Modern.az

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”

17 Fevral 2019, 13:03

Modern. az saytı olaraq vaxtaşırı   ucqar kəndlərimizdə  müəllim kimi işləməyə başlayan gəncləri oxuculara təqdim edirik.

Növbəti ucqar kənd müəllimlərimizdən biri Səidə Vahabovadır.

Səidə Vahabova 1985-ci ildə Qərbi Azərbaycanda anadan olsa da, Bakıda böyüyüb. Orta və ali təhsilini də Bakıda alıb.

2003-cü ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsinə daxil olub, 2007-ci ildə oranı bitirən Səidə Vahabova deyir ki, bir neçə il müəllimlik peşəsindən uzaq düşüb.

 

Müəllimliyi mühasibatlığa niyə dəyişdi?!

 

“İlk dəfə müəllim kimi Azərbaycan Pedaqoji Universitetində işə başlamışam. 2008-2010-cu illərdə adıçəkilən universitetdən şəxsi istəyimlə ayrılmalı oldum.Bu da səbəbsiz deyildi. Həmin vaxtda daha yüksək əmək haqqı olan iş təklifi gəlmişdi. Əmək haqqının yüksək olması müəllimlik peşəmi yarımçıq qoymağıma səbəb oldu. 5 il özəl şirkətlərin birində mühasibatçı işləmişəm”.

 

“52 bal topladım”

 

Səidə Vahabova bildirib ki, müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayıb.

“5 il mühasibat sahəsində çalışandan sonra öz peşəmlə məşğul olmaq istədim. Təbii ki, müəllimlərin işə qəbulu imtahanından xəbərim vardı və bu imtahanın  keçirilməsi bir növ məni daha da həvəsləndirdi. Beləliklə 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanına qatılmaq qərarına gəldim. 52 bal topladım. 2018-c ilin sonlarından Qusarın Aşağı Ləyən kənd orta məktəbində riyaziyyat müəllimi kimi işləməyə başladım”.

 

“Peşəmin vurğunuyam”

 

Qəhrəmanımız   ailəsini, övladını  Bakıda qoyub məsafəcə uzaq  kəndə gəlməsinə peşman olmadığını da söyləyib.

 “Ailəliyəm. Övladlarım var. Həyat yoldaşım ilk gündən qərarımın arxasında durub və mənə dəstək olub. Azyaşlı övladımı Bakıda qoyub ucqar kəndə gəlmişəm. Buna peşman deyiləm. Çünki ən əsası ailəm tərəfindən mənə böyük dəstək var. İşimin və peşəmin vurğunuyam. Qusarda qardaşımla kirayədə qalıram”

 

“Müəllimlik peşəsinin uca olduğunu gördüm”

 

Gənc müəllimin sözlərinə görə, ilk vaxtlarda peşəsinin gözəlliyini anlamayıb.

“Universiteti bitirən ili bölgələrə təyinat vardı. Ancaq bu təyinatdan imtina etmişəm. Müxtəlif sahələrdə çalışsam da, müəllim peşəsindən gözəl peşənin olmadığını özüm üçün müəyyənləşdirmişəm. Universiteti bitirdiyim ilk illərdə bu peşənin gözəlliyini anlamamışdım. Ulu öndər Heydər Əliyevin gözəl sözü var. “Müəllimlikdən uca peşə görmürəm”. Zamanla müəllimlik peşəsinin uca olduğunu gördüm”.

 

“İşimi sevə-sevə icra edirəm”

 

Səidə Vahabova  ucqar kənddə müəllim işləməyin heç də asan olmadığını söyləyib.

“Kənd yeri ilə şəhəri müqayisə etmək olmaz. Çünki kənd mühitinin öz çətinlikləri var. Qış aylarında qaz, işığın olmaması, yollarda yaranan problemlər və sairə... Qusarın iqlimi daha sərtdir. Bütün bunlara baxmayaraq,  işimi sevə-sevə icra edirəm. İnsanları da çox yaxşıdır. Bildiyiniz kimi Qusarda ləzgi xalqları üstünlük təşkil edir. Soyuqqanlı xalq olsalar da, onlardan ancaq hörmət və sevgi görürəm.

Mən qusarlılar üçün uzaq məmləkətdən gəlmiş biriyəm. Ev sahibi ara-sıra bişirdiyi yeməklərdən mənə də verir”.

 

“Kompensasiya verilməsi çox yaxşıdı”

 

Sonda gənc müəllim olan Səidə Vahabova Təhsil Nazirliyinə təşəkkür də edib.

“Müəllimlərin işə qəbulu imtahanının maraqlı tərəfləri çoxdur. Kimsə daha rüşvət verib müəllim olmur. Şərait yaradılır hər kəs öz bilik və bacarığını nümayiş etdirir. Təhsil Nazirliyinin ucqar kənddə işləyən müəllimlərə əmək haqqından əlavə, kompensasiya verməsi təqdirəlayiq addımdır. Düşünürəm ki, nazirlik ucqar kənd müəllimləri üçün daha fərqli və yeni işlər  həyata keçirsə daha yaxşı olar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı