Modern.az

Jurnalistlər İlham Əliyevin Fərmanından DANIŞDILAR: “Sağ olun, cənab prezident!”  

Jurnalistlər İlham Əliyevin Fərmanından DANIŞDILAR: “Sağ olun, cənab prezident!”   

Media

28 Fevral 2019, 17:28

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərman bütün kateqoriyadan olan əhali arasında məmnunluq yaradıb.

Bank kreditləri olan və olmayan jurnalistlər də məsələyə dair öz mövqelərini ifadə ediblər. Modern.az jurnalistlərin məsələyə münasibətlərini təqdim edir:

Taleh Şahsuvarlı, Aznews.az saytının baş redaktoru:

“Əvvəlki maşınım dollar kreditində idi. Satıb, krediti bağladım. 30 min manatdan çox ödəniş etmişdim. Vətən sağ olsun dedim, yüzlərlə belə "Cip" dövlətimə qurban dedim. Bunu yazmışdım da. Amma heç zaman prezidentə güvənim əsla sarsılmadı, tərəddüdə düşmədim. Çünki başa düşürdüm ki, devalvasiya hansı zərurətdən doğub. O zaman da yazırdım ki, devalvasiya qərarları sosial və iqtisadi şok yaradır. Müəyyən mərhələdən sonra bu şok aradan qalxır. Əmin idim ki, Azərbaycanın maliyyə-iqtisadi sektoru bu şoku dəf etdikdən sonra prezident problemli kreditlərlə bağlı addım atacaq. Bu gün o fərman verildi. Prezident göstərdi ki, bəli, dövlət xalq üçündür. Bu gün verilən qərar həm də onu göstərdi ki, İlham Əliyev bütün dünyaya örnək bir liderdir!”.

İlham Quliyev, “Kaspi” qəzetinin baş redaktoru:

“Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” verdiyi Fərman çoxdan gözlənilirdi. Bilirsiniz ki, ölkədə 2015-ci ildə baş vermiş devalvasiyadan sonra dollarla kredit götürən vətəndaşların çox ciddi problemləri yaranmışdı. Bununla bağlı uzun müddət idi ki, cəmiyyətdə, parlament müstəvisində, mətbuatda müzakirələr gedirdi və problemli kreditlər məsələsinin həlli ilə bağlı müxtəlif təkliflər var idi.
Son müşavirədə də cənab Prezidentin qeyd etdiyi kimi, hökumət bu problemin həlli üçün İşçi Qrup yaratmışdı. Ölkə başçısının fərmanı həmin İşçi Qrupun uzun müddətdir apardığı araşdırmaların nəticəsi kimi qəbul olunmalıdır. Bu fərman xeyli sayda vətəndaşın kredit yükünün aşağı salınmasına gətirib çıxaracaq. Başqa sözlə ifadə etsək xeyli sayda insanın banklar qarşısında öhdəlikləri azalacaq. Ümumilikdə problemli kreditlərin həll olunmasına 900 milyon manata yaxın vəsait sərf olunacaq. Təbii ki, bu gün imzalanan fərmandan da xeyli sayda insan yararlanacaq. Bu, ümumilikdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial problemlərdən qurtulması üçün dövlətin bir qayğısı kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, son vaxtlar Azərbaycan hökuməti çox rezonans doğurmuş sosial paket icra etməkdədir. Belə ki, minimum əməkhaqqı, minimum pensiyalar, tələbələrin təqaüdləri, eləcə də məcburi köçkünlərə dövlət tərəfindən ödənilən yardımların məbləği artırıldı. Təbii ki, bu da həmin prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Aparılan iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu, alqışalayiq bir addımdır. Biz çox qısa müddət ərzində də bunun müsbət nəticələrini görəcəyik. Bundan həm vətəndaşlar, həm də bank sektoru faydalanacaqlar. Ümumiyyətlə, problemli kreditlər məsələsinin həlli vətəndaşlarla banklar arasındakı etimad mühitinin daha da yüksəlməsinə səbəb olacaq. Son nəticədə isə ölkədə ümumi iqtisadi fəallıq artacaq”.

Xaqani Səfəroğlu, “Strateq.az” saytının redaktoru:

“Əlvida, Bank! Əlvida, faizlər! Əlvida, Məhkəmə!
Kreditsiz həyat gözəl imiş! Sağ olun, cənab prezident!
Əməyi keçən hər kəsə təşəkkür. Məni bu illərdə devalvasiya silahı ilə silahlanmış bank- məhkəmədə "qardaşlığı" qarşısında tək qoymayan Akram Hasanova təşəkkür edirəm. Biz qalib gəldik!”.

Azər Həsrət, Mətbuat Şurasının üzvü:

"Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də sadə insanları - vətəndaşları düşündüyünü göstərdi. Problemli kreditlər məsələsi bir çox insanın narahatlığına səbəb olmuşdu. İndi məsələ çox qısa müddət ərzində, insanların faydasına çözüləcək.

Düşünürəm ki, cənab Prezident bir daha göstərdi ki, o, hər bir sadə azərbaycanlının ən adi problemini belə şəxsi problemi kimi qəbul edir, həllinə çalışır. Əlbəttə, buna görə cənab Prezidentə yalnız təşəkkür etmək olar"

Zülfiyyə Quliyeva, Mövqe.az-ın müxbiri:

“Mən Bankdan kredit götürəndən  2 ay sonra devalvasiya baş vermişdi. Məzənnədə baş verən dəyişiklikdən sonra o krediti ödəmək iqtidarında deyildim. Ona görə də bankla danışaraq, ödəniş müddətində güzəşt edilməsini, faizin aşağı salınmasını xahiş etdim. Amma bu danışıqlar nəticə vermədiyindən, məcburən, həm də müsbət ödəniş tarixçəm pozulmasın, məhkəmələrə düşməyim deyə, çətinliklə də olsa, o krediti manat-manat toplayaraq, zülümlə bağladım. Həmin krediti bağlamaq üçün qiymətli əşyalarımı satmağa, müəyyən xərclərimi ixtisara salmağa məcbur oldum. Çünki o məbləği ödəmək qeyri-mümkün idi.

Prezidentin bu fərmanını görəndə uşaq kimi sevindim. Birinci bizə şamil olunmayacağı barədə məlumatlar verildi. Amma içimdə bir inam vardı ki, cənab Prezident vətəndaşları arasında ayrı-seçkilik etməyəcək. Məzənnə dəyişikliyindən çox böyük əziyyət çəkmişəm. Hər dəfə əlimə pul düşdükcə aparıb dollar edirdim ki, ayın axırı kredit borcumu ödəyim. Allah Prezdentimizdən razı olsun, Allah ona can sağlığı versin ki, vətəndaşı çətin sosial durumda qoymadı. Biz hər zaman Prezidentimizə inanırıq, ona arxalanırıq. Məhz bu cür Fərmandan sonra ona olan güvənimiz daha da artdı. Fərman göstərdi ki, biz ona inanmaqda doğru seçim etmişik. Bu Fərmanla bir daha öz xalqının yanında olduğunu, onun rifah halının yaxşılaşdırılmasını düşündüyünü sübut etdi”.

Sənan Nəcəfov, “Qhtxeber.az” saytının rəhbəri:

“Cənab nöqtə qoydu!!!
Tarixi qərar: devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək!!!!
Problemli kreditlər üzrə məhkəmə çəkişmələrinə son qoydu, məhkəmə çəkişmələri vətəndaşların xeyrinə həll olundu.
Prezident 800 min nəfərin kredit problemini birdəfəlik həll etdi".

Vüqar Rəhimzadə: “İki sahil” qəzetinin baş redaktoru:

“Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi  böhranla əlaqədar olaraq enerji resurslarının qiymətinin kəskin şəkildə  aşağı düşməsi Azərbaycan  iqtisadiyyatına da  təsirsiz ötüşmədi. Bunun nəticəsi olaraq   əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların  banklar  qarşısında  öhdəlikləri artdı, məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxaldı. 
Ölkəmizdə  manatın  devalvasiyasından  sonra müzakirə olunan əsas  məsələlərdən biri məhz  əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi, dövlətimizin başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə  fəal iş apararaq təkliflərini səsləndirdi. Məsələ ilə bağlı Milli Məclisdə də müzakirələr keçirildi. 
Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür. Atılan bu addım vətəndaşların maddi  rifah halını daha da  yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşyıyır.
Dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə  bağlı müşavirədə  də  bu mühüm məqam xüsusi qeyd edilmişdi ki,   buna oxşar addımların atılması ilə bağlı  bəzi ölkələrdə  müvafiq qərarlar qəbul edilib, ancaq onlar  icra edilməyib.  Cənab İlham Əliyev vurğulamışdı ki, yəni, burada xoş  niyyətin olması əsas şərt deyil.  Əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaş üçün ən məqbul variantın seçilməsi əsasdır. Bununla yanaşı,  maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Ölkə Prezidenti   bu inamı ifadə etmişdi ki, yaxın gələcəkdə  bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həll ilə  bağlı da öz liderliyini göstərəcək və  çox ciddi nümunə göstərəcək. 
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bir daha ölkə Prezidentinin qərarlarının bütün dünya üçün sosial inqilab nümunəsi olmasına işıq salır.
Fərmanı son dövrlərdə ölkədə  makroiqtisadi sabitliyin təmin olunmasına, iqtisadi inkişaf templərinin bərpa edilərək maliyyə imkanlarının genişlənməsinə, həmçinin  əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının  ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün şərait yaratdı. 
Dövlətimizin başçısı İlham Əliyev fevralın  28-də  imzaladığı Fərmanı ilə  qeyd etdiyi yaxın gələcəyi daha da yaxınlaşdırdı. Vətəndaşlara  bəxş olunan bu sevinc, eyni zamanda, bundan öncəki qərarlar  sözün əsl mənasında inqilabi qərarlardır. Azərbaycan digər sahələr kimi, sosial  sahədə də təkmil təcrübəsini,  liderliyini bir daha dünyaya nümayiş etdirdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər