Modern.az

Gürcüstanın Azərbaycandakı səfiri erməni terrorçunun abidəsinə görə XİN-ə ÇAĞIRILDI

Gürcüstanın Azərbaycandakı səfiri erməni terrorçunun abidəsinə görə XİN-ə ÇAĞIRILDI

Ölkə

24 Yanvar 2019, 14:34

“Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Mikail Avakyana büstün qoyulması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilib”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq  Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb:

“Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir”.

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulub.

Ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, deputatlar Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak ediblər.

Qarabağ müharibəsində ölən Mikail Avakyanın abidəsini və onun ətrafında salınan oyun meydançası xeyriyyəçi Qaqika Avaqyanın maddi dəstəyi ilə ərsəyə gətirilib.

 

Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Gagik Avaqyan birlikdə edib.

 

Mərasimdə Mikail Avakyanın qızı, oğlu və nəvəsi iştirak ediblər.

 

Terrorçu Mikail Avakyan Qarabağ müharibəsi başlayan zaman Ermənistan Ordusuna qoşulub, Azərbaycanın Xocavənd, Xocalı və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. Azərbaycanlı snayperin atəşi nəticəsində ağır yaralanan terrorçu xəstəxanaya aparılarkən yolda ölüb..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir