Modern.az

Gənclərin cəmiyyətdə öz yerini tapa bilməməsinin öz səbəbləri var

Gənclərin cəmiyyətdə öz yerini tapa bilməməsinin öz səbəbləri var

4 Dekabr 2011, 17:25

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..?
"Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”.
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Təhsil insanın cəmiyyətdə mövqe tutmağında mühüm amildir. İnsanın dünyagörüşünün formalaşması, müxtəlif situasiyalarda çıxış yolu tapması və s. məsələlərdə aldığı təhsilin bu və ya digər dərəcədə təsiri olur.

Bu gün Azərbaycan gənci təhsil almağa meyillidir. Bunu hər il ali məktəblərimizə qəbul olunanların statistikasından da görmək olar. Bu bir daha göstərir ki, insanlarımız biliyə yiyələnməyə həvəslidirlər. Ancaq bu kortəbii surətdə gedir.

Təhsil almaq, biliklərimizi gücləndirmək və inkişaf etdirmək çox yaxşıdır. Amma bu gün ali məktəbi bitirən hər bir gənc sonradan cəmiyyətdə özünü tapmaqda çətinlik çəkir. Bunun da əsas səbəbi gənclərin aldıqları təhsilə uyğun özlərinə iş tapa bilməmələridir. Gənclərin cəmiyyətdə öz yerini tapa bilməməsinin də öz səbəbləri var.

Ali məktəblərimizə daxil olan abituriyentlər heç də gələcəkdə işləmək istədikləri fakültələrə qəbul olmurlar. Çünki onların qarşısında bir məqsəd var: hər nə olursa olsun ali məktəbə daxil olub, diplom almaq. Nəticədə bu tələbə ali məktəbi bitirəndən sonra özünün yerini müəyyənləşdirməkdə çətinlik çəkir. Onun aldığı diplomun nə özünə, nə də dövlətinə xeyri olur. O zaman əvvəl dediyim fikri təkzib etməli oluram - Azərbaycan gənci təhsil almağa yox, universitetə girməyə meyillidir.

Ancaq bununla yanaşı məqsədlərinə çatmaq üçün təhsil alanlar da çoxdur. Onlar gələcəkdə hansı istiqamətdə gedəcəklərini əvvəlcədən müəyyənləşdirir, o istiqamətdə bütün biliklərini toplayır və ali məktəbə qəbul olurlar. Artıq bu tələbələrin cəmiyyətdəki yeri də məlumdur. Ona görə də onlar universiteti bitirən kimi ixtisaslarına uyğun iş tapırlar və belə gənclərin dövlətinə xeyri də çox olur. Deməli, Azərbaycan gəncləri arasında təhsil almağa meyilli olanlar da var.

Üçüncü tip tələbələr də var ki, onlar təhsilə meyillidirlər, biliyə yiyələnmək üçün əllərindən gələn hər şeyi edirlər. Gələcəkdə özlərini görmək istədikləri iş yerinə uyğun da fakültədə təhsil alırlar. Ancaq onlar universitet həyatı başa çatdıqdan sonra özlərinə iş tapmaqda çətinlik çəkirlər. Yəqin hər birimiz gənclərdən tez-tez eşidirik: “Təəssüf ki, hələ özümə iş tapa bilməmişəm”.
Bu tələbənin cəmiyyətdə mövqeyi və yeri məlumdur, Azərbaycanın da inkişafında böyük xidmətləri ola bilər. Lakin o hələ öz yerini tapa bilməyib. İş yerlərinin azlığı və ya o sahədə daha çox kadrların olması və s. həmin tələbənin özünün perspektivlərini üzə çıxarmasında əngəllər yaradır.

Və ya tələbə işləmək üçün müraciət etdikdə ondan ilk növbədə diplom yox, təcrübə soruşulur.

“Harada işləmisiniz? Etdikləriniz barədə nə deyə bilərsiniz? Yox, təcrübəniz azdır, ona görə sizi işə götürə bilmərik” - bunu universiteti yeni bitirib iş tapmaq ümidilə müxtəlif müəssisələrə müraciət edən tələbələr eşidir. Elə mən özüm də belə hadisələri yaşamışam.

Lakin gənclərimizin işlə təmin olunmaları üçün də dövlətimiz bir sıra layihələr həyata keçirir. Son olaraq buna misal cənab prezidentin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını göstərə bilərəm. Burada gənclərə dəstək olmaq üçün bir sıra tədbir planlarının həyata keçirilməsi ilə yanaşı, ali məktəbləri bitirən tələbələrə yardım etmək də nəzərdə tutulur. Bu, universiteti bitirən tələbələrin, gənclərin işlə təmin olunması baxımından da önəmli məsələdir. Sönmüş ümidlərin yenidən alovlanmasıdır. Ümidvaram ki, bir vaxtlar bizim üzləşdiyimiz problemlərlə yeni məzun olacaqlar gənclər üzləşməyəcək və onların Azərbaycan dövləti üçün faydaları, dövlətin inkişafında xidmətləri böyük olacaq.

Aytən Əliyeva
Bakı Slavyan Universiteti, publisistik jurnalistika, magistr

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir