Modern.az

“Qoca qitə”nin mərkəzində Qarabağ sədası, Xocalı HARAYI...

“Qoca qitə”nin mərkəzində Qarabağ sədası, Xocalı HARAYI...

Diaspor

23 Fevral 2019, 20:37

Bu gün Avropanın əsas siyasi və inzibati mərkəzi olan Brüssel şəhərində izdihamlı Ümumavropa Qarabağ mitinqi baş tutdu.

 

Avropada yaşayan azərbaycanlıların 20-dən artıq diaspor təşkilatının koordinasiya etdiyi aksiya Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz işğal altında saxlamasına etiraz, məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə və kütləvi terror siyasətinin simvolu olan Xocalı qurbanları üçün ədalət, həmçinin, doğma yurd-yuvalarını ziyarət edən zaman Qarabağda girov götürülən Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi idi.

 

Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələrin, “qoca qitə”də formalaşan aktiv azərbaycanlı zümrə - elm-mədəniyyət xadimləri, iş adamları, ictimai fəallar, ziyalıların, yaşadıqları ölkələrdə cəmiyyətin müxtəlif təbəqələrində, peşələrində təmsil olunan şəxslərin bu aksiyaya qoşulması qürbətdə Azərbaycanın diaspor birliyini nümayiş etdirdi. Qardaşı türk icmasının aksiyaya dəstək olması, bəzi avropalı siyasətçilərin mitinq iştirakçıları sırasında olması isə diasporumuzun Qarabağ həqiqətlərini dünyaya çatdırmasında, 30 ilə yaxındır bu münaqişədə nümayiş etdirilən ikili standartlara etiraz yolunda tək olmamalarının bariz nümunəsi idi. Çünki bu illər ərzində get-gedə daha çox insan Qarabağ münaqişəsində Azərbaycanın açıq-aşkar təcavüzün qurbanı olduğunu yaxşı anlamağa başlamışdı..

 

Bu işdə güclü Azərbaycan dövləti ilə Azərbaycan diasporunun əl-ələ verərək gördüyü işlərin rolu az deyil. Bu tədbirlərdə Qarabağ həqiqətləri ilə tanış olan sıravi avropalı münaqişənin gerçək mənzərəsini görür, məsələ ilə bağlı 90-cı illərdə yaranmış informasiya vaakumunu yarmaqda Azərbaycana yardımçı olur.



Mitinqin Avropanın inzibati və siyasi mərkəzində, Avropa Birliyinin, NATO-nun Baş Qərargahının yerləşdiyi Brüsseldə keçirilməsi də məntiqli və uğurlu addımdır. Brüssel “qoca qitə” üçün mərkəz olduğu üçün burada baş verən istənilən siyasi-ictimai hadisə də Portuqaliyadan Estoniyaya, Maltadan İslandiyaya qədər bütün Avropa sakinlərinin diqqətini özünə çəkir.

 

Coğrafi miqyası daha da kiçiltsək, mitinqin Brüsselin Lüksemburq meydanında, Avropa parlamenti ilə üzbəüz keçirilməsini isə ikiqat simvolik addım saymaq olar. Avropanın əsas qanunlarının qəbul olunduğu, bütün siyasi spektrin təmsilçilərinin əyləşdiyi, dünyada insan hüquq və azadlıqlarının əsas dayaqlarından biri kimi yüzlərlə bəyannamə və hökmlərin verildiyi məkanda Qarabağ mesajı verməyi çox vacib saymaq lazımdır.   

 

Bu mesaj Lüksemburq meydanında yüzlərlə insanın dilindən səslənsə də, əslində, Azərbaycanda, Türkiyədə, dünyanın müxtəlif ölkələrində haqsızlığa məruz qalan, doğma yurd-yuvasından didrəgin düşən, ağır məhrumiyyətlərlə üzləşən milyonlarla insanın dilində, ürəyində və beynindəki mesaj idi. Avropa, Brüssel bu mesajı eşitməlidir. Əgər eşitməzsə, bu mesaja etinasız yanaşarsa, onda ədalət carçısı ünvanı daha Brüssel olmayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir