Modern.az

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (III yazı)

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (III yazı)

Reportaj

3 Dekabr 2011, 23:22


1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində iqtidara Yeni Azərbaycan Partiyası gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən nazir və komitə sədrlərini dəyişib onları öz kadrları ilə əvəz etdi. Heydər Əliyevin dövründə yüksək post tutan məmurların bir qismi sonradan müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırıldı.
Sabiqlərdən bəziləri sonradan müxtəlif vəzifələrə təyinat ala bilsələr də, “vurulanların” bir qismi məmur kreslosundan birdəfəlik məhrum edildi. Yəqin ki, ictimai-siyasi prosesləri izləyən şəxslər mərhum prezident Heydər Əliyev dövründə yüksən vəzifələr tutan sabiq məmurları xatırlamamış olmazlar. Onları bir də yada salaq. Modern.az saytı sabiqlərin harada olmasını, nə iş gördüklərini araşdırmağa çalışıb. Beləliklə:

Sabiq mətbuat və informasiya naziri Sirus Təbrizli. Əslən Güney Azərbaycanın Təbriz şəhərindən olan S.Təbrizli mərhum prezident Heydər Əliyevə ən sadiq şəxslərdən idi. O, 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciətini birinci imzalayanlardan idi. S.Təbrizli həm də Yeni Azərbaycan Partiyasını yaradanlardan və qurumun sədr müavin postunu tutanlardan biri olub. Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya gəlib prezident seçiləndən sonra S.Təbrizlinin xidmətlərini mükafatsız qoymayıb.
1996-cı ildə o, mətbuat və informasiya naziri təyin olunub. Bununla yanaşı S.Təbrizli Milli Məclisin də deputatı idi. O, H.Əliyevin zamanında iki dəfə deputat seçilib – 1995 -2000 və 2000 – 2005-ci illərdə. Parlamentdə 13 saylı Nizami-Xətai seçki dairəsini təmsil edən S.Təbrizli həm də Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının sədri idi.
Heydər Əliyevin 19 aprel 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyini ləğv ediləndə S.Təbrizli də avtomatik olaraq nazir postundan kənarlaşdırıldı. Amma o, mərhum prezidentin ən yaxın adamlarından biri kimi deputat olaraq qalırdı.
Heydər Əliyevin vəfatından sonra hakim YAP-da digər “91-lər” kimi S.Təbrizli də gözdən düşdü. Əvvəlcə onu 2005-ci ildə keçirilən parlament seçkilərindən kənarda saxladılar.
2007-ci il martın 27-də isə YAP Siyasi Şurasının iclasında partiya sədrinin müavini, «91-lər»dən biri, sabiq mətbuat və informasiya naziri Sirus Təbrizli hakim partiyanın sıralarından xaric edildi. YAP Siyasi Şurası bu qərarı onunla əsaslandırdı ki, S.Təbrizli partiya nizamnaməsinin 6-cı maddəsinin müddəalarını kobud şəkildə pozub. O, partiya rəhbərliyinə qarşı səsləndirdiyi ittihamlara görə günahlandırılırdı.
S.Təbrizli hazırda təqaüddədir və aktiv ictimai-siyasi fəaliyyətlə məşğul deyil.

Sabiq müdafiə naziri Məmmədrəfi Məmmədov. Onu Azərbaycanda Heydər Əliyev hakimiyyətə gələndən sonra tanımaşa başladılar. 1993-cü il sentyabrın 2-də mərhum prezidentin fərmanı ilə Məmmədrəfi Məmmədov Azərbaycanın müdafiə naziri təyin edilib.
Əslən Quba rayonundan olan M.Məmmədov 1967-ci ildə Rusiyanın Tambov şəhərindəki Artilleriya məktəbini bitirərək leytenant rütbəsi alıb. 1973-cü ildə hərbi akademiyanı bitirib. 1982-1983-cü illərdə Orta Asiyada korpus komandirinin müavini vəzifəsini tutub. 1983-cü ildən Əfqanıstandakı Sovet Ordusnun korpuslarından birinin rəhbərliyində təmsil olunan M.Məmmədov 1986-cı ildə xidməti yerini dəyişib.
1989-cu ildə o, artıq Sovet Ordusunun general-mayoru idi. Heydər Əliyev tərəfindən Azərbaycana dəvət olunan və müdafiə naziri postuna əyləşdirilən Məmmədrəfi Məmmədov general-leytenat rütbəsinə layiq görülüb. Onun nazir olduğu dövrdə - 1994-cü ilin əvvəlində Milli Ordu Ağdam və Füzuli rayonunun xeyli kəndini erməni işğalndan azad edib. Eyni zamanda bu dövrdə ermənilərlə atəşkəs sazişi imzalanıb.
Lakin M.Məmmədovun nazir karyerası uzun müddət davam etməyib. Mərhum prezident Heydər Əliyevin 6 fevral 1995-ci il tarixli fərmanı ilə M.Məmmədov postundan uzaqlaşdırılıb. Və Azərbaycandan gedən sabiq nazi unuduldu. Deyilənə görə, hazırda Rusiyada yaşayır.

"Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti Hüseyn Hüseynov. O da Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xaricdən Azərbaycana dəvət olunan və yüksək posta təyin edilən sabiq məmurlardandır. 90-cı illərin ortalarınadək Özbəkistanda biznes şəbəkəsinə malik olan H.Hüseynov Azərbaycana gələndən sonra "Azəravtonəqliyyat" Dövlət Konsernin prezidenti vəzifəsini tutmağa başlayıb.
90-cı illərin sonlarında Azərbaycanda Nəqliyyat Nazirliyinin yaradılması məsələsi gündəmə gələndə hamı belə güman edirdi ki, bu qurumun rəhbərliyinə H.Hüseynov gətiriləcək. Mərhum prezident H.Əliyevin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi yaradılanda hakimiyyət daxilində də nəqliyyat naziri postuna ən real namizəd H.Hüseynov sayılırdı. O zaman Nəqliyyat Nazirliyinin yaradılması bir neçə il çəkdi. Nəhayət prezidentin 8 avqust 2002-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyinat gerçəkləşdirildi və bu posta Hüseyn Hüseynov deyil, həmin vaxt Dövlət Dəmir Yolunun rəisi olan Ziya Məmmədov gətirildi.
Prezidentin 27 iyun 2003-cü il tarixli fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni ləğv edildi. Bu fərmanla H.Hüseynov da "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti vəzifəsindən azad edildi. Və H.Hüseynov da bir sabiq məmur olaraq unuduldu.
İndi deyirlər o, Azərbaycandan xaricdədir.

Milli Elmlər Akademiyasının sabiq prezidenti Fərəməz Maqsudov. 1930-cu ildə Naxçıvan şəhərində anadan olan F.Maqsudov 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1976-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilib.
1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən “91-lər”dən biri də F.Maqsudov olub.
H.Əliyev hakimiyyətə gələndən sonra F.Maqsudov 1995-ci ildə 5 saylı Culfa seçki dairəsindən Milli Məclisə deputat seçilib.
1997-ci ildə Heydər Əliyev F.Maqsudovu Milli Elmlər Akademiyasının prezidenti təyin edib. F.Maqsudov 3 il Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.
Birinci çağırış (1995-2000) Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.
Xatırladaq ki, 2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. Həmin vaxt bu qanlı cinayətin tezliklə açılacağı ilə bağlı güc nazirliklərinin bəyanatları səslənsə də, bu günə kimi ortada nəticə yoxdur. 

A
zərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sabiq sədri Nizami Xudiyev. Əslən Naxçıvan MR-in Şahbuz rayonundan olan N.Xudiyev 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun folologiya fakultəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanıb.
1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) birinci prorektoru olan N.Xudiyev məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1994-cü ildə həmin universitetin rektoru təyin edilib.
Mərhum prezident Heydər Əliyev 1996-cı ilin sentyabr ayında N.Xudiyevi Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin sədri təyin edib.
Filologiya elmləri doktoru, professor N.Xudiyev AzTV-nin rəhbəri olmaqla yanaşı, həm də Milli Məclisin deputatı idi. O, Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1995-ci ildə Milli Məclisə deputat seçilib. 2000-ci ildə ikinci dəfə millət vəkili mandatına sahiblənən N.Xudiyev 2005-ci ildə üçüncü dəfə deputat seçilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurası və İdarə Heyətinin üzvü olan Nizami Xudiyev 10 il AzTV-yə rəhbərlik edib. Heydər Əliyevin vəfatından sonra N.Xudiyev də tutduğu postları tədricən itirməyə başlayıb. Milli Məclisdə 56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən N.Xudiyev 2006-cı ildə yeni prezident İlham Əliyevi tərəfindən AzTV-nin rəhbərliyindən uzaqlaşdırılıb. 2010-cu ildə isə YAP rəhbərliyi ona dördüncü dəfə deputat seçkisinə qatılmağa icazə verməyib. N.Xudiyev hazırda bir vaxtlar rektoru olduğu ADPU-da dərs deyir.

Sabiq mədəniyyət naziri Polad Bülbüloğlu. Heydər Əliyev iqtidarında nazir postu tutan Polad Bülbüloğlu əslində xeyli öncədən yüksək vəzifədə əyləşirdi.
1945-ci ildə Bakıda məşhur xanəndə Bülbülün ailəsində doğulan Polad Bülbüloğlu 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycanın Xalq artisti adına layiq görülüb.
O, 1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verib və Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb. O, Heydər Əliyev iqtidarına da nazir kimi daxil olub. Və 2006-cı ilədək mədəniyyət naziri işləyib.
Heydər Əliyev hakimiyyətdən getdikdən sonra Polad Bülbüloğlu vəzifəsindən azad olunub. 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasına səfiri göndərilib. O, hazırda da Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirir.

Mərkəzi Seçki Komissiyasının sabiq sədri Cəfər Vəliyev. 1930-cu ildə Bakı şəhərində anadan olan Cəfər Vəliyev 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1953-1960-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetində rəhbər vəzifələrdə, 1960-1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini, 1962-1971-ci illərdə Azərbacan SSR prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1979-1987-ci illərdə Azərbaycanın daxili işlər naziri, 1987-1992-ci illərdə Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri işləyib.
C.Vəliyev 1992-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri təyin olunub. Daha sonra o, elə bu vəzifə ilə də Heydər Əliyev iqtidarında təmsil olunub. Mərhum prezident Heydər Əliev onu 1999-cu ilədək Mərkəzi Seçki Komissiyasının sədri postunda saxlayıb. O, H.Əliyevin etimadını qazandığından postunda saxlanılıb. 
1999-cu ildə Heydər Əliyev Cəfər Vəliyevi MSK sədri postundan azad etsə də, başqa bir yüksək vəzifə ilə mükafatlandırıb: o, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. Daxili xidmət general-leytenantı C.Vəliyev İqtisad Məhkəməsinin rəhbərliyindən indiki prezident İlham Əliyevin vaxtında uzaqlaşıb.
2005-ci il dekabrın 16-da dövlət başçısı İlham Əliyev Azərbaycan İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyevi tutduğu vəzifədən azad edib. Bununla bağlı prezidentin imzaladığı sərəncamda bildirilib ki, C.Vəliyev öz ərizəsinə əsasən vəzifəsindən azad olunub.
Cəfər Vəliyev hazırda özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çlışır.

Sabiq daxili işlər naziri Vaqif Novruzov. O, Heydər Əliyev iqtidarında ən az müddətə nazir postu tutan məmurlardan biri olub. 1993-cü ilin iyununda Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətdən gedişi reallaşanda ölkəyə rəhbərliyi ələ alan mərhum Heydər Əliyev birinci növbədə güc sturturlarına öz kadrlarını yerləşdirib. Həmin il iyulun 7-də Vaqif Novruzov Azərbaycanın daxili işlər naziri təyin olunub. Amma V.Novruzovun nazir karyerası uzun çəkməyib. Belə ki, mərhum prezident 29 aprel 1994-cü il tarixində V.Novruzovu daxili işlər naziri vəzifəsindən kənarlaşdırıb.

Sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov. O da Heydər Əliyev iqtidarında nazir karyerası qısa olan sabiq məmurlardandır. 1944-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Ermənistan Respublikası) Şişqaya kəndində anadan olan N.İmranov 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı il oktyabrın 4-də Azərbaycan DTK sədrinin müavini təyin edilib. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin mart ayında Bakıya qayıdıb. 1993-cü ilin iyun ayında AXC hakimiyyətinin süqutu nəticəsində iqtidara Heydər Əliyev gəlib. Az bir müddət sonra, iyul ayının 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.
1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib.
O, həbsxanadan president İlham Əliyev tərəfindən buraxılıb. 2002-ci ildə prezident N.İmranovu əfv edilib.

Dövlət Gömrük Komitəsinin sabiq sədri Tahir Əliyev. Əslən Qubadlı rayonundan olan T.Əliyev 1971-1972-ci illərdə Mingəçevir şəhərində Politexnik Texnikumunda təhsil alıb. 1975-ci ildə Rusiyada daxili işlər orqanlarında işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
1988-ci ildə keçmiş Dağlıq qaramağ Muxtar Vilayəti Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib.
1991-ci ildə Azərbaycan Ali Sovetinə deputatı seçilib.
1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib.
1993-cü ildə Azərbaycanda Cəbhə hakimiyyəti yığılanda onu “baltalayanlardan” biri də T.Əliyev oldu. Görünür elə bu xidmətlərinə görə T.Əliyev Heydər Əliyev iqtidarında bir müddət yüksək post tutdu. Belə ki, Tahir Əliyev 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.
Hazırda ehtiyatda olan generaldır. İşsizdir.

Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev. 1951-ci ildə Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olan M.Əliyev 1973-cü ildə Moskva şəhəri Jdanov rayon Daxili İşlər İdarəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
1980-92-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.
1985-ci ildə Moskvada Ümumittifaq Hüquq İnstitutunu bitirib. Sonralar Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.
Heydər Əliyev iqtidara gələndən sonra, 1993-cü il noyabrın 6-da Məhrəəm əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Elə Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla M.Əliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
M.Əliyev düz 14 il Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyib. O, bu vəzifədən gedəndə Heydər Əliyev çoxdan vəfat etmişdi.
M.Əliyev 2007-ci il iyunun 27-də vəzifəsindən getməsilə bağlı raport yazıb. Məlumatlara görə, M.Əliyevin vəzifəsindən getməsi onun daxili işlər naziri Ramil Usubovla münasibətlərinin kəskinləşməsi nəticəsində baş verib.
2007-ci ildə M.Əliyev prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Tacikistandakı səfiri təyin olunub.
2011-ci il mayın 26-da prezident İlham Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.
Hazırda işsiz olan M.Əliyev mətbuata açıqlamalarında hakimiyyətdən vəzifə gözlədiyini gizlətməyib.

Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibov. Nadir Nəsibov Heydər Əliyev iqtidarında təmsil olunaraq yüksək post tutmuş sabiq məmurlardandır. O, 90-cı illərdə, 2000-ci ilin əvvəlində fəaliyyət göstərən Dövlət Əmlak Komitəsinin sədri vəzifəsini tutub.
Nadir Nəsibov hazırda Azərbaycan Basketbol Federasiyasının prezident postunu tutur. O, bu vəzifəyə 1999-cu ildə dekabr ayında seçilib.



Adəm Qorxmaz

***
Əlaqəli yazı:

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (I yazı)
//modern.az/articles/18770/1/

Heydər Əliyev iqtidarının nazirləri - sabiqlər… (II yazı)
//modern.az/articles/18989/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?