Modern.az

Rusiyada yaşayan azərbaycanlı jurnalist: “Putinin jurnalist “pul”unda təmsil olunmuşam” - MÜSAHİBƏ

Rusiyada yaşayan azərbaycanlı jurnalist: “Putinin jurnalist “pul”unda təmsil olunmuşam” - MÜSAHİBƏ

25 Fevral 2019, 11:41

Fərid Əkbərov: “Putinlə Ərdoğanın Kremldəki görüşlərini protokoldan işıqlandıran yeganə azərbaycanlı jurnalist idim” 


“Azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası proses olaraq hələ tam başa çatmayıb”

 

Modern.az saytının xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Rusiyada yaşayan azərbaycanlı jurnalist Fərid Əkbərovdur. Onunla müsahibəni təqdim edirik.

- Fərid bəy, Moskvada ictimai-siyasi, iqtisadi vəziyyət necədir?

- Başlayaq iqtisadi vəziyyətdən... Moskva meqapolisdir. Deyilənlərə görə, 20 il bundan qabaqkı Moskva ilə indiki Moskva arasında dünyalar qədər fərq var. Böyük olduğu qədər də bahalı şəhərdir. Qeyri-rəsmi rəqəmlərə görə, əhalisi 20 milyona yaxındır. Təbii ki, miqrantlarla birgə. 4 il bundan öncə rublun 2 dəfədən çox ucuzlaşmasından sonra miqrantların sayında kəskin azalma oldu. Həmin vaxtlar küçələrdə addımbaşı rast gəldiyin miqrantlara (əsasən Orta Asiya ölkələrindən olan miqrantlar) indi çox da rast gəlinmir. Amma yenə də Moskvada yerli əhalidən çox onlar gözə dəyir. Xüsusən də mərkəzdən kənar rayonlarda...

Bayaq dediyim kimi Moskva çox bahalı şəhərdir. Demək olar ki, hər il ictimai nəqliyyatda gediş haqqını artırırlar. 8 il bundan qabaq Moskva metrosunda gediş haqqı 28 rubl idisə, 2019-cu ilin yanvarın 1-dən 55 rubla bərabər olub. Qiymət artımı bütün sahələrdə müşahidə olunur. Moskvada xüsusi ilə də xidmət sahəsi çox bahadır. Ona görə də, burada olan həmyerlilərimiz arasında kafe və restoran biznesi ilə məşğul olanlar çoxdur. Çünki bu biznes kifayət qədər gəlirlidir. Təbii ki, məşğul olmağı bacaranlar üçün. Bir də onu da deyim ki, rusların evdə yemək bişirməklə o qədər də arası yoxdur. Daha çox kafe və restoranlarda yeməyə üstünlük verirlər.

 

Ev kirayəsi, kommunal xidmətlərdən danışmağa isə adam qorxur. Kommunal xidmətlər olduqca bahadır. Amma bir məsələ var ki, bu bahalıq böyük şəhərlərdədir. Moskva, Sankt-Peterburq, Yekaterinburq və son zamanlar Rusiya elitasının toplaşdığı Soçi şəhərində qiymətlər çox yüksəkdir. Adını sadaladığım şəhərlərdə əhalinin yaşayış səviyyəsi də digərlərindən yüksəkdir.

O ki, qaldı ictimai-siyasi vəziyyətə, onu deyə bilərəm ki, burda da sabitlikdir. Moskva siyasi cəhətdən daim qaynar şəhər olub. İndi də belədir. Demək olar ki, hər gün siyasi tədbirlər olur. Kütləvi aksiyalar, mitinqlər isə ancaq icazəli olur. O da ancaq ümumxalq seçkiləri öncəsi müşahidə olunur.    


- Neçə ildir ki, Rusiyada yaşayırsınız?

- Artıq 8 ildən çoxdur ki, Rusiyada yaşayıram. 2010-cu ilin sonunda Moskvaya gəlmişəm. 2010-cu ildə Azərbaycan Prezident Administrasiyasının xətti ilə Moskva Dövlət Linqivistika Universitetində Beynəlxalq Jurnalistika fakültəsində ixtisasartırma təhsili almaq və "RİA Novosti", indiki "Rossiya Seqodnya" agentliyində 2 il təcrübə keçmək üçün Moskvaya göndərilmişəm. O zaman Azərbaycandan bu proqram üzrə 6 nəfər jurnalist Moskvaya təhsil almağa və təcrübə keçməyə gəlmişdik.

Mən, keçmiş APA İnformasiya Agentliyinin müxbiri olaraq o vaxtki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi müsabiqə və müsahibədə iştirak edib bu proqramla təhsil almaq imkanı qazanmışdım. Təhsil aldığım müddətdə Rusiya Xarici İşlər Nazirliyində APA-nın Moskva müxbiri kimi akkreditə olunaraq, xarici müxbir kimi fəaliyyətə başladım. 

 

2011-ci ildən Rusiya XİN-də akkreditə olunan jurnalistəm. Bu 8 ildə arxaya baxsam, xaricdə fəaliyyət göstərən jurnalist kimi, xüsusi müxbir kimi biraz təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, fəaliyyətim uğurlu olub. Bunu özümə ustad hesab etdiyim Nurşən Quliyev və jurnalistikaya gəlməyimdə böyük əməyi olan Vüsalə Mahirqızından eşitmişəm.

Rusiyanın ictimai-siyasi həyatından, buradakı həmvətənlərimizlə bağlı yazdığım xəbərlər, etdiyim müsahibələr Azərbaycan mətbuatında hər zaman manşet olub. Buna misal olaraq 2012 və 2013-cü illərdə "Milyaderlər İttifaqı" başlığı ilə ölkə gündəminə oturan Rusiyadakı tanınmış iş adamları ilə müsahibələr, həmyerlilərimizin üzləşdiyi problemlərlə bağlı maraqlı reportajlar, Rusiyada Azərbaycana qarşı ermənilər tərəfindən aparılan təbliğat və təxribatın ifşa olunması ilə bağlı saysız-hesabsız yazılar, müsahibə və açıqlamalar, Rusiyanın yüksək vəzifəli məmurları ilə müsahibələr daxildir. 2012-2013-cü illərdə Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov və Telman İsmayılovla "Milyarderlər İttifaqı" ilə bağlı etdiyim müsahibələr Azərbaycan mediasında - söhbət online və yazılı mediadan gedir - ilk müsahibələr olub və böyük rezonans yaradıb. 2017-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müsahibəm də kifayət qədər səs-küyə səbəb olmuşdu.

 

Bundan başqa, Azərbaycandan olan media nümayəndəsi kimi tez-tez Rusiya prezidenti Vladimir Putinin jurnalist "pul"unda təmsil olunmuşam. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın, eyni ilə Putinin iranlı həmkarı Həsən Ruhani ilə Kremldə keçirilən görüşlərini protokoldan işıqlandıran Azərbaycan mediasını təmsil edən yeganə jurnalist olmuşam. Adətən ikitərəfli görüşlərdə ancaq dövlət başçılarının "pul"larına daxil olan jurnalistlər və nüfuzlu beynəlxalq medianın nümayəndələri iştirak edirlər. Belə tarixi zirvə görüşlərini işıqlandırmaq azərbaycanlı xarici müxbir kimi mənə də qismət olub.

Bir də ötən il Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatını Azərbaycan mediasından işiqlandıran tək jurnalist idim. Daha doğrusu FİFA-dan akkreditasiyası olan tək mən idim. Demək olar ki, oyunların keçirildiyi bir çox şəhərlərdə oldum. Reportajlar elədim. Bu da mənim üçün bir tarix idi.

- Hazırda nə işlə məşğulsuz?

- Ötən ilin dekabr ayından Azərbaycanın "Yeni Çağ" xəbər portalının Rusiyadakı xüsusi müxbiri kimi fəaliyyət göstərirəm. Bir müddət öncə, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında magistr təhsilimi başa vurdum. Beynəlxalq Münasibətlər fakültəsində "Dünya siyasəti və qlobal inkişaf" ixtisası üzrə magistr dərəcəsi aldım.

Yaxın vaxtlarda jurnalistikanın daha bir maraqlı istiqaməti üzrə fəaliyyətə başlayacağam. Hələlik, bu barədə danışmaq istəmirəm. Amma bircə onu deyə bilərəm ki, 8 ildən çox xarici müxbir kimi dünya və eləcə də bizim Azərbaycanımız üçün olduqca vacib olan, ictimai-siyasi cəhətdən qaynar olan bir ölkədə-Rusiyada fəaliyyət göstərmək kifayət qədər təcrübə toplamaq deməkdir. Hesab edirəm ki, bu təcrübəni doğru istiqamətə yönəltmək və daim öz üzərində işləmək yeni uğurların qapısını açmaq üçün mənə yardım edəcək.


- Uğurlarınızdan danışdınız, bəs problemləriniz nədən ibarətdir?

- Şükür Allaha, elə bir problemim yoxdur. Amma problemsiz həyat da olmur. Ailəli insan kimi gündəlik qayğılarım var. Əgər onlara problem demək olarsa, o zaman bu problemlərdən əksəriyyətdə mövcuddur. Jurnalist kimi fəaliyyətimizdəki problemləri nəzərdə tutursunuzsa, o zaman deyə bilərəm ki, Rusiyada jurnalist kimi fəaliyyət göstərmək üçün problem yoxdur. Təbii ki, xarici ölkənin vətəndaşı olaraq bütün sənədlərin qaydasında olmalıdır.

Vaxlı-vaxtında ölkəyə giriş və yaşayış qeydiyyatını aparmalısan. Rusiya XİN-in akkreditasiya kartına sahibsənsə, o zaman jurnalist fəaliyyəti göstərmək üçün heç bir maneən qalmır. Bu akkreditasiya kartı vasitəsi ilə Kremlin, XİN-in, Dövlət Duması, Federasiya Şurasının və digər dövlət qurumlarının təşkil etdiyi tədbirlərdə iştirak edə bilərsən.

Amma əvvəlcədən həmin qurumların müəyyən etdiyi vaxt ərzində müraciət etməyin gərəkdir. Təbii ki, yüksək vəzifəli məmurlarla özəl müsahibələr etmək çətindir. Böyük rəsmi tədbirlərdə belə şanslar yaranır. Lakin o zaman da etdiyin müsahibənin eksklüzivliyi qalmır. Çünki sən bir məmuru yaxalayıb diktafonu uzadanda həmkarların da sənə qoşulur. Buna etiraz etmək bəzən alınmır. Lakin bütün hallarda özəl müsahibə və açıqlamalar almağa cəhd etmək lazımdır. Xüsusi ilə bizim peşədə əzmkarlıq mütləq öz bəhrəsini verir. 

      

- Moskvada yaşayanların bəziləri tez-tez hansısa kriminal qrupların hədəsinə tuş gəldiyini deyirlər. Siz belə halla qarşılaşmısınız?

- Söhbət kriminal qruplardan gedirsə, onu deyim ki, Moskva indi 90-cı illərin Moskvası deyil. Çox şey dəyişib. O Moskva haqqında Bakıda yaşadığım müddətdə televiziya və mediadan eşitmişdim. Bura gələndən sonra isə tanışlarımdan, burada qazandığım dostlardan eşitmişəm. Doğrudan da həmin dövr çox çətin dövr olub.

Bəzən həmin dövr Rusiyasını izah etmək üçün söz də tapmaq çətindir. Rus dilində bu vəziyyəti ifadə edən "bespredel" sözü var. Sözün həqiqi mənasında ölkədə özbaşınalıq, qanunsuzluq hökm sürüb. Lakin həmin dövr çoxdan keçib. İndi o dövrlə müqayisədə kifayət qədər sabitlik var. Düzdür, ara-sıra hadisələrin şahidi oluruq. Amma ümumilikdə ölkədəki və Moskvadakı kriminogen durumu 90-cı illərlə müqayisə etmək qeyri-mümkündür. 7-8 il bundan qabaq Rusiyada gəlmələrə, miqrantlara qarşı olan millətçi qruplar mövcud idi. Bəlkə indi də bu qruplar mövcuddur. Amma demək olar ki, fəaliyyətlərini dayandırıblar.

Lakin o zamanlar millətçi qruplar müəyyən vaxtlarda aksiyalar keçirirdilər. Küçələrdə, ictimai nəqliyyatda miqrantlara hücum edirdilər. Çoxdandır ki, belə hallara rast gəlinmir. Şükürlər olsun ki, rast gəlinmir. Rusiya çoxmillətli dövlətdir. Son illərdə dövlət səviyyəsində millətlərarası münasibətlər siyasətinə böyük önəm verilir. "Rus millətçiliyi" kimi qavramlar artıq çoxdandır ki, dövlət səviyyəsində qəbul olunmur.

Milli zəmində münaqişələrin yaradılmasına imkan verilmir. Belə bir hal baş verdikdə isə dərhal müdaxilə olunur.  Məhz buna görədir ki, ölkədə sabitlik hökm sürür. İndi səhərə kimi Moskva küçələrində gəzmək olar. Təbii ki, ölkədə kriminal vəziyyətin müqayisəli şəkildə fərqli olduğu regionlar mövcuddur. Amma yenə də deyim ki, Moskva mənim üçün təhlükəsiz və məşhur musiqidə deyildiyi kimi "Heç vaxt yatmayan"şəhərdir.       


- Rusiyada ən çox bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?

- Rusiyada ən çox bəyəndiyim növbə mədəniyyətidir. Avtobus dayanacağında belə insanlar növbəyə dayanırlar. Moskvaya gələndə küçələrdə insanların sıra ilə düzüldüyünü görüb çox təəccüblənmişdim. Sən demə, avtobus dayanacağındakı növbə üçün sıraya düzülürmüşlər. Bir də bəyəndiyim cəhətləri yaşından asılı olmayaraq insanların özlərinə baxmasıdır. Kaş ki, bizim valideynlərimiz bir az özlərini düşünsələr. Rusiyalılar, fərqi yoxdur imkanı var, ya yox, hərə öz imkanına görə, hər il mütləq istirahətə getməlidir. Öz canlarına baxmağı sevirlər. Daha bizim valideynlərimiz kimi ömürlərinin sonuna kimi övladı haqqında, onun istikbalı haqqında fikirləşmirlər. Yaşı 70-i ötən qadın da yayda istirahətə gedir, mütləq özünü dənizə çatdırır. Açığın deyim ki, bu cəhətləri çox xoşuma gəlir.

Bəyənmədiyim məqamlar Rusiyanın şəhərlərinə görə dəyişir. Misal üçün Sankt-Peterburq şəhərini çox sevirəm. Oranın sakinləri də moskvalılardan fərqlənir.

Təbii ki, söhbət əsl peterburqlulardan gedir. Yəqin ki, eşitmisiniz, peterburqlularla moskvalılar heç vaxt bir-birilərini bəyənməyiblər. Bu, indi də belədir. Onu deyim ki, peterburqlular çox səmimi və mehribandırlar. Onlar Peterburqu zadəgan şəhəri, hələ də Rusiyanın paytaxtı hesab edirlər. Amma moskvalılardan fərqli olaraq heç vaxt özlərini çəkməzlər, istiqanlıdırlar. Məncə, təsadüfi deyil ki, ölkə rəhbərliyi və ətrafı da peterburqludurlar. Moskvalılar isə soyuqqanlıdırlar. Məhz bu xasiyyətlərini bəyənmirəm. Amma hərdən bu moskvalıları da qınaya bilmirəm. Çünki bir şəhərdə nə qədər gəlmə olar axı?! Bəzən olur ki, küçədə rus nitqi eşitmirsən. Soyuqqanlı olmayıb neyləsinlər bəs?! 
 

- Jurnalistlərə hansısa maneələr yaradılırmı?

- Şükürlər olsun ki, indiyə kimi heç bir maneə ilə rastlaşmamışam.  Bayaq da qeyd etdiyim ki, jurnalistlik fəaliyyəti ilə məşğul olmaq üçün bütün sənədlərin yerindədirsə, heç bir problemin yoxdur deməkdir.

 
- Rusiya mətbuatı ilə Azərbaycan mətbuatı çox fərqlidir, yoxsa çox oxşardır?

- İki il Rusiyanın üç dövlət agentliyindən biri olan "RİA Novosti"də təcrübə keçmişəm. Onların iş rejimi ilə yaxından tanışam. Deyə bilərəm ki, Rusiya mətbuatı çox inkişaf edib. Son 10 ildə ölkə mətbuatı Sovet nomenklaturasından çıxa bilib. Təbii ki, Rusiya mediası da iş fəaliyyəti ilə bağlı özündən heç nə kəşf etməyib. Onlar da Qərb ölkələrinin standartlarını tətbiq etməkdə davam edirlər. Medianın sosial şəbəkələr üzərindən inkişafı burada da müşahidə olunur. Online medianın inkişaf etməsinə baxmayaraq, çap mediası da tələbatlılığını qoruyub saxlayır. İnsanlar hələ də qəzet köşklərinə baş çəkirlər. İctimai nəqliyyatda qəzet, jurnal oxuyan insanlara burada rast gəlmək olur. Media orqanları əsasən reklamın hesabına yaşayırlar. Rusiyada reklam bazarı çox inkişaf edib. Düzdür, dövlət agentliklərinə hökumət tərəfindən vəsait ayrılsa da, onların reklamdan əldə etdiyi gəlirlər heç də az deyil.

- Fərid bəy, bəs azərbaycanlıların əsas problemləri nədir?

- Rusiyada həmvətənlərimizin sayı milyondan çoxdur. Qeyri-rəsmi rəqəmləri səsləndirmək istəmirəm. Təbii ki, bu milyonun içində öz uğurlu karyerası ilə, gördüyü işlərlə yaxşı mənada ad çıxaran soydaşlarımız minlərlədir. Bəzən Rusiyada yaşayan azərbaycanlıları oradakı ermənilərlə müqayisə edirlər. Ermənilərin Rusiya ictimaiyyətində çox yüksək mövqe tutduqlarını xüsusi ilə qeyd edirlər. Mən, bu müqayisəni heç vaxt düzgün saymıram. Çünki ermənilər Rusiya cəmiyyətinə çoxdan inteqrasiya olunublar. Bu gün Rusiyada yüksək mövqe tutan ermənilərin 99,999 faizi Rusiya doğumlu ermənilərdir. Hətta onların valideynləri belə Rusiya doğumludurlar. Azərbaycanlılar isə Rusiyaya daha çox Sovetlər İttifaqı dağılandan sonra, ya da dağılma ərəfəsində gəliblər. Fikrimcə, azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası proses olaraq hələ tam başa çatmayıb. Nəzərə alsaq ki, Sovetlər İttifaqı 27 ildir dağılıb, o zaman Moskvada doğulan soydaşımızın 26 yaşı olduğunu hesab etsək, həmin soydaşımız bu yaşı və təcrübəsi ilə cəmiyyətdə hansı mövqe və vəzifəni tuta bilər ki?! Bu gün sayları az olsa da, Rusiyanın müxtəlif dövlət orqanlarında, Moskva meriyasından tutmuş Dövlət Dumasına qədər, İqtisadi İnkişaf Nazirliyindən tutmuş digər nazirlik və dövlət qurumlarına qədər onlarla soydaşımız çalışır. Hətta federal səviyyədə nazir müavini olan həmyerlimiz var. Amma bir məsələ də var ki, elmə olan maraq təəssüf ki, soydaşlarımızda qonşularımıza nisbətən çox azdır. Bunu özüm şəxsən müşahidə etmişəm. Ali məktəblərin aspirantura pilləsində təhsil alan və daha sonra ali məktəbdə qalaraq pedaqoji fəaliyyətini davam etdirən ermənilərin sayı bizimlə müqayisədə daha çoxdur. Amma bu o demək deyil ki, azərbaycanlılar elm sahəsinə maraq göstərmirlər. Təbii ki, elmə maraq göstərənlərimiz də var. Lakin soydaşlarımız daha çox biznesə, iş həyatına maraq göstərirlər. Bu gün nüfuzlu "Forbes" jurnalının Rusiya versiyasında milyarderlərin siyahısında soydaşlarımız kifayət qədərdir. Sizi inandırım ki, bunlar hələ tanınmış azərbaycanlılardırlar. Rusiyada uğurlu biznes fəaliyyətinə malik, maddi varidatına görə, tanınmışlardan imkanı heç də az olmayan kifayət qədər soydaşlarımız var. Məncə, hazırda soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiya prosesi davam edir. İnanıram ki, hardasa 10-15 il sonra Rusiyanın müxtəlif dövlət vəzifələrində, cəmiyyətin yuxarı pillələrində öz soydaşlarımızı görə biləcəyik.


- Bir dəfə XİN rəsmisi Mariya Zaxarova sizin suala kobud cavab vermişdi. Ondan sonra heç özünüz Rusiya XİN-lə əlaqə saxladınızmı?

- Bu hadisə 2017-ci ildə olmuşdu. Azərbaycan mətbuatında haqlı olaraq Rusiya XİN sözçüsü Mariya Zaxarovanın məlum bəyanatları ilə bağlı narahatlıq ifadə olunurdu. Mənim ona ünvanladığım sual da Azərbaycan ictimaiyyətini yaxından maraqlandıran məsələ ilə bağlı idi. Lakin Zaxarova bizim mətbuatda onun bəyanatları ilə bağlı yazılanlardan əsəbləşərək, mənim sualımı bir kənara qoyub özü barəsində yazılanlara şərh verməyə cəhd etdi. Mən, həmin vaxt jurnalist etikasını qoruyaraq, XİN sözçüsünü mənim konkret sualıma konkret cavab verməyə çağırmışdım. O da mənə cavabında sualı qəbul etdiyini, daha sonra ətraflı cavab verəcəyini bildirmişdi. Ondan sonra dəfələrlə Rusiya XİN rəsmi nümayəndəsinə mətbuat konfransında sual vermişəm. Onu da xatırladım ki, o məlum hadisədən hardasa bir ay qabaq Rusiya XİN başçısı Sergey Lavrovla eksklüziv müsahibə etmişdim.      

- Sonda mümkünsə ailəniz haqda...

- 2012-ci ildə ailə qurmuşam. Həyat yoldaşım Sevil xanımla Moskvada tanış olmuşam. O, Rusiyanın TASS dövlət informasiya agentliyində çalışır. Elə ilk tanışlığımız da TASS-da keçirilən mətbuat konfransında olub. Allah bütün balaları saxlasın! İki övladımız var. Oğlum Raufun 5 yaşı, qızım Məryəmin isə 2 yaşı var. 

 



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir