Modern.az

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

19 Mart 2019, 11:31

Xaricdə yaşayan soydalarımız milli bayramlarımızı  hər zaman qeyd edirlər.

Ancaq ələ fürsət düşmüşkən bu bayramlarda həm də Milli Kimliyimizi təqdim edə bilirikmi? Nədən ki, yığışıb şəkərbura, paxlava yeməklə iş bitməli deyil. Əks halda, ilin istənilən vaxtı bunu etmək mümkündür.

Əgər dünyada tanınmaq və tanıtmaq istəyiriksə, mütləq milli bayramlarımızın xüsusiyyətlərinə də diqqət çəkməyi bacarmalıyıq.

Modern.az saytı məsələnin vacibliyini nəzərə alaraq, xarici ölkələrdəki diaspor təşkilatlarının Koordinasiya şuraları ilə əlaqə saxlayıb, Novruz bayramının əvvəlki illərdən fərqli keçirilib-keçirilməyəcəyini öyrənməyə çalışıb.

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov deyir ki, bu bayramda ənənələrimizi daha çox təbliğ etməliyik.

“Hər xalqın milli bayramları var. Milli bayramlardakı elementlər həmin xalq haqqında geniş təsəvvür formalaşdırır. Bildiyiniz kimi, bu bayram yazın gəlişi ilə yanaşı, bayramı qeyd edən ölkələrin milli adət-ənənələrini özündə ehtiva edir. Biz də bu bayramda əsasən ölkəmizin adət-ənənələrinin təbliği yönündə tədbirlər həyata keçirməyi planlaşdırırıq və milli mətbəximizin ləziz təamı olan, həmçinin YUNESKO tərəfindən qəbul olan dolmanı da ön plana çəkəcəyik”.

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova da builki bayramın fərqliliklərindən söz açıb.

“Novruz bizim qədim bayramımızdır. Bu bayramda birlik, bərabərlik özünü göstərir. Azərbaycandan uzaqda yaşasaq da, çalışırıq ki, milli bayramlarımızda ənənələrimizi həm yaşadaq, həm də təbliğ edək. Məsələn, bir fakt deyim. Bu il ilk dəfə tonqal qalayacağıq. Çünki tonqalsız Novruzu təsəvvür etmək çətindir. Novruzda burada tonqal qalamaq mümkün olmur. Çünki bunun üçün bələdiyyənin mütləq icazəsi olmalıdır. Sevinirik ki, bu il icazə ala bilmişik. Həftəsonuna qədər Novruz bayramını qeyd edəcəyik”.

 

Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri, Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev də builki Novruzun fərqli qeyd edildiyini bildirib:

“Builki Novruz tədbirləri bir qədər fərqli keçirilir. Daha doğrusu, əvvəlki formatından xeyli fərqlənir. Biz Novruzun birlik, bərabərlik bayramı olduğunu bildiririk. Novruz tədbirlərinə Almaniyanın bir neçə şəhərlərində artıq start verilib. Almaniyada yaşayan soydaşlarımızla birgə bir araya gələrək, qədim bayramımızı qeyd edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir