Modern.az

Doğru söz doğrulara acı deyil

Doğru söz doğrulara acı deyil

23 Fevral 2019, 13:21

Abid Tahirli

 
(“Ulduz”un 2019-cu ilin ilk nömrəsi haqqında bəzi qeydlər)

   
Ölkə  Prezidentinin müvafiq   Sərəncamı ilə  2019-ci ilin ölkəmizdə  “Nəsimi ili” elan edilməsi ədəbi-mədəni irsimizə,  milli-mənəvi dəyərlərimizə, dilimizə sonsuz sevgi və qayğının parlaq təzahürüdür.  Bəşərin söz xəzinəsinə nadir incilər bəxş etmiş, məhəbbət və gözəllik, ilahi və dünyəvi eşq, ağıl və idrak şairi, ideya və fikir  azadlığı mücəssiməsi  İmaddədin   Nəsiminin  yubileyinin yüksək səviyyədə  qeyd olunması    tarixi,  ictimai-siyasi,  ədəbi-mədəni, fəlsəfi məfkurəmiz üçün son dərəcə böyük  əhəmiyyət kəsb edir. Odur ki, “Nəsimi ili”nin ilk “Ulduz”unun materiallarına münasibət bildirməzdən əvvəl, toxunacağımız  mövzu, məsələ və mətləblə  də əlaqəli kiçik haşiyəyə çıxmağı məqsədəuyğun hesab edirəm.

    
“Nəsim ili” ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Yazıçılar Birliyinin də icraçı qurumlar sırasında olduğu  “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin sənəddə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin irsi və şəxsiyyətinin ölkəmizdə və dünyada daha dərindən tanıdılması və təbliği məqsədi ilə çoxsaylı  irimiqyaslı tədbirlər nəzərdə tutulmuşdur. Təklif edirik ki:

   
 - “Ulduz” jurnalı  gənc qələm sahibləri arasında mütəfəkkir  şair Nəsiminin həyat və yaradıcılığı ilə bağlı ən yaxşı bədii, publisistik və elmi-tədqiqat nominasiyaları üzrə müsabiqə elan etsin;

  
 -Müsabiqənin qalibləri  AYB-nin,  “Ulduz” jurnalının Fəxri Fərmanı ilə təltif edişin;

   
-“Ulduz”un bir nömrəsi bütövlükdə Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında  mühüm bir mərhələ sayılan, bədii-fəlsəfi poeziyamızın formalaşmasında müstəsna xidmətləri olan Nəsiminin yaradıcılığına və şarin  həyat yoluna həsr olunsun.

    
“Ulduz”un yanvar nömrəsidə dərc olunan materiallarla  bağlı qeydlərimə də əsrlərlə əvvəl olduğu kimi, bu gün də  əsərlərinin   dil-ifadə və üslub gözəlliyi, forma və məzmun vəhdəti, milli koloriti ilə heyrətləndirən, həyəcanlandıran, oxucunu haldan-hala salan, ruha qida verən, duyğulandıran,  düşündürən  söz sənətinin misilsiz ustası Nəsiminin  “Söz”ə, onun qüdrətinə dair fikirləri ilə başlamaq istəyirəm. Özünü  “ustadi-sənət” adlandıran şairə görə söz “candır”, “aliyi asimandır”, “tərcümandır”, “payəkandır”, “dürri-səmindir”  “asimandır”, “sahib zəmandır”.  Bu baxımdan  populyar  ədəbi nəşrlərdən “Ulduz”da çap olunmaq şübhəsiz ki, ədəbi uğur, şərəfdir, lakin eyni zamanda növbəti yaradıcılıq addımları, söz meydanında özünü, imzanı təsdiq etmək  üçün  bir imkan, məsuliyyət və  etimaddır.

  
Jurnalın ötən ildəki son nömrəsi ilə bağlı fikirlərini 2019-cu ilin ilk buraxılışında bölüşən səriştəli və istedadlı yazıçı, tarixçi alim Natiq Məmmədlinin bu  fikri ilə tam şərikəm ki, yazılarla bağlı  mülahizələr, o cümlədən tənqidi qeydlər  subyektiv xarakter daşıyır, həqiqət naminə  deyilir və bu iradlardan incimək, umu-küsü etmək yersizdir, Nəsiminin təbirincə desək, doğru söz doğrulara acı olmamalıdır.

    
“Özüylə söhbət və şeirləri” rubrikası ilə təqdim olunan  Xəlil Adıgözəl “ARB” televiziyasında yayımlanan “Xalqın şairi” layihəsindəki çıxışı ilə diqqətimi çəkmişdi. Müsabiqə zamanı onun söylədiyi şeirlər məndə də  xoş təəssürat yaratmışdı. Açığı, Xəlil Adıgözəlin “Özüylə söhbəti...”ində “Mənə inanmasanız belə, SÖZümə inanın...” kimi dərin fəlsəfi düşüncənin  yanıltmacsayağı, yorucu  mətnlə ( “inanmaq”  feilinin müxtəlif şəkil və zamanlarda təkrar-təkrar işlədilməsi )  təqdim etməsi ürəyimcə olmadı. Yaxşı olardı ki, şair yuxarıdakı fikrinin məğzini, mahiyyətini başqa üsulla çatdıraydı, ya eləcə “Mənə inanmasanız belə, SÖZümə inanın...”la kifayətlənəydi, arifə işarə lazımdı..., məlum olacaqdı ki, şairə sözləri söylədən, diqtə edən qüvvə var. Xəlil Adıgözəlin şeirləri təqdirəlayiq, düşündürücü və təsirlidir:


Arxanda tərtəmiz bir adın qala,

Bir-iki suala cavabın ola,

Balaca, əl boyda savabın ola,

Ehmalca bağrına basıb öləsən ( “Vay o günə ki...) .

Taleyindən, bəxtindən gileylənən, ayrılıq əzabından şikayətlənən şair  sonda az qala üsyan edir:

Dərd içində üzürəm,

O mənəm ki, dözürəm!

Mən ölümü gəzirəm,

Ölüm özgəni (“O mənəm ki, dözürəm”);

Özüm öz içimdə itib azıram,

Özümə vərəqdə qəbir qazıram,

Artıq şair olub, şeir yazıram,

Guya nə gəlir ki, əlimdən başqa? (Heç nə dəyişməyib).

     
Şeirlərində  “sevmək başqa bir ömrə səyahətmiş, sən demə..”,  “saat gecənin ağır-ağır çırpınan ürəyidi”, “ayaqlarından yetim qalmışdı küçələr”, “islanırdıq yarpaq küçələrdə”  və s. kimi  uğurlu bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edən Oğuz Ayvaz oxucunu kövrəltməyi, duyğulandırmağı, düşündürməyi bacarır .

   
Ceyhunə Mehmanın bir-iki istisna ilə  jurnalda verilən adlı-adsız bütün şeirlərini (səhv etmirəmsə, “Ədəbiyyat qəzeti”ndə onları oxumuşam) “Nakam məhəbbət nəğməsi” adlandırmaq olar. Onun qəhrəmanı pərişan və çarəsizdir,  sevgilisinə gah qarğış edir,  gah sızlayır, ağlayır əzab çəkir, amma bütün bu halları uğur və ustalıqla təqdim edir:


“Bütün günahların yuyula o gün,

Günahın olmaya, suçun olmaya.

Soruşam, “necəsən?”-alışa qəlbin,

“sənsizəm”- deməyə gücün olmaya... 


Yaxud, Ceyhunə Mehman başqa bir şerində deyir ki;

Bilmə, bacına dönüm,

Bilmə, kiməm, nəçiyəm.

Öz dərdimi yamayan

ən naşı dilənçiyəm.

      
Yavər Həsənin bir neçə şeiri jurnalın ənənəvi “Qürbət yazıları” rubrikasında  Günay Səma Şirvanın təqdimatı ilə verilmişdir. Yazılanlardan bu qənaət hasil olur ki, Günay Səma Şirvan Yavər Həsənin şeirlərinə yaxından bələddir və o, “biryönlü, birrəngli, monoton şair olmayan Yavər Həsən yaradıcılığından bir damla” hesab etdiyi əsərləri nəşrin oxucularına tövsiyə edir.


 Poeziyasevərlərin yaxşı qədər tanıdığı Sabir Yusifoğlunun şeirlərinin arxasında onun özünün, tərcümeyi-halının bir vərəqinin olduğu aydın sezilir, onun, özü də bunları gizlətmir.


“Mən özümə dost elədim

Özümdən də dərdli məni.

Əkib-becərən sağ olsun-

Bu ömür-gün dərdi məni”,


və ya, balığa xitabən “Başımıza bəla açıb, Sənə kürü mənə şeir”, yaxud “ütüldü min yol qanadım” -kimi misralar şairin hiss-həyəcanıı, kədər və nisgilini, emosional duyğularını dolğun ifadə edir.

     
Qələmin qüdrəti, müəllifin məharəti ondadır ki, o, eyni mövzuda, bir-birinə bənzəməyən  yeni ideyalı və formalı əsərlər yaratmağa qadirdir. Bu cümləni təsadüfən işlətmədik. “Həsrət”lə, “ürək”lə, “yuxu”yla, “söz”lə bağlı şerirlər poeziyada saysız-hesabsızdır.  Bununla yanaşı, Əbülfəz Ülvinin təqdimatında bu mövzu yeni-yeni məna çalarları ilə intişar edir, diqqəti çəkir:

O qədər veribdir qəlbimə təlaş,

Qızıldan don geyə, qurmaram təmas,

Əlimi uzadıb etmərəm xilas,

Görsəm bataqlıqda batıb, həsrəti.

     
 Yaxud, anasını tez-tez yuxuda görən şair “Bəlkə, anam ilə məni aldadır, Yuxu harda gəldi tutur yaxamdan”- deyərək bu mövzuda olan şeirlərdəki yozumlardan  fərqli, özünəməxsus fikir söyləyir. Müqəddəs kitablarda, “Kitabi Dədə Qorqud”dan üzü bu yana bədii ədəbiyyatda  “SÖZ”, onun  gücü, qüdrəti haqqında o qədər kəlamlar, bir-birindən dəyərli, təsirli fikirlər söylənilmişdir ki, sanki bu barədə deyilməmiş heç nə qalmamışdır. Amma baxın, Əbülfəz Ülvi nə deyir:

Görəsən, mən sözdən ürək düzəltsəm,

İnsanı nə qədər yaşadar, Allah?

    
“Ulduz”un poeziya nümunələri haqqında söhbətimizi Aynur Mustafanın şeirlərinin, Azər Fəraqinin qəzəllərinin də oxucular tərəfindən maraqla qarşılanacağını deməklə yekunlaşdırırq.

    
“Ulduz”  oxucularının görüşünə  yenə də  maraqlı nəsr əsərləri ilə gəlib.  Dəniz Pənahovanın “Keçmişdə gəzinti” hekayəsi müasir dövrün kəskin və ciddi problemlərindən- dağılan ailədə ananın iztirablarından, hiss-həyəcanından, qayğılarından, onun məruz qaldığı  psixoloji məqamlardan bəhs edir. Müəllif  yazıçı qəhrəmanının kədərini, problemlərini daha qabarıq vermək üçün fərqli üslub seçmiş, onun əsərlərinin obrazlarından  da istifadə etmişdir. Əlbəttə, qadının psixoloji sarsıntılarınıbədii dillə, həm də bənzərsiz təqdim etmək istedadla yanaşı, zəngin  təcrübə də tələb edir. Dəniz Pənahova daha çox işləməli,  doğma dilin imkanlarından daha çox faydalanmalıdır. O zaman   az qala cümləbaşı istifadə etdiyimiz, həm də bəzən düz yazmadığımız  alınma söz və terminlərin sayı azalacaq, “papka” əvəzinə “qovluq”, “qudok” əvəzinə  “fit”, yaxud “zəng” sözlərini yazacağıq.

        
Şəfaqət Cavanşirzadənin “Təmiz qadın” hekayəsinin süjeti  sadə, dili rəvan,məzmunu aktual  və düşündürücüdür. Hekayədə oxumaq, müəllim olmaq arzusu ilə yaşayan qızın erkən ərə verilməsi, Rusiyada alverlə məşğul olan ərinin az sonra öldürülməsi, övlad dərdinə dözməyən qayınata və qayınanın vəfat etməsi, oğlu ilə tək qalan ananın amansız həyatda  yaşamaq uğrunda mücadiləsi, özü də bilmədən  əxlaqsız qadına çerilməsindən bəhs olunur.Son illər bu problem- valideyn-qız övladı,   qadın-kişi münasibətləri, əxlaqi saflıq, milli-mənəvi və ailə  dəyərləri mövzusunda çox sayda bədii əsərlər yazılır. Bu qəbildən olan əsərlərin əksəriyyəti sənət və sənətkarlıq baxımından, bədii-estetik cəhətdən  zəif təsir bağışlasa da, müəllif qayəsi aydındır: qadınlara qarşı zorakılığı, əxlaqsız münasibəti tənqid etmək, qloballaşma şəraitində öz milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onları təlqin və təbliğ etmək.

     
Hər bir orta məktəb şagirdi özündə  müxtəlif mənbələrdən aldığı informasiyanı anladığı formada qələmə almağa çalışmalıdır. Əgər o, bunu bacarır və kisik həcmli məqalə və hekayə də yazırsa, bu artıq şagirdin yeni uğurlar qazanmasına təkan verəcəkdir. Kənd məktəbinin VI sinif şagirdi Ayan Samir qızının  yazdığı “Xilaskar meymun” adlı kiçik həcmli novellasayağı hekayəsi onun yaxşı yazmaq bacarığında xəbər verir. Biz balaca Ayanın gələcəkdə yeni, daha böyük uğurlar qazanacağına inanırıq.

      
İstedadlı yazıçı-jurnalist Akif Cabbarlının bədii, publisistik əsərlərini ədəbi ictimaiyyət, geniş oxucu auditoriyası həmişə böyük maraq və rəğbətlə qarşılayır. O,  yumor,  istehza və  zarafatlarla dolu, məzəli əhvalatlarla zəngin kiçik həcmli hekayələrində məharətlə çox mətləblərə toxunur. “Ulduz” dərc olunan “Boz küçüyün taleyi” əsəri isə kövrək və kədərli notlarla yoğrulmuşdur: anaları bir nəfər tərəfindən amansızca öldürülən sahibsiz 3 küçükdən ikisini  “vaqon boyda bir CİP-dən düşən ağ bantikli, gonbul bir oğlan uşağı”nın istəyi ilə atası oyuncaq əvəzi  bağa aparır. Üçüncü küçük- Tuzka  geoloq Asif müəllimin, Lamiyənin, həyət sakinlərinin  diqqət və qayğısı ilə əhatə olunsa da, bir müddət sonra  o, daha dəhşətli hadisə ilə rastlaşır: küçükləməsin deyə  həkimlər, onun bəzi əzalarını çıxarıb atırlar. Talesiz Tuzkanın başına bu oyun açılandan sonra da insanlara nifrət etmir, onlara xoş günlər arzulayır. Müəllif  Tuzkanı izləyən təhlükəni, onun acı taleyini o qədər təsirli təsvir və təqdim edir ki, oxucu əsəri təlaş və nigarançılıqla birnəfəsə oxuyur. Adamda elə təəssürat yaranır ki, küçüyün taleyi hətta daşqəlbli insanlarda mərhəmət hissini oyadacaq. Akif Cabbarlı bu əsəri ilə insanları humanist, rəhmli,  olmağa, Allahın yaratdığı dilsiz-ağızsız heyvanlara  işgəncə, zülm, əzab verməməyə, əksinə qayğı, diqqət göstərməyə səsləyir. Bir məqamı xüsusi vurğulamaq istərdim. Akif Cabbarlının digər əsərləri kimi bu hekayəsinin də dili zəngin, canlı, obrazlı, səlis, səmimidir.

      
“Ulduz” daimi rubrikası “Dərgidə  kitab”da bu dəfə istedadlı şair- yazıçı Əsəd Qaraqaplanın  “Dörd fəsil tənhalıqda” povestini vermişdir. Bəri başdan deyim ki, onun  şeirləri, romanları ilə az-çox tanışlığım var və yaradıcılığı ilə bağlı mətbuatda dərc olunan müxtəlif səpgili rəylər, müsahibələr Əsəd Qaraqaplanın ədəbi meydanda yeni uğurlar qazanacağını inamı artırır. Yazıçı  “Dörd fəsil tənhalıqda” povestində  “çəkdiyi zəhmətin müqabilndə qəpik-quruş alan”, “həyatının bir boşluqdan, bir heçlikdən ibarət olduğunu”, hər şeyin və hər kəsin böyük bir yalandan” ibarət olduğunu dərk edən, “yaşamaq üçün bir səbəbin, heç olmasa gözlə görməyə, əllə tutmağa, ən əsası ürəklə duymağa bir şey” tapılmadığı qənaətinə gələn, ilk dəfə gördüyü qadına bir baxışla aşiq olan, eyni zamanda hərəkət və düşüncələri ilə yaddaşlarda  iradəsiz, çarəsiz və aciz  gənc kimi qalan  qəhrəmanın psixoloji durumundan, mənəvi sarsıntılarından,  keçirdiyi ruhi əzablardan bəhs edir. Doğrudur, oxucu üçün  əsərin qəhrəmanının nəyə görə bu hala düşdüyü, addımbaşı hər şeydən  ruhi halından və hamıdan şikayətləndiyi qaranlıq qalır, axı, o sevgiyə mübtəla olandan əvvəl də, özünün “bütün yollarını bitmiş” hesab edirdi, aşiq olduğu qadına qovuşduqdan sonra da “hər yer, hər şey və hər kəs” ona əzab verirdi. Bununla yanaşı, oxucu  Əsəd Qaraqaplanın səmimiyyətinə inanır, həyatın dibinə enmiş qəhrəmanın taleyinə acıyır, onun duyğularını paylaşır.

Azərbaycan  poeziyasında  öz izi, özünəməxsus yeri, fərqli dəst-xətti və yüksək bədii-estetik zövqü olan Vaqif Səmədoğlunun “Sandıq şeirləri” kitabı haqqında Fərid Hüseynin qələmə aldığı “Sandıq şeirləri” məqaləsi qayəsi, məzmunu,  kompozisiyası, üslubu, dili və dəyəri ilə diqqətimi çəkdi. Müəllif yazıda Vaqif Səmədoğlunun vəfatından sonra ömür-gün yoldaşı Nüşabə xanımın nəşr etdirdiyi kitabdakı şeirlərinin, ümumiyyətlə, Vaqif poeziyasının  özəl xüsusiyyətləri, bədii-sənətkarlıq xisləti, fəlsəfi yükü, mahiyyəti və ahəngi barədə maraqlı fikir və mülahizələr irəli sürür. Təqdirəlayiqdir ki, Fərid fərdi mühakimələri ilə kifayətlənmir, yeri gəldikcə,  Rəfael Hüseynov, İradə Musayeva, Adil Mirseyid, Vaqif Bayatlı Odər kimi qələm əhlindən gətirdiyi sitatlarla qənaətlərini əsaslandırır.

  
İradə Aytelin tanınmış folklorşünas, şair, nasir Sədnik Paşa Pirsultanlının həyat və yaradıcılığnına həsr olunmuş "Sədnik Paşa Pirsultanlı nəsri" adlı yazısı bir çox cəhətdən  faydalıdır. Bu məqalə:

     
- fədakar folklor toplayıcısı, tədqiqatçısı, cəfakeş  pedaqoq Sədnik Paşa Pirsultanlı yaradıcılığının, xüsusi ilə onun nəsrinin, hekayələrinin tanıdılması baxımından  diqqəti çəkir;

    - xalqın qiymətli,  zəngin və  tükənməz sərvətinin yazılı ədəbiyyata  bəxş etdiyi koloritin, təsirinin üzə çıxarılması nöqteyi-nəzərindən maraq doğurur;

  - həyatını elmə, təhsilə həsr etmiş  Sədnik Paşa Pirsultanlının xatirəsinə gözəl töhfədir və s.

     
Azərbaycan oxucusunun daha çox “Ruhlar şəhəri” kitabı və çox sayda səyahət oçerkləri ilə yaxşı tanıdığı  peşəkar jurnalist, istedadlı yazıçı Vahid Qazinin “Berqman, Tarkovsi və Qotland adası” publisistik yazısının mövzusu müəllifin adı çəkilən adaya səyahət arzusunun nədən qaynaqlandığına və qeyri-adi sənət nümunələri yaratmış  Berqman, Tarkovsinin filmlərinə həsr olunsa da, Vahid Qazinin  digər yazılarına hopduğu kimi bu məqaləsindən də Qarabağ problemi, yanğısı, dərdi yan keçmir.

     
Tərcümə ədəbiyyatına, görkəməli şəxslərin kəlamlarına da kifayət qədər yer ayrılmışdır. Oxucular Lev Piroqovun “Postmodernistlər, Stalin əmr verdi” (Elmar Vüqarlının tərcüməsində), Yelena Bezrukovanın ( Knyaz Qoçaqın tərcüməsində)  və Todur Zanetin  şeirləri (Ramiz Əsgərin tərcüməsində), Xuan Ruffonun “Alovlu gecə” əsəri ilə, eləcə də Jül Renarın, Stanislav Yeji Letsin, Cəmil Meriçin məşhur deyimləri (Cəlal Bəydilinin tərcüməsində) ilə də  tanış olacaqlar.

   
Jurnalın  bu nömrəsi də yüksək poliqrafik tərtibatı,  maraqlı  illüstrasiya- Brilyant Ramazan qızının rəsmlərindən ibarət sərgi  və  Ədalətin fotoları  ilə də yadda qalır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı