Modern.az

Modern.az-da TƏRS SUAL: Son dəfə ictimai nəqliyyata nə vaxt minmisiniz? - Maraqlı CAVABLAR  

Modern.az-da TƏRS SUAL: Son dəfə ictimai nəqliyyata nə vaxt minmisiniz? - Maraqlı CAVABLAR   

27 Fevral 2019, 09:20

Modern.az-ın “Tərs sual” rubrikası davam edir.

Əvvəla, onu xatırladaq ki, ictimai nəqliyyat həyatımızın az qala ayrılmaz hissəsinə çevrilib. Tıxaclar,  avtobus və metrolarda başımıza gələn macəralar, maraqlı və ya xoşagəlməz hadisələr illər keçsə də, dəyişməyəcək məqamlardır. Çox vaxt buna görə insanlar ictimai nəqliyyatdan imtina edirlər. Xüsusilə, tanınmışlar, şəxsi avtomobili olan sərnişinlər metro və avtobuslara minməkdən qaçırlar. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edənlər də var.

Bu dəfə tərs sualımızı da elə ictimai nəqliyyatdan istifadə ilə əlaqələndirdik. Tanınmışlardan soruşduq: Sonuncu dəfə metro və avtobusdan nə zaman istifadə etmisiniz?

İlk olaraq, jurnalist həmkarlarımızla başlayaq...


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev 2007-ci ildən bəri daha çox şəxsi avtomobili ilə hərəkət edir. Lakin baş redaktor bildirib ki, tez-tez ictimai nəqliyyatdan da istifadə etməli olur:

“Xüsusilə, şəhərin mərkəzində olan tədbirlərə, görüşlərə metrodan istifadə etməklə gedirəm. Çünki belə olanda tıxac, parkinq problemi olmur, həm də bir az piyada hərəkət imkanı əldə edirəm. Sonuncu dəfə yanvar ayının sonlarında Nizami küçəsindəki biznes mərkəzlərin birində planlaşdırılan görüşə metrodan istifadə etməklə getmişəm”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə sonuncu dəfə nə zaman metro və avtobusa mindiyini xatırlamır:

““Space” telekanalında çalışanda iş yerimiz evə yaxın idi deyə, sürücünü çağırmırdım. Hüseyn Cavid prospektindən Badamdara avtobusla gedirdim. O da ara-sıra olurdu. “Space” telekanalından 2006-cı ildə çıxmışam. Belə çıxır ki, 13 ildir ictimai nəqliyyatdan istifadə etmirəm”.


Daha çox şəxsi avtomobili ilə gördüyümüz jurnalist İradə Cəlil də metrodan istifadə etdiyini deyir:

“Avtobuslara deyil, daha çox metroya üstünlük verirəm. Sonuncu dəfə bir neçə ay əvvəl metrodan istifadə etmişəm. Səhv etmirəmsə, dekabr ayının sonları idi. Düzünü deyim, ictimai nəqliyyatdan istifadə ilə bağlı kompleksim yoxdur. Əksinə, zərurət yarandıqda, harasa tələsəndə, tıxaca düşmək ehtimalı yarananda metroya minirəm. Bir də qatarın səsi məni sakitləşdirir. Metroda harasa gedəndə ən çox insanların kədərli baxışlarını izləyirəm”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə ictimai nəqliyyatdan bir gün ərzində ən azı 5-6 dəfə istifadə edir:

“Sonuncu dəfə ictimai nəqliyyatdan elə bu gün istifadə etmişəm. Saat 8-ə 15 dəqiqə qalmış 33 nömrəli avtobusla nəvəmi məktəbə aparıb qoymuşam. 26 nömrəli avtobusla qayıtmışam və 3 nömrəli BakuBus avtobusu ilə digər nəvəmi məktəbə aparmışam. Onu da məktəbə qoyandan sonra 211 nömrəli marşrutla evə qayıtdım. Axşam isə onları gətirməyə gedəcəm. Belə görürəm ki, gedib-gəlməyimi nəzərə alsaq, gün ərzində ən azı 5-6 dəfə avtobusa, metroya minirəm”.


Mili Məclisin deputatı İlham Məmmədov isə mütəmadi olmasa da, arabir metro və avtobuslardan istifadə etdiyini söyləyib:

“Yaşadığım bina Milli Məclisə yaxın olduğu üçün çox vaxt işə piyada gəlirəm. Şəxsi avtomobilim də var. Sürücüm isə yoxdur. Avtomobilə ehtiyac olduqda özüm sürürəm.

İctimai nəqliyyatdan ara-sıra, şəhərdə tıxac və ya hər hansı hadisə olduqda, tələsdikdə yararlanıram. Ən çox metrodan istifadə edirəm. Çünki şəxsi avtomobillər kimi, avtobuslar da tez-tez tıxaca düşür. Bu baxımdan metro ən sərfəli nəqliyyat növüdür”.


Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyevin ictimai nəqliyyatdan istifadə etdiyi sonuncu tarix yadındadır. Milli Məclisin üzvü fevralın 19-u Milli Məclisə gedərkən həm metroya, həm də avtobusa minib:

“Mən Gəncədən çox Bakıda ictimai nəqliyyatdan istifadə edirəm. Bu həm də Bakının küçə və prospektlərində tez-tez tıxac yaranması ilə əlaqədardır. Onu da vurğulayım ki, xüsusilə metronu sevirəm. Təəssüf ki, Gəncədə metro yoxdur, ona görə daha çox işə piyada gedib-gəlirdim. İndi də Gəncədə olduqda piyada hərəkət edirəm. Xidməti maşınım Bakıda olur, həm də xalqla, gənclərlə bir arada olmaq üçün ən optimal variant ictimai nəqliyyatdır. Metro və avtobusdan istifadə etməkdə qeyri-adi nə isə görmürəm”.

Sadaladığımız deputat həmkarlarından fərqli olaraq Fəzail Ağamalı sonuncu dəfə metro və avtobusdan təxminən 10 il əvvəl istifadə edib:

“Çox zaman piyada gəzirəm, məsafədən asılı olaraq gedəcəyim yerlərə piyada gedirəm. Amma metro və avtobusdan tez-tez istifadə etmirəm. İllər əvvəl olub ki, şəxsi maşınım daha zəruri bir məsələ üçün məşğul olanda Milli Məclisdən üzü aşağı piyada düşüb, avtobusa minmişəm. Amma avtobusda özümə qarşı xeyli diqqət müşahidə etdim. Sərnişinlər məni tanımışdılar. İndi nadir hallarda belə durum olur, demək olar ki, son illər metro və avtobusa minməmişəm. Qətiyyən metro və avtobusdan istifadə etməklə bağlı kompleks yaşamıram. Sadəcə, şəxsi maşınımla işə gedib-gəlməyim daha rahatdır”.

Etiraf etməliyik ki, ictimai nəqliyyatdan istifadə daha çox efirdən tanıdığımız şəxslər, müğənnilər, sənətçilər üçün çətin olur. Sərnişinlərin əksəriyyəti onları tanıdığından söhbət etməyə, şəkil çəkdirməyə can atırlar. Xalq artisti Mübariz Tağıyev də bu kimi məqamları nəzərə alıb, ictimai nəqliyyatdan istifadə etmir. Ustad ifaçı deyir ki, gənclik illərindən bəri şəxsi avtomobil idarə edir:

“Bir neçə dəfə maşınım təmirdə olanda metrodan istifadə etmişəm. Bir neçə il əvvəl olub. Maraqlısı o idi ki, mənim metro “səyahət”im fotosessiyaya çevrildi. Hər kəs əlində telefon şəklimi çəkirdi, birlikdə şəkil çəkdirmək istəyirdilər. Ona görə, ictimai nəqliyyatdan rahat istifadə edə bilmədiyimdən şəxsi maşınımla hərəkət edirəm”.

P.S. Növbəti tərs sualımızı gözləyin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir