Modern.az

Boloniya prosesinin Azərbaycan təhsil sistemində rolu

Boloniya prosesinin Azərbaycan təhsil sistemində rolu

Mədəni̇yyət

2 Dekabr 2011, 10:38

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
Belə bir gündə ölkə təhsilindən, onun örnək götürdüyü istiqamətlərdən danışmağı məqsədəuyğun sayaraq dünyada qəbul olunmuş, həmçinin, Azərbaycanın da qoşulduğu beynəlxalq prosesdən, Boloniya təhsil prosesindən qısa da olsa söhbət açmaq istərdim.

Hələ ötən əsrin sonlarında Avropa universitetlərinin biri-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın, elmi şəkildə işlənmiş və çoxillik təcrübələrin nəticəsinin göstəricisi kimi “təhsil arsenalının” üzərində intensiv işləməyə başlanmışdı.

Əslində prosesin rəsmi başlanğıcı 1999-cu il iyunun 19-dan hesablanır. Məhz, həmin tarixdə İtaliyanın Boloniya şəhərində Avropanın 29 ölkəsinin təhsil nazirlərinin iştirak etdiyi xüsusi konfransda  “Avropa Ali təhsil Məkanı” bəyannaməsi və ya “Boloniya Bəyannaməsi” qəbul olundu.

Bu o demək deyildi ki, digər dövlətlər bu prosesə qoşula bilməzlər. Sadəcə, bu prosesin təməlini qoyan dövlətlər Avropanın ən qabaqcıl təhsil göstəriciləri olan ölkələr idi. Boloniya sistemi digər ölkələr üçün də açıqdır.

Daha sonra hökümətlərarası görüşlər 2001-ci ildə Praqada, 2003-cü ildə Berlində, 2007-ci ildə Londonda keçirilmişdir. Hazırda Boloniya sistemi 50-yə yaxın ölkəni birləşdirir.

Boloniya sisteminin əsas məqsədləri 2010-cu ilə qədər aşağıdakılardan ibarət idi:

Avropa Ali təhsil Məkanının vətəndaşlarının işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirilməsində əsas istiqamətverici sistem kimi qurulması;

Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi;

Dünyada “Avropa Ali məktəbi”-nin nüfuzunun yüksəldilməsi;

Milli Ali təhsil sistemləri ilə uyğunlaşmağa və müqyisə olunmağa nail olmaq;

Sadə və müqyisə oluna biləcək diplomların, həmçinin, əlavə sertifikatların və ikipilləli təhsil sisteminin yaradılması;

Qabilliyyət qiymətləndirmə sisteminin daxil edilməsi. Hansı ki, Europian Credit Transfer Sytem ( ECTS ) adlanır.

Çevikliliyi, beynəlxalq rəqabətə davamlılığı və məşğulçuluq imkanını artırmaq;

Avropada ali təhsildə çərçivə şərtlərinin atraktivliyinin artırılması və təhsil ilə elmi tədqiqat şərtlərinin birləşdirilməsi, əsasən də doktorantura təhsilinin Boloniya prosesinə daxil edilməsi və s.

Sizləri də maraqlandıran Azərbaycansayağı Boloniya sistemi...

Dövlət universitetlərində mühazirə dəftərlərinin olması da tələbəyə əlavə bal qazandırır deyə onlar bütün mühazirələri yazmaq məcburiyyətində qalırlar. Halbuki, dərs vəsaitləri üçün elektron kitabxanalardan istifadə Boloniya sistemində geniş yayılmış üsullardandır.

Zənnimcə, Azərbaycan universitetlərində məsuliyyət daşıyan və savadlı, qabiliyyətli kadr yetişdirmək istəyən müəllim öz dərsini vicdanla deyir. Digər bir tərəfdən Boloniya sisteminin özəlliklərindən biridir ki, ali təhsil ocaqlarında yayılan rüşvət faktorunun qarşısının alınmasında müstəsna rol oynasın. Rüşvət təklif edən tərəfin məchul olduğunu nəzərə alaraq bu məsələyə səthi yanaşıram. Amma, bir məsələyə diqqət yetirmək lazımdır. Bu sistemdə ( əgər sistemin bütün qaydalarına əməl olunursa ) müəllim özü də tələbənin biliyini yaxşı və ya pis dərəcədə qiymətləndirməkdə maraqlıdır. Təsəvvür edin ki, əgər müəllim tələbəyə “0” bal, yəni “2” yazarsa ( əsas qiymətləndirmə zamanı ), onda əlavə vaxtlarda həmin tələbəyə yenidən dərs keçməlidir ki, o, yəni tələbə tədris olunan mövzuları mənimsəsin və yenidən imtahan verə bilsin. Əlavə dərslər üçün müəllimlərə “ikinci əlavə ödəniş” olunmadığından bu, məncə, müəllimlərin marağında olmaz.

Əslində bugünkü durumu bizləri qane etsədə, etməsə də, yerli “özəlliklərə” baxmayaraq Azərbaycan  Avropa təhsil sisteminə yaxınlaşmaq üçün gec-tez Boloniya sistemini tam tətbiq edə bilər və hər halda, bu, təhsilimizin gələcək inkişafı üçün zəmin yaradır.

Baba  YAŞAROĞLU
tələbə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir