Modern.az

Xaricdəki gənc diaspor nümayəndələri Bakıya toplanacaq

Xaricdəki gənc diaspor nümayəndələri Bakıya toplanacaq

1 Fevral 2019, 21:31

2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində Diaspor Gənclərinin II Yay Düşərgəsinə qeydiyyat başlayıb. İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu xaricdəki gənc diaspor nümayəndələrini 8-14 iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir. Düşərgədə 18-29 yaş arasında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər.

 

Komitədən Modern.az-a verilən məlumata görə, düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlər təşkil olunacaq. Sonda iştirakçıların sertifikatla təltif olunması nəzərdə tutulur.

 

Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak xərcləri – viza, yol, yaşayış, qidalanma, daxili nəqliyyat və səyahət sığortası üçün bütün xərclər tam şəkildə qarşılanacaq.

 

İştirak etmək istəyənlər 30 mart 2019-cu il tarixinə qədər //www.diaspora.gov.az/qeydiyyat/ ünvanından qeydiyyatdan keçərək, lazımi sənədləri elektron formada təqdim etməlidir.

 

Qeydiyyat üçün lazım olan sənədlər bunlardır: ərizə forması; diaspor təşkilatı, ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri (səfirlik, konsulluq), digər qurumlar və ya şəxslər tərəfindən verilmiş imzalı, möhürlü tövsiyə məktubu; pasportun surəti.

 

Düşərgədə iştirak üçün müraciət etmiş şəxslərlə qeydiyyat müddəti bitdikdən sonra təşkilat komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər videomüsahibəyə dəvət ediləcək. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaq.

 

Qeyd edək ki, I Yay Düşərgəsində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir