Modern.az

Hadi Rəcəbli: “Xocalı soyqırımı qalıb bir tərəfdə, başqa şeylərlə məşğuldurlar”  

Hadi Rəcəbli: “Xocalı soyqırımı qalıb bir tərəfdə, başqa şeylərlə məşğuldurlar”   

Parlament

25 Fevral 2019, 13:37

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-ın suallarını cavablandırıb. O, son günlər haqqında bəzi sosial şəbəkə istifadəçilərinin yazdıqlarına da münasibət bildirib.

 

- Sabah ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 27 ili tamam olur. Siz də uzun illərdir - təxminən 30 ilə yaxın müddətdir ki, həm Respublika Nazirlər Kabinetində, həm də parlamentin Əmək və sosial siyasət komitəsində qaçqın və məcburi köçkün problemləri ilə yaxından məşğul olmusunuz və problemlərlə tanışsınız.  Xocalı soyqırımı ilə bağlı aparılan işlərin miqyasını necə görürsünüz?

- Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, azərbaycanlılara qarşı törədilən soyqırımlarının dünyaya çatdırılmasında, təbliğ olunmasında ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın rolu böyükdür. Bizim xaricdəki səfirliklərimiz artıq bu işlə geniş məşğul olurlar. Bundan əlavə, Avropanın mərkəzi şəhərlərində Xocalı soyqırımı, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar təbliğat kampaniyası, sərgilər, mitinqlər keçirilir. Dünyanın bir çox ölkələrində Xocalı soyqırımı rəsmi şəkildə tanıdılıb. Görülən işlərdən biri də odur ki, Milli Məclisin deputatları da bu məsələlərlə bağlı dünyanın bir çox ölkələrində görüşlər keçirirlər, çıxışlar edirlər. Eyni zamanda deputatlar bölgələrə səfər edərkən bu məsələlərə toxunurlar. Bütün bunlar xalqımızın ağrılı probleminə diqqəti cəlb etmiş olur.

Bu gün “erməni soyqırımı” adı ilə mənfur düşmənlərimiz də dünyada əsassız hay-haray qaldırırlar. Guya öz missiyalarını yerinə yetirməyə çalışırlar. Amma bizi bu ərəfədə narahat edən məsələ odur ki, düşmən saytlar, xalqımızın milli hissləri ilə oynayan Facebook səhifələri bu mövzunu kənara qoyub, ölkəmiz əleyhinə, onun bəzi liderlərinə qarşı təhrif olunmuş informasiyalar yayırlar, fikir ayrılığı yaratmağa çalışırlar. Xocalı soyqırımı qalıb bir tərəfdə, başqa şeylərlə məşğuldurlar.

- Hadi müəllim, Xocalı soyqırımı ərəfəsində dediyiniz o qrup insanlar sırasından olanlar Sizin canlı yayımdakı müsahibələrinizi göz görə-görə təhrif ediblər, guya yüzlərlə mülkiyyətinizin olması ilə bağlı yazılar yazılır. Ancaq siz və Lənkəran ziyalıları dəfələrlə bizim saytımıza və digər respublika KİV-lərinə açıqlama verərək belə xəbərləri təkzib etmisiniz və məlumatların kökündən yalan olduğunu bildirmisiniz.

- Yaxşıdır ki, siz bu məsələni də yada saldınız. Mənim Real TV-yə verdiyim müsahibədə səsim və görüntüm var. Amma buna baxmayaraq, həmin çıxışı təhrif edən bizim guya qeydə alınmış saytlarımız da var. Həmin saytın rəhbərlərinin isə məqsədləri məlumdur, populizm, xal qazanmaq, kütləyə işləmək, iyrənclik, digər ikiüzlü fikirlər. Bu insanlar yaddan çıxarmasınlar ki, haçansa onlar mütləq qanun qarşısında qanunazidd əməllərinə görə cavab verməli olacaqlar. Mənim adıma yazılan yüzlərlə mülkiyyətin heç birinin hüquqi əsası yoxdur, fantaziyadır. Mən həmin adamları çağırıram ki, gəlsinlər yazdıqlarını sübut etsinlər. Bu qədər yalan olmaz axı. Bu gün çıxışlarımızı təhrif etmək, insanları qıcıqlandıran addımlar atmaq yanlış məsələdir. Bütün Lənkəranı və Bakının iki küçəsini mənim adıma yazmaq ağ yalandır. Bu ləyaqətsizlikdir. Sizin saytınıza dəfələrlə Lənkəran seçiciləri tərəfindən də müraciət olunub və mənim haqqımda yazılanların ağ yalan olduğu qeyd edilib. Bu mübarizə əslində daha çox siyasi xarakter daşıyır. Hakimiyyətə yaxın olan vəzifəli adamlar ortaya çıxarılır, onlara qara yaxılır, cəmiyyət qıcıqlandırılır və Xocalı soyqırımı kimi baş məsələ ikinci plana atılır.

- Siz Xocalı soyqırımı ilə bağlı dəfələrlə çıxış etmisiniz. "Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında" qanun layihəsinin hazırlandığını bildirmisiniz. Bununla əlaqədar nə deyə bilərsiniz?

- Əlbəttə  bu işlər ardıcıl olaraq aparılır. Mən bütün jurnalist həmkarlarıma müraciət edirəm ki, Modern.az-ın rəhbəri Elşad Eyvazlı kimi fədakar olsunlar.  Yalanları yaymasınlar. Elşad Eyvazlının Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı bütün jurnalistlərimizə örnəkdir. Jurnalistlər, qələm sahibləri Azərbaycan həqiqətlərini dünyaya yaymaqla məşğul olmalıdırlar. Təhriflə, yalan, iftira, gülməli populizmlə yox.

 

-Sabah Xocalı soyqırımının 27 illiyində yüz minlərlə insanın iştirakı ilə izdihamlı yürüşün keçirilməsi  planlaşdırılır...

- Hesab edirəm ki, sabah xalq-Prezident birliyinin növbəti nümayişi olacaq. Xalqımız Xocalı soyqırımını yaddan çıxarmır. Bununla bağlı da dövlətimiz, hökumətimiz tərəfindən ardıcıl olaraq işlər aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir