Modern.az

Rüstəm İbrahimbəyovun “İkinci bahar”ı - FOTOLAR

Rüstəm İbrahimbəyovun “İkinci bahar”ı - FOTOLAR

Reportaj

18 İyul 2013, 09:22

Gərək ki, bunu Anadolu türkləri deyirlər: “Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Ona görə də ikinci bahar yeni bir şansdır və o böyük bir xoşbəxtliyə çevrilə bilər”. 

Bəli, müşahidələr də göstərir ki, “ikinci bahar” adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...
 

Modern.az saytının “İkinci bahar” rubrikasında tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır. Ən çox da ikincidən...

Rüstəm İbrahimbəyov ki, yazıçı, kinossenarist, prodüser, kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı olmaqla yanaşı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 74 yaşlı rəhbəri indi həmdə müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın 2013-cü il üçün prezidentliyə vahid namizədidir.


Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib.

Həm Bakı, həm də Moskvada yaşayan R.İbrahimbəyov iki dəfə rəsmi nikahda olub. Hər evlilikdən onun bir övladı doğulub – oğlu və qızı...

Qeyd edək ki, bəzi vaxtlarda əleyhdarları R.İbrahimbəyova qarşı müxtəlif qadınlarla vətəndaş nikahında olmaq iddiası irəli sürüblər, lakin bu faktlar təsdiq olunmayıb və kinodramaturqun özü də həmin iddiaları rədd edib.
 
Birinci evlilik və...


Onun birinci həyat yoldaşı 1941-ci il təvəlldülü Şöhrət İbrahimbəyovadır. 31 mart 1972-ci ildə bu evlilikdən İbrahimbəyovların oğlu Fuad dünyaya gəlib.

Fuad İbrahimbəyov Rusiyada yaşayan ssenarist-rejissordur. “Mən azərbaycanlıyam, həmişə azərbaycalı olmuşam və azərbaycanlı da olaraq qalacam” deyən F.İbrahimbəyov Azərbaycanı çox sevdiyini, ara-sıra Bakıya gəlib-getdiyini gizlətmir. 

O, Moskva Dövlət Universitetin Jurnalistika fakültəsini bitirib. Bundan sonra ABŞ-ın Los-Anceles şəhərində kollecdə təhsil alıb. Daha sonra Cənubi Kaliforniya Universitetində kino məktəbini bitirərək, rejissor ixtisasına yiyələnib. 90-cı illəırin ortalarında Moskvaya qayıdıb. Rusiyada istehsal olunmuş bir neçə filmin ssenari müəllifi və quruluşçu rejissorudur. Və çəkdiyi bir sıra filmlərlə Rusiyada məşhurlaşmağı bacarıb. 


”Təkcə Rusiya kinosunda deyil, digər ölkələrdə də atama böyük məhəbbət və hörmətlə yanaşırlar. Əlbəttə, bunun mənə müəyyən köməyi var”-deyə F.İbrahimbəyov atası Rüstəm İbrahimbəyov haqqında danışarkən bildirib. Amma eyni zamanda deyir ki, əgər kino çəkmək və ya ssenari yazmaq istetadı olmasaydı heç bir soyad, heç bir ata onu xilas edə bilməzdi.

Bir müddət öncə Moskvanın “Samokat” kinoteatrında Fuad İbrahimbəyovun quruluşçu rejissoru olduğu “Mövsümün ikonu” filminin premyerası keçirilib. Oğlunun ekran əsərinin premyerasında Rüstəm İbrahiməyov da iştirak edib və onunla birgə şəkil də çəkdirib. 

Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova Moskvada yaşayır. 

"İkinci bahar”

Rüstəm İbrahimbəyov ikinci evliliyini S.Vurğun adına Rus Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya ilə gerçəkləşdirib. 1944-cü il təvəllüdlü Lyudmila xanım 1963-cü ildən ta bu günə kimi Bakıdakı Rus Dram Teatrının aktrisasıdır. 


O, bu teatrda klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaradıb, bir neçə Azərbaycan filminə çəkilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Lyudmila Duxovnaya hazırda da Bakıda yaşayır.

Rüstəm İbrahimbəyovun Lyudmila Duxovnayadan bir qızı doğulub – 1974-cü il təvəllüdlü Fatimə İbrahimbəyova. 

F.İbrahimbəyova Rusiyada Dövlət Kinematoqrafiya İnstitutunu bitirib, bir müddət “Azərbaycanfilm”də işləyib və hazırda həyat yoldaşı və 3 oğlu ilə Azərbaycandan kənarda yaşayır. Özünün deməyinə görə, ərinin işi ilə əlaqədar Türkiyəyə köçməyə məcbur olub.

Bir müddət öncə R.İbrahimbəyovun ad günündə Modern.az-a açıqlama verən Fatimə xanım “Mən atamla fəxr edirəm”, – deyə bildirmişdi. Son vaxtlar Rüstəm İbrahimbəyova qarşı siyasi təzyiqlərin artmasından narazı qaldığını gizlətməyən Fatimə İbrahimbəyova bu barədə mövqeynin bəlli olduğunu, atasının tərəfində dayandığını qeyd edərək, əlavə fikir bildirməyə ehtiyac duymamışdı.

Fatimə İbrahimbəyova üç filmə çəkilib: “Cəhd edən adam” (Azərbaycan, 1998), “Etimad telefonu” (Rusiya-Azərbaycan, 2001), “Kabusun gözləriylə” (Azərbaycan-Fransa, 2011). O, həm də bir qısametrajlı filmin müəllifidir. 

O, daim Azərbaycana bağlı olduğunu belə ifadə edib:

”Bakı, Azərbaycan mənim vətənimdi və onu sevirəm. Mən 18 yaşına qədər Bakıda böyümüşəm. 6-cı sinifə qədər Bülbül adına Musiqi Məktəbdə oxuduqdan sonra, 189 nömrəli məktəbə keçdim və orada məktəbi bitirdim. Sonra isə Xarici Dillər İnstitutunda oxudum…
Hə, mən vətənimi tərk etdim. Lakin bu zərrə qədər xalqıma və vətənimə sevgini azaltmayıb. Yaşım artdıqca ölkəmin mədəni həyatında daha çox iştirak etməyə çalışıram. Allah qoysa, hər şey alınacaq. Bakıda ən sevdiyim yer mənim böyüdüyüm və hazırda anamın yaşadığı “Monolit” evidir. Abşeronda isə ən sevdiyim yer xoş xatirələrimlə bağlı olan Nardaran qəsəbəsində yerləşən bağımız-mülkümüzdür”. 

Fatimə İbrahimbəyova atası haqqında böyük sevgiylə danışır:

“Atam həmişə mənim üçün kumir olub. O, məni aktyorluğa deyil, rejissorluq fakültəsinə daxil olmağa inandırdı. Hazirda onun sayəsində bir deyil, iki sənətim var”. 

Onun anası haqqında fikirləri də maraqlıdır: “Mənim anam da mənim kimidir. Hesab edirəm ki, anam gözəl görünür. Onlar həmişə cavandırlar. Anam uşaq kimidir. Mən onu zarafatca “qızım” deyə çağırıram. Bir dəfə yanına gedəndə gördüm ki, onun yanına Rus Dram Teatrının gənc artistləri qonaq gəlib. Onlar anamla öz həmyaşıdları kimi danışırdılar. Söylədim ki, “ana, niyə səninlə belə danışmalarına icazə verirsən? Hər halda xalq artistisən. Onlar sənə böyük hörmətlə yanaşmalı və danışmalıdırlar”. O isə cavab verdi ki, “xahiş edirəm, bunlar hamısı boş şeydir”.

“Bəs sizi uşaqlıqda atanızla ananızın ayrı yaşaması incitmirdi” sualına cavabında Fatimə İbrahimbəyova valideynlərinə belə bəraət qazandırıb:


”Atam həmişə səfərdə olduğuna görə bunu hiss etmirdim. Bakıda olanda həmişə evdə bizimlə olurdu. Bir ailəsi Moskvada idi, bir ailəsi də Bakıda. Buna görə atam Moskvada olanda bu, mənim üçün onun işlədiyi və deməli məşğul olduğu demək idi. Bakıda olanda isə o, evdə idi. Və mən uzun müddət bu barədə fikiləşmirdim. Mənim elə coşqun uşaqlığım keçmişdi, o qədər işlərim olurdu ki, bu barədə fikirləşməyə vaxt olmurdu. Mən təbii ki, onun üçün darıxırdım. Lakin o, həmişə iki şəhərdə yaşayırdı. Hələ də belə yaşamağa davam edir. 
Ələbəttə, yaşım arttıqca bəzən atamla birlikdə az vaxt keçirdiyim barədə fikirlər yaranırdı. Lakin atam mənim üçün sanki bir ilahi idi. Mən onu heç vaxt mühakimə etməyə, tənqid etməyə çalışmamışam. Çünki mən onu dahi insan hesab edirəm və o nə edirsə, necə edirsə, doğru hesab edirəm. Onu mühakimə etmək mənim işim deyil. Atam həyat boyu mənə nə verməli idisə, verib. Hər şeyi. Həm sevgi, həm xoşbəxt uşaqlıq, həm maddi dəstək, həm təhsil və elementar olaraq maşın və ev. İlk növbədə isə öz soyadını verib. 
Bu mənada atam demək olar fantastik insandı. Və mənim üçün ondan yaxşı, dahi və əla insan yoxdur”.    

R.İbrahimbəyovun ikinci həyat yoldaşı Lyudmila Duxovnaya ailəsini, qızını və nəvələrini çox sevdiyini, eyni zamanda sənətinə vurğun olduğunu deyir. O, peşəkar aktrisa kimi formalaşmağında Rüstəm İbrahimbəyova minnətdar olduğunu qeyd edib. 

"Mən onunla ilk dəfə görüşəndə artıq kifayət qədər tanınmış aktrisa idim. Amma məhz Rüstəm mənə bu sənətin əsl sirlərinə yiyələnməyi, əsl mənasını dərk etməyi öyrətdi"....          


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir