Modern.az

Hekayələr

Hekayələr

9 Fevral 2019, 10:13

                                                                              Möcüzə

  Qədir birinci sinifə gedirdi. Yaşı altını ötsə də, hələ də onun çöhrəsində təbəssümdən əsər-əlamət yox idi. Lap körpəlikdən beləcə qaraqabaq idi. Valideynlərinin üz tutmadıqları məşhur psixoloq qalmamışdı, di gəl, heç bir faydası olmamışdı. Anasının məktəblə bağlı ümidi də boşa çıxmaqda olduğundan bu boyda gen dünyada özünə yer tapa bilmirdi. Atası da fərqində deyildi ki, haranın külünü başına tökə.

İki həftə olardı dərslərin başladığı. Növbəti dəfə məktəbdən evə qayıdan Qədirin çöhrəsi  payızda bahar ovqatına bələnmişdi, gözlərində Günəş şüalarının parlaqlığı vardı.  Möcüzə ortadaydı.  Xoşbəxtliyi göylərə bülənd olan ananın köksündən bədahətən alqış pöhrələndi:

-      Şükür sənə Tanrım! Allah bu məktəbi fikirləşənin atasına qəni-qəni rəhmət eləsin!

                                      

                                                                         “Nəzir qutusu”

 

Həyat yoldaşının keyliyindən cana yığılmışdı. Yenə də gödəkçəsinin düyməsini tikməmişdi. Bir həftəydi hər gün xatırlatmasına baxmayaraq düyməni yerinə bənd eləmək arvadının yadından çıxırdı. Bu, qətiyyən saymazyanalıqdan irəli gəlmirdi. Onun qabağında heç döşünə döyən kişilər belə at oynada bilməzdi, onda qala həyat yoldaşı. Sadəcə, bu huşsuzluq anadangəlməydi.

 

İşə tələsdiyindən həyat yoldaşına acıqlanmağa belə macal tapmadı. Hövsələsini bir təhər basıb bunu axşama saxladı. Gödəkçəsinin düyməsini tələm-tələsik arvadının yaxınlıqdakı “nəzir qutusu”nun üstünə tolazladı. Ər-arvad yarı zarafat, yarı ciddi bu gümüşü rəngdəki qutuya belə ad qoymuşdular. Məvacibindən özünə lazım olan qədər götürürək pulun qalanını həmişə bu qutunun içinə qoyardı. Aradabir işdənkənar sifarişi olanda da, qazancının çox hissəni oraya yerləşdirərdi. Bəxti gətirəndə lotereyada udduğu pulun da xeylisini həmin “nəzir qutusu”na  ötürərdi.

 

Gün ərzində işdə hikkəsindən özünə yer tapmayan Sərvər qaranəfəsə özünü evə çatdırdı. Zəngin düyməsini təzəcə basmışdı ki, bir əlində onun gödəkçəsini tutan həyat yoldaşı Gülnaz qapını açdı.

-      Gəl, yemək də, çay da hazırdır. Gödəkçənin düyməsini də tikmişəm. Düymələrdən birinin sapı da boşalmışdı, onu da bərkitdim.

Sərvər mat-məəttəl qalsa da, “nəzir qutusu”nun hikməti ortadaydı.

                              

 

                                                              Xəstəxanada tamaşa

  

Xəstəxanada əsl tamaşaydı. İnan, ən məşhur rejissorlar da bu səhnəyə ağzıaçıla bənd olardılar.

-      Əclafın biri, əclaf... Ağciyər yaramaz... Bəsdir, cücə kimi əsdiyin, kişi ol!  Yetər!

 

Pəhləvan cüssəli birisi dəhlizdəki güzgünün qabağında özünə divan tutmuşdu. Başına, üz-gözünə və sinəsinə döşədiyi şillə-qapaz saya gəlmirdi. Adamhürküdən gövdəsindən, şahə qalxan dalğalara bənzər sinəsindən və zırpı mancanağı andıran qollarından  bəlliydi, günün əksər hissəsində idman salonlarında özünə rəhmi gəlməyənlərdən idi.

       Ətrafına toplaşan kəslər, o cümlədən, himinə bənd olan əzizləri də ona yaxınlaşmağa cürət eləmirdilər. Nəhayət, əlacsız qalan tibb bacısı əl arabasını hürkə-hürkə də olsa, ona yaxınlaşdıraraq xəstəyə səsləndi:

-      Qardaş, cərrah bayaqdan sizi gözləyir e?! Zəhmət olmasa, arabaya əyləşin...

        Meyit rəngi alan xəstənin sanki dili tutulmuşdu. Çıxılmaz vəziyyətdəydi.  Elə bil, nə “hə”, nə də “yöx” deməyə heyi qalmamışdı.

 

Bu məqamda dəhlizin qapısının cırıltısı sakitliyi pozdu. Hamı o tərəfə qanrıldı, özünə rəhmi gəlməyən xəstə də. Əl arabasında sısqa bir gənc qadın əyləşmişdi.  Yəqinki, ayaq üstə olsaydı, əllə yüngülcə toxunsaydın, duruş gətirə bilməyərək mütləq yıxılardı. Məğrurdu, gözlərindəki ümid parıltısı məsafədən aydınca sezilirdi. Qadınların palatasından əməliyyat otağına aparılan həmin xəstə onlara yaxınlaşanda gözlənilmədən köhnə tanışlar kimi əlini bayaqdan özünü döyəcləyən xəstəyə uzadaraq nəzakətlə “gedək” dedi. Bayaqdan buna bəndmiş kimi o andaca kişini dəli bir ağlamaq tutdu. Acizanə şəkildə  arabasına əyləşdi.

 

Təkərli əl arabaları qoşalaşaraq cərrahiyyə otaqlarına sarı yön aldı.

 

Azad Müzəffərli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir