Modern.az

Qahirədə Şeyxülislam niyə mükafatlandırıldı? - Prezidentin tolerantlıq siyasətinin İƏT-də əks-sədası

Qahirədə Şeyxülislam niyə mükafatlandırıldı? - Prezidentin tolerantlıq siyasətinin İƏT-də əks-sədası

7 Fevral 2019, 10:56

Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalında İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi olub. Mükafata layiq görülən beş görkəmli müsəlmanın sırasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də var.

Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Söhbət zamanı baş katib Şeyxülislamın müsəlman dünyasında oynadığı rola diqqət çəkib. Qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə ona rəğbət qazandırıb.

İƏT-in baş katibi bildirib ki, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəni yaxınlığı daha da sürətləndirdiyini deyən baş katib onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib. Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz olaraq qalacağını vurğulayıb.

Şeyxülislam A.Paşazadə İƏT-in müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, İƏT bu gün Azərbaycan üçün öz haqlı mövqeyini dünyaya çatdırılmasında və müsəlman aləmi ilə əlaqələrində etibarlı platformadır. 

Bu qurumda Azərbaycanın söz sahibi olması dövlətimizin müsəlman dövlətləri arasında hörmətinin bir subutudur.

 

1991-ci ilin dekabrında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq, İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilib. Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olmuşdu. Məhz həmin toplantıda Pakistan Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.


90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İKT-nın dəstəyi mühüm faktora çevrilmişdi
. Həmin dövrdə ölkəmizin mövqeyin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. 1991-ci ildən bu yana  Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşıb. Mərhum prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında İKT Zirvə görüşləri tarixində ilk dəfə “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul olunub. Zirvə toplantısında həmçinin BMT qətnamələrinin yerinə yetirilməsini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edilirdi.


Bü baxımdan QMİ sədrinin bilavasitə mövqeyi və nufuzu Azərbaycan üçün bu müstəvidə uğurlu siyasət aparmasına kömək edib.

 

Beynəlxaq münasibətlərin bu günkü mürəkkəb dairəsində, müsəlman ölkələrinin istər xristan, istərsə  də öz aralarında fikir ayrılıqlarının yaşandığı bir zamanda birləşdirici missiya ilə çıxış etmək son dərəcə böyük etimad və çevik siyasət tələb edir. Azərbaycan prezidentinin həmrəylik konsepsiyasının beynəlxalq platformanın aparıcı tezisinə çevrilməsində belə etimada malik fiqurun olması çox mühümdür.

QMİ sədrinin Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi tolerantlıq və multkulturalizm siyasətinin əsas prioritetlərini bu müstəviyə daşıması ölkəmizi dünyada dözümlülük nümunəsi olaraq təqdimatında əhəmiyyətli addım olub. Müxtəlif dinlər, məzhəblər arasında dostluq və birgəyaşayış modelinin yaxşı nümunəsini yaradan Azərbyacanın  malik olduğu bu platformanın dünyaya təbliği  üçün QMİ sədri öz səyini əsirgəmir.

 

Təəssüf ki, bu gün dünyada dini sloqanlarla silahlanmış müəyyən güclərin idarə etdiyi siyasət nəticəsində müxtəlif dinlərə sitayiş edən cəmiyyətlərdə düşmənçilik, dini sloqanların terrorun bir alətinə çevrilməsi acı reallığa çevrilib.

Uzağagedən siyasi maraqlarını təmin etmək üçün “sivilizasiyaların toqquşması” nəzəriyyəsini əldə bayraq kimi tutan  qüvvələr öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Bu günkü dünyada islam dininə qarşı təşkil olunan siyasi demarşlar, bu ülvi inamı çirkin terror ləkəsi ilə ləkələməyə çalışanların ifşa olunmasında, dünyaya barış və tolerantlıq ideyalarının aşılanmasında  tanınmış ruhanilərin mövqeyi çox mühüm əhəmiyyət daşıyır. Hazırda dünyanın aparıcı ölkələrinin ruhani liderləri artıq bu böhranların həlli üçün aparılan prosesin vacib detalına çevrilib. Keçirilən mötəbər dini tədbirlərin əsas diqqəti bəşəriyyətin qlobal problemlərinin həll yolunun tapılmasına yönəlir və siyasi prioritetlərin vacib elementini təşkil etməkdədir.

Bu baxımdan A.Paşazadənin sülhməramlı rolu, dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarğı dünyanın müxtəlif ruhani liderləri tərəfindən etiraf olunub. Təsadüfi deyil ki, Azərbaycana səfərə gələn bütün Rusiyanın patriarxı Kirill prezident İlham Əliyevlə görüşündə Şeyxülislamı Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində rolunu xüsusi qeyd edib.

QMİ-nin bu prosesdə aparıcı mövqeyə çıxması bu günkü dünyanın gerçək reallığından doğur. A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın dünyaya çatdırmaq istədiyi ülvi ideyaların reallaşmasına mühüm təsir göstərir.

Bu, həm də dünyada irqi, dini ziddiyyətlərin artdığı bir dövrdə Azərbaycanın bu ziddiyətlərin həlli üçün körpü rolunun önə çıxmasına şərait yaradır. İslam Əməkdaşlıq Təşkilatı  bu mənada  ölkəmizin sözünü eşidildiyi etibarlı tərəfdaş qurumdur.

A.SƏFƏRLİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir