Modern.az

Yol gündəliyi – Bakıdan İsmayıllıya və geri… (FOTOLAR)

Yol gündəliyi – Bakıdan İsmayıllıya və geri… (FOTOLAR)

16 Dekabr 2011, 14:58

7 dekabr 2011-ci il. Saat 13:05. Gənclər və İdman Nazirliyinin qarşısındayam. Jurnalistlərdən yalnız «1news.az» agentliyinin müxbiri Elşən Rüstəmov gəlib. Bu arada «təvazökarlıq» edib deyim ki, neçənci dəfədir ki, səfərə çıxarkən «görüş yeri»nə ilk gələn biz oluruq.

…Söhbətləşirik…Gəzə-gəzə ofisi nazirliyin lap yaxınlığında yerləşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARPGTMŞ) qarşısına gəlirik. Sən demə, həmkarlar burdaymış…

Hər kəs səfər əhval-ruhiyyəsindədir. Elə mən də.., amma deyəsən yox.., qəfil bir ağsaqqal zəngi, ardıncasa söylədiyi yalanlar… Ola bilməz.., kefimi pozan deyiləm.

Bizi İsmayıllıya aparacaq avtobus da gəldi. Bir-iki gecikənləri də gözləyib saat 14:30-da yola çıxırıq.

Lap qabaq oturacaqda, sürücünün arxasında oturmuşam deyə, arxada baş verənləri yaxşı müşahidə edə bilmirəm. Həm də başım mənə yaxın yerdə olan «fast food»lara qarşı «soyqırım» həyata keçirməyə qarışıb. Amma İTV-nin operatoru Famil Acalov da məndən geri qalmır. Axı o da yanımdadır.

Hərdənbir ayağa qalxıb arxadakılara baxıram. Ənənəvi səfər mimikaları. Guya hər kəs ciddidir. Amma sən bu sifətləri uzağı yarım saatdan sonra görəsən… «Fast food» bəs edər. İndii də uşaqlara bir-iki lətifə danışmaq vaxtıdır. Tərslikdən bir düz-əməlli lətifə yadıma düşmür. Yadıma düşənlər isə təsisçimiz Aqil Abbasın lətifəvari əhvalatları, Rüstəm müəllimin mənə danışdığı «ketman» məsələsi, bir də elə onlardan geri qalmayan söhbətlərdir. ..

Yatmaq istəyirəm… Nə yatmaq? Artıq hər kəs bayaqkı deyil. Səs-küy, söhbətlər, gülüş səsləri, arabir şaqqanaq çəkən həmkarlar… Bu şəraitdə yatmaq oğul istəyir…

Şamaxıya çatırıq. Sürücü deyir ki, avtobusdan düşməliyik ki, yanacaq doldursun. Çünki mövcud qaydalar belə tələb edir. Bu arada gözümə yaxınlıqda olan bir abidə sataşır. Təsvir edirəm: bir at, atın üstündə başında papaq, əlində qılınc bir qəhrəman. Sanki bu dəqiqə qılıncı kiminsə başına endirəcək. Ürəyimdən keçənlər: «Ay zalım, neçə ildir onu elə tutmusan. Ya özün vur, ya da ver yoldan keçənlərdən biri vursun da. Bəs qolun qırılmadı?» Guya zarafatcılam öz aləmimdə…

Hava qaralmağa başlayır, günəş qürub edir  və getdikcə ətrafda bir neçə gün yağmış qarın qalıqları görünür. Amma buna qalıq deməyə adamın dili də gəlmir. Çünki olmayan yerdə qartopu oynamaq da olar. Yolumuzun böyük hissəsini qət etmişik. Daha bir mənzərə diqqətimi çəkir. Qürub etməkdə olan günəş dalğavari uzanan dağların arxasından elə boylanır ki, sanki bizimlə gizlənpaç oynayır. Operator Famil və fotoqraf Rüstəm də onun peşində…

Bakıdakı vəziyyətə qayıdırıq. Səslər azalır, susqunluğa yaxın bir vəziyyət, yorğun gözlər… Hər kəs yerləşəcəyimiz yerə-«Qaya» istirahət mərkəzinə nə zaman çatacağımızı gözləyir. Sürücü deyir ki, bu mərkəz Lahıc yolunun üstündə yerləşir. Yəni rayon mərkəzindən bir qədər kənarda.

Çatırıq… Otelin qarşısında kimsə gözə dəymir. «……» deməyim deyəsən uşaqların əhval-ruhiyyəsinə az da olsa təsir edir. Sən demə, onlar bizi girişdə, «reception»da gözləyirlər. Otaqların bölgüsü… Üç gecə «salamnews.az» portalının müxbiri Vasif Həsənliylə qalmalı olacam. Yaşıd olsaq da, məndən fərqli çox təmkinli insandır. Edilən zarafatlara da nadir hallarda təbəssümlə reaksiya verir. 

Kasıbın olanından əyin-başımızı dəyişib şam etmək üçün aşağı düşürük. Yeməkdən sonra jurnalistlərin ənənəvi səfər oyunu-«Mafiya» başlayır. Bu həm də həmkarların bir-birini yaxından tanıması üçün vasitə olur.

Gecəyarıdır. Amma kimsə yatmaq istəmir. Elə bil səhər saat 9-da bizim yerimizə başqası oyanacaq. Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov səfər heyətini başına yığıb onlarla tanış olur. Yarızarafat, carıciddi keçən söhbətdə bir sıra mətləblərə toxunulur.

İkinci günümüz başlayır. Gecədən də məlum idi ki, bu günümüz ağır keçəcək. Axı hər zaman rəsmi açılış günü belə olur.

Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək İsmayıllının tarixi, son illər görülən işlər barədə ətraflı məlumat verir. ARGTMŞ-nin sədri Fuad Muradov isə bildirir ki, jurnalistlərin belə səfərlərinin tez-tez təşkil edilməsi həm onlara, həm də qələm əhlinin özü üçün vacibdir: «Biz bu layihəyə 2009-cu ildə start vermişik. İlk tədbirimiz 2009-u ildə Qubada baş tutmuşdu. Amma indi fikir verirəm ki, hazırki tədbirimizdəkilərin 80 faizi yeni simalardır. Bu gün jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Ölkəmiz müharibə vəziyyətində olduğundan bizə qarşı olunan bütün haqsızlıqlara, informasiya müharibəsinə anında, tutarlı cavab verməyi bacarmalıyıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, dövlətçilik əleyhinə yazılan, fakta söykənməyən hər bir yazı görülən işlərə mane olur, onlara kölgə salır».

Rəsmi açılışdan sonra dərslər başlayır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli «Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ədalətlilik» mövzusunda mühazirə edir. Beynəlalq jurnalistikdan, həmçinin yerli jurnalistlərimizin fəaliyyətindən bəhs edən söhbət şəxsən mənə çox xoş gəlir.

İkinci mövzumuz «Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi»dir. APA-nın baş direktoru Vüsalə Mahirqızının danışacağı mövzu qarşılıqlı fikir mübadiləsi, bəzən isə mübahisələrlə müşayiət olunur.
Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi Zümrüd İsmayılovanın çıxışından sonra, təlimçi Rəna Tahirovanın rəhbərliyi altında oyun oynayırıq.

Bu arada agentlik sistemində çalışan həmkarlar tez-tələsik xəbər göndərməyə çalışırlar. Amma iş görə-görə zarafatlarından da qalmırlar.

Modern.az saytı artıq dünən gecə mafiya oyunu zamanı çəkdirmiyimiz kollektiv şəkli yerləşdirib.

Məruzələrdən sonra otelin qarşısındakı skutterlərə minirik. Amma icazəsiz.

Hər kəs sürücülük bacarığını göstərmək üçün bəhsə girib.

Doğrudan maraqlı anlardır. Mənə elə gəlir ki, bu anlar, hətta buna bənzəri belə olmayacaq. Ətraf dağlar, ağappaq qar, sıx, amma sıx olmasına rəğmən lüt olan meşə, sürətli skutterlər, soyuq hava, mühərrikdən gələn uğultu səsləri. Həmin anda bundan gözəl nə ola bilər ki? Heç nə…

Amma sən demə bundan da gözəli varmış…Nə? Deyirəm…

Skutteri sürəndən sonra nömrəyə qalxıram. Darıxıram və yenidən aşağı düşürəm. Skutter sürənlər arasında bircə nəfər təkdir. O da ARGTMŞ-nin mətbuat katibi, həmkarımız Orxan Əli. Xahiş edirəm… Skutteri sürməyə vermir… Nəhayət ki, onu otelin qarşısına skutterlə çatdırmaq şərtiylə razılaşır. Sükana əyləşirəm və maksimum sürət… Deyəsən aşmaq istəyir. Hə.. aşacaq. Cəld özümü yerə, qarın üzərinə atıram. Yazıq Orxan… Kənardan hər kəs mənzərəni seyr edir. Amma hayıf ki, heç kimin ağlına gəlmir ki, həmin epizodu çəksin. Təxminən yarım saatdan sonra oteldə hər kəs, ələlxüsus da Orxan mənim «qəhrəmanalığımdan» danışır.

Şam yeməyindən sonra bir az istirahət edirik. Həmkarlar qərara alır ki, axşam çıxıb yaxınlıqdakı meşəni gəzək. Hərçənd ki, bu bizə təqdim olunan proqramda yoxdur. Amma yenə də… Bir qrup-təxminən 10-15 nəfər gəzintiyə çıxırıq. Təsəvvür edirsiniz, gecənin qaranlığı, ətraf qar, lap yaxınlıqda göl, gölün üstündəki körpü və bir neçə əhlikef. Gah rəqs edirik, gah zarafatlar, hərdənir yadımıza düşəndə də şəkillər… Çoxluğun fikriylə meşə gəzintimizi tez başa vururuq. Yəqin ki, buralarda yırtıcı heyvanların olması təhlükəsinə görədir… Bunu da sonradan başa düşürəm. Gec də olsa…

Dekabrın 9-dur. Səhər yeməyindən sonra tanınmış hüqüqşunas Ələsgər Məmmədli bizə «Media hüququ və Azərbaycan gerçəkliyi» mövzusunda mühazirə oxuyur. Hüquq mənimçün ağır sahə olsa da, maraqlı təsir bağışlayır.

Fasilədən sonra Azpress.az-ın baş direktoru, tanınmış fotomüxbir Rasim Sadıxov jurnalistlərə müharibə illərində çəkdiyi ilginc fotoları nümayiş etdirir. Həmçinin fotojurnalistikanın incəliklərindən danışır. Nə qədər şablon səslənsə də, bu mövzu da məndən böyük maraq oyadır. Hərçənd ki ilk dəfəydi belə bir mühazirə dinləyirdim.

Dərs bitir. Fuad Muradovun tez-tez jurnalistlərlə qrup halında, bəzən isə fərdi qaydada söhbətləri də diqqətimdən yayınmır. Çox səmimi görünür. Hətta qələm əhlinin istəyindən asılı olaraq proqrama müəyyən dəyişikliyin edilə biləcəyini də bildirir.

Ayın 9-da son dərsimiz «Sosial jurnalistika prespektivləri və müasir texnologiyalar» olur. BDU-nun jurnalistika fakültəsinin müəllimi Zaur Babayevin dərsi də digər həmkarlarından fərqlənmir.

Nahardan sonra günümüz demək olar ki, istirahətə gedəcək.

Həm də gəzintiyə. Hər kəs bacardığı qədər vaxtını səmərəli, əyləncəli keçirməyə çalışır. Saat 5-dir. Hamı hazırlaşır. Axı bu gün rayon mərkəzində icra başçısı Nizami Ələkbərovun adından jurnalistlərə ziyafət veriləcək.

Yola düşürük. Yenə hər kəs öz işindədir. Fotoqraf Rüstəm şəkillər çəkir, Bəxtiyar Məmmədli ənənəvi zarafatlarını davam etdirir, kimlərsə susqundur, xəyal quranlar, düşünənlər, ətrafdakı bəyazlıqdan həzz alanlar və mənim kimi baş verənləri müşahidə edənlər. Deyəsən sürücü də bizə qoşulub. Maqnitofonun səsini yüksədir. Avtobusun içərisində sanki bir orkestr oturub. Oturub haaa.

Yolüstü düşüb şəkillər çəkdiririk. Daha sonra mərkəzdəki Heydər Əliyev müzeyinə, Gənclərin Yaradıcılıq mərkəzinə baş çəkirik. Tərif kimi səslənsə də, deməliyəm ki, buralar çox dəyişib. Çünki 5 il öncə hərbi xidmətə gedərkən, bir də ilyarım əvvəl şəxsi işimlə əlaqədar İsmayıllıda olmuşdum. Amma belə deyildi…

Nəhayət Ziyafət…Çoxluq olsa da, romantik bir ab-hava yaşanır. Heç romantikanın yeriydi…

Yanımda əyləşən İsmayıllı rayonunun gənclər və idman idarəsinin rəisi Elçin müəllimdir. Hansı qəzetdən olduğumu soruşur. İmzamı tanıması, qəzetimiz haqda xoş sözlər deməsi, hətta bəzi yazılarımın adını çəkməsi çox xoşuma gəlir.

Qayıdırıq. Yenə hər kəs öz otağına qalxır. Bir azdan aşağı-yeməkxanaya düşəcəyik. Bəs «Mafiya»? O da olacaq. Həm də necə. Çünki mən indiyə kimi olduğum səfərlərin demək olar ki, heç biri bu oyunsuz keçməyib. Etiraf edirəm ki, bu oyun zamanı baş verənlər o qədər mürəkkəbdir ki, indi onu sizə təsvir etməkdə çətinlik çəkirəm. İşçilər bildirirlər ki, yeməkxana bağlanmalıdır. Naəlac qalıb oyunu ikinci mərtəbədə dəhlizdə davam etdiririk. Saat 5-ə kimi davam edən oyunun səhəri günü saat 9-da kimsə oyana bilərdimi? Təbii ki, bilərdi. Bircə məndən başqa.

10 dekabr. Saat 11:59. Sən demə bu vaxta kimi hər kəs məni axtarırmış.  Blogger-təlimçi Rəşad Əliyevin «Bloggerlik və sosial jurnalistika» dərsindən sonra hər kəs proqramda nəzərdə tutulmuş İvanovka turu barədə düşünür. Amma yada salanda ki, İvanovka turundan sonra bizi yenidən yolçuluq, Bakının toz-dumanlı küçələri gözləyir… sözə ehtiyac var?

Avtobus otelin qarşısındadır. Son hazırlıqlarımızı görürük. Geyimlərimizi, əşyalarımızı, bizə verilən hədiyyələri yerbəyer edirik.

İvanovkadayıq…

Bizi kəndin mədəniyyət evində milli geyimli musiqi qrupu qarşılayır. Özümüzü fərqli hiss edirik. Mənimsə hisslərim tamam başqadır. Bir anlıq 5 il əvvəl bura gəldiyimi xatırlayıram.

Rayon icra başçısı Nizami Ələkbərov çıxış edərək bildirir ki, İvanovka əhalisi Çar dövründə Rusiyadan sürgün olunublar.

İvanovkalıların qəribə mətbəxləri var. Hər yeməklərində təbiilik hiss olunur. Amma hər içkinin də tərkibində spirt var. Bircə yeməklərdən başqa.

Artıq vaxtdır. Qayıtmalıyıq. Hamının düşüncəsi-eeeeeeeeeehhhh. Deyəsən hava yavaş-yavaş dəyişir. Hər halda dünənki hava proqnozunda da belə demşidilər. Tələsirik ki, yolda qara düşməyək. Qara düşməsək də, «mafiya»ya düşürük…

Vəəəəə. Bakıdayıq.

P.S.Dekabrın 13-də gənclər və idman naziri Azad Rəhimov «Gənc Jurnalistlərin qış məktəbi»nin iştirakçılarını qəbul edərək onlara diplomları təqdim edir.








İntiqam VALEHOĞLU 
Bakı-İsmayıllı-Bakı

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?