Modern.az

Bizimkilər - Günay Malikqızı: “Beynimdə elə bir ideya var ki, o gerçəkləşsə...” - FOTOLAR

Bizimkilər - Günay Malikqızı: “Beynimdə elə bir ideya var ki, o gerçəkləşsə...” - FOTOLAR

Media

31 Yanvar 2019, 17:35

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Bakı Park Bulvar AVM-nin PR-meneceri Günay Malikqızıdır.

Günay Malikqızı 1978-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1995-cu ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoqika fakültəsinin xarici dil ixtisasına daxil olub və 1999-cu ildə oranı bitirib.

2001-ci ildə elə həmin universitetin magistraturasını bitirib. İlk iş yeri 1995-ci ildə AzTV-nin nəzdində fəaliyyət göstərən "Virtuose" Teleradio Kompaniyasının "OFFSİDE+" idman verilişi olub. 2 il bu proqramda reportyor kimi çalışdıqdan sonra 1998-ci ildən “Space” TV-də işə götürülüb. Müsabiqə nəticəsində 365 nəfərin arasında aparılan seçimdən keçən 5 gəncdən biri olub. "Hər gün" informasiya proqramının aparıcısı, həmçinin telejurnalist kimi fəaliyyət göstərdiyi dönəmdə kanalın bir çox ictimai-siyasi verilişlərinə aparıcılıq edib. 2004-cü ilə qədər “Space”də çalışıb, prezident Heydər Əliyevi bir çox xarıcı səfərlərdə müşayiət edən jurnalistlər sırasında olub. Parlament müxbiri kimi də çalışıb. Müstəqil Azərbaycanın ən yeni tarıxındən bəhs edən bir neçə filmin ssenari müəllifi olub.

2004-cü ildən "Lider" Teleradio Kompaniyasinin İnformasiya departamentində redaktor kimi fəaliyyətə başlayıb. Bir müddət sonra həm də "Səda" informasiya proqramının aparıcısı olub. Həmçinin "Səda+" və "167-ci saat" verilişlərini tamaşaçılara təqdim edən aparıcılardan biri olub. Bu müddət ərzində bir çox filmin, o cümlədən mərhum prezident Heydər Əliyevdən bəhs edən filmlərin ssenari müəllifi olub. İşlədiyi dönəmdə "Səda" informasiya proqramının özəl tarıxlərə (20 Yanvar, Xocalı faciəsi, Yeni il, Novruz bayramı və s.) həsr olunan buraxılışlarının quruluşçusu olub. 2007-ci ildə "Region+" ictimai-siyasi jurnalının baş redaktoru vəzifəsində çalışıb.

2011-ci ilin iyul ayından Park Bulvar AVM-in PR meneceridir.

Evlidir. 1 qızı var.

 

-  Günay xanım, jurnalistikaya gəlməyənizdən başlamaq istərdik. Necə oldu ki, bu sahəni seçmək qərarına gəldiniz?

- Mənim fikrimcə, insan işi seçmir, iş insanı seçir, haradasa. Həyat bizi elə məqamlarla rastlaşdırır ki, biz həkim, jurnalist, bağça müəllimi, yanginsöndürən və ya başqa bir sahəyə özümüzü həsr edəcəyimizi düşünürük.  Mən uşaqlıqdan jurnalist olmaq istəyirdim, gülməlidir, hamı belə deyir söyləyəcəksiniz, amma, bu belədir. Mən çox kiçik yaşımdan jurnalistikaya maraq göstərirdim. Bilmirdim ki, o işin adı jurnalistikadır. Amma, dayanmadan sual verən, müşahidə aparan və balaca boyu ilə böyük mülahizələr irəli sürən bir qızcığaz yüzdə doxsan jurnalist olmalı idi.

 

- Uzun müddət televiziyada aparıcı olmusunuz. Aparıcılıq üçün darıxdığınız anlar olur?

- 19 yaşımdan “Space” telekanalında aparıcı kimi işləməyə başlamışam. “Space” televiziyasında keçirdiyim günləri sevinc və qürur hissi ilə xatırlayıram. Bəlkə də iki il öncə bu sualı versəydiniz  mən özümü belə ifadə edə bilməzdim. “Space”də mənim müəllimlərim  Nərgiz Cəlilova, Qəzənfər Qəribov,  Nərminə Əlixanbəyli, İradə Bağırova, Nadir Bədəlov, Böyükağa Məmmədov, Rüstəm Əliyev olub. Onlar bizə təvazökarlığı, dünyaya fərqli baxışı öyrədirdilər. Efir üçün, aparıcılıq üçün darıxdığım anlar olur, yadıma düşür.

 

- Mərhum prezident Heydər Əliyevi xarici səfərlərdə müşayiət edən jurnalistlərdən olmusunuz. O səfərləri necə xatırlayırsınız?

- Mənim bəxtim gətirdi, xoşbəxt biriyəm ki, ümummilli lider Heydər Əliyevi  xarici səfərlərində müşayiət edən jurnalistlər sırasında olmuşam.  Bunu deməyimin səbəbi odur ki, ulu öndərimiz Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, bütün dünyanın qazandığı bir şəxsiyyətdir. Elə tarixi şəxsiyyəti yaxından görmək, ona sual verəndə həmin prosesdə iştirak etmək, mikrofonla onun yanında durmaq hər adama nəsib olmur. Amma mənə o xoşbəxtlik nəsib olub.

 

- Yaxşı mətbuat katibi olmaq üçün nələrə diqqət etmək  lazımdır?

- Ümumiyyətlə, bir işi yaxşı bacarmaq üçün o işin öhdəsindən gəlməlisən, belə deyim ki, “yola verməməlisən”. Təbii ki, burada bir məqam da var, media ilə münasibət. Medianın suallarını qulaqardına vurmaq, cavabsız qoymaq kimi halları sevmirəm. Mənə elə gəlir ki, burada bir nüans var, mediadan gələn şəxs, həmkarları ilə münasibətləri düzgün tənzimləyir. Mətbuat katibi təmsil etdiyi qurumla,cəmiyyət arasında əlaqı yaradır. Bu əlaqənin nə dərəcədə sağlam və düzgün olamsı ondan aslıdır. Deməli, məsuliyyətli olmaq vacibdir.

 

- Hədəflərinizdən danışmağınızı istərdik.

- Hədəflərdən danışmaq hər zaman çox maraqlıdır. Amma bir məqam da var, biz azərbaycanlılar hədəflərimizdən, qarşıya qoyduğumuz məqsədlərimizdən danışmağa ehtiyat edirik. 
Yəqin bu səbəbsiz deyil. İllər keçəndən sonra, təcrübə qazanandan sonra bunu başa düşürsən. İnsanın uğur qazanması üçün məqsədi olmalıdır, zəhməti və sevgisi olmalıdır.  Babam həmişə deyir: Məqsəd, zəhmət və qismət - bax bu 3 amil qarşıda qoyduğumuz məqsədlərə çatmağımıza yardım edir.

 

- Həyat yoldaşınız da jurnalistdir. Maraqlıdır, necə tanış olmusunuz?

- Bəli biz jurnalist ailəsiyik. Bəhruz “Əməkdar jurnalist” adı alanda çox sevindik. Ailəmizdə birimizin belə diqqətə layiq görülməsini ümumi uğurumuz kimi qiymətləndirdik. Əslində maraqlı olan tanışlığımız yox, uyum tapmağımızdır. Çünki, çox fərqli insanlarıq. İki fərqli insanın birlikdə yol getməsi həm maraqlıdır, həm də zəhmətli. Amma, dediyim ki, məqsəd varsa, zəhmət çəkməyə dəyər. Əsas məqsədimiz qızımızın xoşbəxtliyi bu dünyanı bizim kimi sevməsidir. 

 

- Övladınızın da jurnalist olmasını istərdiniz?

- Bunu bir neçə dəfə demişəm, mən övladımın xoşbəxt olmağını istəyirəm. İllər keçdikcə, həyat təcrübəsi qazandıqca, insan qazandıqlarını, itirdiklərini daha çox götür-qoy etməyə başladıqca başa düşür ki, bu tamam başqa bir şeydir. Əlbəttə ki, sənin seçdiyin iş, peşə sənin ümumi xoşbəxt əhval-ruhiyyənə, ruhunun sakitliyinə təsir edir. Amma, yenə də həlledici məqam deyil. Həlledici məqamlar bəlkə də gözləmədiyimiz, bilmədiyimiz, yaşadıqca öyrəndiyimiz məqamlardır. Bəzi məqamları yaşaşamalıyıq ki, anlayaq bizi nə xoşbəxt edir. Mən ilk növbədə qızımın-Zeynəbin xoşbəxt olmasını istəyirəm. Bir valideyn kimi mənə onun gələcəyi ilə bağlı sual veriləndə ancaq bunu deyirəm ki, Zeynəb xoşbəxt bir insan olsun.

 

- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

- Əlsində mənim beynimdə böyük bir ideya var və onu həyata keçirməyi çox istəyirəm. Amma, onu eləmək üçün heç bir addım atmıram. Sadəcə beynimdədir, hərdən o fikir məni həyəcanlandırır, çox yaxın dostlarımla bölüşürəm. Mən düşünürəm ki, əgər o ideyam gerçəkləşsə, təkcə jurnalistikanın bu günü üçün yox, bəlkə də sabahı üçün bir iş görə bilərəm. Bəlkə də bu haradasa boynumun borcudur. Amma, hələ ki bu məsələni 2-ci, 3-cü, bəlkə də 5-ci plana atmışam.

 

- Mərhum atanız da tanınmış jurnalist olub, sizin inkişafınızda, tanınmanızda onun rolu olub?

- Atam-Malik Fərruxun mənim inkişafımda rolu olub. Mən həyatı atamın gözləri ilə öyrənmişəm, həyata onun düşüncələri ilə baxmışam. Mənim indi bu səviyyədə olmağım, həyata baxışımı qoruyub saxlamağım, heç bir çətinliyə baxmadan qarşımda qoyduğum prinsiplərdən kənara çıxmamağım məhz, atamın mənə öyrətdiklərinin sayəsindədir. Atam məni televiziyada çox az müddətdə gördü, amma bilirəm ki, o mənimlə qürur duyardı.

 

- Peşəkar jurnalist, aparıcı kimi indi televiziyaya baxanda hansı qüsurları görürsünüz?

- Gördüyüm qüsurlardan danışmaq istəmirəm. Mən ondan danışmaq istəyirəm ki, o qüsurları görən insanların həmin qüsurları aradan qaldırmasına imkan olmur. Mən qüsurları görürəm, amma istəyirəm ki, olmasın. Çünki, televiziya mənim  üçün elə-belə bir yer deyil. Mənim kimi 100-lərlə insan var. Televiziya mənim həyatımdı, arzularımın çin olduğu yerdir, çətin anlarda dayaq olan bir insan qüvvəsidir, dostlarımdır, mənim sevdiyim bir yerdi. Mən oradan qüsur axtarmağı sevmirəm, niyə axı mən orada qüsur görməliyəm? Mən özümü qınayıram, niyə mən o qüsurların olmamaması üçün nəsə edə bilmirəm. Məncə bu qüsurları demək üçün yox, aradan qaldırılması üçün addım atılmalıdır.

 

 

- Jurnalistikada hansı dəyişikliklərin olmasını istərdiniz?

- Mənim fikrimcə, jurnalistika elə bir sahədir ki, orada dəyişikliyin olması ümumilikdə cəmiyyətdə dəyişikliyin olmasıdır. Yəni media ictimai fikir formalaşdırır, insanların düşüncələrinə təsir etmək qabiliyyətinə malikdir. Bir məqam də var, media insanların fikrini daşıyır - ya mavi ekranlara, ya qəzet səhifələrinə, ya da agentliklərin xəbərlərinə. “Jurnalistikada hansı dəyişikliklərin olmasını istərdiniz” sualı çox qlobal sualdır. Bu sualdan ətrafında danışmaq üçün çox söz demək lazımdır. İnanmıram ki, bizim o qədər vaxtımız var. 

 

- Laçınsızlıqdan danışmağınızı istərdik...

- Mən Laçını axırıncı dəfə görəndə 3-cü sinifdə oxuyurdum, indi isə qızım 6-da oxuyur. İllər keçdikcə, anlayıram ki, elə bir yer var ki, ayaqyalın gəzdiyin o torpaqdan bədənimə görünməyən, hiss olunmayan tellər keçir. O tellər artıq ömrümü sarıyır, qıraqdan görsənmir, amma qəlbimi sıxacaq, həsrətimi artıracaq qədər qalın və ağır tellərdir. 

 

- Ən məşhur müsahibiniz kim olub?

- Mənim çox məşhur müsahibim olub. Amma, o vaxt telefonlar şəkil çəkmirdi, Facebook,  Instaqram da yox idi ki, şəkilləri paylaşaq. Prezidentlər, baş nazirlər, nazirlər və digər məşhurlardan müsahibələr almışam. Mən bütün müsahibələrə gedəndə böyük həvəslə getmişəm və heç  birini ayıra bilmərəm.

 

- Jurnalistika sizə nələr qazandırıb?

- Əslində mənə elə gəlir ki, bütün sualları cavablandıranda bu suala dolayısıyla cavab vermişəm. Mən indi gördüklərimdən, bildiklərimdən, təcrübəmdən danışdım, bütün bunları jurnalistikadan kənarda qazana bilməzdim. Həyat eşqimi, həyat həyəcanımı, dostlarımı məhz jurnalistika qazandırıb mənə. İndi olduğum vəziyyəti də jurnalistika qazandırıb. Dediklərimdən belə görünür ki, ailəmi jurnalistikada qazanmışam. Biz qazanc deyəndə maddi cəhətdən yox, mənəvi cəhətdən, ruhən qazandıqlarımızı nəzərdə tutmalıyıq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir