Modern.az

FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir etməyəcək…

FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir etməyəcək…

17 Mart 2019, 10:30

Gələn həftə - martın 19-20-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası keçiriləcək.

 

Analitiklər hesab edir ki, FED-in bu iclasda uçot dərəcəsini qaldırması istisna hal deyil.

 

Məsələ haqqında Modern.az-a danışan  iqtisadçı Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə bağlı ABŞ-ın yenə ikili yanaşması var:

 

“Ağ Ev uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Hətta Amerika prezidenti özünün “Twitter” paylaşımlarında uçot dərəsəinin artırılması ilə bağlı FED-i ittiham edir. Dolların bahalaşması ABŞ-ın ixrac imkanlarına neqativ təsir etdiyinə görə, ölkə rəhbərliyi bunu istəmir. FED-in mövqeyi isə uçot dərəcəsinin artırılmasından yanadır. Əgər bununla bağlı qərar verilərsə, uçot dərəcəsində 0,25 faiz artı mümkündür. Məqsəd odur ki, bu addım atılarsa, bazarda şok yaranmasın. Yenə də FED-in qərarları son məqamda – yığıncağın keçirildiyi gün belə dəyişə bilir.

Bütün hallarda, FED-in qərarı nə olur-olsun, ABŞ dollarının bazardakı mövqeyini qoruyacağı güman olunur”.

 

V. Bayramov uçot dərəcəsinin artırılmasının manata təsirlərindən də danışıb:

 

“FED uçot dərəcəsinin artırılması haqqında qərar qəbul etdikdə, adətən manata təzyiq artır. Amma nəzərə almalıyıq ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır. Ona görə, FED-in qərarı manatın məzənnəsinə birbaşa təsir etməyəcək”.

 

Qeyd edək ki, FED-in bu il yanvarın 29-30-da baş tutmuş son iclasında uçot dərəcəsinin 2,25 - 2,5 faiz səviyyəsində saxlanılmasına qərar verilmişdi.

 

Bununla belə, qurum bəyan edib ki, vəziyyətdən asılı olaraq ilin sonuna qədər faizlərdə artım ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir