Modern.az

12 gün şimal ölkəsi Norveçdə...

12 gün şimal ölkəsi Norveçdə...

Reportaj

10 Dekabr 2011, 11:17

Orta məktəb illərində həmişə dünyanın xəritəsinə baxmağı xoşlayardım. Coğrafiya dərsini çox sevirdim. Bütün ölkələrin yerini asanlıqla tapır, paytaxt şəhərlərinin adını əzbərdən bilirdim. Mənim üçün ən qəribə və sirli yer Skandinaviya ölkələri idi. Xəritədə Skandinaviya yarımadasını yatmış şirə bənzədirdim. Və uzun illər sonra mənim həyatımda bu yarımada ilə bağlı bir yaxınlıq, doğmalıq oldu. Mənim oğlanlarımın təhsilini məhz bu yarımadada yerləşən ölkələrdən biri olan Norveçdə davam etdirmələri məni bu ölkəyə bağladı. Və mən övladlarımı görmək, onların həyat şəraiti ilə tanış olmaq üçün Norveçə- gözəlliklər diyarına yollandım və məni Norveçə aparan yol qardaş ölkə olan Türkiyənin paytaxtı İstanbul şəhərindən keçdi.
Düzdür, başqa yollar da var. Lakin, İstanbuldan uçmağım da təsadüfi deyildi. İstanbul. Bakıdan Türk hava yolları ilə uçdum. Düzü Türk hava yolları ilə uçmaq daha rahatdır və bir də İstanbulu görmək istəyi mənim üçün daha maraqlı idi. Türkiyə vaxtı ilə 20. 55-də təyyarəmiz Atatürk adına İstanbul hava limanında yerə endi. Və mən ancaq televiziya ekranlarında gördüyüm İstanbula öz salamlarımı yetirdim. Salam İstanbul, dedim.

Səni gündüz görə bilmədim, gecə uzun gördüm. Öz-özümə bir mızıldadım da: (yarım gecə gəldi,gecə getdi, heç bilmədim necə gəldi, necə getdi )İstanbulun Atatürk adına hava limanında 10 saat gözləməli idim. Osloya uçacağım təyyarənin vaxtı səhər erkən idi. Hava limanında qaldığım 10 saata yaxın vaxtda dünyanın hər yerindən gəlib, dünyanın hər yerindən gedən insanları gördüm. Bu insanların üzündə dünyanın bütün rəngləri var idi və hər biçimdə geyindikləri libaslarının forması da üzlərinin rəngi kimi müxtəlif idi. Və hər gün bu nəhəng hava terminalından nə qədər insanların dünyanın hər bir bucağı ilə paylaşdığının şahidi oldum. Eyni zamanda xəyali olaraq yüz, iki yüz il əvvəli dolandım. ( mən o vaxtları görməsəm də təsəvvür etdim). Bəs insanlar təyyarə və avtomobil olmayanda nə edirdilər.

Hava limanının gözləmə zalında Rusiyadan,İrakdan,İspaniyadan gələn və gedən insanlarla söhbət etdim və mənim Azərbaycandan olduğumu biləndə ölkəmizlə çox maraqlandılar. Demək olar ki bu insanlarla söhbətim alınırdı. Əlqərəz səhər də bir təhər açıldı. Türkiyə vaxtı ilə 08. 25-də artıq Osloya uçacaq təyyarədə idim. Yanımda bir yaşlı kişi və qadın əyləşmişdi.
Kişinin şimallı olduğu üz cizgilərindən bəlli idi. Onun yanında əyləşən qadin isə hicabda idi. Danışmadıqlarına görə yəqin etdim ki, biri-birini tanımırlar. Ancaq şimallı kişi hərdən boylanıb arxa cərgədə əyləşən bir qadınla gözləşir və ona müəyyən işarələrlə zarafat da edirdi. Oturacaqların hamısında monitor var idi. Mən də əlimi dinc saxlamır, elə monitoru qurdalayırdım. Mənim yanımda əyləşən şimallı kişi də monitoru qurdalayırdı, ancaq ortaya bir şey çıxarda bilmirdi. Mən müdaxilə edən kimi onun da işi düzəldi. Ancaq mən öz yerimi tutanda onlara salam vermişdim və onlar da çox mehribanlıqla mənim salamımı almışdılar. Yeri gəlmişkən son bir ildə öyrəndiyim ingilis dili yaman karıma gəldi. Demək olar ki, bu mənim həyatımda özümün-özümə etdiyim ən böyük hədiyyə idi.

Nə isə. . . qonşularımla tanış oldum. Kişinin olardı 71-72-i yaşı. Dedi, adım Torleyifdi. Osloda yaşayıram. Və mən də zarafatla soruşdum ki, yəqin siz Tur Heyrdalın qohumusuz. O isə gülə-gülə cavab verdi ki, yox qohum deyilik. Ancaq o çox böyük adam olub. Mən də öz növbəmdə norveçli səyyah, etnoqraf, alim-antropoloq Thor Heyerdahlın vaxtı ilə Azərbaycana gəlişi, araşdırmalar aparmasi və norveşlilərin kökünün vaxtilə Azərbacandan getməsi qənaətinə gəlməsi ilə bağlı məndə olan məlumatı ona çatdırdım. Qeyd elədim ki, Səyyah 1981-ci ildə Bakıda və Qobustanda olub, araşdırmalar aparıb. Tur Heyerdalın “Odinin axtarışı” (Jakten pe Odin, ) (The Search for Odin) adlı kitabında vikinqlərin köklərinin Azərbaycanda axtarılmasını məsləhət görüb. Düzü qonşum belə isti və maraqlı məlumatları heç məndən gözləmirdi. Şimallı kişinin üzündə yumor hissinin olduğunu dəqiqləşdirdiyimə görə zarafatla onun arxa cərgədə əyləşən qadınla gözləşməyinin səbəbini soruşdum, o da cavab verdi ki, onun arvadıdır. Və yenə yarızarafat, yarıciddi onun yanında əyləşən örpəkli qadına işarə edib onun kim olduğunu soruşanda qonşum mənə göz vurub gülümsədi. Yol boyu zarafat edirdim ki, niyə arvadın yanında oturmayıb. O isə gülə- gülə mənə cavab verirdi ki, onu özüm bilərəm. Mən əl çantamda olan qoz, fındıq və kişmiç qarışığına onu qonaq etdim. Və bu onun çox xoşuna gəldi, mənə “Thank you” deyib bir hissəsini cibinə tökdü və dedi ki,nəvələrinə aparacaq. Nəhayət, Osloya qədər 4 saat davam edən uçuş vaxtını Toreylif qardaşla olan söhbətimizlə əritdik , vaxt da tez gəlib keçdi. Ancaq Tur Heyrdalın fikirlərini əsas gətirərək arada şimallı qonşuma “əmioğlu” da dedim. Oslo təyyarə limanın eniş elanı olanda Torleif məndən internet ünvanımı soruşdu. Və mən də ünvanı yazıb ona verdim. Dedi sənə yazacam. Təyyarə hava limanına enərkən qəribə hisslər keçirməyə başladım. Ürəyim çırpınırdı. Eyni halı Moskvada təhsil aldığım illərdə hər dəfə böyüyüb boya- başa çatdığım Laçına gələndə keçirirdim. Oğlanlarımın Norveçdə olmaları bu ovqatı məndə yaratmışdı. Çünki onları görməyə gedirdim. Oslo təyyarə limanında məni kiçik oğlum Vüsal qarşıladı. Və biz təyyarə limanından elektrik qatarı ilə şəhərə getdik. Onu da qeyd edim ki, oğlum Vüsal Bakıda İncəsənət Universitetini bitirib və Oslo Universitetində ikinci təhsil alır. Təyyarə limanı ilə Oslo şəhəri arasında olan məsafədə yolların kənarı ilə səliqəli düzülən həyət evlərinə baxdıqca gözəlliyin, səliqə-sahman və hormoniyanın şahidi olursan. Elektrik qatarından düşən kimi oğlum mənə şəhər nəqliyyatı üçün (metro, avtobus, tramvay və gəmi) ümumi bir kart aldı. Və mən onu metro stansiyasında bir dəfə qeydiyyatdan keçirib cibimə qoydum. Və daha sonra orda qaldığım 5 gün ərzində metroya, avtobusa,tramvaya girdim və bir dəfə də olsun kartı cibimdən çıxartmadım. Təkcə gəmi ilə şəhər ətrafındakı adalara səyahət edəndə, kartı yoxladılar. Oğlumun qaldığı tələbə şəhərciyinə gəldik. Binanın iki otaqlı mənzildəki otaqların birində Vüsal, o birində isə çinli bir tələbə qalırdı. Hər şey müasir mənzil standartlarına uyğun olaraq yüksək səviyyədə idi. Təkcə mətbəx ümumi idi. Binanın həyətində tələbələrin yüzlərlə velosipedi yan-yana düzülmüşdü. Binaya girməmişdən Vüsal da öz velosipedini mənə göstərib dedi, ata, bu da mənim maşınımdı. Binanın giriş qapısı və mərtəbənin ümumi qapısı da kartla açılırdı. Binaya daxil olanda Moskvada təhsil aldığım illər yadıma düşdü. Amma fərq çox idi. Burda Avropa qayda-qanunları olduğuna görə hər şey İdeal idi:gözəllik,sakitlik və azad davranış, insanların sərbəstliyi, sadəliyi,mülayimliyi, mehribanlığı. Bu çox şey deməkdir. Bir az dincələndən sonra oğlumla şəhərə çıxdıq və bir xeyli gəzib dolanandan sonra gec olduğundan evə qayıtdıq. Gecəni çox rahat yatdım. Çünki oğlumla bir yerdəydim. Ertəsi gün cümə idi, yəni 5 –ci gün. Vüsalın həmən günə dərsi yox idi və biz şəhəri gəzməyə çıxdıq. Oslo Şimal ölkəsinə gəlişim məni onun tarixi ilə maraqlandı. Səkkizinci yüzilliyin sonlarında Norveç çoxlu sayda kiçik krallıqlardan ibarət olub. 872-ci ildən başlayaraq kral Sarışın Xarald bu kiçük krallıkları bir bayraq altında toplayaraq Birləşmiş bir Norveç dövləti yaratmağa nail olur. Norveçin tarixi çox qədimdir və qısa olaraq tarixə səyahət etsək, tarixə qədərki dövr,erkən tarixə qədərki dövr, Vikinqlər dövrü, Kalmar və Danimarka-Norveç ittifaqı, İsveç-Norveç ittifaqı və daha sonra 1905 –1914- cü illərdə Norveçin müstəqilliyinin elan edilməsi dövrlərinə bölünür. Və daha sonra konsessiya haqqında qanunun qəbul edilməsidir. Bu ölkənin ərazisində irili –xırdalı 50. 000 ada və 450 . 000 göl var,ölkə ərazisinin 36 % –ni meşə örtüyü təşkil edir. Ölkə əhalisinin 79 % –ni norveçlilər, 21 %-ni isə digər xalqlar təşkil edir. Norveçin tarixindən bu qədər. Şimal ölkəsi yağışlı olduğu üçün mən özümə Çin istehsalı olan çətiri götürməyi də unutmadım. Tələbə şəhərciyinin yanından metroya minib şəhərə getdik. Metro qatarı gah yerin altı,gah da yerin üstü ilə gedirdi. Hər dəfə tuneldən çıxanda yol boyu hər iki tərəfdə səliqə ilə düzülən bir-birindən gözəl çəpərsiz,hasarsız müxtəlif rənglərlərdə həyət evləri,villalar göz oxşayır. Metronun hərəkət etdiyi dəmir relslərin hər iki tərəfindən təbiət incidilmədən saxlanılıb,xırda kollardan tutmuş iri ağaclara qədər,hətta meyvə ağacları belə öz təbiiliyini saxlayıb. Oslo şəhərinin əsası 1049-cu ildə karol Xarald Xardrada tərəfindən qoyulub. Ölkənin adı isə Skandinaviya dilində “Nordriveqr” “Şimal yolu” kimi nəzərdə tərcümə olunur. Ölkənin 79%-i norveçlilər,21%-i isə digər xalqların nümayəndələri təşkil edir. Bütün orada yaşayan xalqların nümayəndələri də Norveç dilində danışır,yazır və oxuyurlar. 2000-ci ildə baş kənd-paytaxt Oslonun 1000 yaşı qeyb olunub. Osloda olduğum 5 gün ərzində şəhərin bir çox tarixi yerlərinə getdim,muzey və teatrlara baş çəkdim. Osloda yerləşən yazıçılar evində də oldum. Oslonun mərkəzində oğlumla gəzərkən parlament binasınin yaxınlığında çoxlu insanların yığışdığını gördük və bizdə o səmtə yollandıq. Məlum oldu ki,parlamentin açılış günüdür və başqa ölkələrin səfirləri də gələcək. Bu hadisə bizim üçün də maraqlı oldu və biz də müvəqqəti düzülmüş dəmir arakəsmələrin yanında adamların arasında dayandıq. Küçənin hər iki tərəfində Oslo sakinləri sanki bayram əhval-ruhiyyəsində idilər. Birdən şeypur və təbil səslərinə hamı dönüb baxdı. Əvvəlcə musiqiçilərdən ibarət hərbi dəstə, onların ardınca motosikletçi polislər gəldilər. Sonra hərbiçilərdən ibarət atlılar gəldi. Daha sonra müxtəlif geyimli hərbiçilər keçib yol boyu düzləndilər. Qəribədir ki, hərbi xidmətdə qızlar da iştirak etdiyi üçün sırada çoxlu qızlar var idi. Hamı çox intizarla nə isə gözləyirdi. Gələn qonaqlar kral sarayı olan istiqamətdən gəlməli idilər. Buna görə də biz tez-tez oraya sarı boylanırdıq. Yeri gəlmişkən bir gün əvvəl mən Kral sarayının qarşısına gedib şəkil çəkdirmişdim. Ona görə də bilirdim ki, qarşıdaki Kralın sarayıdır. Rəsmi qonaqların gəlişi avtomobil karvanı ilə başlandı. Müxtəlif ölkələrin səfirləri öz şəxsi avtomobillərində gəlirdilər. Günəşli gün olduğuna görə bütün şəhərdə bayram əhval –ruhiyyəsi var idi. Ümumiyyətlə Norveçdə günəşli günlər insanlar üçün əsl bayram olur.

***

Osloda 5 gün ərzində Opera Teatrında, Akersxus qalasında, keçmişdə olan kralın sarayında, kralın ev-muzeyində oldum. Çox məşhur parklarını gəzdim. Həmyerlilərimiz, diaspor işi ilə məşğul olan Yaşar Azər bəyin, Ramil Əliyevin qonağı oldum. Məni ən çox məftun edən Viqelanda parkı oldu. Bu park 1907-1942-ci illər ərzində norveçli heykəltəraş Qustav Viqeland tərəfindən yaradılıb. 30 hektar ərazidə yerləşən parkda 277 heykəl var. Parkdakı heykəllərin hamısı insan taleyi və onun əhval-ruhiyyəsini özündə əks etdirir. Demək olar ki,tamamı ilə çılpaq şəkildə yaradılan bu insan –daş mənzərələri adamı heyrətə gətirir. İnsanların istirahəti, gəzib-dolaşması üçün parkda yüksək səviyyəli şərait yaradılıb.
Gəzintinin axırında isə oğlumla birgə parkın aşağı hissəsindəki muzeyə baş çəkdik.

Qatarla Berqenə sarı

Osloda 5 gün qaldıqdan sonra qatarla Bergen şəhərinə yollandım.Məni kiçik oğlum Vüsal yola salırdı.Vağzal adlı bu böyük terminala gəldik. Bura həm şəhər ətrafına, həm də ölkədaxili və xarici qatarlar, həm də avtobuslar üçün nəzərdə tutulmuş çox iri bir kompleksdir. Qatar üçün bileti bir neçə gün əvvəl elektron poçtla almışdıq. Xülasə, qatara əyləşdik,lakin qatarın yola düşməyi gecikirdi. Sən demə qapılarında nasazlıq var imiş. On yeddi dəqiqə gözlədikdən sonra dispetçer elan etdi ki,sərnişinlər qatarı tərk edib başqa qatara minsinlər. Mən də bütün sərnişinlər kimi qatarı tərk etdim və yanaşı platformaya daxil olan eyni ilə oxşar qatarda əvvəlki yerimi tutdum. Bir neçə dəqiqədən sonra yola düşdük. Qatar tunelə girdi və yoluna davam etdi. Dayanacaqlardan birində gənc bir qız da qatara mindi və mənim yanımda olan boş yerdə əyləşdi. Bir az sonra çantasından notbukunu çıxarıb internetə qoşuldu. Mən maraq üçün gözümü qaytarıb monitora baxırdım. Qız Norveç dilində hansısa məlumatlara baxırdı.

Bakıdan gedərkən özümlə mobil telefon götürməmişdim. Oğlum mənə bir dostunun telefonunu vermişdi ki,istifadə edim. Nabələd olduğum üçün uşaqlarım tez-tez mənə zəng edirdilər.
Təxmini bir saat olardı ki, yolda idik və bu zaman Vüsal mənə zəng etdi. Telefonu, ilk zəngdə aça bilmədim. İkinci zəngdə yenə alınmadı.Sən demə bu yanımda əyləşən qızın diqqətini cəlb edibmiş. O, kömək etdi və mən oğlumla danışdım. Qıza təşəkkürümü bildirdim və o mənə baxıb gülümsədi. Azərbaycanlılığıma salıb qızın haradan olduğunu soruşdum. Dedi ki, Bergen universitetində oxuyur, ancaq paytaxt Oslodandır. Yol uzun olduğundan söhbət etməyə başladıq..
Yol boyu qatarın pəncərəsindən ətrafa baxır, çayların, çoxlu sayda göllərin, dağların, çöllərin, tamamilə meşə ilə örtülmüş ucsuz-bucaqsız sahələrin necə də gözəl və maraqlı olduğunu bir daha hiss edirdim. Səliqə ilə tikilmiş hasarsız və çəpərsiz kənd evlərinə, evlərin pərdəsiz pəncərələrinə baxdıqca Avropaya xas olan bütün sivil mədəniyyətin bu gözəl ölkədə daha da yüksək səviyyədə olduğunu yəqin edirsən. Yol boyu kəndlərin yanındakı biçənək sahələrində dairəvi formada yüzlərlə polietilen farmaşlar gördüm,ancaq onların nə olduğunu soruşanda tələbə qız: “Otdur” dedi və əlavə etdi ki, heyvanların toxunmaması, ətrafa dağılmaması üçün belə qablaşdırılıb.

Voss bölgəsinə yaxınlaşırdıq. Buradan Bergenə çatmağa az qalırdı. Qatar stansiyada dayananda pəncərədən çölə baxıb gördüm, çöldə qar var. Tez qatardan çölə atıldım və bir qar topu da düzəltdim. Yanımda əyləşən qız pəncərədən mənə baxıb gülümsəyirdi. Burda tanıdığım bir adam belə yox idi. Qatar bələdçisi məni çağırdı ki, zəhmət olmasa içəri keçin qatar yola düşür. Mən tez qatara qalxdım. Bu ilin ilk qarını Norveçin yüksək dağlarında gördüyüm üçün sevinirdim. 10-11 radələrində Bergenə çatdıq. Vağzalda məni oğlum Tural qarşıladı. Oğlumun maşınına əyləşib evə getdik.. Gec də olsa oğlumla birgə çay içdik. Ertəsi istirahət günü idi. Lakin səhər ertədən başlayan yağış yaxşıca gəzmək həvəsimi öldürdü. Onsuz da Bergenin yağışlı şəhər olduğunu bilirdim. Buna baxmayaraq şəhərə getdik. Əvvəlcə maşınla Bergenin mərkəzi küçələrində gəzdik. Çünki çölə çıxılası deyildi. Heç çətir də kömək edə bilməzdi.
Bu ölkənin adamları yağışa,qara elə öyrəşiblər ki, onlar üçün təbiətin bu şıltaqlığı bir şeydir. Amma bir məsələ mənim üçün maraqlı idi. Yağan yağış suları hara axıb gedir, heç bilmirsən. Küçə və meydanlarda heç bir gölməcə – filan gözə dəymirdi. Mənim diqqətimi çəkən həm də Bergendə,həm də Osloda nəqliyyatın və insanların səliqəli hərəkəti idi. İnsanlar öz yollarını, maşınlar da öz yollarını bilirlər. Desəm ki, tıxac görmədim, inanmassınız, amma bu həqiqətdir. Sahil yanı küçələrdən birindən aralı, pulsus dayanacaqda maşınımızı saxladıq, çətirlə birgə mağazalara girdik. Turalla eyni şirkətdə işləyən qubalı Xalid də bizimlə idi. Xalid də gözləyirdi ki, yağış kəssin, onlara kabab bişirim. Kabab bişirmək üçün isə şəhərdə xüsusi yerlər var. Həm də kabab bişirmək üçün gərək birdəfəlik manqal alasan. O manqalda da olsa- olsa sosiska bişirmək olar. Dedim Xalid, Bakiya gələndə sənə lap 5-ci mərtəbədə də olsa kabab bişirərəm. Onu da qeyd edim ki, Xalid yayda Qubanın Əmsar kəndinə, onlara qonaq gedəndə bişirdiyim kababın dadının Xalidin damağından getmədiyini dedi. Dedim, qardaşoğlu, məndə günah yoxdu.Yağış kəssə bir şey fikirləşərik. Xülasə,mağazadan təzəcə çıxmışdıq ki,qəflətən dolu başladı.Özü də necə dolu. Düzü mənim “Binə” ticarət mərkəzindən aldığım “kitayski” çətir dolunun hücumuna dözmədi və parça-parça oldu. Birtəhər özümüzü maşına salıb,evə yollandıq. Həyətə çatan kimi çətiri zibil yeşiyinə atdım. Axşam qəflətən yağan dolunun təəssüratını bölüşdük. Çətir əhvalatına da güldük. Ertəsi mən və oğlum Tural Bergeni gəzməyə çıxdıq.

Altı dağın gözəli Bergen

Bergen (Norveçin dəniz qapısı adlandırırlar) şəhərinin əsası 1070-ci ildə Kral Ulaf Kirri tərəfindən qoyulub. Bergen Norveçin ən gözəl və ikinci böyük şəhəridi. Şəhərin 230 mindən çox əhalisi var. Bergen Norveçin birinci yazıcı-satiriki Lyudvik Xelberqin, dünya şöhrətli bəstəkar Edvard Qrieykin, məşhur dramaturq Henri İbsenin vətənidir. 2000-ci ildə Bergen də bir neçə başqa şəhərlər kimi Avropanın mədəniyyət mərkəzi elan edilib. ”Şəhər altı dağın qoynunda yerləşdiyi üçün mən onu “Altı dağın gözəli” adlandırdım. Bergenin gəzməli-görməli yerləri çoxdu. Əlbəttə 5 gün Bergen şəhərini gəzmək üçün çox az bir müddətdir. Bir də aramsız yağan yağışlar gəzintiyə mane olduğu üçün, ancaq 2 gün gəzməyə çıxa bildim.
Norveçə gəlməmişdən 2 gün əvvəl Azərbaycan Yazıçılar Birliyində şair Dayandur Sevgin mənə dedi ki, bəs Norveçdə qaçqın kimi yaşayan şair-jurnalist Tofiq Məmməd orada vəfat edib. İmkan olsa get o qəribin qəbrini ziyarət elə. Düzü mən adı çəkilən şairi heç vaxt görməmişdim. Ancaq düşündüm ki, soraqlayıb bir şey fikirləşərəm.

Təəssüf ki, nə qədər soraqlasam da onun məzarını tanıyan olmadı. Oğlum Turalla Norveçin məşhur bəstəkarı Edvard Qrieykin ev muzeyinə getmişdik. Ev muzeyi Bergenin kənarında, (heç ora kənar demək də olmaz)dəniz sahilində yerləşir. Biz maşını ev-muzeyindən 300-400 m aralıdakı, avtomobillər dayanacaqda saxladıq. Çünki muzeyə avtomobillərin girişi qadağandır. Muzeyi gəzib bəzi dostlarıma da hədiyə aldıq və Qrieykin qəbrini ziyarət etmək üçün ev-muzeyinin yanındanca dənizin kənarına endik. Təbii daş pilləkənlərlə endik. Pilləkənlərin yanı ilə meşə ağacından məhəccər-tutacaq da quraşdırılıb. Hər şey çox sadə və gözəl düşünülüb. Axır ki, sahilə endik. Orada bir qadın və kişi, bir də gənc bir oğlan var idi. Onlar da bizim kimi bəstəkarın qəbrini ziyarət etmək üçün gəlmişdilər. Üz-gözlərindən norveçliyə oxşayırdılar. Biz onlardan fotoaparatla şəklimizi çəkməyi xahiş etdik. Kişi oğlumla mənim şəklimi bir neçə dəfə çəkdi və haradan olduğumuzu soruşdu. Cavab verdim ki, Azərbaycandanıq. O da özünü təqdim etdi ki, buralıyıq, mən də vəkiləm, dedi və əlavə etdi ki, burada qacqın kimi yaşayan, bir ayağı olmayan azərbaycanlı jurnalistin vəkili olub və onun hüquqlarını müdafiə edib. Ancaq o jurnalist dörd həftə bundan dünyasını dəyişib. Mən bir qədər duruxandan sonra onun adının Tofiq Məmməd olub-olmadığını soruşdum. Və bu sorğum təsdiqini tapdı. Belə təsadüfün möcüzəyə oxşar bir hadisə olduğuna mən artıq inanmışdım. Və biz həmyerlimizin vəkili ilə xeyli söhbət etdik, onun qəbrinin isə harada olduğunu elə də öyrənə bilmədik. Ertəsi gün oğlum Turalla Fleyen dağındakı 320 metrlik funiklyorla yuxarı qalxdıq. Dağın üstü əsl istirahət mərkəzi idi. Günəşli gün olduğuna görə insanlarda yüksək bayram əhval – ruhiyyəsi var idi. Sonra biz qədim Vikinqlər dövrünün Fantfot kilisəsinə və kral Olaf Xakonun qalasına getdik və mən orada kralın vaxtındakı geyimdə olan silahlı tələbə- aktyorlarla şəkil də çəkdirdim.

Bergendə qaldığım beş gündən sonra yaxşı təəssüratlarla bu gözəl şəhərdən ayrıldım. Bergen hava limanına gəlirdik.. Məni oğlum Tural yola salırdı. Hava limanına gedəndə yola fikir verdım, ən yüksək sürət 80 idi və gələn-gedən yolun hər bir istiqamətində 1 və 2 + yazılmışdı. Tək sürücü bir xətt arasında birinci yolla və 2 daha çox sərnişin varsa ikinci yolla getməlidir. Qayda pozularsa cərimə çox böyük olur. Sağ əlləri bizim də yolların başına. Yəqin bir vaxt gələcək, hər gün qəzalarla dolu olan bizim avtomobil yollarında da oralardakı qayda-qanunlar tətbiq olunacaq. Həmin günü təyyarə ilə Osloya gəldim və ertəsi gün də İstanbula, oradan isə Bakıya qayıtdım.
Norveçə olan səfərimin bəzi məqamlarını yazmağımın səbəbi sadəcə olaraq şimal ölkəsi haqqındakı xoş təəssüratlarımı oxucularla bölüşmək idi.

Nazim Əhmədli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı