Modern.az

Media və şərab şəhərciyində Azərbaycan musiqisi - Moldova təəssüratları

Media və şərab şəhərciyində Azərbaycan musiqisi - Moldova təəssüratları

Reportaj

3 Dekabr 2011, 12:56


Yazıma bu haqda danışmaq və paralellər aparmaqla başlamaq istəməzdim. Amma lazım bildim... Moldovaya yollanmaq niyyətilə noyabrın 22-i səhər saatlarında “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul aviareysi ilə hərəkət edən təyyarəsinə minməli oldum. Oradan Kişinyova “Air Moldova” aviaşirkətinin təyyarəsi ilə uçdum. Qayıdan baş isə “Türk Hava Yolları”na məxsus uçağın sərnişini idim. Beləcə, Azərbaycan, Moldova və Türkiyənin təyyarələri və onlardakı xidmət səviyyəsi arasında müqayisə aparmaq imkanım yarandı. Əlqərəz, bizimkindən yox idi... 

Azərbaycanla Moldovanın inkişaf baxımdan fərqli cəhətlərini yada salmaq bəlkə də lüzumsuzdur. Amma istər-istəməz nəyəsə diqqət yetirməli olursan. İlk müqayisəm təyyarələrdən başladı. Özümü daha konfortlu ölkənin vətəndaşı hiss etdim. İnanın, bu hissi yaşamaq və ona uyğun hərəkət və davranışların nümayişi adama yetərincə üstünlük verir. Həmin üstünlük hissi məni səfər boyu bir an da yalnız buraxmadı.

Köhnə həyat,yeni mer və trolleybus

Üstün ölkənin vətəndaşı üst-üstə dörd saatlıq uçuşdan sonra Kişinyova çatdı. Hava limanında onu İqor Çervatyuk adlı şəxs qarşıladı. Danışığından anladım ki, İqor təkcə sürücü deyil. Ölkəsində baş verən bütün proseslərdən, xüsusən də siyasi məsələlərdən sadə vətəndaş üçün mükəmməl sayılacaq qədər məlumatlı idi. Tələsik danışığı ilə ucdantutma bütün siyasilər barədə oğru, quldur, mafioz kimi ifadələr işlətdikdən sonra qəfil toxunduğum mətləb onu sanki yuxudan ayıltdı. Sadəcə ölkədə bir dənə də olsa, fərli adamın olub-olmadığını soruşmuşdum və sualım kişini əməllicə tutmuşdu. Özünü düzəldərək Kişinyovun yeni merinin adını çəkdi. Amma mafiozların ona da maneçilik törətdiklərini ağız dolusu vurğuladı və tədricən əvvəlki yüksək tempinə qayıtmağı üstün tutdu. 
Kişinyov hava limanı şəhərin mərkəzi hissəsindən təxminən 30-35 kilometr aralıdır. Yol boyu qarşılaşdığım mənzərələri seyr edəndə gözümün önündə sovet dövründə çəkilmiş filmlərdəki görüntülər canlandı. Tədricən Bakımızın 1995-1997-ci illərdə olan vəziyyətinə bənzər nələrisə gördüm. Tezliklə inkişafın bizdəki 2000-ci ilin səviyyəsinə çatdığına şahidlik etdim. Bundan yuxarısı sadəcə mümkün deyildi. 
Kişinyovda bizdən fərqli olaraq küçələrdə trolleybuslar dolaşır. Həddən artıq köhnə görkəmlərinə rəğmən insanlara xidmət göstərməkdə davam edirlər. Hərçənd tamam yenilərilə də rastlaşmaq mümkündür. İqor ikincilərin Belarusdan 100 min dollara alındığını bildirdi. Tez-tez sıradan çıxaraq sərnişinləri yarı yolda qoymalarından, tıxac yaratmalarından gileyləndi və elə buna görə Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına az qala tərif səviyyəsinə qaldırdığı xoşagəlməz sözlərdən əsirgəmədi... Kişinin qeyri-adi ifadə tərzi qarşısında möhkəm gülmək istəyimi boğsam da, özümü azacıq gülümsəməkdən qurtara bilmədim. Trolleybuslar şəhərə gözəllik verir – deyərək söhbətimizin ciddiliyini qorumağa çalışdım. Xatırladım ki, bizdə bu nəqliyyat növünün canını tapşırmadığı vaxtlarda demək olar, hər yerə onunla gedirdik. Benzin iyini götürmədiyimdən valideynlərim üçün məni ora-bura trolleybusda aparmaq daha əziyyətsiz idi.
Yeni yaşantılar axtarırdım ki, avtomobil mehmanxananın qarşısında dayandı. Divardakı yerli dildə yazılmış “31 avqust 1989-cu il” lövhəsini oxumaq çətinlik yaratmadı. Bu, küçəninmi adıdır – sormaq istəyirdim ki, baxışlarımı izləyən İqor məni qabaqladı. Dedi ki, bu tarixdə Moldova SSR Ali Soveti dövlət dilinin statusu və latın əlifbasına keçidlə bağlı qərar çıxarıb. Sürücü “Kodru”da qalacağımı yada salanda ötəri mehmanxananın dörd ulduzluluğuna diqqət yetirdim. İçəri daxil olarkən qeyri-ixtiyari şəkildə sonuncu dəfə buradakı liftin bənzərinə nə vaxt mindiyimi düşündüm. Altıncı mərtəbənin foyesində də hər şeyin mənə cəmi 8 ilini yaşadığım quruluşu xatırlatdığını zənn etmişdim. Yol boyu eyni zamanda o dövrün yalnız oktyabryatı kimi pencəyimin yaxasından qırmızı ulduzu taxmaqla qürrələndiyim anları yada salmışdım. Sən demə, həmin vaxtın mehmanxanaları gördüyüm kimi imiş – döşəmə boyanmış parketlə, tavan yaxşı işlənmiş digər ağac məmulatı ilə örtülmüşdü. Otaqdakı telefon aparatına baxanda yadıma növbəlilik əsasında aldığımız evə telefon xəttinin çəkildiyi vaxtlar düşdü. Həmin qurğudan bizdə var idi. Çantamın içərisindəkiləri dolabda yerləşdirdikdən sonra vaxt itirmədən birinci mərtəbəyə düşməli idim ki, şam yeməyini qaçırmayım. Əlbəttə, şamdan sonrakı tədbiri də.

Bethoven violonçeldə və ya birinci Ştefanın məharəti

Kişinyovun arqan zalında bolqarıstanlı violonçel ustası Ştefan Papovun ifasında səslənəcək Bethoveni dinləmək üçün səbirsizlənirdim. “Kodru”dan oraya piyada məsafə 15 dəqiqə çəkdi. Yol boyu Moldovanın bir sıra dövlət binalarının yanından keçirdik. Bizə böyük həvəslə bələdçilik edən Moldova Mətbuat Şurasının baş katibi Petru Makoveyin tikililər barədə ətraflı məlumatları ölkənin yaxın tarixində baş verən hadisələrin üzərində cəmləşirdi. O, insanların 2009-cu ildəki kütləvi iğtişaşlar zamanı harada dayandıqları, hökumət qüvvələrinin onlara necə hücum çəkdikləri və sair məsələlər haqqında nə qədər desəniz danışdı. Tezliklə yol aldığımız məkana çatmağımız bu maraqlı söhbəti az-maz yarımçıq qoysa da, cənab Makoveyi sözün yaxşı mənasında susdurmaq mümkün deyildi. Zalım oğlu hər şeyi anlatmaq üçün dəridən-qabıqdan çıxırdı. Elə sürətlə danışırdı ki, sanki nəyisə ötürəcəyindən ehtiyatlanırdı. Yeri gəlmişkən, Petru İqorun azca təriflədiyi merdən yaxşı nə isə demədi. Hərçənd seçkilərdə ona səs verdiyini öncədən bildirmişdi. 
Kişinyovun arqan zalı Avropada ən yaxşılardandır. Ötən əsrin əvvəllərində tikilən bina ilk dəfə şəhər dumasının qərarı ilə dövlət bankı kimi istifadəyə verilib. Burada birinci konsert proqramı isə 1978-ci ildə baş tutub. Keçmiş SSRİ-nin musiqi həyatında böyük səs-küy doğurmuş bu hadisənin təsiri ilə ölkənin digər bölgələrində də arqan zallarının açılışı geniş vüsət alıb. Hazırda binada yerlilərlə yanaşı, İtaliyadan, Almaniyadan, Fransadan, İspaniyadan, Rumıniyadan, ABŞ-dan, Çexiyadan olan musiqiçilərin çıxışları böyük həvəs və coşğu ilə qarşılanmaqdadır. Bu baxımdan bolqarıstanlı Ştefan Papovun “Bethoven”i də xüsusi vurğulanmalı olay idi. Həm də ona görə ki, məhşur əsərlər başlıca olaraq skripka və pianoda deyil, ənənəvilikdən bir qədər uzaq şəkildə violonçeldə ifa olunurdu. Ağzına qədər dolmuş zalda isə səmiyyət coşğusu, əsl bayram ab-havası hökm sürürdü. Bitmək bilməyən sürəkli alqışlar ifaçıları azı beş-altı dəfə səhnəyə qayıtmağa məcbur etdi. Gözəl musiqinin təsirindən qurtulmağın mümkünsüz olduğuna görə salondan ayrılaraq yenidən hotelə tərəf yol aldıq. Sən demə “Kodru” yalnız mehmanxana deyilmiş. Bu adı eyni zamanda Kişinyovdan 5 kilometr aralıda yerləşən, paytaxt tabeliyindəki şəhər tipli qəsəbə də daşıyırmış. Doğrudur, səfərimin sonunda növbəti, belə demək mümkünsə, təyinatlı “Kodru”nu da tanıdım.

Moldova mediası, etik dəyərlər və prezidentsiz ölkə

Moldovaya gəlişimdən məqsəd postsovet ölkələrində medianın özünütənzimləməsi ilə bağlı qurumların nümayəndələrinin iştirakı ilə baş tutan konfransda iştirak idi. Başlıca müzakirə mövzusu şəxsi həyatın toxunulmazlığı və təqsirsizlik prezumpsiyası oldu. Tədbirin sonunda bunlarla əlaqədar yerli kütləvi informasiya vasitələri üçün tövsiyyələr hazırlandı. Görüş ölkənin Mətbuat Şurasının YUNESKO-nun maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində keçirilirdi. 
Toplantı üçün maraqlı format seçilmişdi. Əvvəlcə təşkilatçı qurumun prosedur qaydalara uyğun olaraq şikayətləri araşdırma təcrübəsi əyani nümayiş olundu. Sonra qonaqların çıxışları səsləndi. Azərbaycanla yanaşı, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan və Ermənistan təmsilçilərinin məruzələrində medianın özünütənzimləməsinin aktual tərəflərindən geniş bəhs olundu, müxtəlif praktik situasiyaların təhlili aparıldı. Məlum oldu ki, Sovetlər Birliyi məkanındakı media orqanlarının fəaliyyətində müəyyən oxşarlıqlar var. Ümumən bəzi nəzəri məsələlərdə də vahid fikir nümayişi gözə dəydi. Əsasən yeni media və sosial şəbəkələrlə bağlı diskussiyalarda isə Rumıniyadan olan ekspert İonna Avadaninin facebookla əlaqədar fikirləri xüsusi maraq doğurdu. Xanım Avadani bildirdi ki, facebookdakı müzakirə həmin diskussiyanı açan şəxsin ictimailik dərəcəsindən asılı olaraq eyni əhəmiyyət daşıya bilər. Hər kəs öz statusuna görə cavabdehdir. Statusda digər insanlar tərəfindən verilən şərhlərin məsuliyyəti həmin statusu müəyyənləşdirən şəxsə aid edilə bilməz. Bütün bunların və bir sıra təcrübələrin təhlili nəticəsində belə rəyə gəlindi ki, internet üzərindən yayımlanan medianın, eləcə də hüquqi baxımdan KİV olmayan portalların və sosial şəbəkələrin özünütənzimləmə obyektinə daxili zəruridir və bu prosesdə aidi qurumların səlahiyyət kateqoriyalarının qətiləşdirilməsinə, yerli etika kodekslərində yeni müvafiq bəndlərin təsbitinə ehtiyac var. 
Əlbəttə, Azərbaycanda media sahəsindəki vəziyyəti heç də tam normal saymaq olmaz. Amma bu da bir faktdır ki, ötən müddətdə ölkəmizdə KİV-lərin siyasiləşmə göstəricilərində geriləmələr, hadisə və proseslərə yanaşmalarında pozitiv tendensiyalar nəzərə çarpmaqdadır. Bu, bir tərəfdən ölkənin ictimai həyatının, ictimai qınağın təsiri ilə bağlıdır. Digər tərəfdən, fikrimcə, siyasi sistemdəki sabitlik də vurğulanmalıdır. Mövcud mühit əslində medianı kənar qüvvələrin təsirindən sığortalayır, cəmiyyəti qeyri-müəyyənliyə sürükləyən meylləri sıradan çıxarır. 
Moldovada vəziyyət fərqlidir. Fikrimi isbatlamaq üçün diqqətinizi bir neçə məqama çəkmək istərdim. Ölkədə jurnalistlərin kifayət qədər təkmil sayıla biləcək peşə davranışı qaydaları – Moldova Respublikası jurnalistlərinin deantaloji etika kodeksi mövcuddur. Sənəd KİV-lərin fəaliyyətinin ən müxtəlif situasiyalarına nüfuz etmək nöqteyi-nəzərdən qənaətbəxşdir. Ümumən hiss olunur ki, Qərb institutları, xüsusən də ABŞ media sahəsinə kifayət qədər investisiya yatırıb və həmin sərmayənin təyinatına uyğun mühit formalaşdıra bilib. Necə bir mühit, bu da maraqlı sualdır. Çünki Moldova Mətbuat Şurasının müzakirəyə çıxardığı şikayətlərin təbiətinə nəzər salanda KİV-lərin azadlığının cəmiyyətin məqbul qiymətləndirdiyi norma və prinsiplərə uyğunsuzluğu aşkar görünürdü. Əlbəttə, analoji problemlər digər postsovet ölkələri, o cümlədən, Azərbaycan üçün də xarakterik sayıla bilər. Amma burada tamam başqa, məxsusi cəhətlər diqqətdən yayınmır. Qərbin hələ də kommunizmin cəngində inləyən siyasi sistemi medianın əli ilə oyatmaq, çalxalandırmaq niyyəti aşkar duyulur. Müxtəlif layihələrin köməyi ilə KİV-lərin ilk baxışdan xaotik təsir bağışlamağa hesablanmış strukturu əslində heç də siyasi mühitdəki deqredasiyaya uyğun deyil. Mediadakı xaosda bir sistematiklik var və burada başlıca məqsəd vətəndaşlara demokratik dəyər kimi qəbul edilən söz və ifadə azadlığını loru desəm, təkcə qapıdan deyil, pəncərədən və bacadan da çatdırmaqdır. Bu vəziyyətdə media cəmiyyətə fundamental təsir göstərəcək mütərəqqi institut yox, vəhşi təbiətdəki çaqqal funksiyasını daşıyır. Zəif bildiyi hər nə varsa, üzərinə çox amansızcasına, total surətdə hücum çəkir. Əslində kommunizmə qarşı çıxmalı olan KİV-lər birinciyə batmağın çətinliyi səbəbindən “fövqəlmissiyalarına” arxalanaraq qarşılarına çıxan hər şeyə asanlıqla savaş açırlar. Yerli media fəaliyyət tərzi ilə moldovan cəmiyyətindəki tarixən formalaşmış dəyərlərə də az zərər yetirmir. Baxın, Mətbuat Şurası telekanalların birinin din xadiminə ünvanlanmış olduğu şokedici sualını və məsələ ilə bağlı yayımlandığı müvafiq kadrları müzakirəyə çıxarır (burada Mətbuat Şurası telekanallarla bağlı şikayətləri də araşdırmaq səlahiyyətinə malikdir). Kanalın müxbiri keşişə onun azyaşlı oğlan uşaqlarını seksual hərəkətə təhrik etməsinin əks olunduğu lent yazısının mövcudluğunu açıq-açığına bildirir... Şuranın araşdırdığı digər məsələlərin kökündə də oxşar aşağılayıcı motivlər yer alır. Doğrudur, qurum bütün bunların yolverilməzliyinə dair qərarlar çıxarır. Lakin belə xoşagəlməz hallarla birgə cəmiyyətə yeni əxlaq tərzinin sırındığı və o tərzin katalizatoru qismində çıxış edən mətbu özbaşınalığın, bu özbaşınalığın siyasi təlatümlər yaratmaq potensialının daha böyük məqsədin icrasına – Moldovanı Rusiyanın təsir dairəsindən çıxarmağa yönəldiyi məlumdur. Şübhəsiz, bunun üçün münasib zaman və şərait nəzərdən keçirilir. 
2009-cu ildən bəri Moldovada prezident yoxdur. Həmin il ölkədə keçirilmiş parlament seçkisindən sonra yaşanmış iğtişaşların əsas səbəbi “Bizim Moldova” alyansına qoşulan siyasi partiyaların seçkidə qalib gəldiyi bildirilən kommunistlərin qələbəsini tanımamaları olub. Hazırda vəziyyət elə gətirib ki, prezidenti seçmək üçün alyansa 61 səs lazımdır. Bu səsi isə ölkə parlamentində 48 mandatlı kommunistlərsiz əldə etmək mümkünsüzdür. Kommunistlərdən söz düşmüşkən, Moldovanın eks kommunist prezidenti Vladimir Varonin hazırda parlamentin deputatıdır. P.Makovey sözarası xalqın onu dövlət hesabına “təntənəli şəkildə” “dəfn etməyə” hazırlaşdığını dəfələrlə vurğulasa da, söhbətlərdən o da məlum oldu ki, “qoca qurd”un tərəfdarlarının mövqeləri heç də zəif deyil. Belədə moldovanların nə vaxt prezident seçəcəkləri qeyri-müəyyən qalır. Ölkədə keçirilən rəy sorğularının nəticələrinə görə isə insanların 80 faizi hesab edir ki, Moldovada prezident olsa, həyatları müsbətə doğru dəyişəcək.

“Enozis” mümkünsüzdür

Hətta bir vaxtlar Moldovanın Rumıniyaya birləşdiriliməsinin tərəfdarı kimi çıxış edən yunionistlər adlandırılan qüvvələr olub. Tarixdə onlara qarşı çıxan moldavanizm cərəyanı da fəaliyyət göstərib. XX əsrdə, konkret olaraq I Dünya Müharibəsi başa çatdıqdan sonra Translivaniyanın, Bessarabiyanın, Cənubi Dobruca və Bukovinanın Rumıniyanın tərkibinə daxil olması rumınların bir dövlətdə – Böyük Rumıniyada müvəffəqiyyətli “enozisi” üçün şanslar yaradırdı. Lakin bu təşəbbüs sonralar Almaniya və SSRİ-nin Şərqi Avropadakı siyasəti səbəbindən uğursuzluqla üzləşdi. Mövcud istiqamətdə növbəti cəhdlər 1989-cu ildə baş qaldırdı. SSRİ-nin süquta uğradığı vaxtda rumın yunionistlərini zəif salan cəhət həmin il Çauşevski rejiminin devrilməsi ilə əlaqədar ölkədə siyasi-iqtisadi böhranın yaşanması idi. 
Ölkəsi Avropa Birliyinə qəbul olmamışdan təxminən 6 ay öncə – 2006-cı ilin iyulunda Rumıniya prezidenti Trayan Basusku moldovalı həmkarı V.Varoninə quruma daxil olmaq üçün birləşməyi təklif etmiş, lakin ikinci buna razı olmamışdı. Hazırda sosioloji sorğular göstərir ki, Moldova cəmiyyətində birləşmə ideyasının tərəfdarları əhalinin yalnız 12 faizini təşkil edir. Əksəriyyət ölkəni müstəqil dövlət kimi görmək istəyir. Rumıniyada isə əksinə, əhalinin 44 faizi birləşmənin tərəfdarı, 28 faizi isə əleyhdarıdır. 
Moldova əhalisinin ümumi sayı 4 milyondan azca çoxdur. Separatçı Dnestryanı respublikanı saymasaq, bu rəqəm 3 milyon yarıma çatmır. Maraqlıdır ki, məhz Avropa Birliyi məkanında sərbəst hərəkət azadlığı əldə etmək üçün ölkədə Rumıniya vətəndaşlığını almaq istəyənlərin say göstəricisi 1 milyona yaxınlaşmaqdadır. Dostumuz Petrunun bildirdiyinə görə, bu məqsədlə 2009-cu ildə müvafiq quruma müraciət ünvanlayıb və yalnız indi məktubuna müsbət cavab ala bilib. Cənab Makoveylə bu mövzudakı söhbəti yekunlaşdırmışdıq ki, o, bir saatdan sonra hotelin giriş qapısında olmağımızı xahiş etdi. Planda Moldova mətbəxi ilə tanışlıq var idi. “Acasa la mama” restoranı bunun üçün ideal məkan idi. Onu da deyim ki, özünəməxsusluğu ilə seçilən Moldova mətbəxində yunan, türk, balkan, eləcə də Rusiya və Ukrayna mətbəxinin elementləri var. Milli yeməklərin hazırlanmasında tərəvəzlərdən geniş istifadə olunur. Mətbəxdə donuz ətinin yeri böyükdür. İçkilərə gəlincə, şərabın növlərini sadalamaqla qurtarmaq mümkün deyil. “Acasa la mama”dan sonra bizləri bu mənada daha böyük tanışlıq gözləyirdi. 

Milesti Micinin şərab  şəhərciyi, ikinci Ştefan və Azərbaycan musiqisi

Moldovada üzümçülüyün qədim tarixi var. Rəvayətlərdən birində deyilir ki, Qrodeşt qalasını türklərdən müdafiə edən moldovan döyüşçülərin qüvvəsi tamamilə tükənəndə leylək dimdiyində onlara üzüm gətirib. Elə həmin vaxtdan üzüm salxımı üzərində leylək üzümçülüyün başlıca simvoluna çevrilib. Hazırda üzümçülük və şərabçılıq Moldova iqtisadiyyatının mühüm tərkib hissəsidir. Ölkə ərazisi bu baxımdan 4 hissəyə bölünür ki, həmin yerlər təbii xüsusiyyətlərinə görə bir-birilərindən fərqlənirlər. 
Şərab istehsalı əsasən ölkənin müxtəlif bölgələrində yerləşən yeraltı şəhərciklərdə cəmləşib. Onların ən məhşurları Kojina, Braneşt, Purkar, Krikova və Kişinyovdan 15-20 kilometr aralıda yerləşən və qonağı olduğumuz Laloveni rayonunun məhşur Milesti Mici şəhərciyidir. Təsadüfə baxın ki, Moldovaya səfərimin əvvəlində olduğu kimi, sonunda da Ştefan adlı şəxslə qarşılaşırdım. Birincisi ahıl yaşlı musiqi xadimi, digəri gənc bələdçi – gid idi. Beləliklə Ştefan Milesti Micinin özəllikləri barədə geniş və maraqlı söhbətə başladı. Onun sözlərinə görə, uzunluq baxımdan 200 kilometrlə ölçülən yeraltı məbəd Avropada ən böyük şərab bazasıdır və Ginnesin Rekordlar Kitabına düşüb. Kombinatın qızıl kolleksiyasına 2 milyon butulka, 65 milyon litr şərab daxildir. Yerin altına doğru 85 metr dərinliyinədək uzanan şəhərcikdəki içkilər 1968-1991-ci illərin məhsullarından hazırlanıb. Ərazinin bəzi hissələrində nəqliyyatla hərəkət etmək mümkündür. Elə yerlər də var ki, istifadə olunmur. 
Şəhərcikdəki temperatur +12-14 dərəcədə saxlanıldığı halda rütubət 85-95 faiz arasında dəyişir. Ştefan yaradılan şəraitin Moldovanın strateji ehtiyatının saxlanılması baxımından əlverişliliyinə diqqət çəkərək şərabın yerli əhalinin tələbatından dəfələrlə artıq istehsal olunduğunu vurğuladı. Milesti Micinin digər xüsusiyyətləri barədə məlumat verən bələdçi bu məkanda dünyanın ən etibarlı seysmik mərkəzlərindən birinin yerləşdiyini bildirdi. Əlavə etdi ki, Yaponiyadakı sonuncu dəhşətli zəlzələdən yarım saat öncə həmin mərkəz belə bir olayın baş verəcəyi barədə xəbər verib. Zəlzələdən söz düşmüşkən, Moldovanın radiasiya təhlükəsindən zərər çəkmiş yaponlara yardımı məhz şərab olub. Təkcə ona görə yox ki, ölkənin bundan başqa yardım edəcək çox az resursu var. O səbəbdən ki, Milesti Micinin müəyyən şərab növləri insan bədənini şüalanmadan tamamilə qorumaq xüsusiyyətinə malikdir. 
Ucsuz-bucaqsız yeraltı şəhərciyin dolanbac küçələrini gəzdikcə dünyanın müxtəlif ölkələrinə məxsus şərab guşələri bir-birini əvəzləyirdi. Ştefan həmin guşələrin ayrı-ayrı dövlətlərin sifarişi əsasında hazırlandığını bildirərək xüsusən Çin hökumətinin məsələyə böyük önəm verdiyini dedi.
Söhbətləşə-söhbətləşə tədricən dequstasiya zalına çatırdıq. Şəhərcikdəki belə zalların sayı çoxdur. Onların bəzisi muzey kimi saxlanılır. Ştefan sovet liderlərinin bura ali rütbəli xarici qonaqları gətirdiklərindən də söhbət açdı. Nəhayət, bir az müasir, xeyli miqdarda qədim elementlərlə zəngin restorana çatdıq. Bura Milesti Micinin hazırda fəaliyyətdə olan dequstasiya zalı idi. Petru əvvəlcədən masanı sifariş vermişdi. Masalar menyunun tərkibinə görə müxtəlifdir. Menyu isə başlıca olaraq şərabın təklif olunan növlərinin çoxluğuna görə dəyişir. Təbii ki, aralarında qiymət fərqi də var. 
Növbə ilə yeddi növ şərabı sınaqdan keçirdikdən sonra qonaqlar onlardan yalnız ikisinin üzərində dayandılar – “Merlot” və “Kodru”. İkinci ad tanış gəldi. Bəli, bir saatdan sonra məni və Gürcüstandan olan təmsilçini Moldova hava limanından Vətənə yola salacaq sürücü bizi “Kodru”da, yəni hoteldə gözləyəcəkdi. Buna qədərsə səfərimə məntiqi yekun vuran bir hadisə yaşandı. 
Milesti Micinin musiqiçiləri masamıza yaxınlaşan zaman yerlilərdən fərqləndiyimizi duymuşdular. Buna görə də haradan təşrif buyurduğumuzu soruşdular ki, mənsub olduqlarımız bölgəyə uyğun musiqi ifa etsinlər. Təsadüfi oturma ardıcıllığımızla dilləndik – Rumıniya, Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Moldova. Əlində skripka tutmuş musiqiçi Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin şərəfinə Qafqaza aid musiqi səsləndirəcəyini bildirdi. Beləliklə Rumıniya musiqisindən sonra Yaqub Zurufçunun möhtəşəm ifası ilə ürəkləri riqqətə gətirən “Aman ayrılığ”ı səsləndi. Qafqaz bölgəsinə aid ikinci musiqi də bizə məxsus idi – bu dəfə “Qal sənə qurban” “canımı aldı”. Növbə rus mahnısının idi. Amma həmin mahnını nə mən eşitdim, nə də Qafqaz musiqisi altında səslənən iki musiqinin onlara məxsus olmamasından pəjmürdə vəziyyətə düşən Gürcüstan və Ermənistan nümayəndələri. Vətəndən uzaq yerdə yad ölkənin musiqiçisi tərəfindən səslənmiş Vətən mahnısı məni xəyallar aləminə aparmışdı. Musiqimizin böyüklüyünə yenidən şahidliyimin məhz bu şəraitə təsadüf edəcəyini ağlımdan keçirməzdim.



Əvəz RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı