Modern.az

Yüzlərlə uşağın harda olduğu bilinmir - ARAŞDIRMA

Yüzlərlə uşağın harda olduğu bilinmir - ARAŞDIRMA

15 Dekabr 2011, 14:26

İNTERNATLARIN BOŞALDILMASI NƏYƏ GƏTİRİB ÇIXARDIR?


Yüzlərlə uşaq internatlardan ailələrinə qaytarılıb. Bir neçə il əvvəl dövlət rəsmiləri bu ifadəni tez-tez işlədirdilər. Söhbət “De-institutlaşma proqramının icrasından gedir. Artıq 5 ildir ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionaizasiya) və alternativ qayğı”  Dövlət proqramı icra olunur.

Bu proqram start götürəndə, çox səs-küyə səbəb olmuşdu. Həmin vaxt “2015-ci ilədək ölkədə bir dənə də İnternat qalmayacaq” şüarı dillər əzbəri olmuşdu. Lakin artıq müddətin yarısı başa çatıb. Bu müddət ərzində Təhsil Nazirliyi və digər əlaqədar qurumlar tərəfindən səs-küylü tədbirlər, təqdimatlar baş tutub. Uşaqlar üçün günərzi qayğı mərkəzləri, “Qaynar xətt” xidməti yaradılıb, sosial reklam çarxları çəkilib, yüzlərlə uşaq ailələrinə qaytarılıb.

Bəs proqramın görünməyən tərəfləri? Əgər doğrudan da 2015-ci ilə qədər bu müəssisələrin hamısı ləğv olunsa, hazırda orada qalan 10 min uşağın taleyi necə olacaq? Ümumiyyətlə, bu 5 il ərzində ləğv edilən internatlardakı uşaqlar hara gedib?

UŞAQLARIN SAYI DÜZ GƏLMİR

Doğrudanmı, proqram çərçivəsində yüzlərlə uşaq ailəsinə qaytarılıb? Bunu dəqiqləşdirmək üçün əvvəlcə rəsmi statistikaya müraciət etdik. Statistika Komitəsinin saytındakı məlumata görə, 2010-cu ildə internatlarda 11.137 uşaq olub.

Lakin Təhsil Nazirliyinin (TN) göstəriciləri Komitənin rəqəmləri ilə uyğun gəlmir. Nazirlik bildirir ki, 2010-cu ildə internatlarda 9.874 uşaq olub. Rəqəmlərdəki fərqin səbəbini nazirlikdən öyrənmək istədik. Dedilər ki, Statistika Komitəsi öz saytına ilin əvvəlinə olan göstəriciləri qoyub. İl ərzində internatları 1263  uşaq tərk edib və ona görə də ilin sonunda bu müəssisələrdə 9.874 nəfər qalıb.

Rəqəmlərə aydınlıq gətirmək üçün bu dəfə Statistika Komitəsinə sorğu göndərdik. Cavab isə bizi lap çaşdırdı. Çünki bu dəfəki rəqəm əvvəlki ikisindən də fərqliydi  - 10.253. Beləliklə, 3 müxtəlif rəqəm.

ARADA 379 UŞAQ ÇATIŞMIR

Lap əgər 2010-cu ilin əvvəlində 10253 uşaq olduğunu qəbul etsək, belə çıxır ki, nazirliyə görə il ərzində internatları 1263, statistikaya görə isə 884 uşaq  tərk edib. Deməli, arada ən azı 379 uşağın statistikada arada itməsindən söhbət gedir. Amma bu, hansısa məhsulun, ölkədə istehsal, idxal olunan hansısa mal, kartof-soğan statistikası deyil. Burada söhbət canlı insanlardan, özü də gələcəyimiz olan uşaqlardan gedir.

Odur ki, statistikadan yoxa çıxan uşaqların aqibətini araşdırmağa başladıq – internatlardan çıxanlar hara gediblər? Təəssüf ki, TN-nin hesabatından bu haqda aydın təsəvvür yaranmır. Hesabata görə, 2010-cu ildə cəmi 15 uşaq ailəsinə qaytarılıb, 8 uşaq övladlığa verilib. 28 uşağın ailəsinə ünvanlı yardım almasına kömək edilib, 11 uşaq biznes strukturlarının yardımına yönəldilib. Nəhayət, 268 uşaq digər mərkəzlərə yönəldilib. Bu da 330 nəfər edir. Bəs yerdə qalanları? Deməli, ən azı yenə də 554 uşağın taleyi bəlli deyil.

İNTERNATLARA QƏBUL DAVAM EDİR

Düzdür, internatlardakı uşaqlar 18 yaşa  çatandan sonra oranı tərk edirlər. Statistikanın burdan azaldığını demək olar. Amma axı hər il paralel olaraq internata qəbul da aparılır. Ümumiyyətlə, axı De-i proqramının məğzi ondadır ki, profilaktik tədbirlər görməklə uşaqların internatlara düşməsinin qarşısı alınsın. Amma rəqəmlərdən belə görünür ki, hələ də uşaqların internatlara qəbulu aparılır. Fikir verin - 2010-cu ildə De-İ İdarəsinə 684 müraciət daxil olub. Onların da 544-ü (80 faizi) müsbət həll olunub. Hansı ki, müraciətlərin 27 faizi (182-si) uşaqların dövlət müəssisəsinə yerləşdirilməsi ilə bağlı imiş. Əgər müraciətlərin 80 faizi müsbət həll olunubsa, deməli, uşaqlarını internata qoymaq istəyənlərin əksəriyyətinin işi düzəlib.

“Belə olan halda, internatdakı uşaqların sayı hansı məntiqlə azalıb” sualı ilə Təhsil Nazirliyinə müraciət etsək də, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevanın göndərdiyi cavabda bununla bağlı konkret cavab almamışıq.

İNTERNATLAR MƏKTƏBƏ ÇÖNÜB, SAY AZALIB

Lakin araşdırma zamanı rəqəmlərin belə kəskin azalmasının bir səbəbi aydınlaşır. Buna səbəb 9 ümumi tipli  internatın adi orta məktəbə çevrilməsi imiş. Nazirliyin cavabından bəlli olur ki, bu 9 müəssisədən 6-da  uşaqlar gecələmirlərmiş. Yerdə qalan 3 müəssisədəki uşaqlar arasında yetim və valideyn himayəsindən məhrum uşaqlar olmayıb. Ona görə də bu 9 müəssisənin tipini dəyişib ümumtəhsil məktəbinə çeviriblər. Bundan sonra bu məktəblər dövlət uşaq müəssisələri siyahısından çıxarılıb və ordakı  uşaqların sayı  ümumi statistikadan çıxarılıb. Nəticədə statistikada internatların sayı 55-dən 47-yə enib, uşaqların sayı da müvafiq olaraq azalıb. Yəni, internat uşaqlarının sayının azalmasının De-İ proqramına dəxli yoxdur, sadəcə uşaqların sayı transformasiya nəticəsində statistikadan çıxarılıb.

TN-də şöbə müdiri Məlahət Hacıyeva bildirir ki, bu cür məktəblərə uşaqlar əsasən təhsil almaq məqsədi ilə gəlirmişlər: “Çünki uşaqların bir himayəçisi, yaxud hər iki valideyni günün çox hissəsini işdə keçirirmiş, onlar da uşağı internata veriblər. Ya da valideynlər üçün bu internat onların yaşadıqları yerə ən yaxın məktəb olub. Bəziləri internatda təhsilin daha keyfiyyətli olduğunu düşündüyünə görə uşaqları bura yerləşdirib. Həmçinin, müəssisədə uşaqlar qidalanma ilə də təmin olunurlar”. Beləliklə, TN rəsmisi özü də etiraf edir ki, internata uşaqları birbaşa göstəriş olmadan, sadəcə valideynlərə rahat olmaq üçün qəbul edirlərmiş.

TƏHSİL NAZİRLİYİNƏ “PRİPİSKA” İTTİHAMI

Proqramın ilk illərində TN bəyan edirdi ki, 2005-2006-da dövlət müəssisələrindən 325 uşaq  ailələrinə qaytarılıb. Bu yüksək göstərici İnsan Hüquqları üzrə Müvəkkili də maraqlandırıb. Odur ki, Ombudsman ailələrinə qaytarılan bu uşaqların monitorinqini (2007-2008-ci illər) aparıb. Nəticə gözlənilməz olub. Məlum olub ki, nazirliyin göstərdiyi kimi 325 uşaq yox, yalnız 150 uşaq bu proqram qəbul edildikdən sonra ailələrə verilib. Özü də bunlardan 54 uşaq proqram sayəsində yox, məhz valideynlərin öz istəyi əsasında ailəyə qayıdıblar.

Monitorinq zamanı Ombudsman Aparatının əməkdaşları 25 şəhər və rayon üzrə 90 uşaqla görüşüblər. (Yerdə qalan uşaqları göstərilən ünvanlarda tapmaq mümkün olmayıb). Bu görüşlərin nəticəsi də ürəkaçan olmayıb. Uşaqların müəssisələrə düşməsinin əsas səbəbi məhz maddi imkansızlıq olduğu halda, aparılan sorğu nəticəsində məlum olub ki, yalnız 1 uşaq maddi vəziyyətin yaxşılaşmasına görə ailəyə qayıdıb, digər ailələrin maddi vəziyyəti isə əvvəl olduğu kimi yenə ağırdır.

Halbuki, bu dövlət proqramının əsas məqsədi yalnız internatları ləğv etmək deyil, həm də profilaktik tədbirlər aparmaqla uşaqların internata düşməsinin qarşısını almaqdan ibarətdir. Bunu da müxtəlif yollarla etmək olar – valideynlərə iş tapmaq, ailənin ünvanlı yardım almasına kömək etmək, uşağı övladlığa vermək və s.

Lakin yuxarıda qeyd etdiyimiz kimi konkret 2010-cu il ərzində cəmi 15 ailəyə ünvanlı yardım ayrılmasına, 6 ailəyə də biznes strukturlarının köməyini yönəltmək mümkün olub. Bununla da  cəmi 39 uşağa maddi yardım göstərilib.

2008-də PROQRAM İŞLƏMƏYİB

Müvəkkil araşdırmanı davam etdirib, 2007-2008-ci illərdə ailələrə verilən 184 uşaqdan 97-si ilə görüşülüb. Məlum olub ki, ailələrə verilən uşaqların 2-si yenidən başqa internata qaytarılıb. 17-si isə qısa müddətə olsa da, yenidən internata düşüb.

Gözlənilməz məqam ondadır ki, Ombudsman nümayəndələri ailələrə verilən uşaqların 79-nu tapa bilməyib. Təhsil Nazirliyi 2008-ci ildəki vəziyyətlə bağlı Ombudsmana bildirib ki, 2008-ci ildə proqram çərçivəsində ailələrə uşaq verilməyib...

VALİDEYN İLDƏ 1 DƏFƏ GƏLİR, UŞAĞI BAŞQASINA VERMƏK OLMUR

Övladlığa verilməyə gəlincə, 2010-cu ildə cəmi 8 uşaq bu proqram çərçivəsində övladlığa verilib. Rəqəmin bu qədər az olmasının müxtəlif səbəbləri var. Biri odur ki, uşaq istəyən valideynlər adətən yeni doğulmuş, 1 yaşına qədər körpəni övladlığa götürmək istəyirlər. Təhsil Nazirliyi isə  3 yaşından yuxarı olan uşaqların övladlıq məsələsini həll edir.

Övladlıq məsələsində digər problem də var. Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyevin sözlərinə görə, bu, uşaqların valideynləri ilə əlaqəlidir: “İnternat müəssisələrinin nizamnaməsində dəqiq bir göstəriş var. Əgər valideyn 6 aydan artıq internata gəlib uşağına baş çəkmirsə, onda o, valideyn hüququndan məhrum olunmalıdır. Amma bizim müəssisələrdə uşaqların əksəriyyətinin sənəd üzərində ata-anası var. Onlar ildə 1-2 dəfə internata gəldiklərindən, bu uşaqları övladlığa vermək olmur”. (Yeri gəlmişkən, TN-nin bizə göndərdiyi cavabdan bəlli olur ki, ötən il ərzində yalnız 4 nəfər valideynlik hüququndan məhrum olunub).  

“ŞİFERİM OLSA, UŞAĞIMI İNTERNATDAN EVƏ QAYTARARAM”

Nazir Quliyev deyir ki, statistikaya görə internatlardakı uşaqların çox az qisminin valideyni yoxdur. Deməli, yerdə qalan əksəriyyəti hansısa kiçik səbəbdən ora düşüb: “Eləsi var, deyir ki, kənddə yaxşı məktəb yoxdur, internatın məktəbi yaxşıdır, ona görə bura qoymuşam. Eləsi var deyir ki, evimin üstündə 4 dənə şiferim olsa, uşağımı internatdan çıxardaram. Yəni, bu problemi həll etmək üçün ailələrin sosial ehtiyaclarını ödəmək lazımdır”.

Uşaq Hüquqları Klinikası Qubada bir uşağın internatdan ailəyə qayıtmasını təmin edib. Amma bunun üçün bir neçə ay iş görülüb: “Evi olmayan bu ailə üçün İcra hakimiyyətindən 5 sot torpaq aldıq. Uşağın anası və qardaşına iş düzəltdik. Polisə də xəbərdarlıq etdik ki, bu ailəni nəzarətdə saxlasın. 4 ay çəkdi. İndi mənim yolum odan düşəndə həmin ailəyə baş çəkirəm”.

DÖVLƏT PROQRAMI KÜÇƏ UŞAQLARININ SAYINI ARTIRIB

N.Quliyevin iddiasına görə, proqram işə düşəndən sonrakı ilk illərdə dövlət uşaqları internata qəbul etməkdən imtina etdi. Övladına baxmağa, qulluq etməyə, onları dolandırmağa imkanı olmayan valideynlərin uşaqların da küçəyə üz tutdular.  

Bundan əlavə,  uşaqların internatdan sonrakı həyatı da müəmmalı qalır. BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilən alternativ hesabatda qeyd olunur ki, hər il yüzlərlə uşaq internat müəssisələrini bitirir, müvafiq hazırlıq keçmədən, tələb olunan bilik və həyati bacarıqlara yiyələnmədən internatda yaşadıqları dövr ərzində sürətlə dəyişən həyata atılır. Onların bir qismi işsiz qalır, yaşamağa yeri olmur, cinayətkar qruplara qoşulur, və cinayət törədir, narkotik maddələrə aludə olur və s. neqativ təsirlərə məruz qalır. Qızların zəifliyi fahişəliyə və bəzən də intihara gətirib çıxarır.

KÜÇƏ UŞAQLARI ÜÇÜN SIĞINACAQDA 100 NƏFƏR OLUB

Kəmalə Ağayevanın təsis etdiyi Azərbaycan Uşaqlar Birliyinin nəzdində artıq iki ildir ki, küçə uşaqları üçün sığınacaq fəaliyyət göstərir. “Kubinka” adlanan ərazinin sakit bir guşəsində yerləşən bu sığınacağa mən də baş çəkdim. Burda qalanların əksəriyyəti 14-17 yaşlı oğlanlar idi. Onlar bütün günlərini burda keçirir, peşə kurslarında məşğul olur, kompüterdə işləyir, axşam isə evlərinə gedirlər.

Kəmalə xanım deyir ki, 2 il ərzində bu sığınacaqdan 100-ə axın uşaq keçib. Onlardan bəziləri uzun müddət sığınacaqda yaşayıb.  Bəziləri uşaq evlərinə yerləşdirilib, əksəriyyəti valideynlərinə qaytarılıb: “Bundan əvvəl isə mütləq valideynlərlə söhbət edirik. Elə uşaq olub ki, bura gələndə 3-4 gün susub, sonradan öz əhvalatını danışmağa başlayıb. Hər dəfə də görmüşük ki, valideyn bilərəkdən uşağının küçələrə düşməsinə səbəb olub”.

K.Ağayeva hesab edir ki, bu problemin kökündə maddi imkansızlıq yox, ailədaxili zorakılıq, biganəlik dayanır: “Küçə uşaqları adətən oğlanlar olur. Onların valideynlərindən biri əsasən ikinci dəfə ailə qurmuş olur. Çox vaxt bu yeniyetmələr evdə analarının ögey ata tərəfindən təhqir olunmasına dözə bilmir, qalmaqal yaradır. Təəssüf ki, çox qadınlar ərlərinə görə uşaqları atır, münasibətlər normal olmayanda, çıxış yolunu internatlarda görürlər”.

SINDIRILMIŞ UŞAQLAR NECƏ VALİDEYN OLACAQ?

K.Ağayeva deyir ki, küçə uşaqlarının böyük bir qismi internatdan çıxandan sonra ailəyə geri qəbul edilməyən yeniyetmələr təşkil edir. Bəzən isə internat yaşı bitdikdən sonra valideyn uşağı qəbul etmir, gedib onu digər müəssisəyə düzəltdirir: “Bu cür sındırılan uşaqlardan gələcəkdə nə gözləmək olar? Onlar özləri valideyn olanda övladlarına belə yanaşa bilərlər”.

Birlik sədri valideynlərin çox vaxt uşaqların təhsilinə də biganə yanaşdığını bildirir: “Ana var, deyir ki, mən 11 il oxumuşam, nə olub ki, uşağı da oxudum? Bir valideynin bir övladını bağçaya, digərini məktəbə düzəltmişik, dəftər-qələminə kimi alıb vermişik. Səhər durub uşağı məktəbə aparmağın dərdindən yenə uşaqları dərsdən saxlayıblar. Valideyn bilməlidir ki, həyata gətirdiyi uşağın hüququ var - sağlam həyat sürmək, evdə yaşamaq, təhsil almaq və vətəndaş kim böyümək hüququ”.

KOMİSSİYA ÜZVLƏRİ QAZ VƏ İŞIQ PULU YIĞIR

Araşdırma zamanı dəfələrlə belə fikirlər səsləndi ki, valideyn sadəcə uşağı başından etmək, işini asanlaşdırmaq üçün internata qoyur. Məgər qanunvericilikdə bunun üçün konkret göstəriş yoxdurmu? Uşağı internata qəbul edib-etməmək haqda qərarı yerli icra hakimiyyətlərinin nəzdindəki “Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyalar” verir. Amma uşaq hüquqları ilə məşğul olanlar bu komissiyaların  fəaliyyətini bəyənmirlər.

BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilən alternativ hesabatda qeyd olunur ki, adətən bu komissiyaların rəhbəri icra başçısının müavini olur: “Komissiyanın cəmi 3 üzvü olur ki, onlar da eyni zamanda bir neçə komissiyada təmsil olunurlar. Bəzən bu adamlar digər işlər – işıq, qaz pulu yığmağa yönəldilirlər. Komissiya üzvləri üçün əmək haqları o qədər aşağıdır ki, bəzən burdakı psixoloq ştatı boş qalır. 3 nəfər bu işin öhdəsindən necə gələ bilər? Onlar üçün ən rahatı elə uşağı yoxlamadan internata qəbul etməkdir. Bununla da komissiyalar bir ailənin problemini “birdəfəlik və kökündən” həll edirlər. Əks təqdirdə, komissiyalar ciddi sosial iş aparmalı, hər bir uşaq üçün fərdi qayğı və inkişaf planı hazırlanmalı, onun icrası, uşaq və ailənin problemlərinin həllində bütün aidiyyatlı dövlət qurumlarının cəlb edilməlidir”.

Ailələrinə qaytarılan uşaqların vəziyyətinin monitorinqini aparılması da həmin komissiyaların vəzifəsidir. TN bildirir ki, 2010-cu ilin dekabr ayında və 2011-ci ilin iyul ayında belə monitorinqlər keçirilib. Ailəyə qaytarılan hər bir  uşaq üçün iş (case) açılıb və bununla bağlı görülən işləri təsdiq edici sənədlər, arayışlar, qərar və sərəncamlar  işə tikilib. (Nümunələr əlavə olunur).

UŞAQ ÜÇÜN AYDA 25 MANAT  

De-İ proqramı sayəsində uşaqlar qəyyumluğa da verilib. 2007-ci ildə 1260, 2008-də 1192, 2009-da isə 1130  uşaq qəyyumluğa verilib. Lakin buna görə qəyyum ailəyə dövlət büdcəsindən ayda 25 manat (31 dollar) pul verilir ki, bu da uşağın heç bir ehtiyacını ödəyə bilməz. Müqayisə üçün – 1 kq ətin qiyməti 7-8 manat, 1 çörək 0,4 manat, 1 kq alma isə 1-2 manatdır. Övladlığa verilən uşaqlar üçünsə ümumiyyətlə heç bir təminat nəzərdə tutulmayıb.

Misal üçün qeyd edək ki, Ukraynada alternativ qayğı əsasında ailələrə verilmiş uşaqlara görə hər ay 300 ABŞ dolları verilir. Litvada övladlığa götürülən uşağa görə ailəyə birdəfəlik 290 avro məbləğində vəsait verilir. Bundan başqa, bu uşaqlara görə hər bir ailəyə aylıq əsaslarda da ayrıca vəsait verilir.

PROQRAMIN PULU NƏYƏ ÇATIR?

Puldan söz düşmüşkən, Maliyyə Nazirliyindən aldığımız cavab görə, bu vaxta qədər proqramın icrasına 3 milyon 168 min manat ayrılıb. 2011-ci ilin dövlət büdcəsində əvvəlki ilə nisbətən 2 dəfədən çox pul ayrılıb. Əgər 2010-da 647 min manat idisə, 2011-ci il üçün proqramın icrasında 1 milyon 560 min manat olub. Müqayisə üçün qeyd edək ki, təkcə 2011-ci ilin oktyabrında Bakıda adi bir beynəlxalq forumun keçirilməsinə bundan böyük məbləğ – 2 milyon manat ayrılmışdı.

Bu proqramın tərkib hissəsi olan bir layihə Avropa Komissiyası və Avstriyanın “Hilfsverk Beynəlxalq” təşkilatı tərəfindən maliyyələşir. Layihəyə görə, kimsəsiz uşaqlar üçün 50 foster (himayədar, qəyyum) ailə tapılacaq və 1 il ərzində onlara maddə dəstək göstəriləcək. Həmçinin, 10 uşağın yaşaya biləcəyi Kiçik Ailə Evi yaradılacaq. Deməli, layihə əsasən 60 uşağı əhatə edəcək və buna da  641 min avro  sərf olunacaq. Deməli, 60 uşağa 600 min manatdan çox pul sərf edilir. Lakin 10 mini əhatə edən dövlət proqramına cəmi 3 milyon.

HİMAYƏDAR AİLƏLƏR ÜÇÜN 1 İLLİK PUL VAR

Bəs Avropa Komissiyasını ayırdığı pullar  nəyə sərf olunub? Avstriyanın “Hilfsverk Beynəlxalq” təşkilatının Azərbaycan üzrə təmsilçisi Aytəkin Hüseynli deyir ki, bu 2 il ərzində himayədar qayğı və ailə əsaslı xidmətlərin tətbiq edilməsi işində yerli hakimiyyət orqanları ilə  QHT arasında əməkdaşlıq modeli hazırlanıb. Sosial xidmətlər haqqında qanun layihəsi hazırlanıb, maliyyə analizi aparılıb, yerli və beynəlxalq ekspertlər tərəfindən 4 xidmət üzər standartlar yaradılıb. Xəzər rayonunda uşaqlara xidmət göstərən qurumların nümayəndələrindən ibarət Koordinasiya Komitəsi yaradılıb.

“Hazırda Şüvəlanda 10 nəfər üçün nəzərdə tutulan Kiçik Qrup Evi tikilir. Bir qədər sonra isə uşaqlara qayğı göstərmək istəyən himayədar ailələrin axtarışına başlanılacaq. Hələliksə bu ailələr üçün tələblər hazırlanır”.

50 uşaq üçün 50 ailə seçiləndən sonra onlara 1 il ərzində müəyyən miqdarda vəsait veriləcək. Bəs 1 ildən sonra bu ailənin taleyi necə olacaq? A.Hüseynlinin sözlərinə görə, TN ilə imzalanan sazişə əsasən, sonra da bu ailələrə yardım ediləcək. Amma hələlik nə qədər və hansı müddətə - bunlar haqqında qəti qərar yoxdur.

SOS-un UŞAQLARI İNSTİTUTA HAZIRLAŞIR

Alternativ qayğıya uğurlu bir misal kimi Azərbaycanda 10 ildən çoxdur fəaliyyət göstərən SOS Uşaq Kəndini göstərmək olar. 2000-ci ildə Bakıda, 2005-ci ildə Gəncədə belə kənd  açılıb. Təşkilatın “SOS Uşaq Kəndləri"nin Azərbaycan üzrə Milli Direktoru xanım Gülarə Hümbətova deyir ki, burada uşaqlar internat dövrünü bitirəndən sonra küçəyə getmir, Gənclər Evinə köçürlər.

“Hazırda Bakıdakı kənddə 14 ailə evi var, burda 109  uşağa qayğı göstərilir. 14 anaya həm də xalalar kömək göstərir. Hər bir ana 6-8 uşağa baxır. Bura uşaqlar 6 aylığından düşə bilər. 15 yaşına çatanda onları Gənclər Evinə köçürlər. Hələlik kəndə məxsus 1 Gənclər Evi var və burda 1 qız yaşayır. Yaxınlardan oğlanlar üçün də ev təmir olunub istifadəyə veriləcək. Uşaqları sırf Kənd içində böyütməmək üçün Gənclər Evi kənarda tikilir”. 2012-ci ildə Uşaq Kəndindəki ailələrdən biri kənara çıxarılacaq, həqiqi ailə kimi yaşayacaq.

Gülarə xanım fəxrlə bildirir ki, artıq  onların yetirmələrindən biri instituta daxil olub. Uşaqlar arasında peşə kurslarına gedənləri var: “Amma təhsillə bağlı problemlər var. Çünki internatlarda böyüyən uşaqların baza hazırlıq səviyyəsi o qədər də yaxşı olmur. Təbii, biz hər uşağı universiteti girməyini gözləmirik. Amma hər kəs özünü maraqlandıran sahədə peşə əldə etməsinə çalışırıq”.

SOS-da hər uşağı dərhal kəndə götürmürlər. Çalışırlar ki, uşağın öz valideynlərinin yanında qalması üçün ailəyə yardım edilsin. Buna görə də uşaq qayğı mərkəzlərinin fəaliyyətini gücləndirirlər.

3 MİLYONUN 40 FAİZİ DE-İ PROQRAMINDAN ÖDƏNİLİR

Layihənin büdcəsi 3 milyon manata yaxındır. Onun da 40 faizi büdcədən – söz etdiyimiz De-İ proqramından xərclənir. 50 faiz xarici donorlardan (Norveç, Lüksemburq, Almaniya və s.), 10 faizi yerli donorlardan (ianələr¸ sponsorlar, PR sahəsindən əldə olunan vəsait) gəlir. Gəncədə yaradılan uşaq sığınacağı nazirlik tərəfindən maliyyələşdirilir.

“Biz layihənin tam xərclərinin dövlət tərəfindən ödənilməsinə nail olmağı qarşımıza məqsəd qoymuşuq. Düzdür, ambisiyalı bir hədəfdir, amma buna nail olmağa çalışacağıq”.

MƏQSƏD İNTERNATLARI BOŞALTMAQ OLMAMALIDIR

Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov təklif edir ki, Ailə Məcəlləsinə valideyn məsuliyyətini ağırlaşdıran, gücləndirən normalar salınsın. Məsələn, övladını dilənçiliyə, fahişəliyə cəlb edən valideyn üçün məsuliyyət olmalıdır: “Bu gün biz internatların hamısını bağlayaq, hamısını evlərə verək, sabah belə uşaqlar yenə yaranacaq – axı yenə boşanan ailələr, imkansız valideynlər olacaq. Məqsəd o deyil ki, internatı boşaldaq, əsas ora düşmə riskini azaltmağa çalışmaq lazımdır”.

Söhbət etdiyim ekspertlərin demək olar hamısı proqramın uğurlu gedişi üçün sosial işçi institutun yaradılmasını vacib saydığını deyirdi. Çünki məhz bu işçilər uşaqlarla bağlı fərdi inkişaf planı yazır, onların ailə ehtiyaclarını öyrənir. QHT təmsilçiləri hesab edir ki, dövlət komissiyaları indiki formatda heç cür bu işi uğurlu görə bilməz.

İndi yalnız bir neçə QHT tərkibində belə sosial işçilər var. Onlar hər bir uşaqla işləyir, psixoloq rəyi, məşğələlərin gedişinə əsasən rəy hazırlayır, materialları ayrıca qovluğa toplayırlar. Uşağın işinə onun çəkdiyi şəkillər də daxil edilir.

Belə qovluqlarla, uşaqların rəyləriylə xeyli tanış oluram. Sənədlərdən birində rast gəldiyim ifadə internat uşaqlarının durumu bariz nümayiş etdirir: Sual - “Həyat fəlsəfənizi hansı deviz ifadə edir?” Cavab – “Kef eləmək”...

 

 

 

 

 

 

 

 

 
Fərəh Sabirqızı

P.S. Bu yazı Danimarkanın SCOOP təşkilatının reallaşdrdığı jurnalist araşdırmaları layihəsi əsasında hazırlanıb 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir