Modern.az

“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabı təqdim olunub

“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabı təqdim olunub

6 Mart 2019, 17:49

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada yerli dildə nəşr edilmiş “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimat mərasimi keçirilib.

Kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərin zəngin ədəbi irsinə istinad edilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın multikultural dövlət kimi dünyada ad qazandığını qeyd edərək deyib: “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində tədris edilir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycan multikulturalizmi, eyni zamanda, xalqımızın mədəniyyətinin, ədəbiyyatının, tarixinin, mənəvi dəyərlərinin təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Milan Universiteti kimi auditoriyadan son dərəcə səmərəli istifadə etməyi bacaracağımıza inanıram”.

Kamal Abdulla kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil, həmçinin bütün tələbələrimizə böyük hədiyyədir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti və məqsədi haqqında ətraflı məlumat verib. O, türk dünyasının mədəni dəyərlərə böyük həssaslıqla yanaşıldığını və bu irsin təbliğinin Fondun əsas prioritet istiqamətlərindən biri olduğunu deyib. G.Əfəndiyeva Azərbaycanın qadın şairlərinin ədəbiyyata verdiyi töhfələr barədə danışaraq, kitabın nəşri ideyası və prosesi ilə bağlı məqamları diqqətə çatdırıb. Bildirib ki, antalogiya azərbaycanlı qadınların poetik düşüncəsini, hisslərini, istəklərini və dərin ədəbi dünyagörüşünü özündə əks etdirir. Kitabda yaradıcılığına yer ayrılan şairələrin əksəriyyəti Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaradıb.

Keçən ilin sonlarında “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimatının İtaliya Senatında gözəl şəkildə keçirildiyini xatırladaraq G.Əfəndiyeva, bu layihənin Şərq və Qərb mədəniyyətləri arasında dostluq və əməkdaşlıq körpüsünü möhkəmləndirəcəyinə inandığını söyləyib.

İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi ölkəmizin zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə danışıb. Azərbaycanda qadınların cəmiyyətdəki önəmli rolunun şahidi olduğunu deyən italiyalı deputat təqdim edilən kitabı bunun bariz nümunəsi kimi dəyərləndirib.

“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan haqqında kitabların, azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilən əsərlərinin nəşrindən danışıb. O, Azərbaycan, ümumilikdə, türk mədəniyyətinə rəğbət bəslədiyini vurğulayıb. Təqdim olunan kitabın nəşr edilməsində məqsədin Azərbaycanın zəngin ədəbiyyatı və ədəbiyyata qadınların verdiyi töhfələri italyan oxucusuna çatdırmaq olduğunu deyib.

Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.

Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formatında təqdim edilib.

ADU-nun italyan dili ixtisası üzrə təhsil alan tələbələri Məhsəti Gəncəvinin, Natəvanın, Nigar Rəfibəylinin kitabda yer alan şeirlərini italyan dilində səsləndiriblər.

Təqdimat mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, İtaliya nümayəndə heyəti və ictimai-siyasi xadimlər iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?