Modern.az

Serroz, səhnə sevgisi, dörd dəfə ölüm xəbəri - Yaşar Nurinin TALEYİ  

Serroz, səhnə sevgisi, dörd dəfə ölüm xəbəri - Yaşar Nurinin TALEYİ   

Mədəni̇yyət

3 Sentyabr 2021, 10:06

3 sentyabr tarixi Azərbaycanın görkəmli sənətkarı, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür. 

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 22 noyabr 2012-ci ildə vəfat edib.

Modern.az saytı jurnalist Ramilə Qurbanlının “33 pərdəli dram” kitabında Yaşar Nuri haqqında yer alan yazısını təqdim edir: 


***

60-cı illərin əvvəllərində televiziyada, əsasən, uşaq verilişlərində gülərüz, şən, çılğın bir oğlan uşağı görünməyə başlayıb. Üzündə şeytan tükü varmış kimi onu kim görürmüşsə, dərhal ekran qarşısında sehrlənib qalarmış və özündən asılı olmadan simasında təbəssüm yaranarmış.

Yaşar Nurinin Buratinodan başlayan “macəraları”

Bir gün, iki gün… Bu oğlan efir ulduzuna çevrilməyə başlayır. Tamaşaçının gözü ekranda həmişə onu axtarır. Bu kim olar? – deyə dillərdə suallar dolanır. Kimin oğludur, görəsən? Bəziləri deyir Fazil Salayevə çox oxşayır, yəqin onun oğludur, digərləri tamam başqa bir sənətkarın oğludur, yaxud filan yazıçının qohumudur – deyir. Məktəblərdə həmyaşıdları özlərini ona bənzətməyə çalışırdılar, tellərini onun kimi darayır, onun mimikalarını yamsılayırdılar.

İllər keçir, televiziyaya ilk dəfə Buratino obrazı ilə çıxan və elə Buratino kimi simasından gülüş və səmimiyyət əksilməyən, tamaşaçısını da öz müsbət aurasına alıb aparan bu oğlan uşağı böyüdükcə daha çox efirlərə yaraşır, daha çox arzu edilirdi. Böyüdükcə efirdəki rolu da böyüyürdü, uşaq verilişlərindən böyük verilişlərinə keçirdi. İndi daha çox əyləncəli proqramlardakı səhnəciklərdə oynayırdı. O, tərəf müqabilləri olan böyük aktyorlardan zərrə qədər geri qalmırdı, hətta onların arasında belə fərqlənir, seçilməyə başlayırdı.

Məsələ sosiskada deyil e...

Artıq indiki İncəsənət və Mədəniyyət Universitetinin tələbəlik illəri arxada qalmışdı. Həmin cəlbedici, balaca oğlan kinolara çəkilirdi, teatr tamaşalarında oynayırdı, kifayət qədər tanınan və sevilən bir aktyor idi.

1982-ci ilin dekabr axşamında, o vaxtkı “Kommunist” nəşriyyatında işləyən dostu İlham Rəhimli ona zəng edir ki, sənə “əməkdar artist” fəxri adı verilib: “Qəzetdə siyahıda adını öz gözlərimlə oxudum, qəzet çapa gedir, sabah özün də görəcəksən”.

 Aktyor sevincindən sabahı gözləyə bilməyib, nəşriyyata gəlir. Çap prosesində olan qəzetin hazır səhifəsini götürüb baxır və sənə muştuluğa bir fransız köynəyi məndə - deyir. Sonra birdən gözləri dolur, rəngi tutulur: “Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı”.

Səhər çalışdığı teatrda da onu hamı təbrik edirdi, amma axşamdan tutulan siması açılmırdı ki, açılmırdı. “Atam Vücudun halal payı mənə düşdü”-deyir.

Teatr aləmində Vücud ləqəbi ilə tanınan aktyor onun atası Məmmədsadıq Nuriyev, onun oğlu isə hamının sevimlisi aktyor Yaşar Nuru idi. Bu həmin Məmmədsadıq Nuriyevdir ki, Musiqili Komediya, indiki Milli Dram Teatrlarında çalışmaqla bahəm, həm də çox sayda Azərbaycan filmlərində qısa, epizodik obrazlar canlandırıb. Məsələn, “Uşaqlığın son gecəsi”ndə dostundan iki kilo sosiska təvəqqəsində olan Davud obrazını xatırlayın.

“Nə vaxt demisən ki, Davud, köpəyoğlu, al, bu iki kilo sosiskanı sənin üçün gətirmişəm. Özümün pulum var, alaram da, amma sən gətirsən, deyərəm dostum gətirib. Məsələ sosiskada deyil e, məsələ “vnimatelni” olmaqdadır”.

Sənətkarlar üç cür olur – birincilər xalqın da yaddaşında qalır, xalq artisti fəxri adını da qazanır. İkincilər nə xalqın yaddaşında qalır, nə də fəxri ad üzü görürlər, üçüncülər fəxri ad üzü görməsələr də xalqın yaddaşında həmişəlik həkk olunurlar. Onların adı gələndə kimsə hər hansı bir obrazından sitat gətirməklə onu xa- 39 tırlayır və xatırladır. Məmmədsadıq Nuriyev üçüncü kateqoriya aktyorlardan olub. Kinoda, səhnədə müxtəlif obrazlar oynayıb, istedadlı və məhsuldar olub, nə yazıq ki, əməyi layiqli qiymətini almayıb, amma bu günə qədər də yaddaşlarda var. Onun övladı Yaşar Nuriyə “əməkdar artist” fəxri adı veriləndə ona görə aktyor əvvəl sevinib, sonra kədəri sevincinə qarışıb ki, atam bu ada həsrət köçdü dünyadan.


Yaşarın doğuluşu, yaxud niyə məhz Yaşar...

Məmmədsadıq Nuriyevin xanımı Rəfiqə evdar qadın idi, evdə dörd körpəyə baxırdı. İndi o iki qız və Yaşar Nurinin qardaşı müxtəlif sahələrdə çalışırlar, müəllimə, tibb bacısı, mühəndis. 1951- ci ilin 3 sentyabrında dünyaya göz açan Yaşarsa meylini aktyorluğa salmışdı.

 Qəribədir, o vaxt “Sovetski”də böyüyən uşaqlar, ya “vor zakon” olmagı arzulardılar, ya da sənətkar-aktyor, rejissor, bəstəkar. Yaşar da aktyor olmaq istədi.

Bir dəfə oxuduğu 173 saylı məktəbin həyətində futbol oynayarkən, topla məktəb pəncərəsinin şüşəsini qırmışdı. Direktor tələb elədi ki, atan gəlsin və şüşənin pulunu ödəsin. Atası məktəbə gələndə isə direktor onu tanıyıb və aktyoru gülərüzlə qarşılayıb, pul da almadan yola salıb.

Özü müsahibələrində bu barədə belə deyir: “Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı”.

O vaxt Gəncə Teatrında işləyirdi, özü də məhz Yaşar dünyaya gələndə “Yaşar” pyesində Əliqulunu oynayırdı Məmmədsadıq Nuriyev. Ona görə də əvvəlcə oğlunun adını Əliqulu qoymaq istəyib, sonra düşünüb ki, elə arzusunda olduğu qəhrəmanın öz adını qoysun – Yaşar.

Yaşadığı məhəllənin uşaqlarından fərqli olaraq, sakit, məktəbə vaxtında gedib-gələn, yaxşı oğlan idi. 10-12 yaşı olarmış, yenə atası ilə teatra gedib. “Toy kimindir?” tamaşasının başlanmasına bir neçə saat qalmış rejissor deyib ki, Qoşunun oğlu Tapdıq rolunu oynayan aktyor xəstələnib. Hərə bir təklif verib. Aktyor İbrahim Hüseynov deyib ki, Məmmədsadığın oğlu o rolu əzbər bilir, çünki bütün tamaşalara baxıb, icazə verin oynasın, baxın. Balaca Yaşar bu təklifə o qədər sevinib ki, bir saatın içində bilmədiyi yerləri də əzbərləyib və axşam tamaşada uğurla oynayıb. Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli və atası ilə ilk dəfə bir səhnəyə çıxıb.

1972-ci ildə o vaxtkı İncəsənət İnstitutunda Rza Təhmasibin sinfini əla qiymətlərlə başa vurur. Zatən institut illərində onu artıq hazır aktyor bilirdilər. Uşaqlığından televiziyada çıxış etməyi onu həm populyarlaşdırmışdı, həm də ustalaşdırmışdı. Onu sevən tələbə yoldaşlarının, yəni qızların heç birinə fikir verməzdi gənc Yaşar, sadəcə, dodaqucu gülümsəyib keçərdi. Fikrində anasının bir sözü dolaşırdı: “Gedib yada-yalana ilişərsən, bilmərik kimdir, nəçidir, gətirib salarlıq ailənin içinə. Sənə qızı da özüm seçəcəm ”.

Elə də oldu. Anasının seçimi ilə Yaşar Konservatoriyada təhsil alan, Rəhimə adlı uzaq qohumlardan olan qızın izinə düşdü, bir gün, iki gün gedib-gəldi arxasınca. Bir gün qıza yaxınlaşıb deyir: “Bilirsən, nə var, vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram, evlənirik, vəssalam”.

Yaşar Nuriyə hansı qız “yox” cavabı verərdi ki.

Evlənirlər. O illər Yaşar Nuri, artıq Tofiq Kazımovun dəvəti ilə Dram Teatrında işə başlamışdı. 55 manat məvacib alırdı. Orda ilk rolunu oynayırdı – vampir rolunu. Bəli, peşəkar səhnədə ilk rolu vampir olmuşdu. Ona görə sənətin vampirinə çevrildi.

Buratinodan Elçin müəllimə qədər

Teatrda yaratdığı obrazlar, aktyor oyunu barədə teatrşünas İlham Rəhimli belə deyir: “Səhnəyə gəlməyini xəbər vermək kimi bir fənd var. Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə, qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək, məhz onu-sevimli və istəkli sənətçisini, anların intizarıyla gözləyir.

Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir, pauza verir. Elə həmin məqamda səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını-sözünü ucadan deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları ilə duyur. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında, səhnəyə şığıyıb yerində "donur".

Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının salamlarını alır. Alqış qoparıb, səhnədən getmək də Yaşara xas fənddir. Açığını desək, bu, ən çətin fəndlərdən biridir. Bir çox pyeslərdə, ələlxüsus, çağdaş komediya və dramlarda müəlliflər fikri daha çox ansamblın hərəkət quruluşuna yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə, yaxud ifadə, cümlə vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asanlıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir. Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bədahətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.

Pauzanı saxlamaq - ilk baxışdan bu fənd, son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər? Yaşar pauzadanmənalı gərgin sükutdan bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut, tamaşaçıya uzunuzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq Kazımov tamaşalarını (illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları...) bu cür "çoxdanışan sükutlarla" özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi "rəngini" verib. Seyrçilərlə ünsiyyətə arxalanaraq, Yaşar Nuri bu fəndi ("mənalı sükutu") qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.

Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar, xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın, təxminən, ortasında obrazı seyrçilərin "köhnə tanışına" çevirir”.


Firəngizlə olan sevgi

İlham Rəhimli Yaşar Nurinin teatrdakı fəndlərindən söz açdı. Mən həyatdakı fəndlərindən danışacam. Rəhimə ilə evliliklərindən iki qızları oldu. Yaşar Nuri ailəyə, qadınına sadiq bir insan idi. Sevgisi iki qütbə ayrılmışdı – sənəti və ailəsi. Heç birini o birindən ayrı təsəvvür edə bilmirdi.

Amma sağlığında özünün də dediyi kimi, insanın qəlbində elə bir sevgi olur ki, onunla dərdləşə bilirsən. Yəqin düşünəcəksiniz ki, bu Firəngiz xanım Mütəllimova ilə olan sevgisidir. Bəlkə də, hə, bəlkə də, yox, amma bu sevgi vardı, indi də Firəngiz xanım Yaşar Nurini çox sevdiyini etiraf edir, amma hər kəs öz aləmində bu 43 sevgiyə istədiyi donu geyindirir. Yaşar Nuri isə bayaq dediyim ki, bunu dərdləşdiyi sevgi hesab edirdi.

Firəngiz xanım deyir, o qədər çox sevirəm ki, Yaşarı, bir dəfə hətta Rəhiməyə də dedim, iki qızınız var, biri olsun mənim, ver mən baxım, o birinə də sən. Ailədə sədaqətə, inama baxın ki, təkcə Rəhimə xanım bu sevgiyə onun əyninə biçilmiş donu geyindirə bilib və bu səbəbdən münasibətlərdə problem yaranmayıb.

İçki, serroz, 4 illik xəstəxana həyatı

Azərbaycan kinosunda dürlü-dürlü obrazlar yaradıb. Komik rolu da var, faciəlisi də. Hər birində də özünəməxsus çalarlar. “Mozalan” satirik kinojurnalında yaratdığı hər obraz özü bir kinodur. Teatrda, kinoda, “Mozalan”da, televiziyada yaratdığı bütün obrazlar, onun sənətdəki əməyinin qiyməti 1981-ci ildə SSRİnin əməkdar artisti fəxri adından tutmuş, 2011-ci ildə 60 yaşında ona verilən “Şöhrət ordeni”nə qədər layiqli dəyərini alıb.

İnsan həyatının müəyyən bir dönəmində bəzən bilərəkdən, bəzən bilmədən istəmədiyi yola düşə bilir. Yaşar Nuri ağıllı, şüurlu surətdə içki həvəskarı idi. Yeyib-içən oğlan idi – özünün təbirincə ifadə eləsək. Bunun ona əksər hallarda ziyanı dəyirdi. İçkili olduğuna görə bəzən çəkiliş təxirə salınırdı.

Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta baba rolunda ikən içkili olması, həmin şənliyin çəkiliş prosesini tamam əngəlləmişdi, bununla belə həmkarları, rejissorlar onu o qədər məhəbbətlə sevirdilər ki, güzəştə gedirdilər. Kimsə ona dərs vermək fikrinə belə düşmürdü ki, içmə, yaxud az iç. Buna Yaşar Nuri özü rəvac verməmişdi ki, kimsə bu cəsarətli addımı ata bilsin. Amma bu aludəçilik artdıqca öz izini, nəinki onun işində, səhhətində qoymağa başlayırdı. Səhhət əldən gedirdi.

İlk dəfə qaraciyərində yaranan problem ona yeni ciyər köçürülməsi ilə sonunclandı. Hamı belə başa düşdü ki, bu xəstəliyin sonudur, yəqin Yaşar Nuri qalan həyatını sağlam, içkisiz keçirər.

Onunla eyni vaxtda müğənni Baloğlan Əşrəfova da qaraciyər köçürülmüşdü. İkinci hələ də sağ-salamatdır. Yaşar Nuri isə heç bir çərçivəyə sığmayan insan olduğundan, həkimin verdiyi məsləhətlərin tam əksinə həyat tərzi seçdi, daha doğrusu, əvvəlki həyat tərzini davam etdirdi. Nəticədə, xalq artistimiz dörd il özü demiş, xəstəxanların fəxri sakininə çevrildi.

Haqqında dörd-beş dəfə ölüm xəbəri yayıldı. Kim idi bu xəbəri yayan, hardan qaynaqlanırdı belə xəbər? Bəlli deyildi. Bəlli olan o idi ki, aktyor, həqiqətən də, bu dörd ildə, əslində, çox ölübdirildi. Gah aparatın köməkliyi ilə, gah da onu sevənlərin sevgisi sayəsində həyata qayıdırdı, tam bərpa olunmaq isə mümkünsüzdü görünür.

Sonuncu görüşümü xatırlayıram Yaşar Nuri ilə. “Şöhrət ordeni” almışdı, səhəri gün özü Milli Dram Teatrının qarşısna gəlmişdi, əlində əsa. Teatrın qarşısındaca stul vermişdilər, əyləşib ona gələn təbrikləri qəbul edirdi.

Səhhəti ilə maraqlandım. Dedi ki, səkkiz dondurmanı birdən yediyi üçün bütün nəfəs yolları, o cümlədən, köçürülmə ciyəri soyuqlayıb. Adam bunu elə dedi ki, elə bil, qəhrəmanlıq edib, yəni ölümün özü onun üçün qorxulu deyildi. İnsan 60 yaşını qeyd etməyə hazırlaşırdı, amma daha çox 80-90 yaşlı adam təsiri bağışlayırdı, artıq o dünyaya hazır adam.

Həm də sabaha ümidi vardı, inanmırdı belə tezliklə bu dünya ilə vidalaşa bilər. Qəribədir, elə bilirdi ki, ölümə də meydan oxuya bilər.


Dörd dəfə ölüm xəbəri

“4 ildir bu xəstəliklə əlləşirəm. Amma yorulmaq olmaz, yorulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox... İkincisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səhnəyə çıxarkən alqışlanıram. Bilirsinizmi, səni növbəsiz mağazaya buraxarlar, qırmızı işıqda keçəsən bağışlayarlar, amma tamaşaçı sevgisini qazanmaq çox çətin məsələdir. Mən bu sevgini hiss edirəm. Teatrın açılışında mən salona daxil olanda o cür alqışlandım. Gəldim evə, amma yenə özümü səhnədə hiss edirdim. Mən bildim ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz yer verirlərsə, deməli tamaşaçı məhəbbətini qazanmısan. Özümə qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm.

Bəzən dost-tanışlarım məni danlayır, deyirlər: “Əşşi elədiyini eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib”. Bəzi dostlarım isə “Yaşar, bu yaşa qədər sən nələr eləməmisən, bəsdir də” – deyirlər. Deyirəm, yox bəs deyil, imkan olar işləyərəm, olmaz da ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki, səhnəyə çıxım və çıxacağam. Nəinki burada, hələ Musiqili Komediyada, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında da işlərim var”.

60 illiyi birtəhər xəstəlikdən imkan tapıb qeyd olundu. Dəfələrlə xəstəliyi səbəbindən təxirə salınmışdı. Yorulmadan çalışdığı səhnəyə hələ qayıdacağını, müxtəlif teatrlarda, müxtəlif obrazlar oynayacağını düşünürdü. Necə ki, Opera və Balet teatrında, Musiqili Komediyada, hətta Kukla Teatrının səhnəsində oynamışdı, yenə oynamaq arzusunda idi. Bu arzunu reallaşdırmaq üçün isə, ya iradəsi çatmırdı ki, səhhətini də qorusun, ya da… sadəcə, həm də nə isə istəmirdi.

2012-ci ilin noyabrında növbəti ölüm xəbəri düz oldu. Getdi bu dünyadan səhnəmizin Yaşar Nurisi, Nurlu Yaşarı, həmişə Yaşarı. Özündən sonra rolları, təbəssümü, bir də qəlblərdəki sevgisi qaldı. Bu gəlişi gözəl sözlər deyil, reallıqda belədir, hər birimizn içində bir Yaşar Nuri sevgisi var…




Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi