Modern.az

Mahnısı dünya türklərinin himninə çevrilən SƏNƏTKAR

Mahnısı dünya türklərinin himninə çevrilən SƏNƏTKAR

22 Fevral 2019, 16:54

“Rauf Məmmədov mənim ən çox bəyəndiyim, sənətinə və şəxsiyyətinə dəyər verdiyim bəstəkarlardandır. Əsasən, xalq musiqisi ruhunda yazdığı mahnılarını duyur, beyninin, qəlbinin süzgəcindən keçirərək pərəstişkarlarının, musiqisevərlərin istifadəsinə verir. Mahnıları sevilərək dünyanı dolaşır, ən böyük konsert zallarını fəth edir. Müəllifinə populyarlıq qazandırır,şöhrət gətirir. Onun qəlbində yanan musiqi alovunu, Atəşgahdakı alova bənzədirəm. Rauf daim gündəmdə qalmağı haqq edən sənətkardır. Bu sevilən sənət fədaisinə tükənmək bilməyən yaradıcılığında uğurlar arzulayıram".

Cabir Novruz ,
Xalq şairi
 

 
Haqqında çox eşitməyimə baxmayaraq, onu ilk dəfə təsadüf nəticəsində o vaxtki Respublika sarayında gördüm.

 
1991-ci il idi. Sarayda SSRİ xalq artisti, dünya şöhrətli sənətkar, Zeynəb Xanlarovanın solo konserti keçirilirdi. Konsertdə müğənninin repertuarında gənc bəstəkar Rauf Məmmədovun bir neçə mahnısı səsləndi. Mahnılar o qədər şux, şirin, qəlbəyatımlı idi ki, tamaşaçılar bu mahnıları surəkli alqışlarla qarşılayır, hətta yerlərində rəqs edirdilər. Belə bir coşğunu, sevgini görən Zeynəb xanım Rauf Məmmədovu səhnəyə dəvət etdi. Alqışlarla qarşılanan gənc bəstəkar tamaşaçılara təzim etdikdən sonra çox qısa çıxışında bu cümlələri xüsusi vurğuladı: “Məni Zeynəb xanıma olan sevgim, heyranlığım ruhlandırıb sənətə gəlmişəm, mahnılar yazmışam. Mən Zeynəb Xanlarovaya minnətdaram. Onun mənim kimi gənc bir bəstəkarın mahnılarını ifa etməsi mənim üçün həm bir fərəhdir, şərəfdir, həm də ki, məni tanıtdırır. Söz verirəm ki, ömrümün sonunna kimi yaradıcılığımı xalqıma, onun mədəniyyətinin, musiqisinin inkişafına həsr edəcəyəm”.


 İlk dəfə gördüyüm bu insanla şəxsən tanış olmaq istədim.

 
Günlərin birində bir məclisdə Raufla rastlaşdım. Tanış olduq. Əslində qiyabi də olsa Raufu tanıyırdım. Atası mərhum Davud kişi bizim yerli idi, qohumluğu da çatırdı. Çox hörmətli, sayılan-seçilən ziyalılardan idi. O gündən başlanan dostluq əlaqələri daha da möhkəmlənərək bu günə qədər davam edir.

         
Rauf Məmmədovun həyat yoluna nəzər salmaq oxucular üçün maraqlı olar.

         
Rauf  Davud oğlu Məmmədov 1959-cu il fevralın 26-da Bakının məşhur Dağlı məhəlləsində dünyaya göz açıb. Uşaqlıqdan ədəbiyyata, poeziyaya, musiqiyə böyük maraq göstərirdi. Doğulduğu məhəllə əslində Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimləri ilə məşhur idi. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Akademik Məmməd Arif Dadaşzadə, Mehdi və Ələkbər Nəzərli qardaşları, Nəcəf Rasim bu məhəllənin sevilib, sayılan-seçilən şəxsiyyətlərindən olub. Atası Davuddan bu şəxslər barəsində çox eşitmişdi. SSRİ Xalq artisti Zeynəb Xanlarova, yazıçı-dramaturq Seyfəddin Dağlı, Xalq şairi Cabir Novruz,  Xalq artisti Şəfiqə Eyvazova və digərləri ilə isə şəxsən tanışlığı olub. Təbii ki, belə bir mühit Raufun inkişafına  təsirsiz ötüşə bilməzdi. Musiqinin heyranı olan kiçik Rauf daim xalq və bəstəkar mahnılarını zümzümə edər, əzbərləyərdi. Məhəllədə keçirilən çadır toy məclislərində müğənnilərin, xanəndələrin ifasına, musiqiçilərin müşayiətini maraqla seyr etməkdən doymazdı…Musiqiyə maraq, həvəs onu gələcəkdə bu ecazkar sənət məbədinə üz tutmağa yönəltmişdi…1975-ci ildə Bakı şəhərindəki, 20 saylı orta məktəbin 10-cu sinfini bitirən Rauf sənədlərini ali musiqi ocağına  təqdim etməyə qərarlı idi. Lakin atası Davud kişinin kəskin təkidi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə verdi və tələbə adını qazandı. Jurnalistikanın sirrlərinə dərindən yiyələnən Rauf 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetində müxbir kimi fəaliyyətə başladı, daha sonra “Bilik” Cəmiyyətində,” Tərcümə” mərkəzində işini davam etdirdi. Lakin, qəlbindəki musiqi yanğısı, musiqi sevdası ona bir an belə rahatlıq vermir, Xəzərin dalğaları kimi təlatümə gəlirdi. Ara-sıra musiqilər bəstələyirdi. Lakin, onları  üzə çıxarmağa bir az tərəddüd edirdi. Mahnıların dinləyicilər tərəfindən necə qəbul olunacağını  daim düşünürdü.

 
Qəlbindəki bu musiqi istəyini reallaşdırmaq üçün əvvəlcə “Estrada” teatrında, daha sonralar isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Lider” televiziyasında, MuzTV-də musiqi redaktoru kimi fəaliyyət göstərməyə başladı. Bütün var-qüvvəsini Azərbaycan musiqisinin təbliğinə sərf elədi. Azərbaycan Dövlət Konservatoriyası nəzdində Xalq Konservatotiyasının bəstəkarlıq şöbəsini bitirdi.

           
İllərlə musiqiyə dair hazırladığı verilişlər, tanınmış, görkəmli bəstəkar, müğənni, xanəndə, instrumentalistlərlə müsahibələri və onlara həst edilən portret verilişləri, xatirə və yaradıcılıq gecələri, konsertlər Raufu musiqi aləmində tanıtdırmağa başladı.

 
40 illik rəngarəng yaradıcılığa  malik Rauf Məmmədov sözün əsl mənasında məhsuldar sənətkardır.

         
Yazımın əvvəlində Raufla görüşümün tarixçəsində sevimli oxucularıma Zeynəb Xanlarovanın konsertindən, Raufun çıxışından bəhs etmişdim. Bəli, Raufun mahnılarının ilk ifaçısı  məhz dünya şöhrətli sənətkar, SSRİ Xalq artisti Zeynəb Xanlarova olub. O, təkcə mahnıları sevdirməyib, həm də onun müəllifinə şöhrət gətirib. Zeynəb xanımın ifasından sonra həyata  vəsiqə alan mahnılar Raufu ruhlandıraraq daha da məhsuldar işləməyə, yeni-yeni mahnılar yaratmağa şövq etmişdir.

 
İndiyə kimi 200-ə yaxın mahnı, “Hərənin öz tayı-payı”, “Bomba” adlı  bədii və  “Şuşa” televiziya  filmlərinə musiqilər yazmışdır.

         
O, geniş populyarlıq qazanmış olan mahnıların:-“ İlhamlı Vətən”, “Azərbaycan”, ”Yaşayacaq Azərbaycan”, ”Ən Yeni Partiyamız”, “Naxçıvanım”, “Qarabağ”, “Əsgər gedirik, ana”, “Qarabağdayam”, ”Yaşa, mənim xalqım”, ”Qalmaz belə dünya”, “Ağlama, sevdam”, ”Niyə yox deyirsən?”, “Anam mənim”, “Mən necə bağban olaram”, ”Ay ceyranım”, “Desəm öldürərlər, deməsəm ölləm”, “Peşiman olarsan”, “Naz elə”, “Dünya”, “Allah-Allah”, “İçim özümü yandırar”, “Bacılar”, “Apar məni”, “Gəlmişdi”, “Gözlər”, “Bu gözəllər olmasaydı”, “Sən olmalıydın”, “Olmasın”, “İnanmıram”, “Deyə bilmirəm”, “Azadə” və s. gözəl mahnıların müəllifidir.

         
Zivər Ağayevanın sözlərinə yazılmış “Yaşa, mənim xalqım” mahnısı isə bu gün sözün əsl mənasında bütün türk dünyasının milli marşına-himninə çevrilmişdir. Mahnı türk,  özbək, qazax, tatar, qaqauz və s. xalqların dilinə çevrilərək sevilə-sevilə oxunur.

         
Ümumilikdə, Rauf Məmmədovun mahnıları böyük sənətkarların ifasında dəfələrlə Yer kürəsini fəth edib, ona dinləyici sevgisi, məhəbbəti, rəğbəti qazandırıb.

         
Təsadüfi deyildir ki, böyük ustalıqla yazılmış mahnılarına dəfələrlə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Zeynəb Xanlarova, türk dünyasının ulduzları Z. Müren, B. Ersoy, A. Ağayev, Z. Rzayev, N. Qasımova, S. Cəfərov, Azərin,          N. Teymurova, G. Məmmədova, Əməkdar artistlər K. Rəhimli, B. Əşrəfov,         M. İsgəndərli, N. Ələsgərli, B. Sevdiyeva, G. Əliyeva,  Z. Abdullayeva,.                             R Allahverdiyeva, İ. Muradov, R. Bəndəliyeva, R. İlyasov, müğənnilər                       N. Qafarzadə, R. İsrafilov, E. Xəlilova, M. Ağayev, S. Əlizadə, Y. Mustafayev və başqaları müraciət etmişlər.

 
Bəlkə də Raufun mahnılarının uğurlu alınmasına  onun həm də çox mütaliə etməsinin, ədəbiyyata göstərdiyi böyük marağın təsiri vardır. Dünya, klassik  və mütərəqqi rus ədəbiyyatına dərindən maraq göstərən Rauf Məmmədov Nizami Gəncəvi, Molla Pənah Vaqif, Cəfər Cabbarlı, Məmməd Araz, Nəbi Xəzri, Cabir Novruz, Nüsrət Kəsəmənli, Oqtay Rza, Zivər Ağayeva, Davud Aslan, Vüqar Əhməd və s. ədiblərin yaradıcılığına   müraciət edərək, onların şerlərinə mahnılar bəstələmişdir.

 
Sənətlə bərabər o, bir vətəndaş olaraq, respublikanın ictimai-siyasi həyatında fəallıq göstərir. Dövlətə, dövlətçiliyə, respublika Prezidentinə öz sədaqətini nümayış etdirən Rauf Məmmədov 2003, 2008, 2013, 2018-ci il Prezident seçkilərində, eləcə də Milli Məclisin keçirilən bütün seçkilərində, 2009 və 2016-cı ildə Azərbaycan Respublikasında keçirilən Referendumda fəallıq göstərərək bir  daha ölkə rəhbərliyinə sadiqlik nümayiş etdirmişdir.

         
Yüksək insani  keyfiyyətlərə malik Rauf Məmmədov daim öz sadəliyi, səmimiliyi, mehribanlığı ilə seçilir. Təmizqəlbli, ədalətli olmaqla bərabər o, həm də həssas, kövrək bir insandır . Pislik, paxıllıq kimi hisslər Raufdan uzaqdır. O, həyatsevər kimi daim yaxşılığa, parlaqlığa  doğru gedir. İmkanı çatan qədər insanlara öz yardım əlini uzadır. Dərin ensiklopedik biliyə malik Rauf Məmmədov sanki canlı arxivdir. Musiqiləri, mahnıları bir-birindən plagiatdan ayıra bilir.

    
Tez-tez televiziya kanallarında musiqiçi- ekspert qismində , münsif qismində çıxışlar edir.

     
Böyük enerji sahibi olan Rauf  Məmmədovun mahnıları demək olar ki, hər gün televiziya efirlərinin, radio dalğalarının , konsert proqramlarının , el şənliklərinin repertuarını bəzəyərək , müəllifə populyarlıq qazandırır.

     
 Yorulmaq  nə olduğunu bilməyən R. Məmmədov  bu gün də böyük əzmkarlıqla yeni-yeni mahnılar üzərində işləyir, neçə-neçə gənc müğənninin musiqi aləmində  yetişməsinə böyük əmək, zəhmət və vaxt sərf edir.

       
Rauf  xoşbəxt sənətkarlardandır. O, heç də hamıya nəsib olmayan bir bəstəkar ömrü yaşayır. Mahnıları dünyanın hər bir yerində səslənir, oxunur, sevilir. Doğma, müstəqil Azərbaycan Respublikasını, xalqını, vətənini varlığı qədər sevən Rauf  Məmmədov “Yaşa, mənim xalqım” mahnısının böyük Türk dünyasının milli marşına- himninə çevirilməsindən özünü bəxtiyar hiss edir. Bir arzusunu həmişə dilə gətirir: “Qoy,  mənim “Qarabağ” mahnım tezliklə işğaldan azad olunacaq Qarabağ  torpaqlarında səslənsin!” .


Rauf Məmmədov səmimi, mehriban, qayğıkeş ailə başçısı, ata, babadır. Çox diqqətçil, qohumcanlıdır. Dostları ilə mehribandır. Tanıdığı insanların şənliklərində, məclislərində,  hüzr mərasimlərində  daim fəal iştirak edir, həmişə onların yanında olur.  


R.Məmmədov ömrünün 60-cı baharının astanasındadır.  

Əminəm  ki, dəfələrlə ayrı-ayrı mükafatlara, diplomlara, “Müşfiq” xatirə mükafatına layiq görülmüş Rauf Məmmədovun əməyi tezliklə respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndiriləcək, ona  layiq olduğu  fəxri ad veriləcəkdir.

Sənətkarımıza xoş arzularımı bildirməklə deyirəm: “Rauf , qoy biri- birindən gözəl mahnıların daim zövqümüzü oxşasın, əbədi yaşarlıq qazansın.”


Hörmətlə 
Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedaqoqika üzrə fəlsəfə doktoru

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir