Modern.az

Xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ASANLAŞIR

Xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli ASANLAŞIR

19 Fevral 2019, 11:07

Hazırda milyonlarla azərbaycanlı ölkə sərhədlərindən kənarda yaşayır. Onların çətinlik və problemləri daim Azərbaycan dövlətinin diqqət mərkəzindədiк. Xaricdə yaşayan azərbaycanlıların işləmək və oxumaq imkanları, həyat keyfiyyətləri, şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasında olması, ikili vətəndaşlıq məsələləri, viza və digər problemlərinin həlli ilə bağlı daim təhlillər aparılır, tədbirlər görülür. Soydaşlarımızın daha rahat və firavan yaşaması, onların yaşadıqları cəmiyyətə yaxından inteqrasiya olunması, eyni zamanda milli kimliyinin qorunması kimi məsələlər dövlətimizin əsas hədəflərindəndir.  Bütün bunlar Azərbaycan diasporu üçün də orta və uzun vədəli hədəflər müyyən edir, soydaşlarımızın yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmaları, təşkilatlanmaları üçün dərin və düşünülmüş  siyasət həyata keçirir.


Bu günlərdə xaricdə yaşayan azərbaycanlıların  hüquq və qanuni mənafelərinin daha etibarlı müdafiəsi  istiqamətində daha bir önəmli addım atıldı. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması xaricdə yaşayan azərbaycanlılar üçün maraqlı və mühüm bir yenilikdir.


Memoranduma əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda səyyar formada, habelə xaricdə yaşayan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsi də mümkün olacaqdır. Xüsusilə, ölkəmizə gəlmək istəyən xarici vətəndaşlar üçün rahat viza əldə etmək, konsulluq xidmətləri və s. imkanları yaradılır. Nəzərdə tutulan əməkdaşlıq sayəsində, hər hansı soydaşımız ölkəmizə gəlmədən, heç bir zaman və xərc sərf etmədən, lazım olan sənədləri əldə edə biləcək.


Eyni zamanda, memorandumun imzalanması gələcəkdə Türkiyədə müvafiq sənədləri olmadan, qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşlarına kömək üçün də olduqca önəmlidir. Başqa sözlə desək, bu memorandum, Dövlət Komitəsi tərəfindən bir müddət əvvəldən başlanılmış fəaliyyətin daha real nəticələrə gətirib çıxarması üçün bir təkan verəcəkdir. Xatırladaq ki, 1990-cı illərin əvvəl­lərin­də Türkiyəyə köçən və şəxsiyyətlərini təsdiq edən  sənədlərinin etibarlılıq müddəti bitən,  Türkiyə vətəndaşlığı ala bilməyən onlarla azərbaycanlı hazırda təhsil və sə­hiy­yə hüququndan məhrumdur. Bu şəxslər, eyni zamanda nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikası Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi artıq bu problemin həlli üçün birgə işləməyə başlayıb.


 Bütün bunlar belə deməyə əsas verir ki, xaricdə yaşayan azərbaycanlıların problem və çətinliklərinin həlli mərhələ-mərhələ həyata keçirilməyə başlayıb. Ümid edirik ki, Dövlət Komitəsi ilə “ASAN xidmət” arasında imzalanmış memorandum xaricdə yaşayan soydaşlarımızın da işlərini asanlaşdıracaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər