Modern.az

Ombudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüb

Ombudsmanın nümayəndələri Qənimət Zahidlə görüşüb

14 Dekabr 2009, 18:46

İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə və vərəm xəstəliyi olan məhkumlar üçün nəzərdə tutulmuş 3 saylı İxtisaslaşdırılmış müalicə müəssisələrində olub, məhkumlarla görüşüb, onların vəziyyətini öyrəniblər.

Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüblər. O, saxlanma şəraitindən, müəssisə əməkdaşları tərəfindən ona qarşı rəftardan şikayətinin olmadığını, ailə üzvləri və vəkili ilə müntəzəm görüşdüyünü söyləyib, vəziyyəti ilə maraqlandığına görə Ombudsmana minnətdarlığını bildirib. Q.Zahid eyni zamanda səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülməsində Ombudsmanın ona yardımçı olmasını xahiş edib. Qeyd edilənləri nəzərə alaraq, Ombudsman Q.Zahidin Müalicə müəssisəsinə köçürülməsi ilə bağlı Ədliyyə nazirliyinin Baş Səhiyyə İdarəsinə müraciət edib. Aparatın əməkdaşları həmçinin 3 saylı İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla da görüşüb, onun vəziyyətinin Müvəkkilin daim nəzarətində olduğunu bildirib. M.Hüseynov buradakı şəraitdən və onunla rəftardan narazı olmadığını qeyd edib. O, artıq müalicəsinin müsbətə doğru davam etdiyini, son rentgen müayinələrinə əsasən irəliləyiş olduğunu söyləyib, ona diqqət göstərdiyinə görə Müvəkkilə təşəkkür edib. M.Hüseynov əfv olunması ilə əlaqədar müvafiq vəsatət qaldırılması üçün yaxın vaxtlarda Ombudsmana müraciət edəcəyini bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi