.Həsənova 1971-ci ildən sonra ədliyyə orqanlarda işə başlayıb. 1987-ci ildə o artıq ədliyyə nazirinin 1-ci müavini vəzifəsində çalışırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1995-ci ildə S.Həsənova ədliyyə naziri vəzifəsini icra etməyə başlayıb. Üç il bu vəzifəni icra edən xanım Həsənova 1998-ci ilin yanvarına mərhum dövlət başçısı tərəfindən ədliyyə naziri təyin edilib.
2000-ci il aprelin 18-də isə Heydər Əliyevin fərmanı ilə Südabə Həsənova Ali Məhkəmənin sədri təyin edilib. O, məhz Hydər Əliyevin dövründə, 1995-ci ildə III dərəcəli, 1998-ci ildə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbələri alıb. 
Azərbaycanda prezident dəyişikliyindən sonra S.Həsənova da postundan azad edilib. Prezident İlham Əliyev 2005-ci il aprelin 19-da S.Həsənovanı Ali Məhkəmə rəhbərliyindan azad edib və o, Ali Məhkəmənin hakimi saxlanılıb.
Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə S.Həsənova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilib. 2007-ci ildə ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilən S.Həsənova hazırda da Konstitusiya Məhkəməsinin hakimidir.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Əslən Nağçıvandan olan Ə.Nağıyev Heydər Əliyev hakimiyyətə gələndən sonra “qılıncının dalı da, qabağı da kəsən” məmurlardan biri olub. Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev YAP-ın “qızıl fondu” elan edilmiş “91-lərdən”dir.
1996-cı ilin noyabrında Heydər Əliyev onu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib. O zaman YAP-da ikinci şəxsi-sədr müavini olan Əli Nağıyev sonralar düz 10 il bu vəzifədə çalışıb.
Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gəl­mə­sin­də, YAP-ın qu­rul­ma­sın­da mü­hüm xid­mət­lə­ri olan Əli Na­ğı­ye­v ha­kim ko­man­da­da iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu. Bəzi məlumatlara görə, hakim komandada Əli Nağıyevi istəməyən bir sıra yüksək çinli məmurlar İlham Əliyev prezident seçiləndən sonra onun “vurulması”na çalışırdılar və buna nail ola bildilər. Hələ 2005-ci ildə ölkədə dövlət çevilişinə cəhd ittihamı ilə vəzifədən çıxarılan nazirlər arasında onun adı da hallansa da, bu, sonradan təsdiqini tapmadı.
İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra – 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad etdi.
2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı. Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil. Bəzi məlumatlara görə, Ə.Nağıyevə Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma o, bundan imtina edib. Hazırda işsizdir. Vaxtilə YAP-ı quranlardan olan Ə.Nağıyev hazırda partiyanın sıravi üzvü belə deyil. Diplomatik xidmətlə əlaqədar 2006-cı ildə YAP-dan çıxan Ə.Nağıyev partiyaya yenidən bərpa olunmaq üçün ərizə verib.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev. Rafiq Əliyev də Heydər Əliyev hakimiyyəti zamanında mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunmuş sabiq məmurlardandır. 2001-ci ildə mərhum prezident onu o zaman yeni yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edib.
1947-ci ildə Ağdam rayonunda doğulmuş Rafiq Əliyev BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1966-67-ci illərdə Bağdad Universitetində təhsil alıb. 1975-ci ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-cü ildən professordur.
2003-cü ilin oktyabrında yeni prezident seçilən İlham Əliyev Nazirlər Kabinetini yenidən formalaşdırarkən R.Əliyev Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsinə təsdiqlənmədi. O, düz iki il 8 ay komitə sədrinin səlahiyyətlərini icra etməli oldu. Qanunvericiliyə görə, prezident seçkilərindən sonra nazirlər və dövlət komitələrinin sədrləri yenidən təyin olunmalıydı. Lakin 2003-cü il seçkiləri ilə prezident seçilən İlham Əliyev 2006-cı ilin iyununadək DQİDK-nın sədri vəzifəsinə hər hansı təyinat həyata keçirmədi və R.Əliyev həmin dövrdə sədrin səlahiyyətlərini icra etdi. Nəhayət 2006-cı il iyunun 27-də R.Əliyev komitə sədrinin vəzifəsini icra edən şəxs olaraq da işdən çıxarıldı.
Professor R.Əliyev hazırda 1990-cı ildən təsis etdiyi “İrşad” İslam Araşdırmaları Mərkəzinə rəhbərlik edir.

Sabiq maliyyə naziri Fikrət Yusifov. Əslən Naxçıvan MR-nın Şərur rayonunun Danzik kəndindən olan f.Yusifov 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilib. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirib. 1987-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alan F.Yusifov sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlayıb. 1992-ci ilin sonlarınadək institutda dekan müavini vəzifəsində işləyən F.Yusifov oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Heydər Əliyev Hakimiyyətə gələnən sonra, 1994-cü ildə onu nazir postuna irəli çəkib. F.Yusifov 5 il maliyyə naziri kreslosunda əyləşib. Amma onu elə H.Əliyevin özü vəzifədən kənarlaşdırıb. Belə ki, 1999-cu ilin iyul ayında F.Yusifov maliyyə naziri vəzifəsindən çıxarılıb.
F.Yisifovun adı bir də 2005-ci ildə hallandırıldı. O zaman F.Yusifov hüquq-mühafizə orqanlarına ifadə verdi ki, sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev və “Azərkimya” istehsalat şirkətinin sabiq prezidenti Fikrət Sadıqov eks-spiker Rəsul Quliyevlə əlbir olaraq Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyiblər. Elə bu ifadələrindən sonra cəmiyyətdə ona antipatiya bir qədər də artdı. Həmin il onu da adları çəkilən şəxslərlə birgə həbs etdilər, Lakin 2 ildən çox həbsdə saxladıqdan sonra azadlığa buraxdılar. Və F.Yusifov 2009-cu ildən Azərbaycanı tərk edərək qonşu Rusiyaya köçdü.
Hazırda Rusiyada biznes işlərilə məşğul olduğu söylənilən sabiq nazirin Azərbaycana buraxılmadığı bildirilir.

Sabiq maliyyə naziri Əvəz Ələkbərov. Qərbi Azərbaycanın Göyçə mahalından olan Əvəz Ələkbərov 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1975-ci ildən 1981-ci ilə kimi Azərbaycan SSR Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləyib. 1981-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Nazirlər müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Ə.Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyirdi. Hakimiyyət dəyişikliyi ondan yan keçdi və Əvəz Ələkbərov Heydər Əliyevin komandasına daxil olaraq 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda qaldı.
1999-cu ilin iyulunda mərhum prezident onu maliyyə naziri vəzifəsinə təyin etdi. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı. Lakin yeni prezident İlham Əliyevin komandasında möhkəmlənə bilmədi və vəzifəsini itirdi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü kimi qalan iqtisad elmləri doktoru Ə.Ələkbərovun hazırda elmlə məşğul olduğu bildirilir.

Milli Məclisin sabiq sədri Rəsul Quliyev. 1947-ci ildə Naxçıvanın Qazançı kəndində anadan olan R.Quliyev 1970-ci ildə Neft və Kimya İnstitutunun Kimya-texnologiya fakultəsini bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki Kimya Kombinatında başlayan R.Quliyev 1971-ci ildən 1992-ci ilədək Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində işləyib.
AXC hakimiyyəti dövründə, 7 dekabr 1992-ci il tarixində R.Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. Daha sonra 1993-cü ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini vəsifəsində çalışıb.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra R.Quliyev də vəzifə pilləsində irəli addımlayıb. O zaman Heydər Əliyevin komandasına daxil olan Rəsul Quliyev 1993-cü ilin noyabrında Milli Məclisin sədri seçilib. O, bu vəzifədə təxminən 3 il işləyə bilib. 1995-ci ilin noyabrında yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilən Rəsul Quliyev cəmi bir il sonra - 1996-cı il sentyabrın 11-də hakimiyyətdaxili ziddiyətlər nəticəsində parlamentin sədri vəzifəsindən istefa verməyə məcbur olub.
1996-cı ildə ABŞ-a mühacirət edən R.Quliyev o zamandan Azərbaycana buraxılmır. Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində bir sıra cinayət işi açıb.

“Azəriqaz”ın sabiq sədri Əlixan Məlikov. 1951-ci ildə Bakıda anadan olan Ə.Məlikov Azərbaycan Neft və Kimya İnstitutunun məzunudur. Vaxtilə Bakı şəhər Əzizbəyov Rayon Qaz İstismar İdarəsində sahə rəisi, qəza dispetçer xidmətinin rəisi vəzifələrində çalışan Ə.Məlikovun ulduzu Heydər Əliyev hakimiyyətə gələndən sonra parlayıb. 1994-96-cı illərdə “Azəriqaz” Dövlət şirkətində baş mütəxəssis, 1996-98-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.
2000-ci ilin fevral ayında mərhum prezident onu “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyin edib. Əlixan Məlikov Heydər Əliyevin vəfatından sonra da bir neçə il postunu qoruyub saxlaya bildi. Nəhayət 2009-cu ilin iyulunda o da “vuruldu”. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ARDNŞ-nin tərkibinə keçirilən "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov işdən kənarlaşdırıldı.
Prezidentin 1 iyul 2009-cu il tarixli 366 nömrəli sərəncamı ilə yenidən təşkil olunmuş və ARDNŞ-nin tabeliyinə verilmiş “Azəriqaz” QSC-nin bazasında “Azəriqaz” İstehsalat Birliyi yaradıldı. Və ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azəriqaz” İB-nin rəhbərliyinə Ə.Məlikovu təsdiqləməyərək, ora öz kadrını gətirdi.
Ə.Məlikovun hazırda özəl sektorda sahibkarlıq fəaliyyətilə məşğul olduğu bildirilir.

Sabiq xarici işlər naziri Həsən Həsənov. O da mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunan sabiq nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist Partiyasının zamanından yüksək vəzifələr tutub. O, Səbail Rayon Partiya Komitəsinin 1-ci katibi (1975-1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi (1978-1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci katibi (1979-1981) vəzifələrində çalışıb.
1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə, tikinti məsələləri üzrə, iqtisadiyyat məsələləri üzrə katib olub.
Eks-prezident Ayaz Mütəllibov zamanında, 1991-1992-ci illərdə H.Həsənov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyətə gələndən sonra o, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi təyin edilib və 1992-1993-cü illərdə bu vəzifədə çalışıb.
Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Həsənov Bakıya çağırılaraq nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə mərhum prezident tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.
İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. İndi o, Azərbaycanın Polşadakı səfiridir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov. 1959-cu ildə Rusiyanın Rostov-Don şəhərində həkim ailəsində anadan olan T.Zülfüqarov 1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1881-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və ədəbiyyatı şöbəsini bitirib. Hərbi xidməti SSRİ-nin Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi-dəniz donanmasında başa vuran T.Zülfüqarov 1984-cü ildən ehtiyatda olan zabitlər sırasına  daxil olub. 1985-1990-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb.
Donra isə Azərbaycan EA Tarix İnstitutuna elmi işçi vəzifəsinə  keçib. 1988-ci ildə erməni-azərbaycanlı münaqişəsinin  yaranmasından sonra digər elmi işçilərlə birlikdə Azərbaycan KP  MK-nın ekspert-analitik qrupuna göndərilib.
1992-ci ildə T.Zülfüqarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə götürülüb.
Heydər Əliyev prezient seçiləndən sonra, 1994-cü ilin iyununda T.Zülfüqarov xarici işlər  nazirinin müavini təyin olunub. 1998-ci ilin yanvarında isə H.Əliyevin fərmanı ilə Tofiq Zülfüqarova fövqəladə və səlahiyyətli səfir ali  diplomatik rütbəsi verilib. Həmin il martın 5-də prezident onu xarici işlər naziri təyin edib.
Azərbaycan  Respublikası  prezidenti H.Əliyevin 1998-ci il 26 oktyabr tarixli fərmanı ilə  T.Zülfüqarov yeni hökumətdə xarici işlər naziri vəzifəsini təkrarən tutub.
Amma bir il sonra, 1999-cu ilin oktyabrında T.Zülfüqarov hakimiyyətdaxili ziddiyətlər səbəbindən xarici işlər naziri vəzifəsindən istefaya gedib.
İstefadan sonra T.Zülfüqarov fəal ictimai-siyasi fəaliyyətini davam  etdirib.
Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra T.Zülfüqarovun xarici siyasət sahəsindəki bacarığı nəzərə alənıb və 2005-ci ildə onu diplomatik vəzifəyə təyin ediblər. Belə ki, T.Zülfüqarov 2005-ci ildə Azərbaycanın Latviyadakı fövqəladə və səlhiyyətli səfiri vəzifəsinə göndərilib. O, hazırda da bu vəzifəni yerinə yetirir.

Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyev. 1945-ci ili mayın 9-da Bakıda neftçi ailəsində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib. 1974-cü ildə isə İctimai Elmlər Akademiyasının məzunu olub.
Gənclik illərində «Qaradağneft» zavodunun neft və qaz istehsal edən idarəsində operator kimi çalışıb. Həmçinin Serebrovski adına zavodda da əmək faəliyyətini davam etdirib.
1971-83-cü illərdə Azərbaycan Kommunist Partyiası Mərkəzi Komitəsinin ümumi şöbəsində instruktor, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.
1983-88-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi olub.
1989-93-cü illərdə respublika «Sağlamlıq» cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.
O, Heydər Əliyevə ən sadiq kadrlardan idi. 1993-cü ilin iyulunda R.Allahverdiyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu zaman artıq Azərbaycanda AXC hakimiyyəti süqatua uğramış, Heydər Əliyev hakimiyyətə gəlmişdi. R.Allahverdiyev 1994-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən Qərb Universitetində «menecerlik» ixtisasına yiyələnib.
YAP-ın yaradıcılarından biri kimi sonralar partiyanın sədr müavini seçilib. 1995-ci ildə Bakı meri olmaqla yanaşı, həm də Nərimanov rayonundan Milli Məclisə deputat seçilib.
R.Allahverdiyev düz 2000-ci ilə qədər Bakının meri olub. 2000-ci ilin oktyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postundan gedən R.Allahverdiyev həmin ilin noyabr aylnda keçirilən parlament seçkilərində deputat seçilib.
Heydər Əliyevin vəfatından sonra hakimiyyət daxilindəki rəqiblərinin R.Allahverdiyevə təqyiqləri artdı. Və o, deputatlıqdan imtina edərək Azərbaycanı tərk edib İsveçrəyə köçməyə məcbur oldu. Bir müddət İsverçrədə yaşayan sabiq mer səhhətindəki problemlərin aradan qaldırlmasına nail ola bilmədi.
Rəfael Allahverdiyev 10 yanvar 2008-ci il tarixində xərçəng xəstəliyindən vəfat edib.

Adəm Qorxmaz
Modern.az

***
Əlaqəli yazı:

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (I yazı)
//modern.az/articles/18770/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi